Açar sözlər: “Kitabi-Dədə Qorqud”, “Manas”, şölən, siyasi, ideoloji.
Giriş
Əski türklərin həyat tərzini, dünyagörüşünü, adət-ənənəsini dəyərləndirmə baxımından eposların əvəzedilməz rolu vardır. Çünki bu eposlar mücadilələr, basqınlar nəticəsində başqa torpaqlarda yaşamağa məcbur edilmiş türklərin coğrafi ərazilərinin hüdudlarını, əski tarixini, dil və mədəniyyət özəlliklərini qoruyub bizlərə çatdıran ulu mənbələrdir. Bu mənbələr türkün qan yaddaşıdır.
-
Sölənlərin keçirilmə motivləri
Bəşər tarixində özünəməxsus yer tutan əski türklərdə şölən keçirmə adət-ənənəsi onların yüksək mədəni səviyyəyə malik olmalarından xəbər verir. Belə ki, keçirilən «şölənlərin» çox böyük əhəmiyyəti var idi. Bu şölənlər müxtəlif rütbəli adamlar tərəfindən, müxtəlif münasibətlərlə keçirilirdi. Məhz bu təbəqələşmə prosesində ictimai və sosial durum arasındakı fərq aydın nəzərə çarpırdı.
Xaqan, xan, bəy şölənləri əhatə dairəsinə görə daha geniş idi. Çünki buraya müxtəlif türk birliklərinin nümayəndələri: xaqanlar, sərkərdələr, bəylər, dəvət olunmuş qəbilə üzvləri, hətta qonşu qəbilələrin nümayəndələri də toplanırdı. Bu şölənlərin keçirilmə səbəbləri müxtəlif olmasına baxmayaraq, sosial-ədalət prinsipi möhkəm qorunmalı idi.
Eposlara nəzərən şölənlərin keçirilmə səbəblərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Xüsusi mənsəblərə (başçı) layiq olduqları zaman keçirilən şölənlər.
2. Yeni doğulan uşaqların şərəfinə keçirilən şölənlər.
3. Müxtəlif münasibətlərlə keçirilən şölənlər. Buraya vaxtilə ölənlərin şərəfinə verilən «Aş»lar, xalqın adət-ənənəsi ilə əlaqədar xüsusi günlərin qeyd olunması daxildir.
4. Döyüşdə qazandıqları uğurlarla əlaqədar keçirilən şölənlər.
Xaqan, xan şölənləri təkcə ictimai-sosial deyil, həmçinin siyasi əhəmiyyət də kəsb edirdi. Belə ki, dəvətlilər arasında müxtəlif qəbilə, qoşun başçılarının olması yeni-yeni ittifaqların, dostluqların təməlini qoymaqla yanaşı, yaranan kiçicik incikliklərə görə düşmənçiliklərin də yaranmasına səbəb olurdu.
Türk xalqlarının ulu abidəsi olan «Kitabi-Dədə Qorqud» və «Manas» eposlarında təsvir edilən şölənlərin bəzilərinin məhz bələ sonluqla bitdiyinin şahidi oluruq.
Xan Bayandırın – «oğlu-qızı olmayanı qara otağa qondurun, altına qara keçə döşəyin, qara qoyun yəxnisindən önünə gətirin, yeyərsə yesin, yeməzsə dursun getsin...» – əmri Dirsə xanın qüruruna toxunur.
- Bayandır xan mənim nə əksikliyimi gördü? Qılıncımdanmı gördü, süfrəmdənmi gördü? Məndən alçaq kişiləri ağ otağa, qızılı otağa qondurdu, mənim suçum nə oldu ki, qara otağa qondurdu? – deyə soruşduqda,
- Övladı olmayanı Tanrı Taala qarğıyıb, biz dəxi qarğıyırız», - Bayandır xandan buyruq belədir, cavabını alır (K.D.K.,1962: 17).
Xüsusi günlərin birinin təsvirini verən «Salur Qazanın evinin yağmalanması boyu»nda ildə bir dəfə İç və Dış Oğuzun iştirakı ilə evini yağmaladan Qazan növbəti yağmada Dış Oğuzu dəvət etmədiyindən iki qohum tayfa arasına ədavət düşür ki, bunun da çox acı nəticələri olur (K.D.K.,1962: 150-156).
Buna bənzər şölən motivi «Manas» eposunda da diqqəti cəlb edir. Lakin hər iki eposda motivlərin mahiyyəti eyni olsa da, nəticə etibarı ilə fərqlidirlər. Belə ki, Bokmurun atası Kökötöyun «Aş» şöləninə Ər Manas dəvət edilmədiyindən o, inciyir. Amma Aruz Qocadan fərqli olaraq onun incikliyi düşmənçiliyə çevrilmir. Müvəqqəti xarakter daşıyır. Eşidəndə ki, şölənə gələn Çin xaqanı Neskara qırğızlara pislik etmək niyyətindədir, Ər Manasın milli qüruru şəxsi incikliyinə üstün gəlir. Qoşunu toplayaraq Bokmurun köməyinə gedir («Manas»1995: 180). Demək, Ər Manas öz haqqının tapdanmasına razı olur, amma ona ümid edən elini, xalqını darda qoymağı qüruruna sığışdırmır.
İctimai-siyasi səciyyə daşıyan «Aşlar» və «Xüsusi günlər» dövlətçilik baxımından önəmli əhəmiyyətə malikdir. Bu tədbirlər böyük siyasi ustalıqla təşkil olunmalı idi ki, dostun düşmənə çevrilməsinə səbəb olmasın. Ona görə də bu cür şölənlərin keçirilməsi xüsusi diqqət tələb edirdi.
«Başçı seçmə» ilə əlaqədar keçirilən şölənlər öz əhatə dairəsinə görə daha geniş və xarakterinə görə isə daha əhəmiyyətlisi idi. Çünki yeni seçilən «xaqan» özünün təqdimatında xalqa sadiq, qayğıkeş, qəhrəman və s. sifətlərə malik olduğunu sübut etməli idi. Bunun üçün təşkil olunmuş xüsusi sınaqlardan keçməli, çox böyük miqdarda bəxşişlər paylamalı idi. Bütün bunlar xalqın etimadını qazanmaq üçün bir vasitə idi. Bu şölənlərə başqa tayfa, qəbilə, dövlət başçıları da dəvət olunduğundan seçilən xaqan, xan özünü tədbirli, ağıllı bir başçı kimi təsdiq etməli idi.
Övladların dünyaya gəlişi ilə əlaqədar keçirilən şölənləri isə öz mahiyyəti etibarı ilə iki qismə ayırmaq olar:
1. Övlad dünyaya gəlməzdən öncə.
2. Övlad dünyaya gələndən sonra.
1. Övlad həsrəti ilə yaşayan ailələrin Tanrı şərəfinə keçirdiyi şölənlər. Bu şölənlərin əsas məqsədi Tanrıdan övlad diləmək idi. Bunun üçün onlar Tanrı şərəfinə böyük qurbanlar verir, sədəqələr paylayır, heç vaxt etmədikləri xeyirxahlığı göstərirdilər.
«Dirsə xan ulu toy elədi, hacət dilədi. Atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırdı. İç Oğuz, Dış Oğuz bəylərini üstünə yığnaq etdi. Ac görsə doyurdu, yalın görsə donatdı. Borclunu borcundan qurtardı. Təpə kimi ət yığdı, göl kimi qımız sağdırdı. Əl götürdülər, hacət dilədilər. Bir ağzı dualının alqışı ilə Allah-Taala bir əyal verdi. Xatunu hamilə oldu» (K.D.K., 1962:18).
Bu analoji süjetə Ər Manasın dünyaya gəlmə prosesini izləyərkən də rast gəlmək mümkündür.
«Çakıp ziyafətə Altaydakı on iki qəbilə ilə birlikdə, Qırğızı, Qazağı, Noykutu, Noqoyu, Türk soydaşlarını, bunlardan başqa yenə Kalmıkı və Turqut Moğollarını da inciməsinlər deyə dəvət etdi. Sərvətə düşkün Cakıp bu dəfə simiclik etmədi. Sevincindən topladığını, gizlətdiyini tamamilə xərclədi. İki altun xəzinəsinin ağzını açdı. Saysız atlarından doqquz qara qısraq, doxsan qara qoyun, ağ baş dişi dəvə, quzu, inək kəsdi». («Manas»1995: 14)
Tanrıdan övlad diləmə münasibəti ilə acları doyurmaq, çılpaqları donatmaq kimi mütərəqqi məqsədli şölən keçirmə motivi təkcə eposlarda deyil, eləcə də nağıllardan üzü bəri bu günkü ədəbi əsərlərə qədər uzun bir yol keçərək, öz ilkin mahiyyətini qoruyub saxlamışdır.
Övladın dünyaya gəlməsi ilə əlaqədar keçirilən şölənlər məzmun etibarı ilə «Övlad diləmə» şölənindən bir qədər fərqlidir. Bu fərqləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1. «Övlad diləmə» şöləni şadlıq məclisi sayılmaz, bura bədbin ruh hakimdir. Çünki övlad payı diləyən, dua edən hələ bilmir ki, Tanrı onun səsini eşidərək ona övlad bəxş edəcək, ya yox. Lakin bu adətə tarixən inam olduğundan indinin özündə belə övladı olmayan Allahın şərəfinə böyük qurbanlar vəd edir, Müqəddəs yerlərə gedərək nəzir-niyazlar verirlər.
2. Övladın dünyaya gəlişi ilə əlaqədar keçirilən şölənlərə isə şadlıq ruhu hakimdir. Bələ ki, dua-sənalarının Tanrı tərəfindən qəbul edildiyini görən insanlar uşağın dünyaya gəlişinin sevincini yaşayırlar. Bu şöləndə də çox böyük miqdarda bəxşişlər paylanırdı. Lakin bu bəxşişlər öz mahiyyətinə görə fərqlənirdilər.
a) «Övlad diləmə» şölənində ancaq aşağı təbəqənin adamlarına bəxşişlər vermək nəzərdə tutulurdu. Orada bəxşiş alanlar öz tayfalarının, qəbilələrinin adamları olurdu.
b) «Övladın dünyaya gəlişi» ilə əlaqədar keçirilən şölənlər isə əhatə diapazonuna görə daha geniş xarakter daşıyırdı. Burada təkcə aşağı təbəqənin insanları deyil, həm daxili, həm də başqa dövlətlərin, tayfaların qəbilə başçıları, xaqanları, xanları, bəyləri və s. təmsil olunurdu. Bu şölən eyni zamanda siyasi durumu ilə də diqqəti cəlb edir. Çünki, aşağı təbəqə doğulan uşağın şərəfinə bəxşişlər almaq üçün qatılırdısa, xaqan, xan, bəy və s. gətirdikləri bəxşişlərlə həmin adama öz sayğı və hörmətlərinin məqamını bildirirdilər. Şölən sahibi də öz adət-ənənəsi müqabilində onları titul və şərəflərinə uyğun qonaqlamalı idi.
Şölənlərdə Türk xalqının yüksək mədəniyyəti və zəngin məişəti daha qabarıq nəzərə çarpır. Bələ ki, «Kitabi – Dədə Qorqud» eposunda otaqlar münasibətlərə görə rənglənərdi: - «Oğlu olanı ağ otağa, qızı olanı qızılı otağa, oğlu-qızı olmayanı qara otağa qondururdular» (K.D.K., 1962:17). Otaqlar eyni rəngdə olan xalı, ipəklə döşənərdi. Yemək mədəniyyəti son dərəcədə yüksəkdi. Otaqların rənginə uyğun heyvanlar kəsilirdi. Yeddi illik şərab içkisindən istifadə edilirdi.
«Manas» eposunda şöləni keçirmək üçün üç il öncədən hazırlıq işlərinə başlanardı. Arıq heyvan kəsməzdilər. Kəsiləcək heyvanlar əvvəlcədən kökəldilərək, ətləndirilərdi. Ağ və boz otaqlar hazırlanardı. Şölən üçün dağları otla örtülən, hövzəsi yayla, təpələri yayvan, suyu, odunu bol, tozsuz-dumansız, 7 illik otu olan, at yarışı keçirilə biləcək dərəcədə düz, bərəkətli yer seçilərdi («Manas», 1995: 172-173).
Do'stlaringiz bilan baham: |