Açar sözlər: Kitabi-Dədə Qorqud, nəşrlər, yanlışlıqlar, düzəlişlər
“Kitabi-Dədə Qorqud”un müxtəlif aspektlərdən tədqiqi, ədəbi-bədii və tarixi əhəmiyyətini təsbit etmək, dil tariximizin qaranlıq səhifələrinə işıq sala biləcək qədim dil faktlarını üzə çıxarmaq üçün abidənin mətninin elmi əsaslarla transliterasiya olunması, ayrı-ayrı söz və ifadələrin düzgün oxunması və mənalarının dəqiq müəyyənləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Mətn tərtibi zamanı mövcud əlyazmaların müqayisəli şəkildə qiymətləndirilərək düzgün oxunuşu bütövlükdə abidənin milli-mənəvi mənsubiyyətini, bədii-estetik keyfiyyətlərini, yarandığı və yazıya alındığı dövrlərin tarixi-linqvistik həqiqətlərini obyektiv prizmadan qiymətləndirməyə imkan verir. “Kitabi-Dədə Qorqud”un mətni ən əski çağlardan yazıya alındığı dövrlərə qədərki zaman kəsimini əhatə edən bir neçə təbəqədən təşkil olunmuşdur. Bu cəhətə diqqət yetirilmədiyi təqdirdə abidənin mətnində beş-altı, hətta bəzən on-on beş oxunuş variantının ortaya çıxması labüddür. Bu isə, öz növbəsində, dilçilik, folklor, ədəbiyyatşünaslıq və s. elm sahələrinə aid tədqiqatlarda yanlış oxunuş variantları əsasında həqiqətdən uzaq olan müxtəlif fərziyyələrin meydana gəlməsinə, abidənin dilindəki qədim sözlərin fonetik tərkibcə təsadüfi səs bənzərliyinə görə müasir dildəki leksik vahidlərlə eyniləşdirilməsinə, təhkiyənin semantik-struktur axarına uyğun gəlməyən sözlərin və ifadələrin üzdə görünən uydurma mənalarına istinadən psevdoetimoloji şərhlərin verilməsinə yol açır. Bəzən bu uyğunsuzluqlar aşkara çıxarılsa da, faktlara tarixi-müqayisəli araşdırma prizmasından yanaşmaq yerinə mətnə süni düzəlişlər etmək yolu seçilmiş, bir növ bütün günahlar katiblərin üzərinə atılmışdır. Bəzi hallarda isə açıq görünən katib xətaları düzəldilmədən “hərflərə qul sədaqəti göstərmək” prinsipi ön plana çəkilmiş, yəni mətndəki yazılış formalarını eynilə əks etdirmək tələbi irəli sürülmüşdür (Zeynalov- Əlizadə, 22). Bunları nəzərə alaraq biz oxunuşu, semantik təfsiri və etimologiyası uzun illər boyunca müxtəlif mübahisələrə səbəb olmuş boz “adı bilinməyən yeniyetmə, evlənməmiş gənc”, sarmur- “qorxu və vahimə içində yuxudan ayılmaq”, ancaq “məhz o(dur)”, qıqı “əzan”, kegəş- “gizli ədavət saxlayaraq bir-birinə düşmən olmaq, bir-birinə qarşı kin saxlamaq”, qalçan- “titrəmək ” tipli bir neçə sözlə bağlı düşüncələrimizi bölüşmək istəyirik.
Boz “adı bilinməyən yeniyetmə; evlənməmiş gənc”. Söz göstərilən mənada “Bamsı Beyrək boyu”nda Beyrək haqqında deyilmiş boz oğlan ifadəsinin tərkibində 2 yerdə keçir. Drezden və Vatikan nüsxələrinin hər ikisində işlənmişdir: Bu məhəldə ərənlər meydanınuñ arslanı, pəhləvanlaruñ qaplanı boz oğlan yetdi (D. 72)- Bu məhəldə ərənlərüñ arslanı boz oğlan yetdi (V. 23); Boz oğlan babasınuñ evinə gəldi (D. 73)- Boz oğlan evlərinə babası yanına gəldi (V. 24). F. Zeynalov-S. Əlizadə və S. Özçelik istisna olmaqla əksər naşirlər bu ifadəyə izah verməmiş, O. Ş. Gökyay, F. Zeynalov-S. Əlizadə, S. Tezcan- H. Böhöten, S. Özçelik, M. S. Kaçalin boz oğlan ifadəsini mətndə böyük hərflə yazmış, deməli, onu şəxs adı kimi qəbul etmişlər. İlk dəfə olaraq F. Zeynalov- S. Əlizadə bu ifadə üzərində ayrıca dayanmış və “Boz oğlan boz atlı Beyrək mənasındadır” şəklində qısa bir şərh vermişlər ( Zeynalov- Əlizadə, 151). Bu izah, çox güman ki, boz sözünün abidədə əksərən at sözü ilə birlikdə (ağ-boz at, boz atlu, boz ayğır və s.) bağlı işlənməsi faktı ilə ortaya çıxmışdır. 1997-ci ildə nəşr etdirdiyimiz bir məqalədə biz bu fikrə qarşı çıxaraq boz sözünün burada “yeniyetmə, evlənməmiş gənc” mənasında işləndiyini göstərmiş, türk dilləri materiallarına və bu sözün eyni mənada Naxçıvan dialektində işlənməsi barədə professor M. İmanovun bizə verdiyi şifahi məlumata istinad etmişdik (Zahidoğlu, 139-140). Bundan səkkiz il sonra 2005-ci ildə S. Özçelik “Dədə Qorqud”a həsr olunmuş iri həcmli tədqiqatında boz oğlan ifadəsinin Türkiyənin şərq və cənub-şərq bölgələrində adları bilinməyən uşaqlara müraciətlə söyləndiyini göstərmişdir: “Günümüzde, Doğu ve Güneydoğu Anadolu bölgesinde, adları bilinmeyen çocuklara gelişigüzel ‘bozo’ veya ‘boz oğlan’ diye seslenilir. Bu kullanım, çocuğun ten veya saç rengiyle ilgili degildir; ayrıca yetişkinler için kesinlikle kullanılmaz. Nitekim, Derleme Sözlüğü 748-749’da boz kelimesinin ‘okumamış, olgunlaşmamış, basit adam’ anlamında, bozalak kelimesinin ise, ‘çalının taze sürgünü, yaprak tomurcuğu, taze mısır koçanı’ anlamlarında kullanıldığı tesbit edilmiştir” (Özçelik. Notlar, 140). F. Zeynalov-S. Əlizadə nəşrində boz oğlan ifadəsinin “boz atlı Beyrək” mənasında işlənməsi barədəki şərhi qəbul etmək mümkün deyil; çünki bazırganların Beyrək üçün gətirdikləri boz atı kafirlər qarət etmişdilər və boz at Beyrəgə təqdim edilməmişdi. Buna görə də Beyrək hələ boz atlı ləqəbiylə tanınmamışdı. İfadənin tərkibindəki boz sözü “yeniyetmə, evlənməmiş gənc” mənasında bir sıra qaynaqlarda qeydə alınmışdır. V. V. Radlov qırğız dilində boz ki:z “yeni keçə”, boz üy “yeni ev”, boz bala “gənc oğlan” birləşmələrinin, habelə qara qırğız dilində boros “subay”1sözünün işləndiyini göstərir (Radlov, IV, 2, s. 1682). L. Budaqov boz sözünün boz bala birləşməsinin tərkibində “gənc, gənc oğlan (otuz yaşına qədər)” mənası bildirdiyini qeyd edir (Budaqov, I, 279). Müasir türk dillərinin bir çoxunda boz sözü dastandakı mənada boz bala , boz yigit birləşmələrinin tərkibində işlənir: uyğur. boz bala “yeniyetmə, gənc”, boz jigit “evlənməmiş bikar gənc”; qazax., qaraqalpak. bozbala “gənc”; özbək. boz bola, boz yigit “yetkinlik yaşına çatmamış gənc oğlan (özbək dilində boz sözünün sinonimi kimi yaş sözü də işlənir); qırğız. boz bala “yeniyetmə, gənc oğlan” və s. Bizə belə gəlir ki, boza (altay), buza (türk. dial.), bo:zu, buzağı, buzavı, bızağu, buzak, buzav, buzov “buzov” sözü də boz “yetkinlik yaşına çatmamış, gənc” sözü ilə bağlıdır. Boz sözünün etimologiyası haqqında iki fikir irəli sürmək mümkündür: 1. Söz rəng bildirən boz leksik vahidinin semantik inkişafı, məcazi məna kəsb etməsi nəticəsində meydana gəlmişdir: “rəngi açıq bilinməyən, qarışıq rəngli”→ “xasiyyəti bilinməyən gənc” → “yetişməmiş, yetkinlik yaşına çatmayan və özünü tam şəkildə göstərə bilməyən gənc”. 2. Söz bəzi türk dillərində işlənən boy leksik vahidi ilə bağlı olub y~z dəyişməsi nəticəsində yaranmışdır. Karay dilində boy yigit “evlənməmiş, subay oğlan”, boy kız “ərə getməmiş, subay qız” ifadələri vardır. Boydon “subay” (alt.), boydak “subay” (noqay., karay.) və s. sözlər də bu kökdən yaranmışdır. Bu etimologiyaların hər hansı birinin üzərində dayanmağa çətinlik çəkirik. Çətinlik çəkmədən yalnız bunu söyləyə bilərik ki, “Kitabi-Dədə Qorqud”da boz oğlan ifadəsinin tərkibində işlənmiş boz sözü “adı bilinməyən yeniyetmə, yetkinlik yaşına çatmamış oğlan” mənası bildirir. Beyrəyin 15 yaşını doldurub 16 yaşına girməsi faktı da buna açıq sübutdur:.
Do'stlaringiz bilan baham: |