Sarmur - “sayıqlayaraq yuxudan oyanmaq” . Söz Drezden nüsxəsinin II boyunda bir yerdə keçir: Gecə yaturkən Qaracuq Çoban qara qayğulu vaqiə gördi. Vaqiəsindən sarmurdı سرمردی , örü turdı. Qıyangüci, Dəmürgüci - bu iki qardaşı yanına aldı, ağıluñ qapusını bərkitdi. Üç yerdə dəpə kibi taş yığdı. Ala qollı sapanını əlinə aldı (D. 39). Vatikan nüsxəsində bu feilin yerində bəliñlə - “qorxmaq” feili işlənmişdir: Gecə yaturkən Qaracıq Çoban qara qayğulu düş gördi. Bəliñləyü َبلِکْلَیُو örü durdı. Qıyangüci, Dəmürəkciyi _ iki qardaşını yanına aldı, ağıluñ qapusını bərkitdi. Üç yerdə dəpə kibi taş yığdı. Ala qollı sapanını əlinə aldı (V. 55).
“Tarama sözlügü”ndə iki oxunuş varıantı ilə (sərmür - / sarmur -) sarmur - feilinə aid “Kitabi-Dədə Qorqud”dan və Aşik Paşanın “Qəribnamə”sindən nümunələr verilmişdir: Gecə yaturken Karacıq Çoban kara kayğulu vâkıa gördi. Vâkıasından sarmurdı, örü turdı (D. 39); Meger, hanum, ol gece kalın Oğuzuñ devleti, Bayındır xanuñ güyegüsi Ulaş oğlı Salur Kazan kara kayğulu vâkıa gördi. Sarmurdı, örü turdı (D. 42); Kan Turalı sarmurdı, uyandı, örü turdı (D. 192); Oğlan sarmurdı, örü turdı (D. 267); Durdı hatun döşeğinden sarmuru / İçi kaynap gözleri yaş tormuru (Garibname, XIV) (TS, V, 3320). “Qəribnamə”dən gətirilmiş nümunədə qafiyə sözlərə görə (sarmuru - tormuru) qalın oxunuş variantı üstünlük qazanır. O. Ş. Gökyay da sarmur - oxunuş variantını seçmişdir (Gökyay, 276). Digər tədqiqatlarda bu feil, başlıca olaraq, sərmür - şəklində, incə saitlərlə oxunmuş və “uykudan sıçrayıp durmak, sıçrayıp uyanmak” (M. Ergin), “uykudan birdenbire sıçrayarak uyanmak, sayıklayarak uyanıvermek” (TS, V, 3320), “hövlnak” (SƏ – sərmər - ) mənalarında izah olunmuşdur. Sarmur - / sərmür - sözünün “yuxudan sıçrayaraq durmaq” şəklində izahı bu sözün işləndiyi kontekstin məzmununa uyğun gəlmir: Gətirilən bütün nümunələrdə sarmur - feilinin işləndiyi cümlədən sonra ya durmaq, ya da örü durmaq “ayağa durmaq” sözləri işlənir. Bu isə sarmur - feilinin məzmununda “ayağa durmaq” mənasının olmamasını göstərir. Həmin fakta əsasən sarmur - feilinin mənasını “sayıqlayaraq yuxudan oyanmaq” şəklində dəqiqləşdirmək lazım gəlir. Sarmur - feilini abidədə işləndiyi forma əsasında morfoloji quruluşuna görə təhlil etmək və etimologiyasını müəyyənləşdirmək qeyri - mümkündür; sar kökünün feilin ümumi mənasına uyğun gəlməməsi (habelə - mur şəkilçisinin feil yaradıcılığında analoji paralelinin olmaması) bu feilin izahı üçün ciddi maneə kimi ortaya çıxır. Bizim fikrimizcə, sarmur - feili səs təqlidi mənşəli sañra - / sañrı - “sayıqlamaq, öz - özünə rabitəsiz söylənmək” feilindən yaranmışdır; feilin kökü sañ və ondan yaranmış sañır yamsılamasıdır, - a / -ı / - u səs təqlidi sözdən feil düzəldən şəkilçidir: sañır + - ı → sañrı - (və ya sañır + u → sañru -) . Həmin feilə M. Kaşğarlı lüğətində sanrı - “sayıqlamaq” şəklində təsadüf edilir (MK, III, 283). Feilin ilkin kökü sanqı / sañğı “sərsəm, axmaq, şaşqın” sözünün tərkibində qorunub saxlanmışdır: Kankısı ferşte vü arşte kankısı / Bilmeyendir işbu halkın sankısı (Ga. XIV); Gör senin gönlün bularda kankıdır / Bu ikiden ayrı gönül sankıdır (Ga. XIV); Fâfliz: Sankı ve ahmak mânasına (Ni’meti. XVI); Serasime: Hayran ve sergeşte ya’ni sankı ve başı dönmüş (Ni’meti. XVI); Serasime: Hayran ve sañğı olan kimesne (Deş. XVI) və s. (TS,V, 3304). Sonrakı mərhələdə söz ortasında ñ > m dəyişməsi nəticəsində sañrı - / sanrı - feilindən samrı - / samru - / samra - “sayıqlamaq” forması yaranmışdır. Bu formaya aid “Tarama Sözlüğü”ndə “sayıqlamaq, öz - özünə anlaşılmaz sözlər söyləmək, rabitəsiz və qarışıq sözlərlə dodaqaltı danışmaq” mənasında bir sıra nümunələr verilmişdir: İrtibâk: Havfdan söylerken dil samraşmak (Bab. XVI); El - mütegamgım: Sözü genzi içinden söyleyici ve samrayarak söyleyici kimesne (Terceman. XV); Hecr: Bir kimse samırdamak ve karış muruş söz söylemek (Terceman. XV). Həmin mənbədə eyni kökdən yaranmış samur - samur / samur - somur “abuk sabuk, saçma - sapan”, samur - samur samranmak “titizlenip söylenmek”, samırtı “hımırtı, sayıklama tarzında çıkarılan ses” formaları da əks olunmuşdur: Sersâm: Seme ve dimağ veremi ki perdesi şişer samur samur söyler (Ni‘meti. XVI); Sersâm: Ol marazdan ki dimağın perdesi şişer samur somur söyler (Cam. Fa. XVII); Erbab - ı fünûn gibi samur - samur samranur (Şeref. XVI); Mellâh samırtı işitti, eyitti... (Ferec. XV) (TS, V, 3291 - 3292). Samırdamak, samırtı sözlərində yalnız yamsılamalarla bağı olan şəkilçilərin işlənməsi, habelə samur - samur samranur ifadəsi samrı - / samru - / samra - felinin səs təqlidi mənşəli olduğunu açıq şəkildə sübut edir. Bu sözlərə türk dili dialektlərində də tez - tez rast gəlinir: samıra - “sayıklamak, uykuda homurtulu ses çıkarmak”, samırda - “uyku ya da hastalık sebebiyle söylenmek, homurdanmak, sayıklamak”, samırtı “gürültülü ses, yüksek sesle konuşma”, samra - “uyku ya da hastalık sebebiyle söylenmek, homurdanmak, sayıklamak”, samrımak “uyku ya da hastalık sebebiyle söylenmek, homurdanmak, sayıklamak”, samura - “uyku ya da hastalık sebebiyle söylenmek, homurdanmak, sayıklamak”, samur - “uyku ya da hastalık sebebiyle söylenmek, homurdanmak, sayıklamak, anlamsız konuşmak, saçmalamak”, samurtlamak “uyku ya da hastalık sebebiyle söylenmek, homurdanmak, sayıklamak, anlamsız konuşmak, saçmalamak” (Zulfikar, 608 - 609). Türkməncədə samra - “sayıqlamaq, öz-özünə anlaşılmaz sözlər söyləmək” feili ilə yanaşı, bu feilin kökü ilə eyni mənşəli samaxılla - “boş-boşuna danışmaq, goplamaq”, sammık (< samrık) “gəvəzə, axmaq”, sammılda - “boş-boşuna danışmaq, gəvəzəlik etmək”, samrak “gəvəzə, boş - boş danışan”, sam - sam “çox danışan (adam) ”, samsık “axmaq”, samsılda - “sayıqlamaq, öz - özünə anlaşılmaz sözlər söyləmək”, samırda - “sayıqlamaq, öz-özünə anlaşılmaz sözlər söyləmək”, samırdı “sayıqlama, gəvəzəlik”, samır - samır “sayıqlamanı və uzun zaman boş-boş danışmanı, gəvəzəliyi bildirən təqlidi söz”, samır - sumur “qısamüddətli boş-boş danışmanı bildirən təqlidi söz” leksik vahidləri işlənməkdədir (TRS, 562 - 563). “Kitabi-Dədə Qorqud”da və başqa yazılı abidələrdə işlənmiş sarmur - feili məhz bu samur / samır formasından yaranmışdır. Bu prosesi iki şəkildə izah etmək mümkündür: 1. Samur (< sañur / sanur) yamsılamasından - u şəkilçisi vasıtəsi ilə sam(u)ru - , həmin formadan - l şəkilçisi ilə qayıdış mənalı samrul - feili düzəlmiş, söz metatezaya uğrayaraq sarmul - , son mərhələdə isə r→l assimilyasıyası nəticəsində sarmur - şəklini almışdır. 2. Sarmur - feili mənanı qüvvətləndirmək məqsədi ilə birbaşa səs təqlidi mənşəli samur - feilinə r samitinin artırılması nəticəsində yaranmışdır. Müq. et: tap - tarp, çat - çart, pat - part, çıt - çırt, xıt - xırt, gup - gurp və s. Birinci ehtimalın zəif cəhəti səs təqlidi mənşəli feillərə qayıdış növ şəkilçisinin artırılmasındakı çətinliklə bağlıdır. Söz ortasında kipləşən qoşa dodaq m samitinin önünə r samitinin artırılması səs təqlidi mənşəli tormur - “tumurcuqlanmaq” , yormur - “hönkürmək” feillərində də müşahidə olunur. Bu cəhətə görə ikinci ehtimala üstünlük vermək lazım gəlir.
Do'stlaringiz bilan baham: |