Key words: Kitab-ı Dede Korkut, Oguzs, Life of Turcs, Enciclopaedie, Etnografy.
Reyhan Məcidova
Aygün Xəlilova
AMEA Şəki Regional Elmi Mərkəzi
e-mail: mecidova.reyhan@mail.ru
“KİTABİ-DƏDƏ QORQUD” EPOSUNDA TƏBİƏT VƏ İNSAN KONSEPSİYASI
Özət
“Kitabi-Dədə Qorqud” eposu ulu əcdadlarımızın etik, əxlaqi, milli-mənəvi və bəşəri dəyərlərini özündə təcəssüm etdirən və daim öz təravətini qoruyub saxlayan ən qədim ədəbi-bədii sənət abidəmizdir. Bu abidə uzun illər ərzində oğuz türklərinin yaşamaq uğrunda istər məişət, istər təbiət hadisələri zəminində, istərsə də öz torpaqlarını yadellilərdən müdafiə zamanı vuruşlarda müşahidə edilən xəsarət və yaraların müalicəsində müvəffəqiyyətlə tətbiq edilən şəfaverici bitkilər də daxil olmaqla özündə əks etdirən təbii amillərlə zəngindir. Boylardan birində təsvir olunan Qaraca Çoban yaralanan zaman yapıncısından hazırladığı qurumsunun yarasına basılması, yaxud da gəlinlərin əllərini biləkdən aşağı xına ilə boyamaları da burada təbii bitkilərdən istifadənin genişliyini təsdiq edir.
Açar sözlər: dağ kultu, su kultu, ağac kultu, ana südü, inanc, ritual
Müasir elmi təbabət minilliklərdən soraq verən, bəşər sivilizasiyasının ilkin mərhələlərində meydana gələn xalq təbabətinin rüşeymlərindən qidalanaraq, uzun illər ərzində tarixi təşəkkül prosesi keçərək indiki mərhələsinə gəlib çatmışdır. Hələ e.ə. I əsrdə yunan alimləri Horatsi və Dioskorid “Dərman vasitələri” adlı əsərdə bitkilər əsasında hazırlanmış dərmanların Aralıq dənizi ölkələrinə məhz Qafqazdan gətirildiyini bildirirlər. Hətta “Təbabətin atası” Hippokrat Qafqaza səyahət edərkən xalq təbabətinə aid çoxlu faktlar toplamış və bu barədə geniş qeyd etmişdir.
Herodot “Tarix” əsərində yazır: “Qafqazda müxtəlif tayfalar yaşayır və onların çoxu cır ağac meyvələri ilə dolanır. Belə deyirlər ki, bu ölkədə qəribə yarpaqları olan ağaclar var. “Eyni zamanda onlar bu yarpaqlardan rənglər düzəldərək onu toz halına salır, suyla qarışdırır, sonra da paltarların üstünə naxışlar çəkirdilər ki, bu naxışları su yuyub aparmırdı” [5, 89]. Otlardan istifadə edərək ətirli maddələr, qətranlar, boyalar hazır edərək məişətdə geniş istifadə etdiklərini qeyd edir. Dastanda təsvir edilən bağçılıq və şərabçılıqla bağlı “...Ol tağlarumızda bağlarumız olur, ol bağların qara salxımları, üzümi olur. Ol üzümi sıqırlar, al şərabı olur...” ifadələri də meyvələrdən geniş istifadəni təsdiqləyir.
Eposda xüsusi önəm daşıyan cəhətlərdən biri də istifadə edilən bənzətmələrdə təbiət amillərinə istinad edilməsidir. Qadın gözəlliyini tərənnüm edərkən yanaqların qırmızı payız almasına bənzədilərək “Payız almasına bənzər al yanaqlım”, deyə müraciət edilməsi, ağızın badama bənzədilərək “qoşa badam sığmayan dar ağızlım”, deyilməsi, yerişin qaza, saçların qarğıya, eyni zamanda igidlərin cəsurluğunun aslana, qaplana bənzədilməsi və s. amillər insanların həyat tərzinin təbiət amilləri ilə sıx bağlılığına işarədir. Bundan başqa dastanda digər təbii bənzətmələrə də rast gəlinir. Çəmənə, ağaca, qara, suya, ota, ata və s. bənzətmələr olduqca maraqlıdır. Məsələn, “Qar üzərinə qan tammış kibi qızıl yanaqlım!” Ağacı müqəddəs hesab etmək, ağaca xitabən danışmaq da diqqətcəkici məqamlardandı. “Böyük-böyük suların köprisi ağac!”.
Andların yaranmasının kökü də tarixən mövcud olan inamla bağlıdır. Suyun, odun müqəddəsliyi sonralar “Od haqqı”, “Su haqqı” kimi andların yaranmasına səbəb olmuşdur ki, bu gün də bu andlar aktiv danışıq lüğətimizdə istifadə olunmaqdadır.. “Kitabda” işlənən xeyir-dualar, qarğışlar da birbaşa təbiət hadisələri, təbii amillərin bir parçası olaraq meydana çıxır. Burada daha çox dağa arxalanmaq və dağı müqəddəs hesab etmək, dağla bağlı alqış və qarğışlar da diqqət çəkən məqamlardandır.
Məlumdur ki, hələ qədimdən insanlar dağa arxalanmış və onu müqəddəs hesab etmişlər. Ulu əcdadların təsəvvüründə Dağ kultlaşdırılmış, insanları Yaradana bağlayan əsas vasitə sayılmışdır. “Qədim türk inancına görə, Dünya dağı üç qatdan ibarətdir: Altundağ (qızıl), Dəmirdağ (dəmir), Bakirdağ (mis)” [4, 3]. Hər üç halda dağlar ucalıq, paklıq, müqəddəslik rəmzi hesab edildiyindən onlara bənzədilmələr də dastanda çoxluq təşkil edir. Burada çox zaman dağ kultu su kultu ilə yanaşı işlənir ki, bunu da təsadüfi hesab etmək olmaz. Professor R.Qafarlı “Mif və nağıl” kitabında yazır: “Bir cəhət maraqlıdır ki, dastanda dağ əksər hallarda su ilə yanaşı işlənir. Bu məhz türk xalqlarının əski inamlarında özünü göstərən dünya sularının başlanğıcının başı qarlı uca dağlarda olması ilə əlaqədardır... “Bamsı Beyrək” boyunda ana oğlunun itkin düşməsini dağların yıxılması, çayların quruması ilə müqayisə edir: “Qarşıdakı uca dağın yıxılmışdı, ucaldı axır! Coşqun axan gözəl suyun qurumuşdu, çağladı axır! Yaxud “Qan-qadalı irmaqlar quruyubdur suyu gəlməz!.. Burada, su həm dağıdıcı, həm də xilasedici rolundadır, dağ isə yalnız yeni həyatın mənbəyi kimi çıxış edir” [10, 39-40].
Bundan başqa dağ, su, ağac kultlarının bərabər işlənməsi də təsadüfi deyil. Çünki dağ əzəmət, ağac yaşıllıq olaraq düşünülərsə, onda bu əzəmətli dağların yaşaması və yaşıllıqlara bürünməsi həyat rəmzi olan su kultunda davam etdirilməlidir ki, bu da dastanda bədii boyalarda öz əksini tapmışdır.
Görkəmli mifoloq M.Seyidov daşa inanmanın səbəbini izah edərkən L.Y.Şternberqin fikirlərinə istinadən yazıır: “L.Y.Şternberq bunu türk xalqlarının əkinçiliklə məşğul olması ilə bağlayır. Biz L.Y.Şternberqin fikirlərinə şərikik. Ancaq bu başdan yazaq ki, araşdırıcının fikri tam deyil, yarımçıqdır. Doğrudan da, su, yağış real şəkildə başlıca olaraq dağla bağlıdır. Türk xalqlarının inamlarında, mifologiyasında yağış-su dağla birgə düşünülmüşdür... türk xalqları başlıca olaraq dağlar ölkəsində, dağlar arasında yaşamış və buna görə də dağı mifikləşdirmiş, dağ ruhu, dağ kultu, dağ tanrısı yaratmışdır” [9, 253-254].
Buna görə də yaralanan zaman oğuz igidinin yarasını məhz dağ çiçəklərini ana südünə qatıb sarımaqla müalicə edirlər. Oğuz igidi Buğac yaralanan zaman boz atlı Xızır gəlib başının üstündə durur və “Bu yaradan sənə ölüm yoxdur. Dağ çiçəyi ilə ana südü sənə dərmandır” deyir. Dastanda yalnız dağ çiçəklərinin deyil, həm də ana südünün faydaları diqqəti cəlb edir. Yaraya otların məhz ana südüylə qarışdırılıb məlhəm kimi çəkilməsi də təsadüfi deyil. Bildiyimiz kimi, ana südü möcüzəvi faydalara malikdir. Heç də təsadüfi deyil ki, ana südüylə qidalanan körpələr daha sağlam immunitetə malik olurlar. Ana südü bədəni möhkəmləndirir. Fikrimizcə, dastandakı həmin epizodda südün də çiçəklər qədər şəfaverici qüvvəyə malik olduğu diqqətə çatdırılmışdır. Hətta “Qurani-Kərim”in Əl-Bəqərə surəsinin 233-cü ayəsində də ana südünün körpə üçün vacibliyi qeyd olunur. İslam dininin hüququna görə analar övladlarına ən az 2 il süd verməlidirlər.
Ana südünün dəyərinin daha bir sübutu da folklorumuzda öz bədii əksini tapmışdır. “Südlə gələn sümüklə çıxar”, “Halal süd əmmiş”, “Ananın südü halal olsun” kimi deyimlərimizdə bir daha bu dəyərin şahidinə çevrilirik.
Yeri gəlmişkən bunu da qeyd etməliyik ki, “Kitabi-Dədə Qorqud” dastanında dağ, su, at və s. maddi varlıqlara inancların olmasına baxmayaraq, “Qurani-Kərim”lə bağlı parçalara da rast gəlirik. Məsələn, Qazlıq Qoca oğlu Yeynəyin dili ilə söylənilmiş bir parçada Allah təalanın sifətləri vəsf edilmişdir.
Ucalardan ucasan, uca tanrı!
Kimsə bilməz necəsən, görklü tanrı!
Sən anadan doğmadın,
Sən atadan olmadın,
Kimsə rizqin yemədin
Kimsəyə güc etmədin
Qamu yerdə əhədsən,
Allahü Samədsən...[13, 152; 14, 121]
Bu parçaya diqqətlə nəzər yetirdikdə onun bütünlükdə Quranın “İxlas” surəsinin bədii tərcüməsi olduğunu görürük.
Bunlara əsaslanaraq deyə bilərik ki, professor Əzizxan Tanrıverdi “Kitabi-dədə Qorqud”da cəmiyyət təbiətlə, maddi varlıqlar mənəvi aləmlə ünsiyyətdə verilir. Zaman-məkan dəyişmələrinin nizamı, ardıcıllığı, vəhdəti, bəzi hallarda uyğunsuzluğu bir elin baxış bucağından görünsə də, dinindən, əqidəsindən, irqindən, cinsindən, milliyyətindən asılı olmayaraq yer üzündə yaşayan bütün insanların ruhunu oxşayır [3; 29] qənaətindədir.
Bu ünsiyyət anaya, övlada, torpağa, qadına məhəbbət fonunda cərəyan edərək bütünlüklə dastanın aparıcı qüvvəsinə çevrilir. Ananın müqəddəsliyi xüsusi qabardılaraq göz önünə çıxarılır, türk qadınının qeyrəti dünyaya bəyan olur. Dastanda oğuz qadınları həm də ona görə müqəddəsdirlər ki, analıq hissinin qüdrəti ilə hətta Təpəgöz kimi vəhşiyə süd verirlər. “Dastan”da övladı dara düşən zaman süd damarı sızıldayan da anadır, ah çəkib dağlara lənətlər yağdıran da.
Professor Əzizxan Tanrıverdinin qənaətinə əsaslanaraq deyə bilərik ki, analar dünyaya gətirdiyi övlada süd verir, onun böyütdüyü oğul məhz ananın südüylə ölümün amansız pəncəsindən xilas olur, eyni zamanda ana öz südünü vəhşidən belə əsirgəmirsə, deməli məhz bu cür detallara görə dastanda ana Tanrıya bərabər tutulur. “Ana haqqı, Tanrı haqqı” hesab olunur. Müqəddəs türk qadınının ən gözəl nümunəsi Burla Xatunların, Banu Çiçəklərin timsalında bütün dünyaya səs salır. Bu səs müqəddəs qopuzun simlərində davam edərək ulu Qorqud Dədənin müdrik sözlərilə birləşərkən daha bir möhtəşəmliyə öz imzasını atır. Çünki türk əvvəlcə qopuzu, sonra dəmiri kəşf edib. Ağacdan oyma vasitəsilə musiqi alətləri düzəldib, sözə, saza hörmət də elə o vaxtdan başlayıb. Bu baxımdan “Qopuz müqəddəsdir” kəlamının anlamı da olduqca böyükdür. Tut ağacından oyulmaqla hazırlanan qopuzun müqəddəs hesab edilməsi ağaca olan xitabda da öz əksini tapmışdır, “ Məkkə ilə Mədinənin qapısı ağac”.
Dastanda qeyrət rəmzi sayılan canlı varlıqlar olan atlar da özünəməxsus yer tutur. Atlar igidlərə dəyərli hədiyyə kimi təqdim olunur, bundan sonra at sədaqətli yoldaş və hətta qardaşdır. Oğuz igidi yaralandıqda atının quyruğu kəsilir, öldükdə isə atı öldürülür [3, 32]. Oğuz elinin qəhrəmanları üçün söylənilən “Qonur atın yiyəsi” ifadəsində isə bir növ hərbi mənsubiyyətə işarə edilir. Sanki qəhrəmanın atının rəngi onun hansı rütbədə olduğunu göstərir.
Dastanda işlədilən “at ağızlı Uruz qoca” ifadəsində istifadə edilən “at ağızlı” söz birləşməsi güc, qüdrət mənasında təqdim edilmişdir.
Eyni zamanda Azərbaycanda ata bağlılığın bir nümunəsi də ölülərin atın dərisinə bükülməklə dəfn edilməsi idi. İnanca görə, bu, o biri dünya ilə əlaqə yaratmaq demək idi. Arxeoloq Nəsib Muxtarovun aşkar etdiyi “Qaxda yerləşən Sarıca-Minbərək adlı ilkin yaşayış məntəqəsində b.e.ə. IV minilliyə aid kurqan aşkarlanmış, hansı ki, burada meyiti kəfən əvəzinə, at dərisinə büküb dəfn etmişdilər” [2, 10] ki, bu da həmin inancla birbaşa bağlıdır. Belə ki, kurqanda dəfn olunan ölü, körpənin ana bətnində yerləşdiyi şəkildə dəriyə bükülərək dəfn edilmişdir ki, bu da qədim türk tayfalarının totemist təsəvvürlərindən xəbər verir. Ölünü bu şəkildə dəfn etməklə onu yaradıcısına qovuşdurduqlarına inandıqları kimi onun o biri dünyada atın hamiliyi ilə şər qüvvələrdən qorunacağına da inanırlar.
Bu faktlar sübut edir ki, ata bağlılıq, inam və atla bağlı ritualların keçirilməsi “Kitabi-Dədə Qorqud”dan öncə mövcud olmuş, ondan sonra da əsrlərlə davam etmişdir ki, bütün bunlar müasir ədəbiyyatımıza da təsirsiz ötüşməmiş və əsərlərdə öz bədii əksini tapmışdır. Y.V.Çəmənzəminlinin “Qızlar bulağı” romanında həmin inanc və ritualla bağlı maraqlı səhnə – bir şahzadənin dəfn olunması təsvir edilmişdir. Orada oxuyuruq: “O biri gün şahzadənin dəfn mərasimini keçirdik. Qullar iyirmi addım uzunu, iyirmi addım enliyində iki adam boyu bir yer qazdılar. Dibinə söyüd yarpaqları döşəndi. Şahzadənin çadırı bütün məxəlləfatı ilə buraya yerləşdirildi. Meyiti geyindirib silahları ilə bərabər yatağına uzatdılar, çadıra gətirdilər. İrəliki gün diz çökən on səkkiz qız Alpatay adlı çopur cəllad tərəfindən bir-bir boğulub öldürülmüşdü. Bunları da şahzadənin ətrafına düzdülər. Şahzadənin atı boğulub çadırın qapına bağlandı” [12, 453-454].
Naxçıvanda olan inanca görə əgər bir evdə ardıcıl iki nəfər vəfat etmişsə, həmin evin həyətində mütləq qurban kəsilir və qurban kəsilən heyvanın əti tamamilə paylanılır. Yalnız qurbanlıq heyvanın qabaq ayağının dırnağı, dərisindən kiçik bir parça və boyun sümüyünün bir hissəsi (qurdyeməz) götürülərək həmin həyətdə dəfn edilir. İnanca görə bu ritual həmin evdə daha bir ölümün qarşısını almaq məqsədi güdür.
Bu cür inanc və ritual, həmçinin qədim Misirdə də həyata keçirilirdi. Lakin orada bu bir qədər fərqli idi. Onlar ölünü deyil, onu dəfn edən kahini öküz və ya inək dərisinə bürüyürdülər ki, bununla da kahin özünün kamilləşdiyini zənn edirdi. Misirlilərin təsəvvürünə görə dərinin içərisinə girib çıxan insan yenidən doğulur. Onlar allahların da bu cür doğulduğunu düşünürdülər.
Bu da maraqlı bir faktdır ki, qurbankəsmə də “ölünün dəriyə bükülməsi” ritualından yaranmışdır. Belə ki, inanca görə qurban kəsilən heyvanın qalan ömrü ölüyə bağışlanırdı.
Beləliklə, dağ, at, su, ağacın kultlaşdırılması ilə bağlı bir ümumiləşdirmə aparsaq, bunu deyə bilərik ki, türklər dağı tanrı hesab etdikləri üçün dağ çiçəklərini də ana südü qədər müqəddəs bilirlər. Türk at belində döyüşüb ad qazanıb, atı ən yaxın dostu, hətta qardaşı hesab edib. Suyu əcdadı hesab edərək suya tapınan, yuxularını suya danışan, ağrı-acısını suyla bölüşən də türkdür. Onun üçün su həyatın özü, mənbəyidir, buna görə də su ilə bağlı “Su həyatdır” kimi bir sıra deyimlər yaratmışdır; və nəhayət, ağacı da əcdad kimi dəyərləndirən türk ona sığınaraq dərdini ağacla bölüşmüş və beləcə ondan kömək istəmişdir.
“Dastanda” təbiətlə bağlı peyzajların verilməsi də insanların təbiətlə sıx təmasının nəticəsi olaraq meydana çıxır ki, bu da maraqlı və orijinaldır. Burada Qanturalla Selcan xatunun dərin məhəbbəti təbiətin gözəlliyi ilə vəhdətdə verilir. “Qanturalı baqdı gördi bu qonduğu yerdə quğı quşları, turnalar, turaclar, kəkliklər uçarlar. Souq-souq sular, çayırlar-çəmənlər... Selcan xatun bu yeri görklü gördi, bəgəndi...” [7; 255]
“Kitabi-Dədə Qorqud”da işlənən ağılar da xüsusi vurğulanmalıdır. Burada səslənən “Axar sənin suların, Qazlıq dağı, axar ikən axmaz olsun! Bitər sənin otların Qazlıq dağı, bitər ikən bitməz olsun!” misralarını xalq yazıçısı Anar nəinki türk, hətta dünya ədəbiyyatının ən nadir inciləri hesab edərək yazır: “Bu misralar oğlunun ölüsünü-dirisini axtaran ananın qarğışlarıdır. Buğacın anasının sözləri də Boyu uca Burla xatunun oğlu Uruza ağıları kimi yüksək poeziya örnəkləridir və bədii təsir gücünə görə dünya ədəbiyyatının ən uca zirvələriylə tən durur. Burla xatunun ağrılarının siqlətini, “İqor polku dastanı”nda Yaroslavlanın ağlayışıyla tutuşdurmaq olar”. [1; 83-84]
Bütün boyların sonluğu eyni olub, ozanın tərifi və xeyir-duası ilə bitir. “Yerli qara daşların yıxılmasın. Kölgəlicə qaba ağacın kəsilməsin. Qamən axan görklü (axar-baxarlı) suyun qurumasın. Çaparkən ağ-boz atın büdrəməsin. Çalışında qara polad üz qılıncın kütəlməsin”. “Köyür düyü” kimi ifadələrdə təbii amillərə istinad özünəməxsus yer tutur.
Eposun dilində Dədə Qorqud tərəfindən işlədilən sözlər daha maraqlıdır: “Gəlinə ayıran, ayrana doyuran, iynəyə tikan, tikana sökən demədim”, “Kül təpəcik olmaz, əski pambıq bez olmaz”, “At yeməyən acı otlar bitincə bitməsə yaxşıdır”, ifadələri mənalı olmaqla yanaşı, həm də təbiətə bağlılığı əks etdirir.
Qənaətimiz belədir ki, Azərbaycanın gözəl təbiətini, zəngin flora və faunasını özündə əks etdirən “Kitabi-Dədə Qorqud” eposu, dağ, ağac, su, bitki, heyvan kimi təbii amillərin təcəssümü baxımından olduqca maraqlı bir sənət abidəsidir. Burada saf məhəbbət və dostluq da var, düşmənə qarşı qəzəb və nifrət də, sədaqət də var, xəyanət də. Dastanın əsas rəmzi olan ağ saçlı, ağ saqqallı, əli qopuzlu Qorqud Dədənin insanlara barış və sülh çağırışı isə bu diqqətin son akkordları olub bu gün də öz aktuallığını qoruyub saxlayan ən gözəl nümunədir.
Do'stlaringiz bilan baham: |