FƏSİL I. İSTEHSAL İNFRASTRUKTURUNUN İNKİŞAFININ NƏZƏRİ - METODOLOJİ ƏSASLARI
1.1. İstehsal infrastrukturunun mahiyyəti
və məzmun elementləri
Müstəqil Respublikamızın iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan sosial-iqtisadi sahələrdən biri də onun istehsal, sosial və bazar infrastrukturlarıdır. Bazar münasibətlərinin inkişaf etdiyi hazırkı dövrdə bu sahələrin əhəmiyyəti artmış, strukturu mürəkkəbləşmişdir. Məhz, buna görə də müxtəlif infrastruktur sahələri ilə yanaşı, istehsal sahələrinə xidmət edən istehsal infrastrukturun inkişafının iqtisadi problemlərinin tədqiq edilməsi zərurəti yaranmışdır.
Kənd təsərrüfatında istehsal infrastrukturunun yaranma tarixinə nəzər saldıqda görərik ki, onun kökləri qədim zamanlara gedib çıxır. İlkin içtimai əmək bölgüsü, ixtisaslaşma dərinləşdikcə, insanlar məhsul istehsalını daha təkmil formada həyata keçirməyə cəhd göstərmişlər. Nəticədə istehsala xidmət edən ilkin, bəsit formalı infrastrukturları yaratmışlar. İlk sivilizasiyanın qədim Şərqdən başladığı məlumdursa, çox sadə formalı ibtidai infrastrukturların da qədim Şərqdə yarandığı məlumdur. İnfrastrukturlar, ilk dövrlərdə kənd təsərrüfatı sahəsində istehsal infrastrukturunun yaranması ilə formalaşmağa başlamışdır. Belə ki, bəşər cəmiyyətinin ilkin ictimai təsərrüfat forması natural xarakterli olmaqla maddi nemətlər istehsalında başlıca məqsəd, insanların şəxsi tələbatının ödənilməsi olmuşdur. Təsərrüfatın natural tipinə aşağıdakı cəhətlər xas olmuşdur: təcrid olunma, lokallıq, istehsalın məhdud çərçivəsi, inkişafın aşağı səviyyəli olması, ətalət və s.
Tarixi təcrübədə natural təsərrüfat müxtəlif modellərdə ifadə edilib. Məsələn, ibtidai icma, Asiya icması, alman icması, slavyan icması və s. Həmin icmalara uyğun istehsal üsulları da mövcud olmuşdur. Onlardan biri olan Asiya istehsal üsulu haqqında elmi mənbələrdən əldə olunan məlumatlara görə, burada kənd təsərrüfatı istehsalını artırmaq üçün su kanallarından istifadə edilməsi, nəqliyyat infrastrukturu kimi körpülərin salınması, sadə nəqliyyat vasitələrindən istifadə edilməsi, qədim İpək Yolunun istifadə edilməsi, karvansaraların yaradılması və s. kimi infrastruktur obyektlərindən istifadə edilmişdir (79. s.60).
Azərbaycanın qədim tarixinə nəzər yetirdikdə infrastrukturun mövcudluğunu görmək mümkündür. Cəmiyyət inkişaf etdikcə, ayrı-ayrı infrastruktur sahələri də formalaşmış və inkişaf etdirilmişdir. Sivilizasiyanın inkişafı ilə əlaqədar infrastrukturlar da geniş miqyas almış, yeniləri əmələ gəlmiş və onların konkret istiqamətləri meydana gəlmişdir.
Qeyd olunanlar cəmiyyətin mütərəqqi tələbatlarının artması ilə üzvi şəkildə bağlıdır. İnfrastruktur inkişaf edib, şaxələndikcə cəmiyyətin tələbatı daha dolğun və daha yüksək səviyyədə təmin olunur. Xüsusilə yüksək inkişaf etmiş ölkələrdə, bu hal özünü daha qabarıq təzahür etdirir, yəni infrastrukturlar daha geniş, daha keyfiyyətli səciyyə kəsb edir.
Göründüyü kimi infrastrukturların meydana çıxması təsadüfi olmayıb cəmiyyətin, insanların obyektiv tələbatları ilə və bu tələbatların daim artması ilə yaranmış və inkişaf etmişdir. İnfrastrukturlar müxtəlif tərkib və təbiətə malik olduğundan, qeyd etmək lazımdır ki, ictimai əmək bölgüsü sayəsində detallaşmışdır və müasir dövrdə də həmin meyil daim davam edir. İnfrastruktur ibtidaidən aliyə, sadədən mürəkkəbə doğru inkişaf qanununa müvafiq olaraq daim təkamüldədir. Beləliklə, infrastrukturun cəmiyyətin sosial-iqtisadi həyatında böyük rolu və əhəmiyyəti danılmazdır.
Ölkəmizin kənd təsərrüfatı sahəsində istehsal infrastrukturunun vəziyyəti və onun inkişaf perspektivlərinin tədqiqinə başlamazdan əvvəl, ümumiyyətlə, infrastrukturun mahiyyəti və məzmununu nəzərdən keçirmək məqsədəmüvafiqdir.
İnfrastruktur anlayışı, hərfi mənasına görə latın sözü olan infro aşağı, alt və struktura quruluş, yerləşmə sözlərinin birləşməsindən alınan, iqtisadi sistemin əsası, onun daxili quruluşu kimi başa düşülür. İqtisadi fikir tarixində, ilk dəfə olaraq bu ifadə XIX əsrin axırlarında silahlı qüvvələrin həyat fəaliyyətini təmin edən obyekt və tikililəri adlandırmaq üçün istifadə edilmişdir (98. s.20).
Hazırkı iqtisadi inkişaf yönümündən yanaşdıqda infrastrukturun məzmunu daha adekvat anlaşılır. Ən ümumi mənada infrastruktur dedikdə, həm bütövlükdə iqtisadiyyatın, həm də onun ayrı-ayrı bölmələrinin normal fəaliyyəti və inkişafı üçün əlverişli şərait yaradan sahələrin, eləcə də insanların həyat fəaliyyətini təmin edən kompleks başa düşülür.
Aparılan tədqiqatlardan məlum olur ki, ayrı-ayrı tədqiqatçılar tərəfindən istehsal infrastrukturuna müxtəlif aspektdən yanaşılmış, onun mahiyyəti və məzmunu haqda çoxsaylı fikirlər formalaşmışdır.
İqtisadçıların bir çoxu sahələr üzrə təsnifləşdirməkdən uzaqlaşaraq istehsal infrastrukturuna əsas obyektə xidmət edən köməkçi sahələr kimi baxırlar. Bu cür yanaşdıqda isə konkretlik olmadığından əsas obyekt kənarda qalır. Bəzi iqtisadçılar isə istehsal infrastrukturuna istehsalın və əhalinin ehtiyac və tələbatını ödəyən sahə və xidmətlər: yollar, anbarlar, nəqliyyat, kommunal, məişət xidməti və başqa sahələrin məcmusu kimi yanaşırlar. Belə yanaşma iqtisadi kateqoriya kimi istehsal infrastrukturunu müxtəlif aspektdən əks etdirir (101, 102).
Həmin yanaşma elmi və nəzəri baxımdan infrastrukturlar haqqında mükəmməl təsəvvür yaratmır. Qeyd etdiyimiz kimi, infrastrukturlar daha geniş dairəli, elmi və nəzəri cəhətdən, əmək bölgüsü ilə səciyyələnən və digər aparıcı sahələri də əhatə edib, onlara xidmət göstərən xüsusi sahələrdir. İnfrastrukturlar haqqında danışarkən təkcə maddi istehsala xidmət edən sahələr deyil, həmçinin sosial və bazar sahələrinə də xidmət göstərən sahələrin məcmusu başa düşülür.
İstehsal infrastrukturuna aid olan aktual və müasir iqtisadi-elmi tədqiqat problemləri ətrafında Azərbaycanda da müəyyən qədər tədqiqatlar aparılmış, maraqlı və dəyərli sosial-iqtisadi, nəzəri və praktiki nəticələr əldə edilmişdir. Lakin professor T.Vəliyevin əsərləri nəzərə alınmazsa, tədqiqatçıların əksəriyyəti istehsal infrastrukturunun nəzəri-metodoloji və konseptual problemlərini ayrıca, tam halda tədqiqat obyektinə çevirməmişlər. O, infrastruktur anlayışına yanaşarkən onun maddi istehsal sahələrinə və ümumiyyətlə, ictimai təkrar istehsala və eyni zamanda əlahiddələşmiş sosial istiqamətlərə də xidmət göstərən sahələr olmasını göstərmiş, infrastrukturların differensiyalaşmış fəaliyyətini ölkənin makro və mezo sosial-iqtisadi bütövlük səviyyəsində açıqlanılmasını, başqa sözlə, bu dairələrdə baxılmasını tövsiyə etmişdir (79, s. 14).
Apardığımız araşdırmadan, məlum olur ki, istər Azərbaycan, istərsə də xarici ölkə iqtisadçıları tərəfindən istehsal infrastrukturunun nəzəri-metodoloji aspektləri istiqamətində vahid fikir formalaşmamışdır.
Fikrimizcə, bazar iqtisadiyyatında infrastruktur bir-biri ilə qarşılıqlı əlaqədə olan müxtəlif bazar subyektlərinin – istehsal, sosial, bazar, maliyyə-kredit, institusional, kommersiya, ekoloji və informasiya sistemlərinin ümumi şəraitini təmin edən sahələrin məcmusunu əhatə etməlidir. İstehsal amillərinin qarşılıqlı əlaqəsinə, istehsalın təbiət və xüsusiyyətlərinə, eləcə də müasir iqtisadi baxışlara əsaslanaraq istehsal infrastrukturuna isə aşağıdakı kimi yanaşmaq, fikrimizcə, daha məqsədəuyğun olardı. İstehsal infrastrukturu- istehsalın inkişafına xidmət edən, enerji-yanacaq, yük nəqliyyatı, rabitə-informasiya, su təchizatı və kanalizasiya kimi kompleks xarici mühit amilləri dəstidir.
İstehsal infrastrukturu ayrı-ayrı sahələrə xidmət göstərən özəklərin məcmusudur. Onun simasında hansısa bir sahəyə xidmət göstərmək ifadəsi xarakterikdir. İstehsal infrastrukturu, əsasən, kollektiv istehlak xarakterlidir. İstehsala və ya yardım etdiyi başqa sahəyə xidmət edən infrastruktur qurum həmin prosesə bilavasitə təsir göstərsə də oradakı texnoloji və digər müvafiq prosesdən, adətən, kənardadır.
İstehsal infrastrukturunun başlıca xüsusiyyətlərindən biri fərdi yox, kollektiv və ictimai tələbatların ödənilməsinə xidmət etməsidir.
İnfrastrukturun məzmunu haqqında deyilənlər bazar iqtisadiyyatının müstəqil komponenti kimi fəaliyyət göstərən bazar infrastrukturu anlayışına da şamil edilir. Belə ki, bazar infrastrukturu dedikdə, iqtisadiyyatın ümumi strukturunun bazar sisteminə xidmət edən və onun fəaliyyəti üçün zəruri şərait yaradan tərkib hissəsi başa düşülür. İnkişaf etmiş bazar sistemi çox mürəkkəb quruluşa malikdir. Müasir bazar münasibətləri şəraitində bazarın vacib strukturlarından biri onun obyektlərinin iqtisadi təyinatına görə bir-birindən fərqləndirilməsi nəticəsində yaranır və aşağıdakıları əhatə edir: istehlak malları bazarı, əmək bazarı, elmi-texniki yenilliklər bazarı və s. Bazar iqtisadiyyatı şəraitində bu bazarların hər birinin həm ayrılıqda normal fəaliyyəti, həm də onların səmərəli qarşılıqlı əlaqəsi inkişaf etmiş bazar infrastrukturu şəraitində mövcud olur və onun vasitəsilə həyata keçirilir.
Deməli, bazar infrastrukturu bazarın müxtəlif formalarının fəaliyyəti üçün zəruri iqtisadi mühitin yaranmasına xidmət edir, nəticədə isə bütövlükdə bazar iqtisadi sisteminin normal fəaliyyəti təmin edilir (94, s. 4-6).
Bazar infrastrukturunun ən vacib tərkib hissələri kimi əmtəə, fond, valyuta və əmək birjaları, lizinq kompaniyaları, banklar, auksionlar, yarmarkalar və sair çıxış edirlər (29. s.18).
Beynəlxalq infrastruktur xarici iqtisadi fəaliyyətə və beynəlxalq ünsürlərə xidmət edən nəqliyyat, informasiya və rabitə sistemləri, ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadəni, birgə obyektlərin normal fəaliyyətini təmin edən bir çox obyekt və qurğuların məcmusu deməkdir. İnfrastrukturların təkmilləşdirilməsi və inkişafı qarşılıqlı əmək bölgüsünün dərinləşdirilməsi və qarşılıqlı faydalı beynəlxalq təsərrüfat əlaqələrinin genişləndirilməsi üçün əlverişli şərait yaradır.
Regionların tarazlı inkişafını təmin etməklə ölkədə dayanıqlı sosial-iqtisadi irəliləyişə nail olmaq üçün son dövrlərdə Respublika Prezidenti tərəfindən bir sıra fərmanlar qəbul edilmişdir. Bu fərmanlarda digər iqtisadi sahələrlə yanaşı sosial-iqtisadi infrastrukturun yaradılması və inkişafı xüsusi əhəmiyyət kəsb edir. Aparılan iqtisadi siyasətin nəticəsi olaraq büdcə təxsisatlarında kənd təsərüfatının inkişafına, nəqliyyat, rabitə, enerji, su təchizatı, maddi təchizat sistemlərinin, eləcə də digər istehsal infrastrukturu sahələrinin inkişafına əlavə olaraq vəsait ayrılması nəzərdə tutulmuşdur.
Kənd təsərrufatının inkişafına qoyulacaq vəsaitlər gələcəkdə maddi istehsal sferasında mövcud olan xidmət və təchizat sahələrinin inkişafına şərait yaratmaqla əmək məhsuldarlığını yüksəldəcək, istehsal olunacaq kənd təsərrüfatı məhsullarının kəmiyyət və keyfiyyətcə artımına əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Bu isə müasir dövrdə məhsuldar qüvvələrin inkişaf səviyyəsini yüksəltməklə iqtisadi münasibətlərin inkişafına və ictimai istehsalın artım dinamikasına şərait yaradacaqdır. Nəticdə ölkədə ÜDM-nin həcmi artmaqla əhalinin maddi rifah halı daha da yaxşılaşacaqdır.
Ölkədə elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi nəticəsində istehsalın həcminin artması məhsuldar qüvvələrin inkişafını bir neçə istiqamətdə şərtləndirir. Birinci və başlıca istiqamət iqtisadiyyatın ayrı-ayrı bölmələrində sosial-iqtisadi infrastrukturların formalaşdırılmasından ibarətdir. Bu iqtisadi proseslərin həyata keçirilməsi ictimai əmək bölgüsünün dərinləşməsi nəticəsində yeni-yeni istehsal sahələrinin, o cümlədən yollar sisteminin, kommunikasıyaların, anbarların, nəqliyyat, rabitə, su təchizatı və kanalizasiya sistemlərinin və s. sahələrin yenidən qurulmasından ibarətdir.
Maddi istehsal sferasında gedən struktur dəyişikliklərli ilə əlaqədar kənd təsərrüfatında istehsal infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf edir. İlk növbədə, infrastruktur sahələrin miqyası artır, nəqliyyat, rabitə sistemlərinin keyfiyyəti yüksəlir, anbar təsərrüfatı, yollar sistemi və enerji şəbəkələri genişlənir. Bu qanunauyğunluq iqtisadi hadisə və proseslərdə daim təkrarlanaraq, istehsalın dinamik inkişafına təsir göstərir.
Digər tərəfdən kənd təsərrüfatında istehsalın inkişafı ilə əlaqadar olaraq təkcə ənənəvi istehsal infrastrukturu sahələri- nəqliyyat, rabitə, su təchizatı, enerji təsərrüfatı və s. deyil, eyni zamanda yeni-yeni istehsal infrastrukturu-texniki təmir sahələri, maddi-texniki təchizat sahələri, tədris istehsalat kombinatlari və s. sahələr yaradılır. Həmin istehsal infrastrukturu sahələrinin yaradılması müasir istehsal sahələrinin maddi-texniki təchizat, mühəndis-texnoloji xidmətlər və kadr patensialı ilə təmin olunmasına xidmət edir. Beləliklə, artıq qeyd edildiyi kimi, infrastruktur ictimai təkrar istehsalın ayrılmaz hissəsi olmaqla, müəssisələrin ümumi işinə xidmət edən, əmək və kapital tutumlu sahələrdir. Bəzi mənbələrdə göstərildiyi kimi, infrastrukturlar məhsul istehsalı üçün əlverişli iqtisadi, sosial və digər şəraitləri təmin edən sahələr kompleksidir. Qeyd edək ki, belə yanaşma infrastrukturların sosial-iqtisadi mahiyyətinə tam aydınlıq gətirmir. Belə ki, iqtisadi münasibətlərin xarakterinə uyğun olaraq istehsal infrasturukturunun digər infrastruktur sahələri ilə qarşılıqlı əlaqəsi öz əksini tapmır. Istehsal infrastrukturuna aid olan məsələlərin daha dərindən təhlilini vermək üçün istehsal infrastrukturu problemlərinə istehsal münasibətləri çərçivəsində yanaşmaq zəruridir.
Digər sahələrdə olduğu kimi kənd təsərrüfatinda da mövcud infrastruktur sahələri sosial-iqtisadi inkişafı sürətləndirərək əhalinin maddı rifah halının yaxşılaşmasına xidmət edir. Onların əksəriyyəti təkrar istehsalın, maşın və mexanizmlərin işgörmə qabiliyyətinin yüksəldilməsinə təsir edərək məhsul istehsalının kəmiyyət və kefiyyətcə artımına şərait yaradır. Ona görə də kənd təsərrüfatında infrastrukturların mövcud vəziyyəti iqtisadi münasibətlərin, eləcə də geniş təkrar istehsal prosesinin inkişaf səviyyəsini əks etdirir.
Kənd təsərrüfatı məhsulları istehsalı prosesində infrastrukturlar istehsalçıların mənafelərinə xidmət edir. Belə ki, nəqliyyat, rabitə, su təchizatı, anbar təsərrüfatı, kanalizasiya sistemlərinin inkişafı və onların ayrı-ayrı infrastruktur elementlərinin təkmilləşdirilməsi xammal, material və hazır məhsulların dövriyyə sürətini artıraraq, əlavə xərcləri azaldır və nəticədə istehsal müəssisələrinin səmərəli fəaliyyətini təmin edir.
Eyni zamanda infrastrukturlar funksional fəaliyyət göstərməklə, aid olduğu sahələrlə qovuşaraq geniş təkrar istehsal proseslərinin fasiləsizliyinin təmin edilməsində iştirak edir. Rabitə, nəqliyyat və digər istehsal infrastrukturu sahələri iqtisadi proseslərdə tədavül vaxtını qısaldaraq, dolayı yolla kənd təsərrüfatı məhsullarının maya dəyərini aşağı salır və dəyərin formalaşmasına xidmət edir.
Beləliklə, aydın olur ki, infrastrukturlar bir tərəfdən yüksək gəlir gətirməklə kənd təsərrüfatı məhsulları istehsalçılarının mənafelərinə xidmət edir, digər tərəfdən isə əmək və kapital tutumlu sahələr olduğundan onların inkişafı xərc tələb etdiyindən istehsalçıların gəlirlərini qismən azaldır.
İkinci xüsusiyyət, əmək və kapital tutumlu sahələr olmaq və faydalı cəhətlərini tədricən biruzə verməkdir.
İnfrastruktur sahələr heç də həmişə kənd təsərrüfatı müəssisələrinə gözlənilən mənfəəti gətirmir. Bu xüsusiyyətləri nəzərə alaraq, həmin qurumlar infrastruktur sahələrin yaradılması və inkişafını dövlətin üzərinə qoymağa cəhd edirlər. Ona görə də dövlət mülkiyyəti üstünlük təşkil edən ölkələrdə infrastrukturların inkişafı digər ölkələrə nisbətən yüksək səviyyədədir. Belə ki, Almaniyada ötən əsrin 50-60-cı illərində iqtisadiyyata ayrılan vəsaitlərin təxminən 70%-i infrastruktur sahələrin inkişafına yönəlmişdi. Hətta Almaniya və Yaponiya kimi inkişaf etmiş ölkələrdə istehsal sahələri yaradılmamışdan öncə ona xidmət edən infrastruktur sahələri yaradılır. Lakin infrastruktur sahələrin yaradılmasında dünya ölkələrinin münasibəti birmənalı deyildir. Belə ki, Skandinaviya ölkələrində infrastrukturların inkişafına Almaniyaya nisbətən daha az əhəmiyyət verilir. Ölkəmizdə də bu sahələrin inkişafına laqeyd münasibət göstərilməsi halları olmuşdur. Lakin son illər infrastruktur sahələrinin inkişafı hökümət tərəfindən diqqətdə saxlanılmaqdadır.
İnfrastruktur sahələrin inkişaf etdirilməsi istehsal prosesindən yüksək gəlir götürməyə xidmət etməklə təkcə ayrı-ayrı firma və müəssisələrə deyil, eyni zamanda iqtisadi mənafelərə xidmət etməklə, ümumilikdə cəmiyyətin tələbatının ödənilməsini təmin edir. Müasir dövrdə strukturların fasiləsiz inkişaf etdirilməsi əhalinin maddi və mənəvi rifah halının yaxşılaşdırılmasına şərait yaradır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Azərbaycan Respublikasının Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramın (2009-2013)» qəbul edilərkən digər sahələrlə yanaşı infrastruktur sahələrin yaradılması və inkişaf etdirilməsi sahəsində çoxsaylı layihələr həyata keçirilməsi nəzərdə tutulmuş (8) və yerinə yetirilməsi təmin edilmişdir.
Müasir dövrdə infrastrukturlar istehsal, sosial, bazar, institusional, ekoloji və sair sahələrə xidmət etdiyindən həmin sahələrə müvafiq adlandırılırlar. Məsələn, istehsal infrastrukturu, sosial infrastruktur, bazar infrastrukturu, beynəlxalq infrastruktur, instisional və ekoloji infrastrukturlar. İnkişaf tempi yüksəldikcə bunların hər birinin funksional fəaliyyəti genişlənmiş, əhəmiyyəti artmışdır (87, s. 4).
Maddi istehsal sferasında fəaliyyət göstərən infrastrukturlar heç də bu proseslərdə eyni funksiyalar yerinə yetirmirlər. Müxtəlif funksiyalar yerinə yetirən infrastrukturlar istehsal proseslərinə də müxtəlif cəhətlərdən təsir göstərirlər. Onların hər biri istehsal prosesinin konkret bir sahəsinə xidmət edirlər. Xidmət etdiyi sahələrə uyğun olaraq istehsal prosesində infrastruktur istehsal, sosial və institutsional infrastrukturlara bölünürlər. Məsələn, istehsal proseslərində istifadə edilən nəqliyyat vasitələri yerinə yetirdiyi funksiyalardan asılı olaraq həm istehsal, həm sosial və həm də institutsional infrastrukturlara aid edilirlər. Belə ki, işçi qüvvələrinin (sərnişinlərin) daşınmasına xidmət edən nəqliyyat vasitələri sosial infrastrukturuna, xammal- materialların və hazır məhsulların daşınmasına xidmət edən yük nəqliyyat vasitələri istehsal infrastrukturuna və inzibati idarəetmə aparatının rəhbər kadrlarına xidmət edən nəqliyyat vasitələri isə institutsional infrastruktura şamil edilirlər. Beləliklə, əmək prosesləri zamanı birbaşa istehsala bağlı olub, onun inkişafına xidmət edən infrastruktur sahələr istehsal infrastrukturu adlandırılır. Eyni zamanda, əmək proseslərində istehsal-iqtisadi şəraitin bütövlüyünü və uzun ömürlülüyünü təmin edən texniki-təmir xidmətləri də istehsal prosesinə aid edilməsə də, istehsal infrastrukturunun ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilir.
İnfrastrukturlar fəaliyyət sferalarına, xidmət etdiyi sahələrə və fəaliyyət növlərinə görə də fərqləndirilir. Əmək proseslərində fəaliyyət göstərən işçilərin sağlamlığına, onların maddi və mənəvi rifah halının yüksəldilməsinə, əmək ehtiyatlarının təkrar istehsalına xidmət edən infrastruktur sahələri sosial infrastruktur hesab edilir.
Bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar, müasir istehsal funksiyaları, əməyin xarakteri, mülkiyyət münasibətlərinin dəyişməsi yeni-yeni fəaliyyət sahələrinin (marketinq, menecment və s.) yaranmasına səbəb olmuşdur. İqtisadi idarəetmə sahələrinin fəaliyyəti və inkişafına xidmət edən infrastruktur sahələri institutsional infrastrukturlar adlanır. İnstitutsional infrastrukturların iqtisadi fəaliyyətdə rolu böyükdür. Belə ki, iqtisadi sahələrin təşkilatı-idarəetmə funksialarının səmərəli fəaliyyətinin həyata keçirilməsinə xidmət edən funksional qurumlar, o cümlədən kredit təşkilatları, vergi, gömrük orqanları, hüquqi xidmət təşkilatları və s. institusional infrastruktura aid edilir.
Yuxarıda göstərilən infrastruktur sahələri iqtisadiyyatın, o cümlədən ayrı-ayrı firma və müəssisələrin, eləcə də kənd təsərrüfatı müəssisələrinin, aqrar sənaye kompleksinin formalaşması və inkişafında funksional fəaliyyətlərindən irəli gələn rol oynayırlar.
Aqrar - sənaye kompleksi və kənd təsərrüfatı müəssisələri infrastrukturlarının formalaşması bir sıra amillərdən asılıdır. Bu amillər sirasına təbii - iqlim, relyef, ərazinin xarakteristikası, su təchizatı, texnoloji vəziyyət, ixtisaslaşma və təmərküzləşmə səviyyəsi, istehsal müəssisələrinin yerləşməsi səviyyəsi və s. aiddir (109. s.10-12).
Göstərilən amillər infrastrukturlarin bütövlükdə tərkibindən, onun həcmindən və ixtisaslaşmış funksional fəaliyyətindən asılı olaraq dəyişə bilər. Lakin elə amillər də vardır ki, infrastrukturların təbiətindən, yerinə yetirdiyi funksiyalardan asılı olaraq birgə qruplaşdırılır.
Bu baxımdan yanaşdıqda istehsal infrastrukturuna nəqliyyat (istehsal təyinatlı), kommunikasiya sistemləri, anbar təsərrüfatı, rabitə, maddi-texniki təchizatın təşkili, təmir-texniki xidmət obyektləri, elmi-istehsalat laboratoriyaları, texniki xidmət sahələri, su təchizatı, kanalizasiya sahələri və s. aid edilir.
Müəssisədə çalışan fəhlə və xidmətçilərə xidmət edən nəqliyyat, tədris-istehsalat kombinatları, əməyin mühafizəsi xidməti, idman-sağlamlıq düşərgələri, müəssisənin fəhlə və qulluqçuları üçün ayrılmış istirahət yerləri, və s. sahələr sosial infrastruktura aid edilir.
İdarəetmə aparatına xidmət edən, hüquqi xidmət, nəzarət xidməti, hesablama mərkəzləri, maliyyə-kredit təşkilatları və s. institusional infrastruktura aid edilir.
İstər istehsal, istər sosial, istərsə də institusional infrastrukturlar istehsal prosesində məhsul istehsal etmir, lakin istehsalın ümumi inkişafına xidmət edərək onun sürətlənməsinə şərait yaradır. Yerinə yetirdiyi funksialardan asılı olaraq ilkin mərhələdən (istehsaldan) başlayaraq son istehlak sferasına qədər bütün mərhələlərdə istehsal prosesini maddi və qeyri maddi vəsaitlərlə təchiz edir. Göründüyü kimi, infrastruktur sahələri yaradılmadan istehsal prosesinin tamlığına nail olmaq mümkün deyildir. Çünki bu proseslərdə hər bir infrastruktur sahəsinin özünəməxsus yeri və rolu vardır. Belə ki, istehsalın təşkili, onun fasiləsizliyinin həyata keçirilməsi, hazır məhsulun daşınması, anbarlaşdırılması və istehlakçılara çatdırılması üçün yollar, nəqliyyat vasitələri, anbar təsərrüfatı, kommunikasiya sistemləri və s. yaradılmalıdır.
İstehsal presesində fəaliyyət göstərən işçi qüvvəsinin həyatı və məişət şəraitini, onların sağlamlığını təmin edən, yataqxana, kommunal xidməti obyektləri, tibbi xidmət və s. yaradılması fəhlə və xidmətçilərin istehsal sahələrinə cəlb olunmasını təmin edir. Belə sahələr isə sosial infrastruktur sahələrinə aid edilir. İstehsalın təşkili mərhələlərində qarşıya çıxan maliyyə məsələlərinin həllində institusinoloji infrastruktur kimi maliyyə-kredit, vergi və gömrük təşkilatlarının da böyük rolu vardır. Müəssisə rəhbərliyinin lazım olan informasiya ilə təchiz edilməsi üçün rabitə-informasiya xidmətlərinin rolu əvəzsizdir.
İstehsal prosesi, onun fasiləsizliyinin təmin olunması anbar sistemindən, maddi-texniki təchizat təşkilatlarından, texniki-təmir, enerji və su təchizatı sahələrindən, yol-nəqliyyat şəbəkəsindən, istehsal prosesinin zəruri əmək vasitələri ilə təmin olunmasından, material və xammal ehtiyatlarından çox asılıdır. Bütün bu sahələr istehsala xidmət edərək, onun bütöv və tamlığını təşkil edən sahələrdir. Sadalanan hər hansı bir sahədə geriliyin baş verməsi istehsal tsiklində özünü büruzə verir. Həmin sahələrin yüksək səviyyədə təşkili isə istehsal prosesinin sürətləndirilməsinə, məhsulların itkisiz istehlakçılara çatdırılmasına şərait yaratmaqla hazır məhsulun maya dəyərinə təsir edir. Beləliklə, istehsal infrastrukturu məhsul istehsal etmədiyindən dəyər yaratmır, lakin yaradılmış dəyərin formalaşmasına təsir etməklə əmtəənin maya dəyərini aşağı salır, ucuz və keyfiyyətli məhsul istehsalına şərait yaradır. Sosial infrastrukturlar isə istehsal prosesini lazımı ixtisas səviyyəsinə malik olan kadrlarla təmin edir, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının təşkili məsələlərini nizama salmaqla istehsal prosesinin yüksək səviyyədə təşkili üçün şərait yaradılmasına xidmət edir.
İnstitutsional infrastrukturların sahə və bölmələri istehsal prosesinin təşkili və idarə edilməsi üçün əlverişli şərait yaratmaqla istehsalın inkişafında mühüm rol oynayır. Onlar ayrı-ayrı istehsal sahələri arasında qarşılıqlı əlaqələri həyata keçirir, istehsal prosesinin gedişi haqda idarəetmə aparatına vaxtaşırı məlumat çatdırılmasını təşkil edir.
Mikro və mezoiqtisadi səviyyələrdə yanaşdıqda firma, müəssisə və təsərrüfatlarda istehsal prosesi başa çatdıqdan sonra istehsal infrastrukturunun funksional fəaliyyəti daha da genişlənir. Belə ki, hazır məhsullar anbara daşınır, çeşidlənir, çəkilib - bükülür, qablaşdırılır, markalanır, məhsula texniki nəzarət həyata keçirilir və satışa göndərilir. Bütün bu proseslər istehsalın davamı ilə əlaqədar olduğundan məhsulun maya dəyərinin formalaşması və istehlak tələbinin ödənilməsinə xidmət edir.
İstehsal prosesləri fəhlə və qulluqçuların əməyi sayəsində həyata keçirilir. İşçi qüvvəsinin təkrar istehsalı, bilikli və bacarıqlı sağlam kadrların yetişdirilməsində isə sosial infrastrukturun xüsusi əhəmiyyəti artıq qeyd edilmişdir.
Bu istiqamətdə inistitusional infrastrukturların da özünəməxsus yeri və rolu vardır. Belə ki, institusional infrastrukturlar olmadan istehsal prosesini operativ təşkil və idarə etmək, mal göndərən və sifarişçi müəssisələrlə müqavilələr bağlamaq, təchizat-satış prosesləri ilə bağlı yaranan hər hansı bir mübahisəli məsələləri həll etmək mümkün deyildir.
Bütün bunlarla yanaşı olaraq, iqtisadi ədəbiyyatda bütövlükdə iqtisadiyyatın konkret sahələrini xarakterizə edən infrastruktur anlayışı da işlədilir. Bu baxımdan, məsələn, nəqliyyat sahəsinin infrastrukturuna körpülər, kanallar, tunellər, yollar, gəmi tərsanələri və s., səhiyyənin infrastrukturuna xəstəxanalar, poliklinikalar, tibbi dioqnostika mərkəzləri və s., tədrisin infrastruktuna ali və orta ixtisas məktəbləri və s. aid edilirlər (24, s. 216).
İstehsal infrastrukturunun inkişafı istehsalın daha da intensivləşdirilməsi, cəmiyyətin maddi və mənəvi tələbatının ödənilməsi və insan amilinin fəallaşması ilə bağlı olan sosial məsələlərin həllinin zəruri şərtidir.
Beynəlxalq əmək bölgüsü dərinləşdikcə və iqtisadi inteqrasiya inkişaf etdikcə ayrı-ayrı ölkələrin xalq təsərrüfatı komplekslərinə aid infrastrukturların biri-birinə bağlı olan ünsürlərinin inkişafı və təkmilləşdirilməsi zərurətə çevrilir.
Ayrı-ayrı infrastruktur sahələri iqtisadi mahiyyət etibarilə cəmiyyətin istehsal sferasını tamamlamaqla onun iri sahə komplekslərinin inkişafına xidmət göstərir.
Makro səviyyədə infrastruktur cəmiyyətin bütün üzvlərinin ehtiyaclarının ödənilməsi və xalq təsərrüfatının səmərəli inkişafını təmin edən ümumi iqtisadi və sosial şərtləri özündə birləşdirir və həmin şərtlər istehsalın əsas sahələri üçün lazımdır. İnfrastrukturun bu və digər sahəsinin olmaması və ya onların xalq təsərrüfatının əsas sahələrinin tələblərinə cavab verməməsi həmin sahələrin inkişafının ləngiməsinə və nətiəcədə böyük itkilərə hətta, bəzi hallarda bu sahələrin fəaliyyətinin dayanmasına səbəb olur.
İnfrastruktur obyektlərinin fəaliyyətində baş verən çatışmazlıqlar bütünlüklə xalq təsərrüfatı sahələrinin inkişafına mənfi təsir göstərir. Məsələn, ölkədə və müəyyən ərazidə nəqliyyat şəbəkəsinin zəif inkişaf etməsi istehsal sahələri ilə istehlakçıların əlaqəsini çətinləşdirir, məhsulların reallaşdırlımasını ləngidir, təkrar istehsalın təşkili pozulur.
İstehsalın miqyası və mürəkkəbliyi artdıqca onun bütün mərhələlərində itkilərin kəmiyyəti də fərqli olaraq artır. Misal üçün daşınma zamanı istər-istəməz sement, gübrə və digər yüklərin bir qismi itirilir. Anbarların çatışmaması və qeyri mükəmməl olmasına görə məhsul korlanır. Mövcud texnika və texnologiyanın səviyyəsindən irəli gələn adi itkiləri nəzərə almasaq qalan itikilərin əsas hissəsi istehsal infrastrukturunun mükəmməl sisteminin olmaması ucbatından baş verir. Məhsulun bir qismi öz istehlak xüsusiyyətlərini itirir, təyinat yerinə çatmır, hətta sadəcə olaraq yararsız hala düşür (24, s. 218) .
İnfrastruktur kənd təsərrüfatı sahəsinin problemlərinin həllində də mühüm rol oynayır. Səmərəli aqrar-sənaye kompleksi inkişaf etmiş yollar sistemi, etibarlı və səmərəli nəqliyyat, elevatorlar, anbarlar olmadan mümkün deyil. Kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla yanaşı onların qorunub saxlanılması qayğısına da qalınmalıdır.
İtkilər və onların aradan qaldırılması problemi getdikcə iqtisadi inkişafın spesifik bir cəhətinə çevrilmişdir. Bu isə günün tələblərinə adekvat olaraq istehsal infrastrukturunun səmərəliliyini artırmağı tələb edir.
Hazırda infrastrukturun təkmilləşdirilməsi və hətta yenidən qurulması Azərbaycan iqtisadiyyatının inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir. Maraqlıdır ki, bəzən istehsal infrastrukturunun bölmələrində iqtisadi itkilərin miqdarı həmin itkilərin aradan qaldırlıması üçün istehsalın genişləndirilməsinə sərf olunan xərcələrlə eynidir. Bir sıra hallarda vəsaitin müəyyən hissəsi itirilmiş məhsulun yerinin doldurulmasına yönəldilir.
Qeyd olunanlar belə deməyə əsas verir ki, iqtisadi artımın sürəti, xalq təsərrüfatının inkişafı, ictimai istehlak səmərəliliyi, rayonların kompleks inkişafı və ərazi – istehsal komplekslərinin formalaşması, müasir inteqrasiya prosesləri və s. kimi problemlər infrastrukturun vəziyyəti ilə bilavasitə bağlıdır.
İnfrasturuktur sisteminin mükəmməl olmaması, artıq qeyd edildiyi kimi, iqtisadi inkişaf tempinin nisbi azalmasına səbəb olur. Odur ki, infrastrukturun inkişafı əsas istehsal sahələrinin inkişafından geri qalmamalıdır, onunla yanaşı və hətta ondan əvvəl inkişaf etdirilməlidir və investisiya qoyuluşlarında bu, hökmən nəzərə alınmalıdır.
İnfrastruktura verilən təriflərdə onu səciyyələndirən əsas göstərici kimi infrastrukturda maddi əşya şəklində məhsul buraxılmaması və sadəcə olaraq istehsal üçün şərait yaradılması qeyd edilir. Lakin müasir dövrdə infrastrukturun iqtisadi səmərəliliyini qiymtələndirmək baxmından həmin əlamət kifayət deyildir.
Həqiqətən, xalq təsərrüfatının infrastruktur elementlərinin maddi istehsaldakı rolu daha da artır və funksiyaların əhatə dairəsi genişlənir. Zaman keçdikcə onlar əsas istehsal funksialarından daha çox ayrılır, istehsaldakı rolu yeni mahiyyət kəsb edir.
İctimai istehsalın səmərəliliyinin infrastruktur amili xüsusi əhəmiyyət kəsb edir. Xalq təsərrüfatının istehsal infrastrukturuna tamamlanmış bir anlayış kimi baxılmalıdır və o iqtisadiyyatın müəyyən bir blokunu təşkil edir. Buna görə infrastruktur xidmət etdiyi əsas istehsal sahəsi ilə birgə təşkil edilməli, onların fəaliyyət dairəsi dialektik vəhdətdə öyrənilməlidir. Bu zaman bütün göstəricilərdən müqayisəli şəkildə istifadə olunmalıdır.
İnfrastrukturlar, o cümlədən istehsal infrastrukturunun mahiyyəti haqqında dünya iqtisadçılarının fikirləri heç də birmənalı deyildir. Məhz, buna görə də, müasir bazar iqtisadiyyatı sistemində yerinə yetirdiyi funksiyalar nəzərə alınmaqla istehsal infrastrukturu yeni paradiqmada tədqiq olunmalı, onun mahiyyət və məzmunu dəqiqləşdirilməlidir. İstehsal infrastrukturunun tədqiqində, əsasən, iki mühüm cəhətə diqqət yetirilməlidir. Bunlardan birincisi onun təkrar istehsal prosesinə təsiri, ikincisi isə istehsal infrastrukturunun özünün inkişafı və təkmilləşdirilməsində dövlətin tənzimləyici rolunun yüksəldilməsi imkanları nəzərə alınmalıdır. Bu barədə bir qədər sonra yeri gəldikcə bəhs olunacaqdır.
Do'stlaringiz bilan baham: |