Quş tükləri və sürünən pulcuqları
Quşlarla sürünənlər arasında keçilməz uçurum yaradan digər xüsusiyyət isə tamamilə quşlara xas forma olan tüklərdir. Sürünənlərin bədənləri pulcuqlarla, quşların bədənləri isə tüklərlə örtülüdür. Quş tüklərinin sürünən pulcuqlarından təkamüllə əmələ gəlməsi fərziyyəsi tamamilə əsassızdır və fosillərlə təkzib edilir. Təkamülçü paleontoloq Barbara Stahl belə etiraf edir:
Tüklərin sürünən pulcuqlarından təkamül yolu ilə əmələ gəlməsi fərziyyəsi təhlillərlə təsdiqlənmir... Tüklərin kompleks quruluşu göstərir ki, bu cür formanın sürünən pulcuqlarından təkamül yolu ilə əmələ gəlməsi qeyri-adi dərəcədə uzun zaman və çox sayda ara keçid forması tələb edəcəkdir. Bu vaxta qədər fosillər bu cür fərziyyəni dəstəkləməmişdir.117
Konnektikat Universitetində fiziologiya və neyrobiologiya professoru olan A.H.Braş isə: “Tüklər və pulcuqlar... genetik quruluşlarından inkişaflarına, morfologiyalarından toxuma quruluşuna qədər hər şeyiylə bir-birlərindən fərqlidirlər”, -deyərək eyni həqiqəti qəbul edir.118 Habelə prof. Braşın fikrincə, “quş tüklərinin zülal quruluşu da digər onurğalıların heç birində rast gəlinməyən, tamamilə özünəməxsus”dur.119
Bununla belə, quş tüklərinin sürünən pulcuqlarından təkamül yolu ilə əmələ gəldiyini göstərən heç bir fosil dəlili də yoxdur. Əksinə, prof. Braşın ifadəsiylə “tüklər fosil qeydlərində sadəcə quşlara xas xüsusiyyətlərlə bir anda üzə çıxırlar”.120 Sürünənlərlə quş tüklərinin ortaq mənşəyinə dəlil olan “heç bir epidermal (üst dəriyə aid) forma yoxdur”.121
İndiyə kimi bir çox fosil üzərində “tüklü dinozavr” fərziyyəsi qurulmuş, amma ətraflı araşdırmalar bu iddiaları təkzib etmişdir. Məşhur ornitoloq (quşları öyrənən elm adamı) Alan Feduççia “Dinozavrların tüklərdən məhrum olmasına dair” (On why dinosaurs lacked feathers) adlı məqaləsində belə yazır:
Tüklər tamamilə quşlara xas olan formadır və sürünən pulcuqları ilə quş tükləri arasında ara keçid forma olan heç bir forma yoxdur. Longisquama kimi bəzi nümunələrdə rast gəlinən uzununa pulcuqların forması haqqındakı fərziyyələrlə razı deyiləm. Bunların tükə bənzər formalar olduğuna dair heç bir konkret dəlil yoxdur.122
Tüklərin yaradılışı
Quş tüklərində heç bir təkamül xarakterli proseslə açıqlanmayacaq qədər kompleks yaradılış var. Tüklərin ortasında hamımıza məlum olan uzun və sərt boru yerləşir. Bu borunun hər iki tərəfindən yüzlərlə tük çıxır. Boyları və yumşaqlıqları fərqli olan bu tüklər quşa aerodinamik xüsusiyyət qazandırır. Ancaq daha da maraqlısı budur ki, bu tüklərin hər birinin üzərində də “tükcük” adlanan və gözlə görünməyən çox kiçik tüklər var. Bu tükcüklərin üzərində isə “çəngəl” adlandırılan kiçik qarmaqlar var. Bu qarmaqlar sayəsində hər tükcük bir-birinə sanki zəncirbənd kimi bağlanmışdır.
Durnanın bircə tükünün üzərində tük borusunun hər iki tərəfindən uzanan 650 dənə incə tük var. Bunların hər birində isə 600 ədəd qarşılıqlı tükcük yerləşir. Bu tükcüklərin hər biri isə 390 dənə qarmaqla bir-birinə bağlanır. Qarmaqlar bir zəncirbəndin iki tərəfi kimi bir-birinə bağlanmışdır. Qarmaqlar hər hansı şəkildə bir-birindən ayrılsa, quşun bir dəfə silkələnməsi və ya daha çətin hallarda dimdiyi ilə tüklərini düzəltməsi tüklərin normal şəklə düşməsi üçün kifayətdir.
Tüklərin bu kompleks quruluşunun təsadüfi mutasiyalar nəticəsində sürünən pulcuğundan təkamüllə əmələ gəldiyini müdafiə etmək heç bir elmi əsası olmayan ehkamçı inancdan başqa bir şey deyil. Belə ki, neodarvinizmin dualistlərindən biri olan Ernst Mayr bu mövzuda illər əvvəl bu etirafı etmişdir:
Duyğu orqanlarının, məsələn, bir onurğalının gözünün və ya bir quşun tükləri kimi qüsursuz şəkildə tarazlanmış sistemlərin təsadüfi mutasiyalar nəticəsində təkmilləşdiyini fərz etmək bir insanın inandırıcılığı üzərində ciddi bir məhdudlaşdırmadır. 123
Tüklərdəki bu yaradılış Çarlz Darvini də çox düşündürmüş, hətta tovuzquşu tüklərindəki mükəmməl estetika öz ifadəsilə Darvini “xəstə etmişdir”. Darvin dostu Eysa Qreyə yazdığı 3 aprel, 1860-cı il tarixli məktubunda: “Gözü düşünmək çox vaxt məni nəzəriyyəmdən soyudur. Amma özümü zamanla bu problemə alışdırmışam”, -dedikdən sonra belə davam edir: “İndi isə təbiətdəki bəzi formalar məni daha çox narahat edir. Məsələn, bir tovuzquşunun tüklərini görmək məni az qalır ki, xəstə etsin”.124
Qısa desək, quş tükləri ilə sürünən pulcuqları arasındakı böyük quruluş fərqləri və quş tüklərinin həddindən artıq kompleks quruluşu tüklərin pulcuqlardan təkamül yolu ilə əmələ gəlməsi iddiasını tamamilə əsassız edir.
Archæopteryx xətası
Sürünən-quş təkamülü ilə bağlı iddiaları dəstəkləyən fosil nümunəsini soruşduqda təkamülçü mənbələrdə həmişə dərhal bir canlıdan bəhs edilir. Bu, ələ də israrla müdafiə edilən az saydakı ara keçid forma iddialarından ən çox məlum olan archæopteryx adlı fosil quşdur.
Dövrümüzün quşlarının əcdadı” olduğu irəli sürülən archæopteryx bundan təqribən 150 milyon il əvvəl yaşamışdır. Nəzəriyyəyə əsasən, velociraptor və ya dromoesaur adlandırılan kiçik dinozavrların bir qismi təkamül keçirərək qanadlanmışlar və uçmağa başlamışlar. Archæopteryx dinozavr əcdadlarından ayrılan və yeni uçmağa başlayan ilk növdür.
Lakin əslində archæopteryxin fosilləri üzərində aparılan son təhlillər bu izahın elmi cəhətdən əsassız olduğunu göstərir. Bu quş ara keçid forması deyil, sadəcə dövrümüzün quşlarından bir az daha fərqli xüsusiyyətlərə malik olan nəsli kəsilmiş quş növüdür.
Archæopteryxin yaxşı uça bilməyən “yarı quş” olması tezisi yaxın dövrə qədər təkamülçü mənbələrdə çox tez-tez dilə gətirilirdi. Bu canlının “sternum”unun, yəni döş sümüyünün olmaması canlının uça bilməməsinin ən mühüm dəlili kimi göstərilirdi. (Döş sümüyü uçmaq üçün lazımlı olan əzələlərin birləşdiyi döş qəfəsinin altında yerləşən sümükdür. Dövrümüzdə uçan və ya uçmayan bütün quşlarda, hətta quşlardan tamamilə fərqli ailəyə məxsus olan uçan məməli yarasalarda belə bu döş sümüyü var).
Ancaq 1992-ci ildə tapılan yeddinci archæopteryx fosili bu arqumentin səhv olduğunu göstərdi. Çünki tapılan bu son archæopteryx fosilində təkamülçülərin uzun zaman boyu olmadığını hesab etdikləri döş sümüyü var idi. “Təbiət” (Nature) jurnalında yeni tapılan bu fosildən belə bəhs edilirdi:
Son tapılan yeddinci archæopteryx fosili uzun zamandan bəri varlığına şübhə edilən, amma heç vaxt sübut edilməyən düzbucaqlı döş sümüyünün varlığına işarə edir. Bu canlının uzun məsafələrə uçuş qabiliyyəti hələ də şübhəlidir, ancaq döş sümüyünün varlığı güclü uçuş əzələlərinin olduğunu göstərir.125
Bu tapıntı archæopteryxin tam uça bilməyən yarı-quş olması iddialarını əsassız etdi.
Digər tərəfdən archæopteryxin əsl mənada uça bilən quş olduğunun ən mühüm sübutlarından biri də heyvanın tüklərinin quruluşu oldu. Archæopteryxin dövrümüzün quşlarınınkından fərqi olmayan asimmetrik tük quruluşu canlının mükəmməl şəkildə uça bildiyini göstərirdi. Məşhur paleontoloq Karl O.Dunbarın bildirdiyi kimi, “tüklərinə görə bu məxluq tam quş xüsusiyyəti daşıyırdı”.126
Paleontoloq Robert Karol isə bu mövzunu belə izah edir:
Archæopteryxin uçuş tüklərinin geometriyası dövrümüzün uçan quşlarınınkı ilə tamamilə eynidir, uçmayan quşların isə tükləri simmetrikdir. Tüklərin qanaddakı nizamı da dövrümüzün quşlarınınkı ilə bənzərdir... Van Tayn və Berqerin fikrincə, archæopteryxin qanadlarının ölçüsü və forması toyuq cinsindən olan quşlar, qumrular, ağacdələnlər, cüllütlər və ağaca qonan oxuyan quşların çoxu kimi məhdud bitki örtüyünə məxsus çöllərdə hərəkət edən quşlarınkına bənzərdir... Uçuş tükləri ən az 150 milyon ildən bəri sabitdir (dəyişməmişdir).127
Archæopteryxin tüklərinin ortaya çıxardığı başqa bir həqiqət isə bu canlının istiqanlı olması idi. Məlum olduğu kimi, sürünənlər və dinozavrlar soyuqqanlı, yəni bədən temperaturlarını özləri verə bilməyən, ətraf mühitin bədən temperaturlarını tənzimləyən canlılardır. Quşlardakı tüklərin ən mühüm funksiyalarından biri də bədən temperaturunu qorumalarıdır. Archæopteryxin tüklü olması onun dinozavrların əksinə, istiqanlı olduğunu, yəni bədən temperaturunu qorumağa ehtiyacı olan əsl quş olduğunu göstərirdi.
Do'stlaringiz bilan baham: |