Açar sözlər: dastan, formul, Dədə Qorqud, ənənə, döyüş, epos, Drezden, Vatikan.
Şifahi söz sənətinin təbiətinin öyrənilməsində adi təkrardan semantik işarəyə qədər müxtəlif cür mənalandırmaya, söz və qeyri-söz sənətlərinə tətbiq edilməsinə baxmayaraq, formul nəzəriyyəsi daha çox şifahi ədəbiyyatın materiallarına söykənərək Milman Parri və onun tələbəsi Albert Lordun baxışlarına əsaslanır. Onların meydana gətirdiyi Parri-Lord nəzəriyyəsinin əsasında formul prinsipi və onun nəzəri-təcrübi təhlili dayanır. Bu nəzəriyyənin baniləri formul dedikdə müəyyən şəraitdə zəruri fikri, ani ideyanı ifadə etmək üçün müntəzəm işlənən söz qrupunu nəzərdə tuturdular. Yəni təkrarlılıq formulun başlıca funksional keyfiyyətidir. Formul, düşüncə və musiqinin müşayiəti ilə söylənən misranın ortaq meyvəsidir. Nəzəri cəhətdən hər nə qədər azad olsa belə, nəticə etibarı ilə musiqinin müşayiəti altında müəyyən ölçüyə tabe olan misra müəyyən sərhədlər çərçivəsində olur. Bu baxımdan formul ilə bağlı aparılan tədqiqatlar ilk öncə şeirin ölçüsü və musiqisi diqqətə alınaraq başlanmalıdır. Ən çox sabit olan formullar şeir ənənəsində ən çox yayılan fikirlərlə əlaqəli olan formullardır. Bunlar qəhrəmanların adları, müəyyən hadisə ilə bağlı onların fəaliyyətləri, zaman və məkanla bağlı formullardır. Dastanın nəsr hissələrində ən çox yayılan hərəkətlər, onları ifadə edən və misranın ilk və ya ikinci yarısını təşkil edən feillərin özləri demək olar ki, tam formullardır. Digər formullar isə müəyyən hərəkətin meydana gəlməsi əsnasında ortaya çıxan formullardır.
Filoloji ədəbiyyatda “daşlaşmış ifadələr”, “epik klişelər”, “stereotip ifadələr”, “ortaq yerlər” və s. adlandırılan formula verilən izahlar, təriflər çoxdur. Həm xaricdə, həm də keçmiş sovet filologiyasında bu barədə kifayət qədər elmi araşdırmalar aparılmışdır.
Formul nəzəriyyəsi ilə bağlı mövcud nəzəri ədəbiyyata söykənərək epik formulları üç prinsip üzrə təhlil edirlər (5; 6).
-
Sintaqmatik prinsip.
-
Semantik prinsip.
-
Linqvistik prinsip.
Bəzən bir-birinə qarışdırılan bu prinsiplər ayrı-ayrı aspektlər əsasında formulun təsnifini nəzərdə tutur.
“Dədə Qorqud kitabı”nın məhz qəhrəmanlıq salnaməsi olduğunu nəzərə alsaq, məlum məsələdir ki, döyüş səhnələri olduqca çox və rəngarəng olacaqdır. “Döyüş” formulları Semantik prinsip əsasında formalaşan formullar qrupuna daxildir. “Dədə Qorqud” mətnlərinə nəzər saldıqda kifayət qədər rəngarəng döyüş formullarının şahidi oluruq. Məsələn: “İç oğuza daş oğuz asi olub Beyrək öldügi boy”da: “Alaylar bağlandı, qoşunlar düzildi. Borular çalındı. Tavullar dögüldi” (3, 169).
“Aruz, Qazanın üzərinə at saldı. Qazanı qılıncladı, zərrə qədər kəsdirəmədi, ötə keçdi. Növbət Qazana dəgdi. Altmış tutam ala göndərin qoltuq qısdı. Aruza bir göndər urdı. Köksindən yalabdaq ötə keçdi.At üzərindən yerə saldı. Qarındaşı Qaragünəyə işarət etdi. “Başın kəs”- dedi. Qaragünə atdan endi. Aruzun başın kəsdi” (3, 169) (Vatikan nüsxəsində də eynidir).
“Salur Qazan tutsaq olub oğlu Uruz çıqardığı boy”:
“Yürüyübən kafirə at saldılar, qılıc urdular. Dərələrdə, təpələrdə kafirə qırğın girdi. Qalayı aldılar. Kəlisasın yıqıb məscid yapdılar” (3, 163).
“On altı yigit sıçrayıb birər gürz vurub qapıyı avatdılar, içəri girdilər. Bulduqları kafiri qırdılar. Dil aqartmadılar. Malını yağmaladılar. Çəri üzərinə gəldilər, qondular” (3, 160).
“Bu məhəldə Oğuz ərləri alay-alay gəldi. Köpük-köpük davıllar, nəqarələr çalındı” (3, 161).
“Uşun qoca oğlu Səgrək boyu”:
“...Qazılıq atlar binişdilər. Qara donlu kafirə at saldılar, qılıc yüritdilər. Kafiri basdılar- qırdılar, qalaya dökdülər” (3, 153).
“Bəkil oğlu İmran boyu”:
“...Gürzlə dögüşdilər, qara polat üz qılıc ilə dartışdılar, sərpə-sərpə meydanda qılıclaşdılar, çiginləri toğrandı, qılıcları avandı, bir-birini alımadı. Qarğu dalı sügülər ilə qırışdılar, meydanda buğa kibi süsəşdilər, köksləri dəlindi, sügüləri sındı, bir-birin alımadılar. Oğlan kafiri götürdi, yerə urdu. Burnundan qanı düdük kimi şorladı. Sıçrayıb şahin kimi kafirin boğazın ələ aldı” (3, 143).
“Qazılıq qoca oğlu Yegnək boyu”:
“Həman dəm at saldı. Yel kibi yetdi, yeləm kibi yapışdı. Kafirin çigninə bir qılıc urdu. Geyimini-keçimini doğradı. Altı parmaq dərinliyinə zəxm irişdirdi. Qara qanı şorladı. Qara sığırı soqmanı dolu qan oldu. Ala başı bunaldı, bunlu oldu. Həman döndü, qalaya qaçdı. Yegnək ardından yetdi. Hasar qapusuna girmişkən qara polat üz qılıca ənsəsinə eylə, çaldı kim, başı top kibi yerə düşdü. Anda Yegnək atın döndərdi, ləşkərə gəldi” (3, 123). (Vatikan nüsxəsi: “Dəxi qara dinli kafirə at saldı. Yel kibi yetdi, yeləm kibi yapışdı. Ol kafirin çıgninə bir qılıc urdu, geyimini keçimini doğradı. Altı barmaq dərini zəxm irişdirdi. Qara qanı şorladı, qoynu doldu. Qara başı bunaldı, bunlu oldu. Həmən at başını çevirib hisara qaçdı. Yegnək kafirin ardından yetdi. Kafirun boynun rastlayub şöylə çaldı kimbaşı top kibi öninə düşdi. Andan Yegnək atın döndərüb ləşkərə gəldi. Kafirlər bu halı gördü, ola kim qavqa başlıyaydı deyüb dutsaq Qazılıqı qoyu verdilər, çıqub ləşkərə gəldi” (1, 205).
“Qazılıq qoca qalaya yetdigünləyin cəngə başladı. Pəs ol təkur qaladan daşra çıqdı. Meydana girdi, ər dilədi. Qazılıq qoca onu gördüginləyin yel kibi yetdi, yeləm kibi yapışdı. Kafirin ənsəsinə bir qılıc urdu. Zərrə qədər kəsdirəmədi. Növbət kafirə dəgdi. Ol altmış batman gürzlə Qazılıq qocaya dəpərə tutub çaldı. Yalan dünya başına dar oldu. Düdük kimi qan şorladı. Qazılıq qocayı qarmalayıb-tutub qalaya qoydılar. Yigitləri durmayıb qaçdılar” (3, 119) (Vatikan nüsxəsi: “Pəs Qazılıq qoca qalaya yetdikdə cəngə başladı. Pəs haman təkur qaladan daşra çıqdı, meydana gəlüp ər dilədi. Qazılıq qoca onu gördi, həmən yerindən uru durdu, qara qoç atına suvar oldu, qara dinli kafirə yetdi. Kafirin ənsəsinə bir qılıc urdu, zərrə miqdarı kəsmədi. Növbət kafirə gəlicək gürzi çəküb əlinə aldı, Qazılıq qocaya dəpərə dutub çaldı. Yalan dünya başına dar gəldi. Ağzından burnundan qan boşandı. Qazılıq qocayı tutsaq aldı, getdi. Yigitləri anı görüp sınıb qaçdılar” (1, 199-200)).
“Qanlı qoca oğlu Qanturalı boyu”:
“Selcan xatun at saldı, qırımın basdı. Qaçanın qovmadı. Eylə sandı kim, yağı basıldı” (3, 114).
“Qazan bəg oğlu Uruz bəgin tutsaq olduğu boy”:
“Bir qiyamət savaş oldu, meydan dolu baş oldu. Qiyamətin bir günü oldu. Bəg nökərdən, nökər bəgdən ayrıldı” (3, 93) (Vatikan nüsxəsi: “Bir qiyamət savaş oldu, meydan dolu baş oldu.Carhaçılar dögişdi. Bəg nökərdən, nökər bəgdən ayrıldı” (1, 163)).
“...Qonur atından yerə endi, aqub gedən arı sudan abdəst aldı.Ağ alnını yerə qodu, namaz qıldı, ağladı.Qadir Tanrıdan hacət dilədi. Yüzin yerə sürdü. Məhəmmədə salavat gətürdi. Dəvə kibi kükrədi, arslan kibi anradı. Nərə urubhayqırdı. Baba yalnız kafirə at dəpdi, qılıc urdu. Dönə-dönə bir zaman yaxşı savaş eylədi, kafiri alam dedi alamadı. Bir saatda kafirə üç kərrə at dəpdi. Nagah gözi qapağına qılıc toqundu. Qara qanı şorladı, gözinə endi. Özin sarp yerlərə saldı. Görəlim imdi Yaradan neylər?” (3, 91) (Vatikan nüsxəsi: “Qazan Qonur atından endi. İki rəkat namaz qıldı. Din sərvərinə salavat verdi. Yalnız kafirə at saldı, savaşdı, kafiri alımadı. Bir saat içində kafirə üç kəz at saldı. Qəza yetişüb cəng içində gözinün qapağına qılıc doqundu. Qara qanı şorlayıb aqdı. Sarp yerlərə Qazan özüni saldı. Görəsən, Yaradan neylər imdi?” (1, 173).
“Qazan bəg gördi kim kafir qatı yaqlandı. Atından endi, arı sudan abdəst aldı. Ağ alnın yerə qodu, iki rükət namaz qıldı. Adı görklü Məhəmmədi yad gətirdü. Qara dinli kafirə göz qarartdı. Hayqırdı, at saldı. Qarşu vardı, qılıc urdu. Gumbur-gumbur tavıllar çalındı. Burması altun tac borular çalındı. Ol gün cılasun bəg ərənlər dönə-dönə savaşdı. Ol gün qara polat üz qılıclar çalındı, ol gün qarğu dilli qaim oxlar atıldı. Ala uclu sür cidalar süsəldi. Ol gün namərdlər, müxənnətlər sapa yer gözətdi”(3, 83) (Vatikan nüsxəsi: “Qazan bəg atından yerə endi, arı abdəst aldı, iki rükat namaz qıldı. Adı görklü Məhəmmədə salavat gətirdü. Dəxi qara dinlü kafirə at saldılar, qılıc urdular düpə düplər. Gümür-gümür davıllar çalındı. Ol gün burması altun tac borular çalındı, cılasınlar savaşdılar. Ol gün bu cəngə baqa-baqa Uruzun cəngə şövqü gəldi” (1, 161)).
“Qaraqucun oynatdı. Uruz kafirin sağına at dəpdi. Sağlı-sollu kafiri xub dağıtdı. Sanasan kim, dar yolda dolu düşdü. Ya qara qazın içinə şahin girdi. Kafirin ucunu basdı, dağıtdı”(3, 84)(Vatikan nüsxəsi: “Atını oynatdı. Bəg Uruz sağı yanına at dəpdi. Sağı sola, solu sağa qatıb kafiri dağıtdı. Sanasan kim toz yerlərə dolu düşdi, qara qazın içinə şahin girdi” (1, 161)).
“Qalın Oğuz bəgləri arı sudan abdəst aldılar. Ağ alınların yerə qoydılar. İki rükət namaz qıldılar. Adı görkli Məhəmmədi yad gətirdilər. Gumbur-gumbur nəqarələr dögüldü. Bir qiyamət savaş oldu, meydan dolu baş oldu” (3, 50,77,91,93).
“Qam Börənin oğlu Bamsı Beyrək boyu”:
“Qalın Oğuz bəgləri atlandılar. Bayburd hasarına çapar yetdilər. Kafirlər dəxi bunları qarşıladılar. Qalın Oğuz bəgləri arı sudan abdəst aldılar, ağ alınların yerə qodular, iki rükət namaz qıldılar. Adı görklü Məhəmmədi yad gətürdilər. Gumbur-gumbur nəqaralar dögildi. Bir qiyamət savaş oldu, meydan tolu baş oldu. Şöklü Məliki bögürdübən Qazan bəg atdan yerə saldı. Qara Təkürü Dəli Dondar qılıcladı, yerə saldı. Qara Arslan Məliyi Qara Budaq yerə saldı. Dərələrdə kafirə qırğın girdi. Yedi kafir bəgi qılıcdan keçdi...” (3, 77) (Vatikan nüsxəsi: “Qalın Oğuz bəgləri atlandı. Bayburt hisarı qandasan deyüb yortdular. Kafirlərin casusları vardılar xəbər etdilər, təkür dəxi əsgərini cəm edib qarşı çıqdılar. Oğuz ərənləri arı sudan abdəst alub, iki rükət namaz qılıb, atlarına süvar olub, Məhəmmədə salavat gətirüb, qından qılıc sıyırıb, təkbir gətirüb kafirə at saldılar. Nəqaralar çalındı, borular ötdi, cigərində olanlar bəlirtdi, müxənnəslər kənar siyirtdi. Bəg nökərdən, nökər bəgdən ayrıldı. Qiyamətin bir güni oldu. Meydan baş ilə doldu. Yedi kafir bəgi qılıcdan keçdi. Qazan bəg Şökli Məliki yıqdı, başın kəsdi. Qara Təkür Məliyi Tondan yıqıb başın kəsdi. Qara Aslan Məlikini Qara Budaq yıqıb başın kəsdi. Kafirin sancağın tuğun Beyrək ilə Yegnək qılıcladı yerə saldı. Bəglər cəm olub xan Qazan önlərincə hasara yürüş etdilər. Beyrək qırq igidinin üzərinə gəldi (Drezden nüsxəsində qırq yox “otuz doquz igidinin üzərinə gəldi” – N.A) onları sağ buldu. Tanrıya şükür eylədi” (1, 152)). Drezden nüsxəsindən fərqli olaraq Vatikan nüsxəsinin “Bamsı Beyrək boyu”nda sonda Beyrək söz verdiyi kimi sözünün üstündə duraraq Məlikin qızı ilə evlənir.
“Bu məhəldə ərənlərin meydanı arslanı, pəhlivanların qaplanı Boz oğlan yetdi. Bir-iki dimədi, qılıc urdu. Baş qaldıran kafirləri öldürdü, qəza eylədi” (3, 54) (Vatikan nüsxəsi: “Bu məhəldə ərənlərin arslanı yetdi. Ol kafirlərə qılıc urdu, baş qaldıran kafirləri qırdı, qəza qıldı. Bazırganların malını qurtardı, geri döndü” (1, 119)).
“Salur Qazanın evinin yağmalandığı boy”:
“Sayılmaqla Oğuz bəgləri dükənsə olmaz. Həp yetdilər. Arı sudan abdəst aldılar. Ağ alınların yerə qodular. İki rükət namaz qıldılar. Adı görkli Məhəmmədə salavat gətürdilər. Bitəkəllüf kafirə at saldılar, qılıc çaldılar. Gumbur-gumbur naqaralar dögildi. Burması altın tuc borular çalındı. Ol gün cigərində olan ər yigitlər bəlürdi. Ol gün müxənnətlər sapa yer gözətdi. Ol gün bir qiyamət savaş oldu, meydan dolu baş oldu. Başlar kəsildi top kibi. Şahbaz-şahbaz atlar yügürdi – nalı düşdi. Ala–bula göndərlər süsildi. Qara polat üz qılıclar çalındı, yalmanı düşdü. Üç yeləkli qayın oqlar atıldı, dəmrəni düşdü. Qiyamətin bir günü ol gün oldu. Bəg nökərindən, nökər bəgindən ayrıldı” (3, 50) (Vatikan nüsxəsi: “Sayılmaqla Oğuz bəgləri dükənsə olmaz həp gəlüb yetdilər. Arı sudan Abdəst alub namaz qıldılar. Görkli Məhəmmədə salavat gətürdilər, təkbir gətürübkafirə at saldılar, qılıc urdular. Küpür-küpür davullar çalındı, borular ötdi. Qiyamətin bir günü qopdu əcəb. Şahbaz atlar yügürdü nalı düşdi, qılıclar çalındı yalmanı düşdi. Oqlar atıldı, dəmrəni düşdi. Sancaqlar götürüldü, carhaçılar dögişdi. Bəg nökərindən, nökər bəgindən ayrı düşdi” (1, 114)).
“Daş Oğuz bəgləri ilə Dəli Dondar sağdan dəpdi. Cılasun yigitləri ilə Qaragünə oğlu Dəli Budaq soldan dəpdi. İç Oğuz bəgləri ilə Qazan dopa dəpdi, Şökli Məlikə həvalə oldu. Şökli Məliki bögürdübəni atdan yerə saldı, ğafillücə qara başın alub kəsdi, alca qanın yer yüzünə dökdü. Sağ tərəfdə Qara Tükən Məliyə Qiyan Səlcük oğlı Dəli Dondar qarşu gəldi. Sağ yanın qılıcladı, yerə saldı. Sol tərəfdə Buğacıq Məlikə Qaragünə oğlu Dəli Budaq qarşı gəldi. Altı pərli gürz ilə dəpəsinə qatı tuta urdu. Dünya-aləm gözünə qarannu oldı. At boynun qucaqladı, yerə düşdü. Qazan bəgin qardaşı kafirin tuğıyla sancağın qılıcladı, yerə saldı. Dərələrdə-dəpələrdə kafirə qırğın girdi. Qaçanını Qazan bəg qomadı, aman deyənini öldürmədi. Qalın Oğuz bəgləri toyum oldı” (3, 50) (Vatikan nüsxəsi: “Ol gün Taş Oğuz bəgləri ilə Dəli Tondaz sağdan dəpdi. Cilasun bəg yigitlər ilə Qaragünə oğlu Budaq soldan dəpdi. İç Oğuz bəgləri ilə Qazan dəpdi, Şökli Məlikə həvalə oldu. Bögürdübəni atdan yerə saldı. Qafillicə qara başını kəsdi, alca qanını yer üzünə saçdı. Sağ tərəfdə Qara Təkür Məlikə Qıyan Səlcuq oğlu Dəli Tondaz qarşu gəldi, sağ yanını qılıcladı, yerə saldı. Sol tərəfdə Qaragünə oğlu Budaq gəldi. Buğacıq Məlikə altı pərli gürz ilə dəpəsinə çaldı, canın cəhənnəmə saldı. Kafirin tuğuyla sancağını Qazan qardaşı Qaragünə qılıcladı, yerə saldı. On iki min kafir qılıcdan keçdi. Beş yüz oğuz yigidi şəhid oldu. Qalın Oğuz bəgləri toyum oldu” (1, 114-115)).
“Qazan bəg ordısını, oğlanını-uşağını, xəzinəsini aldı, geri döndi, altun taxtında yenə evini dikdi” (3, 50) (Vatikan nüsxəsi: “Qazan bəg oğlunı,anasını, xatununu qurtarıb həsrətlər biri-birini görüşdi. Taxta Qazan bəg keçdi, oturdu” (1, 115)).
Dastanda bir neçə boyda döyüşdən qabaq Oğuz igidlərinin qəhrəmanlıq “anket”ləri sadalanır. Məsələn: “Qazan bəyin evinin yağmalandığı boy”da oxuyuruq: “Bu məhəldə Qalın Oğuz bəgləri yetdi, xanım, görəlim kimlər yetdi:
Qara Dərə ağzında Qadir verən, qara buğa dərisindən beşiyinin yapığı olan, acığı tutanda qara daşı kül eyləyən, bığın ənsəsində yedi yerdən dügən, ərənlər əvrəni Qazan bəgin qardaşı Qaragünə çapar yetdi. “Çal qılıcın, qardaş Qazan, yetdim!” - dedi.
Dəmir qapı Dərbənddəki dəmir qapıyı dəpüb alan, altmış tutam ala göndərinin ucında ər bögürdən Qıyan Səlcük oğlu Dəli Dondar çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” - dedi və s.
Hər bir oğuz igidinin qəhrəmanlıq “anketi” epik qəliblər şəklində təsvir edildikdən sonra “çapar yetdi / çal qılıcın / ağam / bəyim / Qazan yetdim!” - qəliblərini təkrarlamaqda davam edirlər. Professor Tofiq Hacıyev dastanda olan qəhrəmanların “qəhrəmanlıq anketlərini” araşdırarkən belə bir məntiqli nəticəyə gəlir ki, əldə olan “Dədə Qorqud” mətnləri indiki sayından bir neçə dəfə çox olmuşdur (3,10). Həmçinin M.Ergin (1, 34-44), V.Jirmunski (4, 105-110) də bu fikirdə olmuşlar.
“...Eylə olsa sultanım, Qaraca Çoban sapan çatlatdı. Dünya-aləm kafirin gözünə qarannu oldu” (3, 47) (Vatikan nüsxəsi: “Eylə olsa, Qarıcıq çoban kafirin ordusını gördigində ixtiyarı qalmayıb sapanını çatlatdı. Kafərin eşitdikdə aləm başına dar oldu” (1, 110)).
“Dirsə xan oğlu Buğac boyu”:
“Oğlan qırq yigidin boyına aldı, at dəpdi, cəng və savaş oynatdı. Kiminin boyun urdu, kimini tutsaq eylədi. Babasını qurtardı. Qayıtdı, geri döndi” (3, 36) (Vatikan nüsxəsi: “Oğlan dəxi qırq yigidinə qol saldı. Qırq yigidi bədəvi atların oynatdı. Buğac xanın üstinə yığnaq oldu. Qırq yigit ilə at dəpdi, savaş etdi. Kiminin boynun urdu, kimini tutsaq eylədi. Babasını qurtardı. Baba ilə oğul bir-birin qucuşub ağlaşdılar, əhvalların bir-biriylə söyləşdilər, ondan obalarına qayıtdılar. Xan qızı qarşu gəlib Dirsə xan ilə oğlanı bir arada gördi, Haq Təalaya şükür qıldı, qurbanlar eylədi, aclar toyurdu, sədəqələr verdi. Oğlunı bağrına basıb gözlərin öpdi. Dirsə xan burada oğlancığın sağ idigün genə bildi” (1, 94)).
Do'stlaringiz bilan baham: |