GİRİŞ
Mövzunun aktuallığı. Müasir dövrdə xalq təsərrüfatı məhsulları istehsalının ümumi inkişafına xidmət edən istehsal infrastrukturunun iqtisadi problemləri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, son dövrlərə qədər iqtisadi sahələrə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına şərait yaradan, bu sahənin kompleks inkişafının xarici mühit amilləri dəstini əhatə edən infrastrukturun, o cümlədən istehsal infrastrukturunun inkişafına lazımı diqqət verilməmişdir. Xüsusilə, müstəqilliyin ilk illərində kənd təsərrüfatı məhsulları istehsalının həcmi, bu səbəbdən xeyli dərəcədə aşağı düşmüş, istehsal olunmuş müxtəlif kənd təsərrüfatı məhsullarının maya dəyəri yüksəlmişdir. Digər iqtisadi amillərlə yanaşı, istehsal infrastrukturundakı çatışmazlıqlar ucbatından yerli kənd təsərrüfatı məhsullarının qiymətləri anoloji idxal məhsullarına nisbətən yüksək olmuşdur ki, bu da təkrar istehsal prosesinə mənfi təsir etmişdir.
«İnfrastruktur» tədqiq edilərkən kənd təsərrüfatında istehsal infrastrukturunun iqtisadi problemlərinə diqqət kifayət qədər olmamışdır. Əsasən diqqət sosial və bazar infrastrukturlarının inkişafı problemlərinə yönəldilmişdir. Nəticədə istehsal infrastrukturunun nəzəri-metodoloji məsələlərinin tədqiqi, onun inkişafının iqtisadi problemləri, əksər hallarda ümumi rakursda tədqiq edilmişdir.
İctimai təkrar istehsal prosesində və iqtisadi artımın yüksəlməsində kənd təsərrüfatı məhsulları istehsalının özünəməxsus yeri və rolunu, bu sahənin inkişafında istehsal infrastrukturunun müstəsna əhəmiyyətini nəzərə almaqla onun inkişaf problemlərinin tədqiqi gündəliyə çıxmışdır.
Regionların sosial-iqtisadi inkişafına yönəlmiş Dövlət Proqramlarının icrası aqrar istehsal infrastrukturunun inkişafına rəvac vermiş və yeni kompleks araşdırmaları, perspektiv parametrlərə münasibətin əsaslandırılmasını zəruri etmişdir.
Odur ki, istehsal infrastrukturu kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına səmərəli təsir edərək, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığı, eləcə də tədqiqat obyektinin kifayət qədər öyrənilməməsi nəzərə alınmaqla kənd təsərrüfatında istehsal infrastrukturunun inkişafının iqtisadi problemlərinin nəzəri və praktiki cəhətdən tədqiqi xüsusilə əhəmiyyət kəsb edir.
Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:
iqtisadi kateqoriya olmaq etibarı ilə istehsal infrastrukturu xarakterizə edilmişdir;
kənd təsərrüfatı məhsulları istehsalında istehsal infrastrukturunun əsas əlamətləri üzrə təsnifat verilmişdir;
kənd təsərrüfatında istehsal infrastrukturunun formalaşması meylləri açıqlanmış və onları şərtləndirən iqtisadi amillər müəyyənləşdirilmişdir;
Azərbaycanda kənd təsərrüfatının istehsal infrastrukturu ilə təmin olunması vəziyyəti qiymətləndirilmişdir;
kənd təsərrüfatı sahəsində istehsal infrastrukturunun inkişafının regional xüsusiyyətləri müəyyənləşdirilmişdir;
kənd təsərrüfatında istehsal infrastrukturunun inkişafının investisiya təminatının yaxşılaşdırılmasına dair tövsiyələr hazırlanmışdır;
kənd təsərrüfatında istehsal infrastrukturunun inkişaf prioritetləri əsaslandırılmışdır;
kənd təsərrüfatında istehsal infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tövsiyə və təkliflər hazırlanmışdır.
Tədqiqatın təcrübi əhəmiyyəti. Bazar münasibətləri şəraitində kənd təsərrüfatında istehsal infrastrukturunun inkişafının iqtisadi problemlərinin təhlili və onların təkmilləşdirilməsi istiqamətində ümumiləşdirilmiş tövsiyə və təkliflər bu sahədə istehsal infrastrukturunun inkişafı üzrə proqramların hazırlanması zamanı əhəmiyyətli ola bilər; aparılan tədqiqatlar konkret faktlara, real iqtisadi proseslərə əsaslandığından kənd təsərrüfatı subyektlərinin praktiki fəaliyyətində istifadə edilə bilər; istehsal infrastrukturunun nəzəri təhlilinin ümumiləşdirilməsindən alınan nəticələrdən iqtisadi təhsil sistemində infrastruktur problemlərinin tədrisində, həmçinin müvafiq istiqamətlərdəki elmi araşdırmalarda istifadə oluna bilər.
Do'stlaringiz bilan baham: |