Əməkdar elm xadimi,
filologiya elmləri doktoru, professor
AMEA Folklor İnstitutu
e-mail: kamranimranoglu@mail.ru
“DƏDƏ QORQUD” BÜTÖV BİR MƏTN KİMİ
Özət
Türk xalqlarının tarixi və etnik düşüncəsinin möhtəşəm abidəsi sayılan “Dədə Qorqud” eposu qəhrəmanlıq dastanı kimi həmişə diqqət mərkəzində olmuş və ictimai, siyasi, tarixi, mədəni aspektlərdən araşdırmaya cəlb olunmuşdur. Belə abidələrin diqqət mərkəzində saxlanılması və hər hansı bir istiqamətdə tədqiq edilməsi bir çox məsələlərə aydınlıq gətirilməsi baxımından da olduqca aktualdır.
Açar sözlər: “Kitabi-Dədə Qorqud” eposu, dastan, rəqəmlərin simvolikası, oğuzlar
Azərbaycan xalqının, geniş mənada türk xalqlarının tarixi və etnik düşüncəsinin möhtəşəm abidəsi olan “Dədə Qorqud” eposu həmişə qəhrəmanlıq dastanı kimi diqqət mərkəzində olmuş və ictimai, siyasi, tarixi, mədəni aspektlərdən araşdırmaya cəlb edilmişdir. “Dədə Qorqud” ətrafındakı belə araşdırmalar bu sahənin mütəxəssisləri olmaq şərti ilə müxtəlif nəsillər tərəfindən çox böyük coşqu ilə həyata keçirilmişdir. Onu da əlavə etmək lazımdır ki, belə abidələrin həmişə diqqət mərkəzində saxlanılması və hər hansı bir istiqamətdə tədqiq edilməsi, bu istiqamətlə bağlı olan məsələlərə aydınlıq gətirilməsi davamlı bir proses olmuşdur. Yəni “Dədə Qorqud” eposu ilə bağlı müəyyən bir problemin tam dərki və tam izahı baxımından hər hansı bir problemə son nöqtə qoymaq istəyi, sadəcə olaraq, mümkün deyildir.
Başqa bir mühüm cəhət ondan ibarətdir ki, “Dədə Qorqud” eposunun möhtəşəmliyi bu eposun surətləri və nəql olunun hadisələr vasitəsi ilə canlandırılan ideyalarda özünü göstərir. Qalın Oğuz eli kimi simvollaşan Vətənə məhəbbət, “Ana haqqı Tanrı haqqı” andında təcəssüm olunan Ana sevgisi, aman diləyənə aman vermək kimi davranışın doğurduğu Humanizm və bunlara bənzər bəşəri ideyalar “Dədə Qorqud” eposunu hamıya sevdirən və dünyanın bütün xalqlarının doğma kitabına çevirən başlıca fikir və mülahizələrdir.
Üçüncü bir məqam da var. Belə ki, “Dədə Qorqud” eposunun möhtəşəmliyi yalnız onun müxtəlif aspektlərdə araşdırılması, yaxud da yalnız onun ideyalarının cahanşümul və müasir olması ilə məhdudlaşmır. Eposun möhtəşəmliyi bədii mətnin özünün spesifik cəhətləri ilə də çox bağlıdır. Yəni “Dədə Qorqud” eposunun mətn yaradıcılığı elə bir səviyyədədir ki, bu səviyyənin elementləri eposun poetika baxımından da möhtəşəmlik qazanmasına böyük imkanlar açır.
“Dədə Qorqud” eposu xalq düşüncəsinin unikal nümunəsi olaraq vahid bir bədii sistemi əks etdirir. Hər halda onun bir mətn kimi tapılması, bir folklor abidəsi kimi xalqın arzu və ideallarını əks etdirməsi bu məsələdə elə bir şübhə yeri qoymur. Lakin qorqudşünaslıqda eposun ayrı-ayrı boylarının az və ya çox dərəcədə vahid bir sistemə bağlılığı da həmişə mübahisələrə yol açmışdır. Şübhəsiz, eposun bütün boylarında Dədə Qorqudun iştirakı – sonda gəlib boy boylaması, soy soylaması, xeyir-dua verməsi, yaxud eyni bir obrazın (məsələn, Qazan xanın) müxtəlif boylarda iştirakı kimi faktlar vahid “süjet xəttini” şərtləndirən amillərdir.
Buna baxmayaraq, mətnin bütövlüyünü sübut etmək üçün başqa mühüm dəlillərə də həmişə ehtiyac olmuşdur. Məsələn, bunlardan biri Oğuz eli xanımlarının təsviridir. Bu xanımlar müxtəlif boylarda, o cümlədən “Qazan xanın evinin yağmalanması”, “Dirsə xan oğlu Buğac”, “Bəkil oğlu İmran”, “Beyrək”, “Səyrək”, “Dəli Domrul” və “Qanturalı” boylarındadır. Say etibarilə biz burada 7 (yeddi) boyun adını xatırlatdıq. Həmçinin ən maraqlısı ondan ibarətdir ki, “Dəli Domrul” boyu dastanın mətn şəcərəsində çox zaman və çox tədqiqatçılar tərəfindən şübhə ilə qarşılanmışdır. Bu boyun eposun mətni ilə heç vaxt uyuşmaması fikrini açıq-açığına söyləyənlər də az olmamışdır. Bəs Oğuz elinin xanımlarının təsviri bizə nə verir?
«Dədə Qorqud» eposunda Oğuz xanımları sırasına Burla xatun, Banıçiçək, Selcan xatun və adları bəlli olmayan Dirsə xanın, Dəli Domrulun, Bəkilin və Səyrəyin xanımları daxildir. Dirsə xan öz xanımını belə vəsf edir:
Do'stlaringiz bilan baham: |