Böhran içində olan nəzəriyyə
Darvinizmin irəli sürüldüyü gündən bəri qarşılaşdığı problemlərin buraya qədər qısa şəkildə xülasəsini verdik. Bu maneələrin nə qədər böyük olduğunu bir azdan araşdıracağıq. Bu kitabdakı məqsədimiz təkamül nəzəriyyəsinin bəzi insanların hesab etdiyi və ya göstərməyə çalışdığı kimi, açıq elmi həqiqət olmadığını göstərməkdir. Əksinə, təkamül nəzəriyyəsi ilə elmi kəşflər müqayisə edildikdə böyük ziddiyyət meydana gəlir. Populyasiya genetikası, müqayisəli anatomiya, paleontologiya, molekulyar biologiya və biokimya kimi bir çox fərqli sahədə təkamül nəzəriyyəsi “böhran” içindədir.
Bu tərif avstraliyalı biokimyaçı və darvinizmin tanınmış tənqidçisi prof. Maykl Denton tərəfindən verilmişdir. Denton 1985-ci ildə nəşr edilən “Təkamül: böhran içində nəzəriyyə” (Evolution: a theory in crisis) adlı kitabında nəzəriyyəni müxtəlif elm sahələrinin işığında təhlil etmiş və bu nəticəyə gəlmişdir ki, təbii seçmə nəzəriyyəsi canlıların mənşəyini açıqlaya bilmir.6 Denton darvinizmi başqa düşüncə tərzinin doğruluğunu göstərmək üçün tənqid etməmiş, sadəcə nəzəriyyəni elmi kəşflərlə müqayisə etmişdir. Son 20 il ərzində hələ bir çox elm adamı təkamül nəzəriyyəsinin elmi əsassızlığı haqqında çox mühüm elmi əsərlər yazmışlar.
Bu kitabda təkamül nəzəriyyəsinin düşdüyü bu böhranı təhlil edəcəyik. Bəlkə bəzi oxucular onlara izah edilməsinə baxmayaraq, təkamül nəzəriyyəsinə inanmaqdan əl çəkməyəcəklər. Ancaq yenə də bu kitabı oxumaları, heç olmasa inandıqları nəzəriyyənin elmi kəşflər qarşısındakı əsl mövqeyini görmələri baxımından faydalı olacaq.
DARVİNİZMİN MEXANİZMLƏRİ
Təkamül nəzəriyyəsinə əsasən canlılar təsadüflərlə əmələ gəlmiş və yenə təsadüflərlə inkişaf etmişdir. Bundan təqribən 3.8 milyard il əvvəl dünyada heç bir canlı yox ikən əvvəlcə canlı hüceyrələr, sonra çoxhüceyrəli kompleks canlılar əmələ gəlmiş və getdikcə daha mürəkkəb növlər ortaya çıxmışdır. Başqa sözlə, darvinizmə əsasən təbiətdəki bəzi amillər sadə cansız elementlərdən çox kompleks və qüsursuz dizayna malik canlılar meydana gətirmişdir.
Bu iddianı nəzərdən keçirərkən, əvvəla, təbiətdə həqiqətən belə bir gücün olub-olmadığına baxmaq lazımdır. Daha açıq desək, bu cür təkamülü həyata keçirəcək təbii mexanizmlər varmı?
Bu gün təkamül nəzəriyyəsi adlandırdığımız neodarvinist model bu məsələ ilə bağlı iki əsas mexanizm irəli sürür: “təbii seçmə” və “mutasiya”. Nəzəriyyənin əsas iddiası belədir: “Təbii seçmə və mutasiya bir-birlərini tamamlayan iki mexanizmdir. Təkamül xarakterli dəyişikliklərin mənbəyi canlıların genetik quruluşunda meydana gələn təsadüfi mutasiyalardır. Mutasiyaların səbəb olduğu xüsusiyyətlər təbii seçmə mexanizmi vasitəsilə seçilir, beləliklə, canlılar təkamül keçirirlər”.
Bu ssenarini bir az təhlil etdikdə isə, əslində, ortada konkret “təkamül mexanizminin” olmadığını görərik. Çünki nə təbii seçmə, nə də mutsiyalar növlərin təkamül keçirmələri və bir-birlərinə çevrilmələri iddiasına ən kiçik töhfə verməmişlər.
Darvinizmin əsasında təbii seçmə məfhumu dayanır. Darvinin nəzəriyyəsini irəli sürdüyü kitabının başlığında da vurğulanan iddia budur: Növlərin mənşəyi, təbii seçmə yolu ilə.
Təbii seçmə
Təbii seçmə təbiətdə daimi həyat uğrunda mübarizə olması və həyatda qalanların həmişə “güclü və təbii şərtlərə uyğun” canlılara çevrilməsi fərziyyəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanların təhlükəsinə məruz qalan maral sürüsündə əsasən sürətlə qaça bilən marallar həyatda qalar. Bir müddət sonra isə bu maral sürüsü sürətlə qaçan fərdlərdən ibarət olar.
Ancaq bu proses nə qədər uzun davam etsə də, maralları başqa canlı növünə çevirməz. Zəif marallar aradan çıxar, güclülər həyatda qalar, amma nəticədə maralların genetik məlumatında dəyişiklik olmadığı üçün “növ dəyişikliyi” baş verməz. Marallar nə qədər təbii seçməyə məruz qalsalar da, maraldan başqa canlıya çevrilməzlər.
Maral nümunəsi bütün növlər üçün etibarlıdır. Təbii seçmə vasitəsilə sadəcə populyasiya içindəki şikəst, zəif və ya ətraf mühitin şərtlərinə uyğunlaşmayan fərdlər xaric edilir. Yeni canlı növləri, yeni genetik məlumat və ya yeni orqanlar üzə çıxarmır, yəni canlılar təkamül keçirmirlər. Darvin də bu həqiqəti: “Faydalı dəyişikliklər baş vermədikcə təbii seçmə heç bir şey edə bilməz”, -deyərək qəbul etmişdir.7 Elə bu səbəbdən neodarvinizm genetik məlumatı dəyişdirən amil kimi mutasiya mexanizmini təbii seçmənin yanına əlavə etməyə məcbur olmuşdur.
Mutasiyaları bir az sonra nəzərdən keçirəcəyik. Ancaq əvvəlcə, təbii seçmə anlayışını bir az da ətraflı təhlil edək və ziddiyyətlərini görək.
Həyat uğrunda mübarizə
Təbii seçmə nəzəriyyəsinin ən əsas fərziyyəsi təbiətdə həyat uğrunda amansız mübarizənin olması və hər canlının sadəcə özünü düşünməsidir. Darvin bu fikri ortaya atarkən ingilis klassik iqtisadçı Tomas Robert Maltusun nəzəriyyələrindən təsirlənmişdi. Maltus qida mənbələrinin riyazi ardıcıllıq ilə artdığını, insanların isə həndəsi ardıcıllıq ilə çoxaldığını izah etmiş və ona görə insanların həyat uğrunda labüd amansız mübarizə apardıqlarını irəli sürmüşdü. Bundan əlavə Maltus həddindən artıq əhali artımının qıtlıq və xəstəlik kimi amillərlə tənzimləndiyini iddia etmişdi. Darvin isə insanlar arasındakı bu həyat uğrunda amansız mübarizəni təbiətə də tətbiq etmiş və “təbii seçmənin” bu mübarizənin nəticəsi olduğunu iddia etmişdi.
Lakin daha sonra aparılan tədqiqatlar təbiətdə Darvinin fərz etdiyi kimi mütləq həyat uğrunda mübarizə olmadığını göstərdi. İngilis zooloq V.C.Uayni Edvardsın heyvan sürüləri üzərində 1960-70-ci illərdə apardığı uzun elmi tədqiqatlar heyvan sürülərinin çox maraqlı şəkildə artımlarını tənzimlədiklərini və qida üçün rəqabətin qarşısını aldıqlarını üzə çıxardı.
Heyvan sürüləri artımlarını əllərində olan qida mənbələrinə əsasən tənzimləyirdilər. Artım aclıq və yoluxucu xəstəliklər kimi “zəifləri aradan çıxaran” faktorlarla deyil, heyvanlardakı instinktiv nəzarət mexanizmləri ilə tənzimlənirdi. Yəni heyvanlar artımlarını Darvinin güman etdiyi kimi amansız rəqabət yolu ilə deyil, çoxalmalarını məhdudlaşdıraraq tənzimləyirlər.8
Bitkilər belə Darvinin irəli sürdüyü “rəqabət yolu ilə seçmə” nümunəsi ilə deyil, artım nəzarətilə çoxalırdılar. Botanik A.D.Bredşounun apardığı müşahidələr bitkilərin çoxalarkən cücərdiyi sahədə “bitki sıxlığına” görə hərəkət etdiklərini, sahədəki bitki sıxlığı artdıqda çoxalmanı azaltdıqlarını sübut etdi.9 Digər tərəfdən qarışqalar, bal arıları kimi canlı icmalarında rast gəlinən fədakarlıq nümunələri darvinist həyat uğrunda mübarizə anlayışının tam əksini göstərirdi.
Son illərdəki bəzi tədqiqatlar fədakarlıq davranışının hətta bakteriyalarda da mövcud olduğunu üzə çıxarmışdır. Beyinə və ya sinir sisteminə malik olmayan, ona görə düşünmə qabiliyyətinə malik olmayan bu canlılar virus hücumuna məruz qaldıqda digər bakteriyaları xilas etmək üçün intihar edirlər.10
Bu nümunələr təbii seçmənın əsas fərziyyəsi olan “həyat uğrunda mütləq mübarizə” məfhumunu əsassız edir. Təbiətdə rəqabətin olması doğrudur, amma bu rəqabətlə bərabər çox açıq görünən fədakarlıq və həmrəylik nümunələri də var.
Do'stlaringiz bilan baham: |