1.2. İstehsal infrastrukturunun təsnifatı
İqtisadi ədəbiyyatlarda infrastrukturlar yerinə yetirdiyi funksiyalardan asılı olaraq istehsal, sosial, bazar, beynəlxalq, ekoloji və institusionoloji infrastrukturlar kimi müxtəlif qruplarda təsnifləndirilir (79, s. 4). Bu qaydada təsnifləşdirmə infrastrukturların ilk böyük təsnifatı adlandırılır. İqtisadi proseslərdə yerinə yetirdiyi funksiyalar nəzərə alınmaqla ayrı-ayrı infrastruktur sahələrinin bir qrupda təsnifləşdirilməsi isə sonrakı təsnifat adlanır. Hansı qrupda təsnifləşdirilməsindən asılı olmayaraq infrastrukturların mahiyyəti və başlıca xüsusiyyətləri ondan ibarətdir ki, o, aid olduğu sahənin ümumi inkişafına xidmət edir. İqtisadi hadisə və proseslərdə hər bir infrastruktur sahəsi xidmət etdiyi sahənin adı ilə adlandırılır. İlk böyük təsnifatda istehsal infrastrukturu birincidir. O, sənaye və kənd təsərrüfatı məhsulları istehsalının ümumi inkişafına xidmət edən, onun xarici mühitini təşkil edən enerji-yanacaq, nəqliyyat, rabitə-informasiya, su təchizatı, anbar təsərrüfatı, elm, topdansatış ticarət və kanalizasiya sistemlərinin məcmusundan ibarətdir (79, s. 75).
Təsnifatda ikinci yerdə dayanan sosial infrastruktur isə iş qüvvəsinin təkrar istehsalına və ölkə əhalisinin həyat fəaliyyəti üçün normal şəraitin yaradılmasına xidmət edir. Buraya pərakəndə satış və məişət xidməti, ictimai iaşə, elm, maarif, mədəniyyət, səhiyyə, kadr hazırlığı, istilik sistemləri, sərnişin nəqliyyatı və rabitənin (əhaliyə xidmət göstərməklə məşğul olan) bütün növləri, kommunikasiya qurğuları, mehmanxana təsərrüfatı, sosial təminat və qeyri-istehsal sahəsinin digər bölmələri daxildir.
Makrosəviyyədə infrastruktur müəyyən regionda, ərazidə yerləşən əsas istehsal müəssisələrinin səmərəli əlaqələrini və əhalinin normal fəaliyyətini təmin edən infrastruktur həlqələr sistemini əhatə edir. Mikrosəviyyədə isə infrastruktur ayrı-ayrı müəssisələrin və ya sahələin normal fəaliyyəti üçün lazım olan köməkçi həlqələrdən ibarətdir
Mikrosəviyyədə infrastruktur istehsal və sosial məişət infrastrukturuna bölünür. İqtisadi inkişafın normal getməsi üçün onların vəhdəti zəruridir. Əgər istehsal obyektləri inşa edilib qurtarıbsa, ancaq hələ yaşayış binaları, məktəblər, uşaq bağçaları, səhiyyə obyektləri yoxdursa və ya azdırsa onda işçi qüvvəsinin cəlb edilməsi işi çətinləşər və kadr itkisi baş verər.
Səviyyələr üzrə infrastruktur xalq təsərrüfatının, regional, sahə və ayrıca müəssisələrin infastruktruna bölünür. İnfrastruktrun tərkibinin təyin edilməsinə səviyyə üzrə təsnifatının nəzərə almaqla yanaşsaq məlum olur ki, eyni obyekt ayrı-ayrı səviyyələr üçün infrastruktur sayıla bilməz. Məsələn irriqasiya sistemi rayonun infrastrukturu kimi çıxış edərkən, ümumiyyətlə, su təsərrüfatı üçün həmin rolu oynamır. Magistral neft və ya qaz kəməri xalq təsərrüfatı üçün infrastruktur elementi olsa da, neft çıxarma rayonu üçün həmin funksiyanı icra etmir. Hətta dəmir yolu kimi infrastruktur obyekti heç də həmişə keçdiyi rayonun infrastrukturuna daxil edilə bilməz. Buna görə də söhbət ancaq xalq təsərrüfatı, regional, sahə və s. infrastruktur tərkibindən gedə bilər.
İstehsal prosesinə təsirin xarakterinə görə xarici mühit amilləri aşağıdakı əsas dörd qrupa bölünür:
1) İstehsal prosesinin fasiləsizliyini təmin edən amillər, buraya məhsullara münasibət, məlumatların toplanması, ötürülməsi, yığılması və işlənməsi, texnoloji və idarəetmə məsələləri ilə bağlı məsləhətləşmələr və s. daxildir;
2) İşçi qüvvəsinin təkrar istehsalı amilləri: buraya fəhlə və qulluqçuların səhhətinin qorunması, onların ümumi təhsil və ixtisas hazırlığı, istirahətlərinin təşkili və s. məsələlər aiddir;
3) İctimai istehsalda makroiqtisadi göstəricilərin tarazlaşdırılması;
4) İqtisadi inkişafda ekoloji mühit amilləri (87, 3).
Müəssisələrin iqtisadi fəaliyyətinə təsir edən xarici mühit amillərinin bu qaydada qruplaşdırılmasına müvafiq olaraq infrastruktur, qeyd edildiyi kimi, istehsal, sosial, bazar, institusionoloji, ekoloji və beynəlxalq infrastrukturlara ayrılır.
İnfrastrukturlar haqda danışarkən qeyd etmək olar ki, hər bir infrastruktur sahəsinin özünəməxsus tərkib elementləri vardır. Bu elementlər məxsus olduğu infrastrukturun mahiyyətinin daha da açılmasına imkan verir. Bu baxımdan istehsal infrastrukturunun tərkibinə topdansatış ticarət, istehsal infrastrukturuna xidmət edən tikinti obyektləri, elm və elektrik enerjisi istehsalı sahələri də aid edilir.
Topdansatış ticarət istehsal prosesində yaranmış son məhsulun dəyərini formalaşdırır, təkrar istehsalın son fazasını tamamlamaqla istehsal üçün şərait yaradır. Belə ki, əldə olunmuş dəyərdən xammal və material alınması, işçi qüvvəsinin saxlanılması, kommunal, elektrik enerjisi və digər istehsalat xərclərinin ödənilməsi üçün istifadə olunur. Lakin pərakəndə ticarət topdansatış ticarətin davamı olsa da istehsalata xidmət etmir. O, istehsalçıların bu və ya digər formada tələbatının ödənilməsinə xidmət edir. Məhz ona görə də pərakəndə ticarət sosial infrastruktura, topdansatış ticarət isə istehsal infrastrukturuna aid edilir.
İstehsal infrastrukturunun tikinti obyektləri də istehsal infrastrukturuna aid edilir. Belə ki, onlar xidmətlər yaratmır, lakin ayrı ayrı mühəndis qurğularını lazım olan maddi ləvazimatlarla təchiz edir. Ona görə də belə fəaliyyət növü istehsalın maddi təchizat sahəsini özündə birləşdirdiyindən istehsal infrastrukturuna aiddir. Fikrimizcə, elektrik enerjisi də istehsal infrastrukturuna aiddir. Çünki iqtisadiyyatın bu sahəsi xidmətlər göstərmək məqsədi ilə deyil, maddi nemətlərin istehsalına sərf olunur. Ölkədə elektrik enerjisi istehsalı artdıqca maddi nemətlərin artım dinamikası da inkişaf edir.
Elm istehsal infrastrukturunun tərkib hissələrindən hesab edilməlidir. Çünki elmin köməyilə, istehsalın ayrı-ayrı sahələrini inkişaf etdirmək, yeni-yeni məhsulların istehsalına nail olmaq, istehsal texnologiyasını təkmilləşdirmək, nəticədə məhsuldarlığı artırmaq və iqtisadi səmərəliliyi yüksəltmək mümkündür. Bununla belə, ictimai istehsalın inkişafını təmin edən intellektual baza, məhz elmin köməyi ilə yaradılır ki, bu da öz növbəsində bütün iqtisadi sahələrin inkişaf etdirilməsi üçün əsas hesab olunur. Həmçinin elmin yerinə yetirdiyi funksiyaları yalnız ictimai istehsalın xarici mühitinin yaradılması ilə məhdudlaşdırmaq olmaz, zənnimizcə, istehsal infrastrukturuna aid hesab etdiyimiz elm bütün iqtisadi sahələrin elmi şəkildə əlaqələndirilməsini, informasiya sistemləri ilə təminatını, məsləhət və injinirinq xidmətini əhatə edir. Göründüyü kimi elm təkcə istehsal infrastrukturunun bir hissəsi deyil, ümumiyyətlə bütün iqtisadi sahələrin əsas tərkib hissəsidir.
İstehsal infrastrukturuna aid olan sahələr təkcə istehsalatda deyil, eyni zamanda əhaliyə də xidmət edir. Belə ki, nəqliyyat, rabitə, elektroenergetika, qaz və su təchizatı, informasiya xidməti və s. sahələr istehsalata xidmət etdiyi kimi, əhalinin də tələbatının ödənilməsini təmin edir. Lakin bu heç də o demək deyil ki, əhali bu fəaliyyət sahələrinin əsas obyekti hesab edilməlidir. İstehsal infrastrukturunu müxtəlif əlamətlər üzrə də təsnifləşdirmək olar. Belə ki, istehsal mühiti üzrə onu aşağıdakı kimi təsnifləşdirmək mümkündür:
1. Müəssisənin istehsal infrastrukturu.
2. Regionların istehsal infrastrukturu.
3. Dövlətin istehsal infrastrukturu.
4. Əməkdaşlıq edən dövlətlərin istehsal infrastrukturu. 5. Beynəlxalq istehsal infrastrukturu (98, s 22.).
Sahə prinsipləri üzrə isə istehsal infrastrukturlarını aşağıdakı kimi təsnifləşdirmək olar: ayrı-ayrı sahələrin istehsal infrastrukturu; müəssisə və təşkilatların istehsal infrastrukturu.
Eyni zamanda istehsalın özünün yerinə yetirdiyi funksiyalardan asılı olaraq istehsal infrastrukturu aşağıdakı qaydada təsnifləşdirilə bilər:
1. Nəqliyyat (nəqliyyat kommunikasiya).
2. Enerji təsərrüfatı (enerji kommunikasiya).
3. Rabitə.
4. Su təchizatı və kanalizasiya.
5.Anbar təsərrüfatı.
6. Topdansatış ticarəti (87, s. 4).
İstehsalın planlaşdırılması və proqnozlaşdırılması zamanı istehsal infrastrukturunu mövcud vəziyyətdən asılı olaraq formalaşan, tərəqqi edən və tənəzzül edən istehsal infrastrukturlarına bölmək olar. Azərbaycanın istehsal infrastrukturunu bu baxımdan formalaşan və tərəqqi edən infrastrukturlara aid etmək olar. Məlum olduğu kimi, təbii resursların, xarici investisiyaların və ölkədə gedən demoqrafik proseslərin təsiri ilə artıq istehsal infrastrukturunun formalaşması və inkişafı prosesləri davam edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-20013-cü illər)»nda bu sahədə həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlər kənd təsərrüfatı, eləcə də onun istehsal infrastrukturunun inkişafına müsbət təsiri danılmazdır.
Əsas istehsal sahələrinin istehsal infrastrukturu ilə təmin olunması səviyyəsini müəyyən etmək üçün zaman amilinə görə istehsal infrastrukturunu aşağıdakı kimi təsnifləşdirmək olar: irəli getmiş, geçikmiş və müasir istehsal infrastrukturu.
İstehsal infrastrukturunu üç böyük qrupda birləşdirmək olar: sahələrarası, sahə daxili və istehsal daxili. Sahələrarası dedikdə rabitə, nəqliyyat, su, qaz, istilik, elektrik təchizatı; sahə daxili dedikdə meliorasiya, aqrokimya və s.; istehsal daxili dedikdə isə bir sahəyə xidmət göstərən istehsal infrastrukturları başa düşülür.
Apardığımız tədqiqatları ümumiləşdirərək kənd təsərrüfatında istehsal infrastrukturunu aşağıdakı yanaşmalar əsasında sistemləşdirmək olar.
1. Kənd təsərrüfatında istehsalın xüsusiyyətləri nəzərə alınmaqla;
2. Mülkiyyətin xarakteri nəzərə alınmaqla;
3. Aid olduğu sahə nəzərə alınmaqla;
4. Ümumi inkişaf səviyyəsi nəzərə alınmaqla.
Ümumi daxili məhsulun həcminin artırılması və dayanıqlı iqtisadi inkişafın əldə olunması məqsədi ilə müxtəlif əlamətlər üzrə təsnifləşdirilən istehsal infrastrukturunun bütün sahələrinin inkişafı və təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi tələb olunur. Azərbaycanın müstəqilliyə və bazar iqtisadiyyatına qədəm qoyması infrastrukturların inkişaf etdirilməsi baxımından, bir sıra mühüm strateji problem-vəzifələri qarşıya qoymuş və həmin problemlərin həlli istiqamətlərini müəyyənləşdirmişdir.
sahibkarlıq fəaliyyətinin geniş miqyas alması, mövcud istehsal müəssisələrinin səmərəli fəaliyyət göstərməsi və yenilərinin yaradılması;
iş yerlərinin açılması; iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi;
istehsal, sosial, bazar infrastrukturlarına geniş meydan verilməsi.
Belə bir şəraitdə kənd təsərrüfatında istehsal infrastrukturunun kompleks inkişafı təmin edilməli, iqtisadiyyatda əsaslandırılmış struktur siyasəti yeridilməlidir. Aqrar sahədə dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün kənd təsərrüfatı məhsulları istehsalına xidmət edən sosial və bazar infrastrukturları ahəngdar və dialektik vəhdət halında inkişaf etdirilməlidir.
Kənd təsərrüfatında istehsal infrastrukturunun təsnifatının müxtəlif əlamətlər üzrə həyata keçirilməsi və alınan nəticələrin qarşılıqlı müqayisəsi, sahələrarası münasibətlərin təkmilləşdirilməsi imkanlarını qiymətləndirməyə imkan verir. Həmin imkanların reallaşdırılması, kəndin və kənd təsərrüfatının dinamik inkişafı üçün əlverişli iqtisadi fəallıq mühiti formalaşdırır.
Odur ki, kənd təsərrüfatında istehsal infrastrukturunun ənənəvi təsnifat əlamətlərində innovasiya elementlərinin artması aqrar iqtisadiyyyata dair tədqiqatçıların diqqət mərkəzində olmalıdır.
Do'stlaringiz bilan baham: |