Mühazirə 5. Suvurmada polimerlərin tətbiqi (2s).
Neft layının işlənilmə səmərəliyi məsamələrdəki neftin müxtəlif yollarla sıxışdırılıb çıxarılmasından asılıdır. Çox hallarda neftin sıxışdırılma göstəriciləri bizi qane etmir. Bütün bunlar sıxışdırıcı agentin yataqların müəyyən zona və sahələri üzrə vaxtından əvvəl konturun dərinliklərinə daxil olması ilə izah olunur. Nəticədə lay təsirlə tam əhatə olunmur. Sıxışdırıcı dalğanın qeyri-səlis hərəkəti əsas etibarı ilə iki səbəblə əlaqələndirilir. Bunlardan biri kollektorların qeyri-bircinsliyi və neftin özlülüyü, ikincisi isə neftlə-suyun hərəkət əmsalının mənfi münasibətidir.
Sıxışdırıcı mühitdə əlverişli şəraitin yaradılması və layın neftverməsini artırmaq üçün müxtəlif sxemlər mövcuddur. Bunlardan biri sıxışdırıcı agentin özlülüyünü artırmaqdır. Bunun üçün sıxışdırıcı agentə yüksək molekullu birləşmələr, polimerlər əlavə etmək lazımdır. Suyun polimerlə eyni vaxtda vurulması layın təsirlə əhatəsini artırır. Müəyyən edilmişdir ki, suyun polimerlə qatışması nəticəsində neftin sıxışdırılması yaxşılaşır. Neftvermə əmsalı 7-10% artır. Polimerlərin sulu məhlulu ilə neftin sıxışdırılmasının üstün cəhətlərindən biri də odur ki, layın qeyribircinsliyi artdıqca prosesin səmərəliyi azalmır - əksinə çoxalır. Bu isə polimer məhlulun qeyri-bircinsli məsaməli mühitdə süzülməsində onun reoloji xassəyə malik olması ilə izah edilir. Polimer məhlulun sıxışdırıcı agent kimi qeyri bircinsli mühitdə səmərəliliyi aşağıdakı kimi izah olunur.
Sıxışdırma mühitinə yüksək molekullu kiçik konsentrasiyalı (0,01-0,03) polimer birləşmələri ilə eyni zamanda vurulması ona elastik özlülük xassəsi verir, hərəkət əmsalını kiçildir. Bunun nəticəsində sıxışdırıcı agentin sürəti azalır. Neft layının vaxtından qabaq sulaşmasının qarşısı alınır. Bundan əlavə 1 ton neftin çıxarılmasına sərf olunan suyun miqdarı azalır. Polimerlərin bir çox məhlulları qeyrinyton xassəyə malikdir. Ona görə müxtəlif kollektorlarda sıxışdırılma dalğası eyni dalğada gedir. Təbiətdə və sintetik üsulla alınan bir çox polimerlər mövcuddur. Lakin bunların müəyyən hissəsi suda həll olmur. Neftin sıxışdırılması üçün əsasən suda həll olunan polimerlər tətbiq edilir.
Layın neft veriminin artırılmasında geniş yayılmış polimerlərdən biri poliakrilamiddir(PAA).
Qeyd etmək lazımdlr ki, məsaməli mühitin polimer hissəciklər ilə mexaniki sürətdə tutulması və adsorbsiyası laya təsirin səmərəliyini azaldır. Odur ki, üsulun tətbiq layihəsində onu nəzərə almaq lazımdır ki, polimer məhlulun hazırlanması elə şəraitdə aparılmalıdır ki, nəticədə məsaməli mühitdə onun su ilə qarışması maksimal olsun.
Polimerlərin köməyi ilə laya suvurmanın səmərəliyi yatağın işlənilmə dövründə əmələ gətirilmiş polimer köbəsinin ölçülərindən asılıdır. Yaradılan polimer köbəsinin müəyyən ölçüləri var ki, ondan kiçik olanda xeyirsiz rentabelsiz olur.
Polimer məhlulunun tətbiqindən alınan səmərə onun 1 tonluq sərfindən alınan əlavə neft çıxarılması ilə hesablanır. Bu göstərici 300-400 ilə 10-12 min ton arasında dəyişir.
Üsul yüksək özlülüyə 10-15mPa·s malik olan neft layının işlənilməsi üçün məsləhət görünür. Polimerin suda məhlulu onun özlülüyünü artırdığından su vurulan quyuda təzyiqi artıra bilər. Ona görə çalışmaq lazımdır ki, keçiriciliyi 0.1mkm2-dan yüksək olan neft laylarına tətbiq edilsin.
Bundan əlavə məhsuldar layın qeyri bircinsliliyi də nəzərə alınmalıdır. Layın gilliliyi 10-12% dən artıq olmamalıdır.
Temperaturun yüksəlməsi ilə polimerin suda qatlaşma qabiliyətini nəzərə alsaq lay temperaturunun 70-90 dərəcə olması məqsədə uyğun sayıla bilər.
Üsulun tətbiqi qum və karbonat tipli kollektorlu yataqlarda neftin özlülüyü 10 mPa∙s-dan 100mPa∙s-yə qədər, neftlədoyma 50%-dən çox, kollektor süxurların keçiriciliyi 0,1 mkm2-dan çox, lay temperaturu 900C-yə qədər, gillilik zəif (8-10%-ə qədər) və s. olduqda daha yüksək effekt alınır. Əlverişsiz amillər çatlılıq, gillilik və suların codluluğu hesab olunur. Müəyyən olunmuşdur ki, laylara polimer məhlullarının vurulması nəticəsində onların son neftvermə əmsalını 7-10% artırmaq mümkündür.
Do'stlaringiz bilan baham: |