Şəhərli qızı
Şifon bambarxatda, nazik paltarda
Gəzib fırlanıram taksi matorda
Axşam seyr edəndə parkda, bulvarda
Gəl onda bax görək kim gözəl olar.
Kəndli qızı
Əlimdə bir çatı buzov qovanda
Qolumu çırmayıb inək sağanda
Döşümdə ağ fartuk pambıq yığanda
Gəl onda bax görək kim gözəl olar.
Şair
Allaha yalvarram bir yağış yağar
Sənin kirin, onun rəngini yuyar.
Hacını çağırıb siz alın xavar,
Gəl onda bax görək kim gözəl olar (13, 108).
Deyişmələrə yalnız sözügedən el şairləri və aşıqlarının yaradıcılığında deyil, hətta türk dilində yazan gürcü və erməni aşıqlarının yaradıcılığında da rast gəlinir. Burada demək lazımdır ki, Azərbaycan və Türkiyənin Qars, Ağrı, İğdır vilayətlərindən olan aşıqların yaradıcılığı qonşu xalqların şifahi ədəbiyyatına da böyük təsir göstərmişdir. Ona görə də gürcü və erməni folkloruna XIX əsrdən başlayaraq Azərbaycan aşıq sənətinin güclü təsiri var. Bildiyimiz kimi, türkdilli gürcü aşıqlarının yaradıcılığı uzun illər professor Valeh Hacıların tədqiqatlarının obyekti olmuş, bu zəngin ədəbi irs zəhmətkeş folklorşünas tərəfindən hərtərəfli araşdırılmışdır. Alim Gürcü ədəbiyyatı muzeyinin əlyazmalar fondunda, K.Kekelidze adına Gürcüstan Əlyazmalar İnstitutunda, Rustaveli adına Ədəbiyyat İnstitutunun folklor arxivində, Axalkalak və Axalsıx Diyarşünaslıq Muzeylərində gərgin axtarışlar aparmış, 1980-82-ci illərdə folklor ekspedisiyaları zamanı aşıq yaradıcılığının maraqlı örnəklərini toplaya bilmişdir. Professorun məhz bu zəhməti sayəsində XVIIİ-XX əsrlərdə yaşayıb yaratmış Aşıq Ruhani (İoseb Beridze), Aşıq Şivğa (Luka Beridze), Georgi Saracaşvili, Aşıq Levan Tavrişvili, Aşıq Zeyin (Toro Beridze), Aşıq Sandro Zedginidze və b. kimi onlarla gürcü aşıq və el şairinin türk-Azərbaycan dilində yazdığı şeirlər, onların repertuarı, dastan söyləyib məclis aparmaları kimi faktlar elmi dövriyyəyə daxil edilmişdir. Bu aşıqların yaradıcılığında deyişmə aparıcı yerlərdən birindədir. Məsələn, Azərbaycan-türk dilini mükəmməl bilən Aşıq Şivğanın (Luka Beridzenin) on bir aşığa qalib gəlməsi və onların sazını əllərindən alması məlum faktlardandır. Prof. Valeh Hacılar yazırdı: “....Aşıq Şivğa ölüm ayağında özünün yonub bağladığı telli sazı sinəsinə basıbmış, otaqda isə başının üstündən on bir saz asılıbmış. Bu, Şivğanın on bir aşıq üzərində çaldığı qələbənin rəmzi imiş” (14, 183).
Onun öz sazı ilə deyişməsi də poetik baxımdan kamil nümunələrdəndir. Azad Nəbiyevin təsnifatına əsasən, sazla deyişmə bu janrın birinci tipinə aid edilir, yəni belə deyişmədə aşıq-şair nəzərində tutduğu xəyali obrazla deyişir. Aşıq Şivğa da vurğunu olduğu, hətta ölüm ayağında belə ayrılmadığı sazla deyişməyə girişir:
Şivğa
Hayıf olmuş pərdələrin sökülmüş,
Əl dəyməmiş, qulaqların bükülmüş,
Ağ sinəndən qamışların tökülmüş,
Hanı sazım, hanı sənin tellərin?
Saz
Qış olanda yel səninçün əsərdi,
Barmaqların pərdələrim basardı
Dostlar söyünərdi, düşmən küsərdi
Hanı Şivğam, hanı sənin əllərin? (15, 184).
Eləcə də bu aşığın bir çox aşıqlarla hətta aşıq Civani (XIX əsr erməni aşığı) ilə deyişməsi və onların söylədikləri bir neçə qıfılbəndi asanlıqla açması artıq məlum faktlardandır: “Şivğa” erməni aşığı karkazlı Civaniylə (1848-1909) və XIX əsrin sonlarında Mesxet-Cavaxetdə “baş aşıq” şöhrəti qazanmış məşhur Şenlik Çıldırlı ilə dost olmuşdur. Ilk tanışlıq zamanı Aşıq Civani Şivğanı dinləmiş,sonra ona bir neçə bənd qıfılbənd demiş, Şivğa onları asanlıqla açmışdır. Civani Şivğanı aşıq sənətində yüksək peşəkarlığına və qıfılbəndləri asanlıqla açmasına görə “əsl bülbül” adlandırmış, onun ifaçılıq bacarığına yüksək qiymət vermiş və ustad Şenliyin görüşünə aparmışdır”. (16, 189). Prof. V.Hacıların verdiyi məlumata görə, arxıv sənədlərində Aşıq Şivğanın naməlum türk aşıqları ilə deyişməsinə, onlarla birlikdə məclis aparmasına dair məlumat da var.
“Kəmali” təxəllüsü ilə şeirlər yazan Niko Davlaşeridzenin 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanması münasibətilə yazdığı bir şeir də deyişmənin tələblərinə cavab verir. Bu şeir müharibədə üz-üzə gəlmiş Almaniya və Rusiya dövlətlərinin deyişməsi şəklində qələmə alınmışdır.
Beləliklə, XX əsr Qazax aşıq mühitinin araşdırılan materialları bu mühitin yetirmələri olan aşıq və el şairlərinin klassik aşıq sənəti ənənələri üzərində formalaşdıqlarını, bu klassik tələblərə uyğun şəkildə poetik incilər yaratdıqlarını bir daha göstərmiş oldu. Bu poetik irsin zənginliyi və kamilliyi aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi-mədəni irs siyahısına haqlı olaraq daxil edildiyini söyləməyə əsas verir.
Do'stlaringiz bilan baham: |