Açar sözlər: “Dədə Qorqud kitabı”, Qayı, İç Oğuz, Dış Oğuz
Oğuz türklərinin tarixi, həyatı, adət-ənənəsi, əxlaqı, məişəti, yaşam normalarını özündə əks etdirən “Dədə Qorqud kitabı” 200 ildir ki, tədqiq olunur. Bu 200 ildə bir çox alimlər dastanı tədqiq etmişlər, lakin dastanın sirr dolu məqamları hələ də qalmaqdadır. Dastanda gizlənmiş sirli həqiqətlər nə qədər araşdırılırsa, tədqiq olunursa, bitmək bilmir ki, bilmir. Hər bir araşdırma bizə dastanla bağlı bu və ya digər həqiqətləri aşkarlayır, lakin özümüz də bilirik ki, dastanla bağlı aşkarlanacaq həqiqətlər hələ tükənməyib, deyiləcək sözlər hələ bitməyib.
Dastanla bağlı bir müəmmalı, sirli məqam da var ki, o da dastanın müqəddimə hissəsində Dədə Qorqud tərəfindən deyilən: “Axır zamanda xanlıq geri Qayıya dəgə, kimsənə əllərindən almaya, axır zaman olub qiyamət qopunca” (1, 28) cümləsi ilə bağlıdır. Belə ki, dastanda Dədə Qorqud tərəfindən işlədilən və sanki havadan asılı qalan bu sözlər elə bil təsadüfi deyilmiş sözlərdir və dastanda cərəyan edən hadisələrin sonrakı inkişafına heç bir təsir göstərmir və heç nəyi dəyişmir. Amma, zənnimizcə, bu, zahirən belə görünsə də, əslində, heç də belə deyildir. Belə ki, əslində, bu sözlər çox böyük məna yükünə malikdir və dastanın sonuncu boyunda cərəyan edən hadisələr Dış Oğuzun İç Oğuza asi olması və onların arasında savaşın baş verməsi məsələsi də, məhz, birbaşa bu sözlərlə bağlıdır.
Bu məsələyə, Dış Oğuzun İç Oğuza asi olması və onların arasında savaşın baş verməsinin səbəbini fərqli şəkildə izah edən alimlər də vardır. “Dədə Qorqud” dastanlarının sirli dünyasına bizi ekskurs etdirən araşdırıcılardan biri olan akademik Kamal Abdulla özünün “Mifdən Yazıya və yaxud gizli Dədə Qorqud” kitabında dastanın üst qatında özünü göstərməyən, yaxud çox zəif şəkildə özünü göstərən hadisələri dastanın alt qatına nüfuz edərək çox uğurla bərpa etməyə çalışmışdır. K.Abdulla sözügedən kitabın “Mətnin semantik boşluqları” adlı III hissəsində yazır: “Konkret personajlar arasında üst qatda özünü göstərməyən və yaxud çox zəif şəkildə özünü göstərən münasibət və əlaqələr sanki mətndə semantik boşluqlar yaradır... Bu cür boşluqlar bizə elə gəlir ki, dərin, gizli qatda “nə iləsə” doldurulmuş kimidirlər və sadəcə olaraq onları, yəni dərindəki mövcud dolğunluğu üzdəki boşluqla, amma yeri görünən, özü barədə “söz” deyən, dəyəri olan boşluqla əlaqələndirmək, bunları bir-birilə bağlamaq lazımdır” (1, 301).
Müəllif toxunduğu və çox doğru olaraq müşahidə etdiyi semantik boşluqlardan biri olan dastanda Aruz Qoca və Salur Qazan arasındakı soyuq münasibətlərin nəticəsində İç Oğuzla Dış Oğuzun savaşması məsələsinin səbəbini özünəməxsus şəkildə izah etmişdir. Bu məsələyə münasibət bildirən K.Abdulla göstərir ki, İç Oğuzla Daş Oğuzu qanlı müharibəyə gətirən münaqişənin üzdə, formal qatda təqdim edilən səbəbi kimi Qazanın hər il evini yağmalatdığı (yəni Burla xatunun əlindən tutub evdən çıxıb Qalın (həm İç, həm də Daş) oğuz bəylərinə evindən nə istəsə aparmalarına icazə verdiyi) zaman bu adəti özünün pozması göstərilir. Yəni son dəfə yağmalatma törəninə Qazan Dış Oğuz bəylərini dəvət etmir. Nəticədə savaş baş verir. Müəllifə görə, bu savaşın əsl səbəbi isə dastanda verilən bir sualın cavabı ilə bağlı idi. Salur Qazanın evi yağmalandığı boyda bəylərə ova çıxmağı təklif edən Qazana Aruz belə bir sual verir: “Sası dinli Gürcüstan ağzında oturursan, ordun üstündə kimi qorsan?”. Qazan isə “Üç Yüz Yigitlən oğlum Uruz mənim evim üstünə dursun!” deyə cavab verir. K.Abdulla yazır: “Salur Qazandan aldığı cavab onu qane etməmişdi, qane edə də bilməzdi. Əvəzedən ola bilərdi ki, həmişəlik hakim olsun. Ən azı hakimiyyətə ən yaxın adam olsun. Qazanın başına bir iş gələrsə, hakimiyyət ona keçsin. Aruz Qoca özünün ordu başına qoyulacağına əmin idi. Verilən cavab sonralar aralarında münaqişə olacaq Salur Qazanla Aruz Qocanı bir-birindən bir addım aralayır, uzaqlaşdırır. Onları düşmən kimi üz-üzə qoyur. Bu gün bu məqam bizə məntiqli görünən, bəlkə də, yeganə səbəbdir” (1, 314).
Deməli, K.Abdullaya görə, dastanda baş verən savaş yağma zamanı Daş Oğuzun dəvətli olub-olmaması, onların bu yağmada iştirak edib-etməmələri ilə bağlı deyil, əslində mətndə aşkar görünməyən daha ciddi bir səbəblə bağlıdır. Bu da hakimiyyət davasıdır. Yəni Aruz əslində mövcud hakimiyyəti devirib özü xan olmaq istəyirmiş.
Bizim də fikrimizcə, dastanda baş verən savaş heç də yağma zamanı Daş Oğuzun dəvətli olub-olmaması, onların bu yağmada iştirak edib-etməmələri ilə bağlı deyil. Onların arasında baş verən savaş hakimiyyət davasıdır. Lakin Salur Qazanla Aruz Qocanı bir-birindən uzaqlaşdıran, onları düşmən kimi üz-üzə qoyan əsas səbəb heç də Salur Qazanın Aruz Qocaya verdiyi cavab deyildi, davanın əsas səbəbi daha əvvəldə qeyd etdiyimiz dastanın müqəddiməsində Dədə Qorqudun dilindən deyilən Qayı tayfası ilə bağlı olan sözlərdə gizlənmişdir.
Qeyd etdiyimiz kimi, sözügedən cümləyə “Dədə Qorqud kitabı”nın daha heç bir yerində rastlanmamaqdadır. Məzmunundan da göründüyü kimi, bu cümlədə söhbət axır zamanda xanlığın Qayıya çatacağından və qiyamətə qədər heç kim onu onların əlindən almamasından (və ya ala bilməməsindən) gedir. “Dədə Qorqud kitabı”nda bircə dəfə rast gəlinən və ilk baxışdan təsadüfi xarakter daşıdığı təsəvvür edilən cümlənin əsl mənası digər oğuznamələrə (Fəzlullah Rəşidəddinin “Oğuznamə”si və Əbülqazi Bahadır xanın “Şəcəreyi-tərakimə”sinə) nəzər saldıqda tam aydınlığa qovuşur. Belə ki, türklərin, əsasən, tarixini yazmaq məqsədi ilə qələmə alınan bu oğuznamələrdə bu cümlənin Dədə Qorqud tərəfindən deyilməsinin səbəbləri məlum olur. Bu əsərlərdə göstərilir ki, Oğuz xan dünyasını dəyişərkən hakimiyyəti Gün xana vəsiyyət etmiş və bu vəsiyyətində, ümumiyyətlə, hakimiyyətin Gün xana və onun nəslinə məxsus olacağını bildirmışdir. Kayı isə Gün xanın böyük oğlunun daşıdığı ləqəb tamğa, onqon idi. “Oğuznamə”də göstərilir ki, İrkıl Xoca Oğuzun 6 oğlunun 24 oğlunun hərəsinə bir rütbə, məşğuliyyət, ləqəb və ad (Kayı, Bayat, Alkaravlı, Qara Avul və s.) vermişdi ki, hər birinin bir nişanı və tamqası olsun, bununla onlar tanınsınlar və heç birinin digəri ilə bir savaşı olmasın, hər övlad öz yerini bilsin və hər qəbilədən olan hər kəs bu ləqəblə, nəslin adı ilə tanınırdı.
Qeyd olunan “Oğuznamə”lərdə göstərilir ki, Oğuz vəfat etdikdən sonra hakimiyyəti Gün xana vəsiyyət etdiyi üçün Gün xan 70 yaşında taxta çıxdı və elə bir o qədər də padşahlıq etdi. Gün xan dünyasını dəyişdikdən sonra onun vəsiyyətinə əsasən taxta Dib Yavqu xan çıxdı. O taxta çıxanda onun yaxın köməkçiləri (hacibləri) Salur boyundan (Uçoklardan) olan Ulaş və Ulad adlı ata və oğul idi.
Kurs Yavkuy onun naibi Alış (və ya Ulaş) Oklı Olsun idi, Koru Yasaq Yavquy xan, İnal Yavquy xan, yüz iyirmi il padşahlıq etdi, vəziri, naib və bəyləri Karu Koyu və Bayat Dədə Kerençik, Salurlardan olan Damtaq və yenə Salurlardan olan Oksi idi. Hər bir işi onlarla məsləhətləşirdi. Padşahlığı sona yetəndə yerinə İnalsır Yavkuy xan çıxdı. Onun vəzirləri Salurlardan Oksi Xoca və Yivalardan Taban Xoca idi. Ondan sonra taxta Kayı İnal çıxdı. Onun padşahlığı dövründə peyğəmbərimiz həzrəti Məhəmməd Musatafa əleyhissəlam zühur etmiş, bu hökmdar da Bayat Dede Kerençiki elçi sifəti ilə onun hüzuruna göndərmiş və müsəlman olmuşdu. Rəşidəddin yazır ki, bu Qorqud Bayat nəslindən olub Qara Xocanın oğlu idi. 295 yaş yaşamışdır. Çox ağıllı, bilikli və kəramət sahibi bir kəs idi... Onun gözəl sözləri, deyimləri və haqqında gözəl hekayətlər çoxdur (Xatırladaq ki, eyni fikirlər Əbulqazi Bahadır xanın “Şəcəreyi-tərakiməsin”də də var (4, 38)).
Daha sonra Rəşidəddin qeyd edir ki, İnal xanın atasının təyin etdiyi naiblər və köməkçilər öldülər. Onların yerinə Bayandurlardan olan Denker, İqdirlərdən Dönge seçildilər. Padşah ölənə qədər vəzirlik və naiblik bu iki şəxsdə idi. Kayı İnal öləndən sonra onun oğlu doğulur. Qorqud və Bayandur Denkerin oğlu Erki İnalın təzə doğulmuş oğluna Tuman adı qoyurlar. Qorqud ata deyir: “Padşahımız öldüyü vaxt hamı bilir ki, Erki onun qulluğunda idi və gözəl ad-sanı vardı. Çox dəyərli xidmətləri var. Onun haqqı daha çoxdur və zamanın və vəziyyətin hökmü belədir. Tuman xan çox kiçikdir və padşahlıq vəzifələrini yerinə yetirə bilməz. Padşahlıq bu uşağın adına yazılsın. O böyüyənə qədər onun adından bizlərə başçılıq etmək üçün indiyə qədər buna çox böyük haqq qazanmış Erkini onun naibi təyin etməliyik!”. Beləcə uşağı padşahlıq taxtına otuzdurdular, Erkini də ona naib seçdilər. Sonra Erki qızını Tuman xana verir və 32 il Erki oğuzda padşahlıq edir (2, 43).
Göründüyü kimi, Köl Erki Bayandurlardan olan Denkerin oğludur, yəni dastandakı Bayandur xandır (necə ki, Qayı tayfasından olanların hamısının adının əvvəlində Qayı sözü var, məsələn Qayı İnal və s., Qazanın da atasının adı Ulaşdır, amma Salurlardan olduğu üçün Salur Qazan adlanır). Rəşidəddin yazır ki, Bayandurlar və Salurlar İçokdandırlar (yəni İç Oğuzdandırlar). Və onlar Qayıdan deyillər, deməli, müvəqqəti hakimiyyəti idarə etməkdədirlər. Müqəddimədə də yazılır ki, Dədə Qorqud deyir: “axır zamanda xanlıq geri Qayıya dəgə, kimsənə əllərindən almaya, axır zaman olub qiyamət qopunca”. Sözlərdən məlum olur ki, Oğuzda hakimiyyət Qayı tayfasında olmalıdır. F.Rəşidəddinin “Oğuznamə”sinə nəzər saldıqda görürük ki, Salurlar da (hansı ki, Ulaş oğlu Qazan) heç Qayı tayfasından deyil, İçoklardandır (İçok – İç Oğuz əslində eyni anlayışlardır). Bayındır xan da böyük ehtimal ki, Oğuzun oğlu Gök xanın oğlu Bayandurlardandır – İçoklardandır (2, 40). Məntiqlə hakimiyyət bunlarda – İç Oğuzda (İçoklarda) olmamalıdır. Əslində, yağmaya çağırılmamağın özü belə göstərir ki, bu tayfaların arasında müəyyən soyuq münasibətlər, bəlkə də, hakimiyyət çəkişmələri əvvəldən mövcud olmuşdur. Əslində isə Dədə Qorqudun da dediyi kimi, hakimiyyət Qayı tayfasına (yəni bozoklara) qayıtmalıdır. Ehtimal etmək olar ki, Aruz Qayı tayfasından və ya ona yaxın olan tayfalardandır. İçoklardan – İçoğuzlardan deyil, daş oğuzlardandırsa, çox yəqin ki, bozoklardandır, yəni ən azı Qayı tayfasına İçoğuzlardan daha yaxın bir tayfadandır. Bəlkə, məhz buna görə Aruz hakimiyyətə daha çox haqqının çatdığını düşünür və bunun üçün savaşa girişir. Və bu məntiqlə görünür ki, bu tayfalar arasında hər zaman ya aşkar, ya da gizli şəkildə hakimiyyət uğrunda çəkişmələr mövcud olmuşdur. Bu isə dastanda gizli və ya yarımçıq şəkildə olsa da, hər halda öz əksini tapmışdır.
Beləliklə, məlum olur ki, “Dədə Qorqud kitabı”nın müqəddimə hissəsində Dədə Qorqudun dilindən deyilən: “Axır zamanda xanlıq geri Qayıya dəgə, kimsənə əllərindən almaya, axır zaman olub qiyamət qopunca” cümləsi heç də təsadüfi deyilmiş sözlər deyil. Bu sözlər çox böyük məna yükünə malikdir və dastanın sonuncu boyunda cərəyan edən hadisələr İç Oğuzun Dış Oğuza asi olması və onların arasında savaşın baş verməsi məsələsi də bu sözlərlə bağlıdır.
Do'stlaringiz bilan baham: |