"Qazlıq Qoca oğlu Yeynək boyu" istər mifik, istərsə də mətndə aydın şəkildə görünən real səfərləri tətqiq etmək baxımından diqqətə layiqdir. Bayandır xanın vəziri Qazlıq qoca şərab içib ondan yürüş üçün izn istəyir. Demək, boy mifik səfərə hazırlaşma ilə başlayıb real, horizontal, aktiv səfərlə müəyyənləşir. Şərab içmək bir haldan digərinə keçmək və ya iki fərqli dünyalar arasındakı keçidlə realizə olunan mifik səfərdir. Daha doğrusu, onu xaos və kosmos arasındakı keçid dünyası üçün ilkin vasitə adlandırmaq daha doğru olardı. Adətən, bu hal yuxu ilə nəticələnir ki, bu yuxu da xaotik nizamsızlıq yaradaraq xaosa rahat keçidə şərait yaradır. Bütün bunlar təbii ki, ölüb-dirilmə ritualı ilə inikas olunur. Mifik - passiv inikas olunan səfər real, aktiv səfərdən əvvəl və sonra olmaqla xarakterizə oluna bilər. Burada Qazlıq qocanın şərab içməsi bir növ onun real səfərə hazırlığıdır. Şərabın içilməsi eyni zamanda obrazın irəlidə – düşmən sərhəddində dustaq olacaqına işarədir. Vəzir düz 16 il qalada dustaq olur. Əmən adlı bir igid 6 dəfə qalaya hücüm etsə də, onu ala bilməmişdir. Epik mətn strukturuna əsasən, atanı öz oğlu xilas etməlidir. Məclislərin birində atasının sağ olduğunu bilən Yeynək yürüşə hazırlaşır, Bayandır xan da iyirmi dörd vilayətin pəhləvan bəylərini ona yoldaş edir. Səfərə çıxmamışdan əvvəl qəhrəman yuxu görür. Həmin detal, əsasən, nağıllarda özünü göstərir. Burada yuxunun xəbərverici funksiyasını görürük. Qeyd etdiyimiz kimi, yuxu səfərdən əvvəl və sonra da təzahür edə bilər. Yeynəyin atasını kafir elindən azad etməsi Qazan xanın oğlu Uruz tərəfindən, Koroğlunun isə oğlu Eyvaz tərəfindən xilas olması motivlərilə səsləşir.
Sonuc. Beləliklə, dastan mətninin hər bir boyu tədqiqata cəlb olunsa da, bütün boylar haqqında geniş məlumat verməyi lazım bilmədik. Mifoloji təfəkkürdə dünya modelində 3 məkan vardır: kosmos-sərhəd-xaos. Bunlar ayrı-ayrı mühiti əks etdirsələr də, əslində bir-birindən kənarda mövcud deyillər. Hər iki məkandan igidlər ardıcıl olaraq səfər edirlər. Edilən səfərlər vertikal və horizontal xarakterlidir. Dərininə – yeraltı (vertikal) səfərdə sərhəd funksiyasını yuxu oynayır. Məhz buna görə də, igidlər düşmən sərhəddinə yaxın ərazilərdə yuxuya gedir. Horizontal səfərlər isə epik mətn strukturunda aktiv dinamikaya malik olan və mətnin üst qatında oxucunun ilk diqqətini çəkən səfərlərdir. Burada ov sərhəd rolundadır. İgidlər Oğuz elindən kafir elinə bu istiqamət üzrə hərəkət edirlər.
Yuxarıdakı sxemə əsasən Oğuz igidləri vertikal, mifik səfərlər etməklə Kosmosdan Xaosa tərəf istiqamət alırlar. Bu zaman səfərəçıxmada ilkin səbəb önəmli olub səfərin hansı sonluqla yekunlaşacağına zəmin yaradır. Növbəti istiqamət dağ ətəyinə ov səfəridir. Bu zaman isə şərab içməklə bir haldan digərinə keçmək, bir vəziyyətdən digərinə düşmək mümkündür ki, bunun da sonu əsasən yuxuya getməklə yekunlaşır. Beləcə, xaotik vəziyyət yaranır və nizam pozulur. Bir qədər də dərininə istiqamət almaqla Oğuz igidi xaosa addımlayır. Xaos daxilində xaotik vəziyyətin yenidən gərginləşməsi kluminasiya nöqtəsində hadisələrin inkişafı ilə davam edir. Əksər tədqiqatçı alimlər dönə-dönə Oğuz igidinin kafir sərhəddində yuxuya getməsini qeyd edirlər. Lakin “Qanturalı boyunda” Oğuz igidinin elə kosmos sərhəddində yuxuya getdiyini görürük. Bu isə bizim xaos və kosmos arasındakı ortaq məkanın sərhəd olduğunu və bu sərhəddə yuxuya getmənin iki dünya arasındakı vasitə, keçid funksiyası daşıdığını sübüt edir. Demək, sərhəddə yuxuya getmə yalnız kafir elinə yaxınlaşdıqda baş vermir. Yuxu xaos və kosmos arasında vasitə yaradan detaldır, yenidən xaosa getmək lazım olduqda isə yuxu bir daha tələb olunan detala çevriləcəkdir.
Do'stlaringiz bilan baham: |