Henrix Dits araşdırmasında bir neçə məsələni xüsusi olaraq vurğulayır. Bunların bəzilərini biz aşağıda təqdim edirik: Söyləyici. H.Ditsə görə kitab Dədə Qorqudun dili ilə başlanır və ikinci şəxs tərəfindən davam etdirilir. “Müqəddimə” kimi qəbul edilən hissədə Dədə Qorqudun dilindən müdrik kəlamlar söylənilir. Əlavə edək ki, qarılar haqqında qaravəlli ozan tərəfindən söylənir. Sonra söylənən “boy”larda isə artıq Dədə Qorqud bir ritual personajı və eposun obrazlarından biri kimi çıxış edir. Ditsə görə söyləyici, onun ifadəsilə Dədə Qorqud “fars dini”nə mənsubdur və ya başqa deyilişlə şiədir. Burada peyğəmbərdən sonra Əlinin və onun övladlarının öygüsü də Ditsin müşahidələrini təsdiqləyir. Dits onu da qeyd edir ki, kitabdakı material naməlum bir şəxs tərəfindən toplanmışdır (5). Tarix. H.Dits kitabın tarixi ilə kitabın içindəki epik məlumatların tarixini fərqləndirir. “Dədə Qorqud kitabı”nın yazılmasını Dits Osmanlı sülaləsinin dövrünə aid edir. Digər tərəfdən də Dədə Qorqudun IX əsrdən əvvəl yaşadığı ilə bağlı fikirlərin ziddiyyətli olduğunu göstərir. Bu ziddiyyət ilk növbədə “Kitab”ın özündən irəli gəlir. Bir tərəfdən “bu Osman nəslidir” deyilərək Osmanlı sülaləsinə işarə edilir, digər tərəfdən də Qorqud Atanın “Rəsul əleyhüssəlamın zamanına yaxın” yaşadığı göstərilir. Dits bu məlumatlardakı ziddiyyətli fikirləri nəzərə alır və “yazı” ilə yazının əsasında duran epik məlumatı ayrılıqda təhlil edir.“Kitabda ayrı-ayrı hadisələrin dövrü haqqında müəyyən bir nəticəyə gəlmək üçün qətiyyən zaman müəyyənliyi yoxdur. İlk baxışda belə hesab etmək olar ki, bütün hadisələr Dədə Qorqud dövründə baş verir. Lakin o, heç nəyi öz adından nəql etmir. O, yalnız ayrı-ayrı məqamlarda məsləhət vermək üçün peyda olur, ən çox isə hadisələrin sonunda oğuzlara xeyir-dua söyləmək üçün görünür, bunlar isə “Oğuznamə” adlanır. Bu xeyir-duaların ifadəsini yeddi müxtəlif hekayənin sonunda oxuyursan və bilmirsən ki, hansı nəticəyə gələsən. Bu söz (Oğuznamə) burada Oğuz kitabı, yaxud Oğuz tarixi kimi tərcümə edilə bilməz. Əksinə, bunu oğuzlara əlavə yazı, yaxud oğuzlara həsr kimi aydınlaşdırmaq lazımdır. Əgər hər bir hekayə bütöv və bitkin olsaydı, bu oğuz tarixi adlanmalı idi. Ancaq müəyyən bir hadisə baş verdikdən sonra Dədə Qorqudun üçüncü bir şəxs kimi onu söyləməsi, hər dəfə yalnız tərif və xeyir-dualarla məhdudlaşır. Çox güman ki, “Oğuznamə” ifadəsinin tez-tez təkrar olunması bütün kitaba həmin adın verilməsinə xidmət edir. Ola bilsin ki, kitabın əvvəlki sahibi tərəfindən üz qabığından sonrakı ilk səhifədə Kitabi Qorqud adlandırılması ona görədir ki, o, Dədə Qorqudun xeyir-dualarla tez-tez peyda olduğunu görür. Mən isə bir neçə dəfə qeyd edib sübut etmişəm ki, Yaxın Şərqlilər öz ədəbi məlumatlarında, demək olar ki, heç vaxt dəqiq olmayıblar. Bütün bunlardan o qənaətə gəlmək olur ki, kitab üçüncü naməlum bir şəxs tərəfindən toplanmışdır. Bu ehtimalı doğruldan odur ki, söylənilən hadisələr açıq-aşkar tamamilə müxtəlif, bir-birindən fərqli dövrlərdən süzülüb gəlmişdir. Belə ki, Qara dəniz sahilindəki yunanlarla baş verən hadisələr və İç Oğuza Daş Oğuzun asi olması hadisələri çox sonralar, oğuzların soykökünün dövründəki hadisələr isə bir neçə min il əvvəl baş vermişdir. Burada da Dədə Qorqud iştirak edə bilməzdi. Bu ziddiyyət yuxarıda adı çəkilən müqəddimədən görünür: belə ki, burada Dədə Qorqudun axırıncı Oğuzları tanıya bilməsi əvəzinə, onun ilk Oğuzları tanıması söylənilir, çünki oğuz millətinin soykökü üç min ildən də çox əvvəl yaşamışdır (5).
Do'stlaringiz bilan baham: |