Key words: Shumer, “Bilgamis”, Deli Domrul, Javat biy, Kazak, Azrael, death.
Azərbaycan-qumuq folklor əlaqələrinin tarixi qədimdir. Bu qədimliyin əsasında ortaq din, dil, mədəniyyət dayanır. Eyni millətin iki ayrı xalqının folkloru ilk əvvəl onların qədim dövr həyatı ilə, yaradıcılıq prosesi ilə bağlıdır. Üstəlik şifahi söz sənəti nümunələri təbiət və cəmiyyət hadisələrinin, insanların məşğuliyyətinin, duyğularının (sevgi, iztirab, həsrət, nisfil, vüsal və s.) bir növ əksi olmuşdur. Eyni xətt üzrə inkişaf edən Azərbaycan və qumuq folkloru zamanla dəyişmiş, fərqliliklər meydana gəlmişdir.
Minilliklər boyunca eyni tarixi və mədəniyyəti paylaşan azərbaycanlılar və qumuqlar ortaq Türk mədəniyyətinin davamçılarıdır. İstər Türklərin Qıpçaq boyuna mənsub qumuqların, istərsə də Oğuz boyuna mənsub azərbaycan türklərinin folkloruna nəzər yetirdikdə eyni motivləri və süjet xətlərini görmək mümkündür. Xüsusilə, qumuqların sarın adlandırdığı dördlüklər Azərbaycan folklorunda bayatı və bədiyyə şəklində özünü göstərir. Yaxud bir çox mif və rəvayətlərin süjet xəttini buna misal göstərə bilərik. Bəzən inkişaf etmiş tarixi mərhələnin məhsulu olan qəhrəmanlıq dastanlarının izlərini də digər xalqın folklorunda tapa bilirik. Məsələn, sadəcə Oğuz boylarına mənsub olduğu bilinən Koroğlu dastanının nağılı versiyansına qıpçaq boyuna məxsus qumuq folklorunda rastlamaq mümkündür. Bütün bunlarla belə, hər iki xalqın folklorunda fərqliliklər də mövcuddur. Xüsusilə qumuq folklorunda yır deyə bilinən və populyar olan şeir növünə Azərbaycan folklorunda rast gəlmək mümkün deyil.
Qumuq və Azərbaycan mifologiyasında müştərək süjet və motivlər çoxdur. Onlardan bir qismi də “ölümlə” bağlıdır.Türk mifologiyasında ölüm mələyi – Əzrayıla münasibət birmənalı olmamışdır. Yarandığı gündən onu narahat edən ölüm haqqında müxtəlif təəssüratlara sahib olan insanlar qorxduqları, məğlub olduqları bu hadisə haqqında müxtəlif rəvayətlər uyduraraq, bəzən tapındıqları “Tanrı”nın köməyi ilə ölümə qalib gəlmək istəyiblər. Azərbaycan folklorunda “Kitabi Dədə Qorqud” dastanının “Dəli Dumrul” boyunda və qumuq folklorunun “Cavat bıy” yırında bu mövzu haqqında söhbət açılır.
Dəli Domrul boyunda dastanın qəhrəmanı Dəli Domrul “ölümün səbəbkarı” Əzrayılı axtarıb onunla döyüşmək istəyir. Bu istək ona bir igidin öldüyünü gördükdə gəlmişdi. Dəli Domrul bir topa insanın ağlaşdığını görüb onlara yaxınlaşır və nə baş verdiyini soruşur. Əvəzində isə “Xanım, bir yaxşı yigidimiz öldi, ana ağlarız... Allah Taaladan buyruq oldı, Al qanatlu Əzrayıl ol yigidin canını aldı” (KDQE... səh. 75) deyirlər. Dəli Domrul “Mərə, Əzrayıl dedügüniz nə kişidir ki, adamın canın alur?”( KDQE... səh. 75) deyə düşünür və dərhal onda bir istək yaranır “mərə bu Əzrayılı ” tapsam, onunla dalaşardım. Burada diqqəti çəkən nüanslardan biri də Dəli Domrulun Əzrayılın can aldığını bilməməsidir. Hətta bunu sanki ilk dəfədir eşidir. Deməli, o, ölməyi başqa cür düşünür.
Dəli Domrul ölməmək üçün Əzrayılla dalaşıb ona qalib gəlmək istəyir. Bu cür motivi biz “Gilqamış” dastanında da görürük. Yoldaşı Enkidunun öldüyünü görən Gilqamış özünün də öləcəyini düşünüb ölümsüzlüyü axtarır. “"Ben ölmeyecek miyim? Ben de Engidu gibi ölmeyecek miyim? Gönlümü üzüntü kapladı. Bana ölüm korkusu geldi. Şimdi kırlara koşuyorum. Ubar-Tutuş'un oğlu Utnapiştim'e gitmek için yol aldım. İvedilikle oraya gidiyorum.” (M.Ramazanlı... səh. 19) Deməli, ölümsüzlüyün axtarılması, onun əldə olunması ideyası – istəyi qədim insanların özü üçün yox, başqaları üçündür. Yəni qəhrəman başqa igidlərin ölməməsi üçün bu cür davranır.
Türklər islamı təxminən 1000 ildir ki, qəbul etmişlər. Bununla belə, aradan keçən əsrlər insanların ölüm mələyi haqqında təəssüratlarını dəyişə bilməmişdir. Ölüm insanların təsəvvüründə islamdan öncəki vəziyyətdə qalmışdır. Hətta Allah haqqında təsəvvürlər belə ibtidai dövrün təsəvvürlərindən çox uzağa getmir. İslam dinində Allah mərhəmətlidir, bağışlayandır deyə bilinir. Lakin dastandakı Allah fərqlidir. O, məkrlidir, kinlidir. Məsələn, “Haq Taallaya Domrulun sözi xoş gəlmədi... Əzrayıla buyruq elədi ki, ya Əzrayıl, var dəxi o dəli qavatın gözünə görünğil, bənzini saratğıl, - dedi, ağlını canını xırlatğıl, alğıl – dedi.” Deməli, Allah qisas almaq istəyir. Yəni Allah kinlidir. Bu haqda Güllü Yoloğlunu mülahizəsi belədir: “Dəli Domrulun ölüm hökmü dastanda “Allah taala” kimi verilən (sonrakı əvəzetmədi) can almaq iqtidarında olanın “kaprizi” nəticəsində verilmişdir.” (G.Yoloğlu... səh. 18) Deməli, hökm verənin “kaprizi” dedikdə Allah-taalanın kinliliyindən söhbət gedir. Bildiyimiz kimi isə, islamda Allah kin güdmür, kapriz göstərmir. Yəni Dəli Domrulun və onun ətrafındakıların Allah haqqında təsəvvürü ibtidaidir. Şamanizmdəki Allaha daha yaxın xarakterdədir.
Elə Dəli Domrulun ölüm mələyi ilə savaşmaq istəməsinin də kökü G.Yoloğllunun fikrincə, şamanizmlə əlaqəlidir. Çünki şamanlar dünyanın üç yerə bölündüyünü düşünürdülər: göy, yer və yeraltı aləm. Yer altında olan Erligin gücündən qorxan şamanlar ona hədə qorxu gələrək öldürməkdən, can almaqdan çəkindirməyə çalışırdılar. Hədə-qorxunun işə yaramadığını gördükdə bu dəfə Erlig üçün qrubanlar kəsir, yalvarırlar ki, xəstənin yaxud ölünün canını geri qaytarsın. Xoşluqla bu istək yerinə yetməzsə, o zaman döyüşüb, savaşıb canı geri qaytarmalı idilər. (Güllü Yoloğlu... səh. 18) Deməli Güllü xanımın da qeyd etdiklərindən belə bir nəticəyə gəlmək olar ki, Dəli Domrulun ölüm mələyini axtarıb onunla savaşmaq istəyi hələ islamdan əvvəl türk şamanizmindən qalma bir təsəvvürdür.
Şumerlərin “Gilqamış” dastanında da Gilqamış diyar-diyar gəzib ölümsüzlüyü axtarmağa gedir. Ondan hara getdiyini, niyə diyar-diyar gəzdiyini soruşanda isə cavabında “Utnapiştim için, atam olan Utnapiştim'in yolunda! O, tanrıların arasına girdi ve tanrıların toplantısında yaşama kavuştu. Ondan ölüm ve yaşamı soracağım!” (M.Ramazanoğlu... səh. 25) deyir.
Dəli Domrul boyunda diqqəti çəkən məqamlardan biri də Domrulun canını Əzrayıla yox, Allaha tapşırmaq istəməsidir. Onun “Mənim canımı alursan sən alğıl, Əzrayıla almağa qoymağıl!” (KDQE... səh. 76) deyə Tanrıya müraciətindən hiss olunur ki, qəhrəmanın Əzrayıla qarşı bir nifrəti vardır. Deməli, Domrul ölümdən qorxmur, canını Əzrayılın almasından qorxur. Yəni çox güman ki, ata babalarının savaşdığı, döyüşdüyü Erlig ilə Əzrayıl Dəli Domrulun nəzərində bəlkə də eynidir. Onun ölüm haqqında təəssüratları ata-babasının təəssüratlarından çox da uzaqlaşmayıb.
Əzrayılın görünüşü haqqında təsəvvürlər də olduqca maraqlıdır. Əzrayıl əsasən ya quş şəklində, ya ağsaqqallı bir qoca, ya da ilan şəklində təsəvvür olunmuşdur. Dəli Domrul boyunda buna rast gəlirik: “Al qanatlu Əzrayıl ol yigidin canun aldı”, (KDQE... səh 75), yaxud başqa örnəklərə diqqət yetirək. Görkəmli folklorşünas Əli Şamilin Şəki-Zaqatala bölgəsinə ezam olunduğu vaxt topladığı bir folklor materialı bu baxımdan olduqca dəyərlidir. Materialın adı “Aşıx Rustamın ölümü görməsi”dir. “Aşıx Rustam yenə saz qoltuğunda gedirmiş aşıxlıx eləməyə, yolda yorulur. Bir qoz ağacının altında yatır (Aşığın qoz ağacının altında yatması isə bizcə, xüsusi vurğulanmalıdır, çünki bu gün belə Azərbaycanın bəzi bölgələrində belə bir inanc var ki, həyətində qoz ağacı əkmək olmaz. Çünki bunun düşəri düşməzi olar. Və qoz ağacı o evdən can ala bilər – A.Q. ). Ayılanda görür ki, qavağında bir ağpaltar var.” (Dədə Qorqud jurnalı... səh 111.) Dəli Domrulun Əzrayılla qarılaşması səhnəsinə nəzər yetirək: “Mərə nə heybətli qocasan?” (KDQE.. səh. 75) Deməli, hər iki qəhrəmanın gördüyü qoca – insan libaslıdır. Üstəlik saqqalllıdır. Onun saqqalının ağarmasının səbəbi isə aldığı canlardır. “Saqqalım ağarduğın nə bəgənməzsən? Ağ saqqalu, qara saqqallu yigitlərin canın çoğ almışam! Saqqalım ağarduğının mənası budur! - dedi”. (KDQ ensiklopediyası, 2000, səh 75) Nümunədən də göründüyü kimi, Əzrayılın saqqalı dərddən ağarıb. Bu da mələyə insani keyfiyyət əlavə edir. İslamdakı mələk dərd çəkmir. Onun saqqalı, saçı ağarmır. Mələk Allahın icraçılarıdır. Onlar nə qocalmır, nə cavanlaşmır. Qocalmaq, cavanlaşmaq, dərd çəkmək sırf insani keyfiyyətlərdir.
Azərbaycan folklorunda mövcud olan “Əzrayılın tora düşməsi” rəvayətində isə Əzrayıl – ölüm mələyi bir cüt qanadı olan insanabənzər canlı şəklində idi. “Bir səhər Tomralın toruna bir cüt qanadı olan insanabənzər canlı düşür. Məlum olur ki, bu Əzrayıldır.” (S.Paşayev... səh. 21). Rəvayətin süjet xətti təxminən belədir ki, Tomral dolanmaq üçün ovçuluqla məşğul olur. O, tor qurub vəhşi quşların tora düşməsini gözləyirmiş. Əzaril isə Tomralın nə etdiyini bilmək istəyirmiş. “Sən demə, o, uzun müddət Tomrala göz qoyur, nə üçün heyvanları tutub buraxması ilə maraqlanır və dözməyib tora əl vurarkən ilişib qalır.”(Paşayev S... səh. 21). Bu faktın özü ölüm mələyinə münasibəti ortaya qoymaq üçün olduqca maraqlıdır. Çünki rəvayətin burasında məlum olur ki, Əzrayıl insan kimi maraq göstəir. Yəni islami mələk xüsusiyyətindən uzaqdır. Maraqlısı orasıdır ki, boyda islami motiv ancaq “üzü qivləyə sarı”, “dəstəmaz almaq” ifadələrindən ibarətdir.
Başqa bir rəvayət də var ki, Dədə Qorqudun özü ölümdən qaçmaq istəyib. Bunun üçün bütün günü çalıb oxuyarmış ki, ölüm ona rast gəlməsin. Ancaq ozanı yuxu tutur və bir daşın üstündə yuxulayır. Bu zaman Əzrayıl ilan cidində gəlir onu çalıb öldürür. (Dədə Qorqud jurnalı... səh 10). Maraqlı cəhət odur ki, Türk rəvayətlərində Əzrayıl tez-tez ilan donuna girir. Üstəlik Gilqamışın ölümsüzlük çiçəyini tapdıqda da oğurlayan məhz ilan olur. İslam Sadıq bu haqda belə deyir: “Əslində Bilqamısın tapdığı çiçəyi ilanın oğurlaması ilə Dədə Qorqudu ilanın vurması eyni motivdir.” (Dədə Qorqud jurnalı... səh10) Güllü Yoloğlu da öz məqaləsində “Dəli DOmrul” boyu öz qədimliyi ilə əski türk mifologiyasına dayanır. Araşdırmalar bir az da dərinləşdirilsə, şumer mənbələri ilə üzləşmək olar.” – deyə yazır. (Yoloğlu G... səh 18)
Azəbraycan folklorunda “Kitabi-Dədə Qorqud” dastanının “Dəli Domrul” boyunda qəhrəmanın ölüm mələyinə münasibəti ilə qumuq folklorundakı “Cavat bıy” yırı ilə səsləşir. Dəli Domrulun ölüm mələyinə münasibəti Cavat bıyın münasibətindən çox da fərqlənmir. Bizim diqqətimiz çəkən burda Cavat bəyin ölüm mələyi – Əzarayıl ilə ölümə qarşı savaşmasıdır. Cavat bəyin bu savaşı istər Gilgamışın ölümsüzlüyü axtarması, istərsə də, Dəli Domrulun Əzrayılı axtarıb tapması ilə olduqca yaxından səsləşən bir süjet xəttidir. Yırda Cavat bəyi təsvir edərkən “Atasına çıkmıyor idi hatası. /Miras kalmış yaptığı öyle sandalyesi, /Amuzgili1 kılağılanmış hançeri” (Türkiye dışındakı ) misralarına rast gəlirik. Burda açıq-aydın görünür ki, ata kultu önəmlidir. O, sayılır, sevilir. Atasına ağ olmayan evlad qatındadır Cavad. Yırın sonrasında isə “Xmcalma bek arqasm tayay edi. Bahmutunu aziz canım ayay edi.” (Türkiye dışındaki) Misralarına rast gəlirik. Burda Cavat bəyin şücaətindən, qəhrəmanlığından söhbət gedir. Yırın davamına nəzər salaq: “Cavat batır avrup yatgan ölmeğe, Azireyil girip gelgen görmeğe.” (Türkiye dışındaki) Bu misralardan da görünür ki, Cavat bəy ölüm döşəyində yatır və Əzrayılin yolunu gözləyir. Yəni Cavat bəy Dəli Domruldan fərqli olaraq ölüm haqqında, Əzrayıl haqqında bilgi. Məlumat sahibidir. Yəni qəhrəman ölümü də, Əzrayıli də tanıyır və labüddür ki, Əzrayıl gəlib onun canını alsın. Ölümün gələcəyini bilən qəhrəman əvvəlcədən hazırlıq görərək Əzrayıli qarşılayır. “Cavat batır savutların tolturgan, Azireyil Cavatbiyni başlığında olturgan. -” (Türkiye dışındaki) deməli, burda da qəhrəman ölümə qarşı dirənir və Əzrayıllə savaşa girir. Üstəlik Cavat bəy Dəli Domruldan və Gilqamışdan fərqli olaraq Əzrayıl ilə bir anlaşmaya girmir. O, Əzrayıli yalnız hədə qorxu ilə qovmağı düşünür. “Gelsene, Azireyil, gelsene! Savutlarım - qara savat xmcalım”.(Türkiye dışındaki..) Dəli Domrul boyunda da eyni süjetə rast gəlirik: “Qara qılıncı sıyırdı əlinə aldı, Əzrayıli çalmağa həmlə qıldı.” (KDQ ensiklopediyası səh 75) Hər iki süjetdə qəhrəman silahının gücü ilə, ölümü özündən uzaqlaşdırmağa cəhd edir.
Dəli Domrul ilə Cavad bəyin ölümlə döyüşməsi oxşar motivdir. Lakin onların döyüşmə səbəbləri ciddi şəkildə bir-birindən fərqlənir. Dəli Domrul başqa igidlərin ölməməsi üçün Əzrayıllə savaşa girirsə, Cavad bəy açıq-aşkar əcəlinin yetişmədiyini bildirir. “Yetmegen çi hali de meni accalım!”(Türkiye dışındaki... səh 67). Deməli, öləcəyi vaxta qəhrəmanın özü qərar verir. O öləcəyi vaxtı özü müəyyənləşdirir. İndi ölümü istəmir. Ona görə də Əzrayıllə ciddi güc savaşına girir. Bu da yırın şamanizm izlərinə rast gəlməsinə imkan verir. Xatırladaq ki, şamanlar xəstələrinin ölməməsi üçün Erlig ilə savaşa girir və canı geri alırdılar. Yəni xəstənin öləcəyi vaxta ölüm mələyi yox, onların özləri qərar verirdilər. Ümumiyyətlə, ölümdən qaçma, həyata, daimi yaşamağa maraq kimi motivləri biz “Gilgamış” dastanında da görə bilirik. Ölümsüzlüyün dalınca gedən Gilqamış onu axtarıb tapır. Deməli, inanca görə belə bir ölümsüzlük var. Elə buna görədir ki, həm Dəli Domrul, həm də Cavat bəy Əzrayıllə savaşır. Ölümə qarşı qoyur, həyatda qalmaq istəyir. Cavat bəy “Yetmegen çi hali de meni accalım!” deyir. Lakin Cavat bəy əcəlinin yetişəcəyi vaxtı demir. Deməli, ölümsüzlüyü, əbədiliyi axtarır.
Cavat bəy Əzrayıli qaçmağa vadar edir: “Cavat Batır kol uzatmış silâhlara, deşiğe, /Azrail göz atmış, diyorum, eşiğe, /Cavat Batır çekip almış silâhlarını deşikten, /Azrail kaçıp çıkmış eşikten.” Göründüyü kimi, Əzrayılin “eşiktən” qaçıb getməsi bizə Dəli Domrulun Əzrayıli hürküdüb qaçırması ilə eynidir. “Əzrayıl bir gögərçin oldı, pəncərədən uçdı getdi” (KDQE... səh 75) Deməli, Əzrayıl hər iki örnəkdə quş şəklinə düşüb. Bir çox məqamlarda ağ göyərçinlər elə Əzrayılin özü olduğunu göstərən folklor örnəklərinə rast gəlməyimiz mümkündür. Qədim Türk dilində uç sözü cənnəti ifadə edirdi. Əzrayılın quş cildinə düşməsi ilə cənnət sözünün bir bağllılığı olduğu açıq-aşkar ortadadır. Folklorumuzda xüsusilə uşaqlar arasında bir ifadə işlənir: “Vuraram uçarsan”. Düşünürük ki, burdakı uçarsan sözündə uşaqlar əsasən elə cənnət sözünü ifadə ediblər. Bu söz bir növ məqam dəyişərək artıq quşların “fəaliyyəti” kimi bilinsə də, yenə də xalqın təhtəl şüurunda yaşamağa davam etmişdir.
Yuxarıda göstərdiyimiz nümunələrdən belə bir nəticəyə gələ bilirik ki, Türklərin ölüm haqqında təsəvvürləri çox qədimlərə gedib çıxır. İstər “Gilqamış” dastanında, istər uzaq keçmişə aid olan “Dəli Domrul” boyunda və “Cavat bıy” yırında, istərsə də, yaxın keçmişdə yaşayan Aşıx Rustam haqqında verdiyimiz rəvayətdə ölüm mələyi – Əzrayıl haqqında düşüncələr, təfəkkür və təəssüratlar eyni səviyyədədir. Bunlar islami qayda-qanunlara tamamilə aidiyyatı olmayan düşüncələrdir. Əzrayıl daha çox şamanların yeraltı aləminin Allahı olan Erligi, Allah isə yenə şamanların təsəvvürlərindəki ali ruhları xatırladır.
Do'stlaringiz bilan baham: |