İlanlar və tısbağalar
Digər tərəfdən ilan, timsah, dinozavr və ya kərtənkələ kimi çox fərqli sürünən sinifləri arasında da keçilməz sərhədlər var. Bu fərqli siniflərin hər biri fosil qeydlərində bir-birlərindən çox fərqli quruluşlarıyla birdən-birə üzə çıxırlar. Təkamülçülər bu fərqli qruplar arasında quruluşlarına baxaraq təkamül prosesinin baş verdiyini fərz edirlər. Amma bu fərziyyələr fosil qeydləri ilə dəstəklənmir. Məsələn, çox yayılmış təkamülçü bir fərziyyəyə əsasən, ilanlar kərtənkələlərin mərhələli şəkildə ayaqlarını itirərək təkamül yolu ilə əmələ gəlmişdir. Ancaq ayaqlarını mutasiya nəticəsində itirməyə başlayan bir kərtənkələnin daha “üstün quruluşa” necə malik olması və təbii seçmə tərəfindən “seçilməsi” sualı cavabsızdır.
Fosil qeydlərindəki ən qədim ilanlara gəlincə, onlar da heç bir “ara keçid forma” xüsusiyyəti daşımayan və dövrümüzdəki ilanlardan fərqi olmayan canlılardır. Məlum olan ən qədim ilan fosili Cənubi Amerikada Üst təbaşir dövrünə aid qayalıqlarda tapılmış dinilysiadır. Robert Karol bu canlının “həddindən artıq təkmilləşmiş təkamül səviyyəsində olduğunu”, yəni ilanların xarakterik xüsusiyyətlərinə malik olduğunu qəbul edir.97
Digər sürünən sinfi olan tısbağalar da fosil qeydlərində özünəməxsus qabıqları ilə bir anda üzə çıxır. Bir təkamülçü mənbədə tısbağaların mənşəyi haqqında bu ifadələr işlədilir:
Təəssüf ki, tısbağaların digər onurğalılara nisbətən daha çox və yaxşı qorunmuş fosilləri qaldığına baxmayaraq, bu cinsin mənşəyi erkən dövr fosillərinin çatışmazlığına görə məlum deyil. Trias dövrünün (təqribən 200 milyon il əvvəl) ortalarına doğru tısbağalar saysız-hesabsız olmuşdur və əsas tısbağa xüsusiyyətlərinə malik idi… Tısbağalar ilə qurbağaların təkamül yolu ilə törədikləri ibtidai sürünənlər olan kotilozavrlar arasındakı keçid tamamilə boşdur.98
Robert Karol da tısbağaların mənşəyini “hələ çox az məlum olan mühüm keçidlər” arasına qatmağa məcbur olmuşdur.99
Bütün bu sözügedən canlı sinifləri yer üzündə bir anda və ayrı-ayrı ortaya çıxmışlar. Bu vəziyyət onların yaradıldıqlarının elmi sübutudur.
Uçan sürünənlər Sürünənlər sinfi daxilindəki maraqlı bir canlı qrupu uçan sürünənlərdir. Bunlar təqribən 200 milyon il əvvəl Üst trias dövründə ilk dəfə üzə çıxmış və daha sonra nəsli kəsilmiş canlı qrupudur. Bu canlılar sürünəndirlər, çünki sürünən sinfinin əsas xüsusiyyətlərini daşıyırlar: soyuqqanlı canlılardır (öz temperaturlarını özləri əmələ gətirmirlər) və bədənləri pulcuqlarla örtülüdür. Ancaq güclü qanadlara malikdirlər və bu qanadlar sayəsində uçduqları düşünülür.
Uçan sürünənlər bəzi məşhur təkamülçü KİV-lərdə darvinizmi dəstəkləyən paleontoloji tapıntı kimi göstərilir və ya insanlarda belə bir təsəvvür canlandırılır. Lakin əksinə, uçan sürünənlərin mənşəyi təkamül nəzəriyyəsi üçün ciddi problemdir. Bunun ən açıq göstəricisi də uçan sürünənlərin quruda yaşayan sürünənlərlə aralarında heç bir ara keçid forma olmadan bir anda və tam şəkildə ortaya çıxmalarıdır. Uçan sürünənlər qüsursuz şəkildə yaradılmış qanadlara malikdir və bu orqanlar heç bir quruda yaşayan sürünəndə yoxdur. “Yarımqanadlı” hər hansı bir canlıya isə fosil qeydlərində rast gəlinmir.
Belə ki, “yarımqanadlı” canlıların yaşaması da mümkün deyil. Çünki bu cür xəyali canlılar əgər yaşasaydılar, qabaq ayaqlarını itirdikləri, amma hələ uçacaq vəziyyətdə olmadıqları üçün digər sürünənlərə nisbətən əlverişsiz hala düşəcəkdilər. Belə olduqda isə təkamülün özünün qəbul etdiyi kimi, aradan çıxaraq nəsli kəsiləcəkdi.
Belə ki, uçan sürünənlərin qanadlarının quruluşu nəzərdən keçirildikdə onların əsla təkamüllə açıqlana bilməyəcək qədər qüsursuz yaradılışa malik olduğu görünür. Uçan sürünənlərin qanadları üzərində digər sürünənlərin qabaq ayaqları kimi beş dənə barmaqları var. Ancaq dördüncü barmaq digər barmaqlardan təxminən 20 dəfə uzundur və qanad da bu barmağın altında uzanır. Əgər uçan sürünənlər quruda yaşayan sürünənlərdən təkamül yolu ilə törəyiblərsə, onda sözügedən dördüncü barmaq da yavaş-yavaş, mərhələli şəkildə uzanmalıdır. Təkcə dördüncü barmaq deyil, bütün qanad quruluşu təsadüfi mutasiyalarla təkmilləşməli və bütün bu proses canlıya üstün xüsusiyyət qazandırmalıdır. Təkamül nəzəriyyəsinin paleontoloji səviyyədə qabaqcıl tənqidçilərindən biri olan Dueyn T.Ciş bu barədə belə deyir:
Bir quruda yaşayan sürünənin mərhələli şəkildə uçan sürünənə çevrilməsi fərziyyəsi tamamilə əsassızdır. Belə bir çevrilmə əsnasında ortaya çıxacaq yarım, natamam quruluş canlıya üstünlük qazandırmaq yerinə onu tamamilə şikəst edəcəkdir. Məsələn, təkamülçülər bəzi mutasiyaların təkcə dördüncü barmağa təsir etdiyini və onu zamanla yavaş-yavaş uzatdığını fərz edirlər. Əlbəttə, digər bəzi təsadüfi mutasiyalar da nə qədər inanılmaz görünsə belə, bu istiqamətdə müştərək iş görərək qanad pərdəsinin, uçuş əzələlərinin, vətərlərin, sinirlərin, qan damarlarının və qanad üçün lazımlı digər formaların mərhələli şəkildə təkamüllə əmələ gəlməsini təmin etməlidirlər. Müəyyən bir mərhələdə təkmilləşməkdə olan bu uçan sürünən 25% qanad toxumasına malik olar. Ancaq bu qəribə məxluq heç cür yaşaya bilməz. 25% qanad toxuması ona nə üstünlük gətirə bilər? Aydındır ki, bu canlı uça bilməz və artıq əvvəlki kimi qaça da bilməz.100
Qısası, uçan sürünənlərin mənşəyinin darvinist təkamül mexanizmləri ilə açıqlanması qeyri-mümkündür. Belə ki, fosil qeydləri də belə bir təkamül prosesinin baş vermədiyini ortaya qoyur. Fosil təbəqələrində ancaq bu gün tanıdığımız kimi, quruda yaşayan sürünənlər və qüsursuz şəkildə uçan sürünənlər var. Heç bir ara forma yoxdur. R.Karol təkamülçü olmasına baxmayaraq, bu məsələ ilə bağlı belə etiraf edir:
Trias dövründə üzə çıxan bütün uçan sürünənlər (pterozavrlər) uçuş üçün çox xüsusiləşmiş quruluşa malikdirlər… Əcdadlarının nə olduğu məsələsində və uçuşlarının mənşəyinin ilk mərhələləri haqqında isə heç bir tapıntı yoxdur.101
Karol daha sonra “Onurğalıların təkamül modelləri və prosesləri” (Patterns and processes of vertebrate evolution) adlı əsərində pterozavrları haqqında çox məlumat olmayan mühüm ara keçid növləri arasında sayır.102
Göründüyü kimi, uçan sürünənlərin təkamülə dəlil olan heç bir yönü yoxdur. Ancaq sürünən termini çox insan üçün sadəcə quruda yaşayan canlıları ifadə etdiyi üçün məşhur təkamülçü KİV-lər “uçan sürünən” anlayışı ilə “sürünənlərin qanadlanıb uçması” təsəvvürünü verməyə çalışırlar. Lakin əslində quruda yaşayan sürünənlər ilə uçan sürünənlər aralarında heç bir təkamül xarakterli əlaqə olmadan yaranmışlar.
Do'stlaringiz bilan baham: |