QISA TARİX
Təkamül nəzəriyyəsi fəlsəfi mənşəyi qədim Yunanıstana qədər gedib çatmasına baxmayaraq, elm dünyasının gündəliyinə XIX əsrdə daxil olmuşdur. Əvvəlcə, fransız bioloq Jan Batist Lamark “Zooloji fəlsəfə” (Zoological philosophy) adlı kitabında canlı növlərinin bir-birlərindən təkamüllə əmələ gəldiyi fərziyyəsini ortaya atdı. Lamark canlıların həyatı boyu qazandıqları dəyişiklikləri sonrakı nəsillərə ötürdüklərini irəli sürmüşdü. Məşhur zürafələr misalında bu canlıların əvvəllər daha qısaboylu olduğunu, ancaq hündür ağaclara çatmağa çalışarkən nəsildən-nəslə boyunlarının uzandığını iddia etmişdi.
Lamarkın “qazanılmış xüsusiyyətlərin ötürülməsi” kimi tanınan bu təkamül modeli irsiyyət qanunlarının kəşf edilməsilə birlikdə əsasını itirdi. XX əsrin ortalarında DNT-nin quruluşunun kəşfi ilə canlıların hüceyrələrinin nüvəsində kodlanmış xüsusi genetik məlumata malik olduqları və bu genetik məlumatın “qazanılmış xüsusiyyətlər” tərəfindən dəyişdirilə bilmədiyi üzə çıxdı. Yəni bir canlı ağaclara çatmaq üçün həyatı boyu çalışıb boynunu bir neçə santimetr uzatsa belə, dünyaya gətirdiyi balalar yenə də o növə aid standard boyun ölçülərinə malik olar. Qısa desək, Lamarkın təkamül nəzəriyyəsi elmi kəşflərlə təkzib edildi və səhv fərziyyə kimi tarixə düşdü.
Ancaq Lamarkdan bir neçə nəsil sonra yaşamış digər təbiətşünasın təkamül nəzəriyyəsi daha uzunömürlü oldu. Sözügedən təbiətşünas Çarlz Robert Darvin, nəzəriyyəsinin adı isə “darvinizm”dir.
Darvinizmin meydana gəlməsi
Çarlz Darvin 1832-ci ildə İngiltərədən yola düşən və beş il ərzində dünyanın müxtəlif bölgələrinə səyahət edən H.M.S. Biql adlı rəsmi kəşf gəmisində könüllü kimi iştirak etmişdir. Gənc Darvin bu səyahət ərzində gördüyü müxtəlif canlı növlərindən, xüsusilə də Qalapaqos adalarında gördüyü müxtəlif alacəhrə növlərindən çox təsirlənir. Bu quşların dimdiklərindəki fərqlərin müxtəlif mühitlərə uyğunlaşmalarından irəli gəldiyini düşünür.
Darvin bu səyahətinin ardınca İngiltərədəki heyvan bazarlarını gəzməyə başladı. Maldarlıqla məşğul olanların müxtəlif inək cinslərini cütləşdirərək yeni cinslər əldə etdiklərinə şahid oldu. Qalapaqos adalarında gördüyü fərqli alacəhrə növlərini də bu müşahidələrinə əlavə etməklə beynində bir nəzəriyyə formalaşdırmağa başladı. Nəticədə bu fikirlərini 1859-cu ildə nəşr edilən “Növlərin mənşəyi” adlı kitabında açıqladı. Bu kitabda bütün canlı növlərinin ortaq bir əcdaddan əmələ gəldiyini, ancaq zamanla kiçik dəyişikliklərlə bir-birlərindən təkamüllə törədiyini iddia edirdi.
Darvinin nəzəriyyəsinin Lamarkın nəzəriyyəsindən fərqli cəhəti “təbii seçmə” anlayışını xüsusi vurğulaması idi. Təbii seçmə təbiətdəki həyat uğrunda mübarizədə güclü və ya mühitin şərtlərinə daha uyğun olan canlıların həyatda qalması deməkdir. Darvin belə məntiq qurmuşdur:
“Bir canlı növünün daxilində təbii və təsadüfi fərqlər olur. Məsələn, bəzi inəklər daha böyük, bəziləri daha tünd rənglidir. Bu dəyişikliklərin hansının üstünlüyü varsa, o xüsusiyyət təbii seçmə ilə seçilə. Beləliklə, sözügedən üstün xüsusiyyət o heyvan sürüsündə hakim rol oynayar. Bu xüs usiyyətlərin uzun zaman ərzində toplanması ilə ortaya yeni növ çıxar”.
Ancaq Darvinin irəli sürdüyü bu “təbii seçmə ilə təkamül” nəzəriyyəsi elə lap əvvəldən bir çox sualı də özü ilə bərabər gətirmişdi. Darvinin “təbii və təsadüfi fərqlər” dediyi şey əslində nə idi? Bəzi inəklərin daha böyük, bəzilərinin daha tünd rəngli doğulduğu doğru idi, lakin bu fərqlər milyonlarla bitki və heyvan növünü necə açıqlaya bilərdi?
1) Darvin: “Canlılar mərhələli şəkildə təkamül keçirmişdir”, -deyirdi. Belə olduqda çox sayda “ara növ” yaşamalıydı. Amma fosillər (daşlaşmış canlı qalıqları) arasında bu nəzəri canlılardan əsər-əlamət yox idi. Darvin bu problem üzərində çox baş sındırmış və nəticədə: “Bu fosillər gələcəkdə tapıla bilər”, -deməyə məcbur olmuşdu.
2) Canlıların göz, qulaq, qanad kimi kompleks orqanları təbii seçmə ilə necə açıqlana bilərdi? Tək bir toxumasının əksik olduğu halda, funksiyalarını itirən (heç bir işə yaramayan) bu orqanların “mərhələli şəkildə” inkişaf etdiyini necə müdafiə etmək olardı?
3) Bütün bunlardan əlavə, Darvinin “bütün canlıların ortaq əcdadı” dediyi ilk canlı orqanizm necə əmələ gəlmişdi? Cansız maddə təbii proseslərlə canlıya çevrilə bilmədiyinə görə, Darvin ilk canlının əmələ gəlməsini necə açıqlayacaqdı?
Darvin bu problemlərin ən az bir hissəsini bilirdi. Kitabına əlavə etdiyi “Nəzəriyyənin çətinlikləri” (Difficulties on theory) adlı bölmədə bunları qəbul etmişdi. Ancaq bu problemlərə verdiyi cavabların elmi əsası yox idi. İngilis fizik H.S.Lipson Darvinin bu “çətinlikləri” haqqında belə deyir:
“Növlərin mənşəyi”ni ilk dəfə oxuduqda Darvinin əslində özündən o qədər də əmin olmadığını anlamışdım. “Nəzəriyyənin çətinlikləri” adlı bölmə açıq şəkildə şübhə doğurur. Bir fizik kimi gözün necə əmələ gəldiyi ilə bağlı izahlarına təəccübləndim.1
Darvin elmi araşdırmalar davam etdikcə “Nəzəriyyənin çətinlikləri”nin aradan qalxacağına ümid edirdi. Lakin əksinə, yeni elmi kəşflər bu çətinlikləri daha da böyütdü.
Həyatın mənşəyi problemi
Darvin kitabında həyatın mənşəyi məsələsindən heç söz açmamışdı. Çünki onun dövründəki ibtidai elm anlayışına görə canlıların çox sadə quruluşa malik olduğu güman edilirdi. Orta əsrlərdən bəri qəbul edilmiş spontan generasiya adlı nəzəriyyəyə əsasən cansız maddələrin təsadüfən birləşərək canlı varlıq əmələ gətirdiyinə inanırdılar. Bu dövrdə həşəratların yemək qalıqlarından, siçanların da buğdadan əmələ gəldiyi fikri geniş yayılmışdı. Bunu sübut etmək üçün qəribə təcrübələr aparılmışdı. Kirli əsginin üstünə bir az buğda tökülmüş, bir müddət gözlədikdən sonra bu qarışıqdan siçanların əmələ gələcəyi güman edilmişdi.
Ətin qurdlanması da həyatın cansız maddələrdən törədiyinə dəlil hesab edilirdi. Lakin daha sonra məlum olacaqdı ki, ətin üstündəki qurdlar öz-özünə əmələ gəlmirlər, milçəklərin gətirib qoyduqları gözlə görünməyən sürfələrdən çıxırlar.
Darvinin “Növlərin mənşəyi” adlı kitabını yazdığı dövrdə isə bakteriyaların cansız maddələrdən əmələ gəldiyi fikri elm dünyasında geniş şəkildə qəbul edilirdi.
Lakin Darvinin kitabının nəşrindən beş il sonra məşhur fransız bioloq Lui Paster təkamülə əsas verən bu fikri tamamilə məhv etdi. Paster apardığı uzun elmi fəaliyyət və təcrübələr nəticəsində gəldiyi nəticəni belə ifadə etmişdi: “Cansız maddələrin həyatı əmələ gətirməsi iddiası artıq qəti şəkildə tarixə çevrilmişdir”.2
Təkamül nəzəriyyəsinin müdafiəçiləri Pasterin kəşflərinə uzun müddət qarşı çıxdılar. Ancaq inkişaf edən elm canlı hüceyrəsinin mürəkkəb quruluşunu ortaya çıxardıqca həyatın öz-özünə əmələ gəlməsi iddiası daha böyük müəmmaya çevrildi. Bu mövzunu hərtərəfli şəkildə kitabın sonrakı bölmələrində araşdıracağıq.
Do'stlaringiz bilan baham: |