Ключевые слова: огуз, эпос, миф, монотеизм, политеизм
İslam Sadıq
filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutu
e-mail: islamsadiq1953@yahoo.com
“DƏDƏ QORQUD”DAKI “QARILAR DÖRD DÜRLÜDÜR”
ŞEİRİNİN POETİK TƏHLİLİ
Özət
Dünya epik söz sənətinin nadir incisi olan “Dədə Qorqud” dastanının “Müqəddimə”sində cəmi beş misradan ibarət maraqlı bir şeir var:
Qarılar dörd dürlüdür:
Birisi solduran soydur,
Birisi dolduran toydur.
Birisi evin dayağıdır,
Birisi necə söylərsən bayağıdır.
Hər şeyə ad qoyan Dədə Qorqud bu şeirdə bütün qarıları xarakterinə, xasiyyətinə görə 4 yerə bölüb, hər birinə ayrıca qiymət vermişdir. Burada maraq doğuran türk düşüncəsi üçün müqəddəs sayılan üç, yaxud yeddi saylarının yox, dörd sayının seçilməsidir. Niyə qarılar üç yox, yeddi yox, məhz dörd dürlüdür? Görəsən, bu bir təsadüfdürmü, yoxsa onun bir əsası, qaynağı varmı?
“Müqəddimə”nin sonunda Dədə Qorqud təsvir etdiyi qarıların biri haqqında deyir: “Ol Nuh peyğəmbərin eşşəgi əslidir”. Bu ifadə hardan qaynaqlanır? Nuhun eşşəyi ilə qarıların nə bağlılığı ola bilər? Dədə Qorqud bununla nəyə işarə vurmuşdur?
Bu məqalədə yuxarıdakı suallar geniş cavablandırılmış, şeirdəki fikirlərin inandırıcı mifoloji-semantik açıqlaması verilmişdir. Burada Şumer mətnlərinə də istinad edilmişdir.
Açar sözlər: “Dədə Qorqud”, dastan, “Qarılar dörd dürlüdür”, şeir, poetik təhlil
“Dədə Qorqud” dastanı bədii sözün poetik tutumuna, fikrin ifadə zənginliyinə, xalqı, etnosu tanıtma gücünə görə, bənzərsiz xalq yaradıcılığı örnəklərindən biridir. Bu dastanın yaranma tarixi haqqında nə qədər yazılsa da, fikirlər söylənsə də, mübahisələr davam etməkdədir. Bunun bir çox səbəbləri var. Həmin səbəblərdən biri də dastana tarixi baxımdan yanaşmanın yanlışlığıdır. “Dədə Qorqud” dastanı atalar sözü, məsəl, deyim, hikmətli ifadələr və rəvayətlərlə olduqca zəngindir. Onların hər biri konkret olaraq bir tarixi dövrün məhsuludur, özündə həmin tarixin açıq və ya gizli izlərini yaşadır. “Dədə Qorqud” dastanının yaranma tarixini araşdırarkan, birinci növbədə, bunlara fikir verilməlidir. Bu baxımdan, dastanın “Müqəddimə”sində verilmiş aşağıdakı şeirin araşdırılması, onun mifoloji-semantik mənasının üzə çıxarılması böyük maraq doğurur:
Qarılar dörd dürlüdür:
Birisi solduran soydur,
Birisi dolduran toydur.
Birisi evin dayağıdır,
Birisi necə söylərsən bayağıdır. (Kitabi 1978,17).
Bu şeir ilk baxışda beş misradan ibarət adi bir poetik örnəkdir. Lakin bir qədər dərindən düşündükdə görürük ki, bu, adi şeir deyil. Ozanın Dədə Qorqudun dilindən söylədiyi bu şeirin hər misrasında uzun illərin, yüzillərin, minillərin təcrübəsi özünün dolğun, bitkin və yığcam ifadəsini tapmışdır. Dədə Qorqud bütün qarıları xasiyyətlərinə, xarakterlərinə görə cəmi dörd qrupa bölmüşdür. Onların da hər biri cəmi üçcə sözlə ifadə edilmişdir: Birisi solduran soydur!
Şeiri Dədə Qorqud düzüb-qoşmuşdur. Ondakı deyim də, fikirlər də Dədə Qorqudundur. Qarıların xasiyyətlərini izləyən, incələyən, onun hamısını dörd qrupda cəmləşdirən Dədə Qorqud sözsüz ki, birinci növbədə, özünün müşahidə və təcrübələrinə əsaslanmış, onları ümumiləşdirmişdir.
Bəllidir ki, türk epik düşüncəsində, təfəkküründə üç və yeddi sayları sayalıdır, sakraldır, müqəddəsdir. “Dədə Qorqud” dastanının özündə də bu müqəddəsliyi açıq-aydın görürük. Dastanda üç və yeddi saylarına çox tez-tez rast gəlinir. Dörd isə dastanda nadir hallarda işlədilən say olub, sayalı hesab edilmir. Bəs onda, görəsən, Dədə Qorqud qarıları niyə öz xasiyyətlərinə görə üç və ya yeddi yerə yox, məhz dörd yerə bölüb? Görəsən, burada bir təsadüf varmı, yoxsa bu bölgünün arxasında müəyyən konkretlik, gerçəklik dayanır? Məsələyə məntiqlə yanaşsaq, onda bəri başdan deyə bilərik ki, burada dörd sayının seçilməsi heç bir təsadüflə bağlı deyil. Niyə? Çünki əgər dörd sayı təsadüfən, elə-belə seçilmiş olsaydı, yəqin ki, Dədə Qorqud türk epik düşüncəsinin sərhədlərindən kənara çıxmayıb, oğuzların da müqəddəs hesab etdikləri üç və ya yeddi saylarından birinin üstündə dayanardı. Axı dastanı düzüb-qoşan Dədə Qorqud bütün boylarda üç və yeddi saylarını daha çox işlətmişdir. Deməli, deyilənlərə əsaslanıb şeirdə dörd sayının seçilməyinin səbəbini axtarmağa dəyər.
Şeirin özündə bu axtarışa ipucu verəcək heç nə yoxdur. Biz onu şeir kimi oxuyuruq, bütün misralarının mənalarını da başa düşürük. Çünki şeirdə bir dənə də olsun bizim mənasını bilmədiyimiz söz yoxdur. Birinci misra girişdir, onu nəzərə almasaq şeirdə bir daxili uyğunluq da var: dörd misra-dörd qarı-dörd xarakter!
“Müqəddimə”də şeirin hər bir misrasının açıqlaması verilmişdir. Qarılardan hansıların “solduran soy”, hansıların “dolduran toy”, hansıların “bayağı” və hansıların “evin dayağı” olduğu göstərilmişdir. Onlardan biri haqqında deyilənlərin sonunda belə bir cümlə var: “Ol Nuh peyğəmbərin eşşəgi əslidir” (Kitabi 1978, 18).
İndi daha maraqlı suallar ortaya çıxır:
-Nuhun kim olduğunu bilirik. Bəs eşşək söhbəti haradan ortaya çıxıb?
-Dədə Qorqud hara, Nuh hara, onun eşşəyi hara?
-Dədə Qorqud “Ol nuh peyğəmbərin eşşəgi əslidir” deyəndə nəyə işarə vurmuşdur?
-Nuhun eşşəyi ilə insanın (indiki halda qarıların) nə bağlılığı ola bilər?
Belə sualların sayını yetərincə çoxaltmaq mümkündür. Ancaq bunlarla da yetərlənmək olar.
İndi keçək şeirin təhlilinə. Bütövlükdə şeirin məzmununu açmaq, onun sətirləri altında gizlənmiş mifoloji-semantik məna kodlarını üzə çıxarmaq üçün “Ol Nuh peyğəmbərin eşşəgi əslidir” cümləsində yaxşı ipucu verilmişdir. Bu ipucu bizi Şumer mətnlərindən öyrəndiyimiz bilgiləri xatırlamağa vadar edir. Bilirik ki, Nuh Dünya tufanı - Dünya daşqını haqqında əsatir və əfsanələrin qəhrəmanıdır. Bu qəhrəman Şumer mətnlərində Ziusudra adlanır.
Tufan haqqındakı Şumer mətnlərində deyilir ki, insanlara acıqlanmış Tanrı Enlil güclü bir tufan törədib onların kökünü kəsmək istəyir. Ona görə böyük tanrıları bir yerə toplayıb öz fikrini söyləyir və qərarını verir. Eyni zamanda bu sirri insanlara açmağı tanrılara qadağan edir. Bütün tanrılar bilir ki, bu qərar pozula bilməz. Şumerin müdriklik tanrısı Enki isə istəmir ki, insanın kökü kəsilsin, çünki insanı o yaratmışdır. İnsan onun öz övladı idi. Enlilin qərarı da yerinə yetirilməlidir. Bəs onda neyləmək olar? Doğrudanmı insanın kökü kəsiləcək? Enki müdrik idi. Hər şeyi bilirdi. Ona görə düşünür və bu vəziyyətdən çıxış yolunu da tapır. Əvvəlcə qəhrəmanı seçmək lazımdır. O da müdrik olmalıdır ki, Enkini anlasın. Enki Ziusudranı seçir və onun evinə gəlir. Divarın bir üzündə Enki dayanır, o biri üzündə Ziusudra. Onlar bir-birlərini görmürlər. Tanrı Enki üzünü divara tutub deyir:
“Ey daxma, daxma, daxma!
Ey divar, divar, divar!
Eşit, a daxma! Divar, yadda saxla nə ki, var.
Şuruppak şəhərindən Ubar-Tutunun oğlu,
Sökərək mülklərini, onlardan gəmi düzəlt.
Bu var-dövləti tərk et, həyat barədə düşün!
Zənginliyə nifrət et, ruhunu xilas elə.
Sən bütün canlıları yığıb gəminə yüklə.
Qoy dördkünc olsun sənin düzəldəcəyin gəmi.
Eni də uzununa qoy tən olsun, düz gəlsin.
Taxtapuş vurdur ona, örtük çəkdir üstündən!” (Qədim 184).
Ziusudra (Nuh) ağıllı və müdrik idi, başa düşür ki, Enki üzünü divara tutsa da, bu sözləri ona deyir. Bu yolla Enki həm Enlilin qadağasını pozmur, həm də tufan olacağını və ondan necə xilas olmağı Ziusudraya (Nuha) başa salır. Ziusudra (Nuh) Enkinin dediklərinə əməl edir.
Nuhun gəmi düzəltdirməsi haqqında yaddaşlarda bir əfsanə gəlib bizə çatmışdır. Həmin əfsanənin qısa məzmunu belədir:
Tanrı Enki tufan olacağını xəbər verəndən sonra Nuh bütün var-dövlətini satır, gəmi düzəltdirmək üçün bir usta tapır. Usta gəmini düzəltməyə razılıq verir, əvəzində nuhun bir gözəl qızı varıymış, onu istəyir. Nuh da əlacsız qalıb razı olur. Şərtləşib qurtarandan sonra usta işə başlayır.
Tanrı Enki tufanın nə vaxt olacağını da Nuha demişdi. Nuh da günləri sayırdı. Nuh bir gün baxır ki, usta gəmini təkbaşına deyilən vaxta qədər düzəldə bilməyəcək. Ona görə Nuh bazara gedib təzədən iki usta da tapır ki, gəlib birinciyə kömək eləsinlər. Onları götürüb birinci ustanın yanına gəlir. Ustalar işə baxıb razılaşırlar. Xəlvətə salıb birinci ustadan neçəyə işlədiyini soruşurlar. O da deyir ki, Nuhun bir qızı var, onu mənə verəcək. Sonra gələn ustalar da Nuhdan əlmuzdu yerinə qızını istəyirlər. Nuh əlacsız qalsa da, onlara “hə” deməyə məcbur olur. Sonra evə gəlib Tanrıya yalvarır ki, “məni onların yanında üzüqara eləmə”.
Nuhun qızından başqa bir iti və bir eşşəyi varıymış. Nuh gecə yatır, səhər durub görür ki, evdə bir-birindən seçilməyən üç qız var. Sən demə, gecə Tanrı iti və eşşəyi də qıza döndərib. İndi Nuhun üç qızı olur.
Tufan qopur da, səngiyir də. Nuh və yanındakılar gəmidən düşürlər. Nuh heyvanları da düşürür. Sonra qızların hərəsini ustaların birinə ərə verir. Tufandan sonra cəmi dörd ailə qalır: Nuh və arvadı, Nuhun üç qızı və onların üç əri. Onların hərəsi bir yerdə ev tikib yaşamağa başlayır.
Üstündən bir xeyli vaxt ötür. Nuh deyir ki, gedib qızlarıma baş çəkim. Gəlib birinin evinə çıxır. Baxır ki, kürəkəni elə qocalıb, elə qocalıb ki, heç tanımaq olmur. Arvadına nə deyirsə, it kimi qapır. Çay gətir deyəndə “Bu evi xaraba qalsın, odunmu var, ocaqmı var? Harda qaynadım, narda dəmləyim? – deyə cavab verir.
Nuh üstünü vurmur, başa düşür ki, bu onun itindən dönmüş qızıdı.
Bu qızın “tərifini” Dədə Qorqud belə vermişdir: “Gəldin ol kim, solduran soydur: sabahdanca yerindən uru durar, əlin-yüzün yumadan doqquz bazlamac ilən bir güvələk yoğurd güvəzlər, doyunca tıxa-basa yeyər, əlin böyrünə urar ayıdar: - Bu evi xarab olası, ərə varalıdan bəri dəxi qarnım doymadı, üzüm gülmədi, ayağım başmaq, üzüm yaşmaq görmədi, deyər; ah, nolaydı bu öləydi, birinə dəxi varaydım: umarımdan yaxşı o barı olaydı - deyər” (Kitabi 1978,17).
Nuhun itindən dönmüş qızın xasiyyəti ilə Dədə Qorqudun söylədikləri necə də üst-üstə düşür.
Nuh birinci qızın evindən çıxıb ikinci qızın evinə gəlir. Baxır ki, ikinci kürəkəni də çox qocalıb. Saçı-saqqalı ağarıb, üzü-gözü qırışıb. Kürəkən qonağı evə aparır. Arvad çay-çörək hazırlamaq əvəzinə birincidən də çox deyinir: “Sumu gətirdin, odunmu verdin, ocaqmı qaladın?! İndi məndən çay istəyirsən, çörək istəyirsən”.
Bu qızın “tərifini” Dədə Qorqud görək necə vermişdir: “Gəldin ol kim. Necə söylərsən, bayağıdır:
Evinə yazıdan-yabandan bir udlu qonaq gəlsə, ər adam evdə olsa, (əri) ona desə ki, dur (övrət) ətmək gətir, yeyəlim, bu da yesin. Bişmiş ətməyin bəqası olmaz, yemək gərəkdir.
Övrət aydır:
-Neyləyim? Bu yıxılacaq evdə un yox, ələk yox. Dəvə dəyirmandan gəlmədi, - deyər. Nə gəlirsə mənim süfrəmə gəlsin deyü əlin... urar. Yönün anaru sağrısın ərinə döndərər.
Min söylərsən birisini qoymaz, ərin sözün qulağına qoymaz.
Ol Nuh peyğəmbərin eşşəgi əslidir” (1, 17-18).
Nuh bilir ki, bu da onun eşşəyindən dönən qızdır.
Ordan çıxıb üçüncü qızın evinə gəlir. Baxır ki, kürəkəni çox cavan qalıb. Saçlarına hələ dən düşməyib. Rəngindən, rufundan 15 yaşında oğlana oxşayır.
Kürəkəni qonağı evə aparır. Arvadına deyir ki, get çardaqdan bir qarpız gətir. Arvad boyluymuş. Gedib çardağa çıxır və bir qarpız gətirir. Kişi qarpızı alıb yoxlayır və deyir: – Çardaqda bundan daha yaxşı qarpız var, get onu gətir. Beləcə kişi boylu qadını düz qırx dəfə geri qaytarır. Qadın da ağdan ağ, qaradan qara bir söz demədən qarpız qucağında qırx dəfə çardağa çıxır, ordan düşür və qarpızı gətirib kişiyə verir.
Nuh söhbətə başlayır. Əvvəlki kürəkənləri haqqında danışır. Sonra kişidən belə cavan qalmağının sirrini soruşur. Kişi deyir:
– Bizim çardaqda cəmi bir dənə qarpız varıydı. Bunu mən də bilirdim, arvadım da bilirdi. Mən boylu ola-ola onu qırx dəfə geri qaytardım ki, çardaqda daha yaxşı qarpız var, get onu gətir. O da çardaqda cəmi bicə qarpız olduğunu bilə-bilə qayıdıb mənə demədi ki, orda başqa qarpız yoxdu. Bu sirr açılmadı, sizə də elə gəldi ki, çardaqda ən azı qırx dənə qarpız var. Mənim cavan qalmağımın sirri bax bundadır.
Nuh başa düşür ki, bu, onun öz doğma qızıdır.
Dədə Qorqud bu qızın tərifini belə vermişdir:
– Ozan, evin dayağı oldur ki, yazıdan-yabandan evə bir qonaq gəlsə, ər adam evdə olmasa, ol onu yedirər, içirər, ağırlar, əzizlər, göndərər. Xanım, onun bəbəkləri bitsin.
Ocağına buncılayın övrət gəlsin! (Kitabi 1978,17).
Nuh haqqında əfsanədə qızlar haqqında deyilənlərlə dastanda qarıların xasiyyətləri haqqında söylənənlər o qədər üst-üstə düşür ki, elə bil Dədə Qorqud hadisələri özü görmüş, söhbətlərə qulaq asmışdır.
Burada haşiyə çıxıb bir ifadəni açmaq istəyirəm. Dədə Qorqud “evin dayağı olan qarı” haqqında deyir: “onun bəbəkləri bitsin!” “Solduran soy” və “dolduran toy” qarıları haqqında isə deyir: “bəbəkləri bitməsin!” “Bayağı qarı” haqqında “tərifdə” bu ifadə yoxdur.
“Bəbəkləri bitsin” alqışdır, “balaları olsun, böyüsün, boya-başa yetsin” deməkdir. Təbii ki, “bəbəkləri bitməsin” qarğışdır, birinci ilə tamam əks anlamda işlənmişdir.
Deməli, Dədə Qorqud yaxşılara övlad arzulayır ki, doğub-törəsinlər, artsınlar! Pislərə isə övladsızlıq arzulayır ki, sonsuz qalsınlar, törəyib çoxalmasınlar, olanların da kökü kəsilsin.
Hazırda dilimizdə bir çox qarğışlar və söyüşlər işlənir. Onların da Dədə Qorqudun şeiri ilə birbaşa bağlılığı var. Məsələn, it oğlu, qancığın doğduğu, qancıxdan süd əmən, itdən əmələ gələn, it nəsli, itimin qurd dayısı, sümüyünü it sümüyünə calamaq, filankəsin qanında it qanı var, itdən düşmüşə dönmək, it aparan olsun, itə dönmək, it kimi adamı qapmaq, it oğrusu, it itliyini tərgidər, sümük yığmağını tərgitməz, eşşək oğlu, eşşəyin doğduğu, eşşəkdən əmələ gələn, eşşəyimin qurd dayısı və s. bu cür ifadələrdir. Məsələ burasındadır ki, bu qəbildən olan söyüş və qarğışlarda başqa heyvanların adları çəkilmir. Heç vaxt “at oğlu”, “atdan əmələ gələn”, “dəvə oğlu”, “dəvədən əmələ gələn”, “camış oğlu”, “inək oğlu” deyilmir. “Donuz oğlu” və “qoyun oğlu” deyimləri az-az işlədilir. Həm də onların digər variantları yoxdur. “Donuz oğlu” deyiminə “Dədə Qorqud”da bir dəfə rast gəlinir. Beyrək Yalançı oğlu Yalıncığa deyir: “Donuz oğlu donuz!” (Kitabi 1978, 64). “Qoyun oğlu” deyimi isə kalka yolu ilə rus dilindən dilimizə keçmişdir. “Eşşəyimin qurd dayısı” və “itimin qurd dayısı” deyimlərində də yalnız itin və eşşəyin adının çəkilməyi qətiyyən təsadüfi deyil. Bu deyimləri Dədə Qorqudun şeiri ilə bağlayan da onlarda yalnız it və eşşək sözlərinin işlənməsidir. Görünür, tarixin çox uzaq dönəmlərində Nuhla bağlı yuxarıda söylədiyimiz olay xalqın yaddaşında olub, bu deyimlər də onun əsasında yaranıb.
İndi qayıdaq dörd sayına. Dədə Qorquda görə, qarılar dörd dürlüdür. Biz isə onlardan üçü haqqında danışdıq:
– Nuhun öz qızı;
– Nuhun eşşəyindən dönən qız;
– Nuhun itindən dönən qız.
Dastanda da dörd açıqlama var. Onlardan üçünü yuxarıda vermişik. Qarıların dördüncüsü “dolduran toy”dur. Onun açıqlaması belədir:
“Gəldin ol kim, dolduran toydur. Təpədincə yerindən uru durdu. Əlin-üzün yumadan obanın ol ucundan bu ucuna, bu ucundan ol ucuna çarpışdırdı. Qu qıldı, dək dinlədi (sabahdanca öyləyə dəgincə) gəzdi, öylədən sonra evinə gəldi. Gördü kim, oğru köpək, yekə dana evini bir-birinə qatmış, toyuq komasına, sığır damına dönmüş.
Qonşuların çağırır ki: Qız Züleyxa! Zübeydə! Üpeydə! Can qız, can paşa! Ayna Mələk! Qutlu Mələk! Ölməyə itməyə getmişdim? Yatacaq yerim yenə bu xaraba olasıydı. Nolaydı mənim evimə bir ləhzə baxaydınız. Qonşu haqqı, tanrı haqqı - deyib söylər.
Bunun kiminin, xanım, bəbəkləri bitməsin! Ocağına bunun kimi övrət gəlməsin! (Kitabi, 1978, 17).
Göründüyü kimi, “Dədə Qorqud” dastanının “Müqəddimə”sində “Solduran soy” və “dolduran toy” qarıları haqqında deyilənlərin sonu tamamilə eynidir, başlanğıcı çox az fərqlənir, ümumi mənası da üst-üstə düşür.
Bəs görəsən, dördüncü qarı kimdir? Üç qarı birbaşa Nuhla bağlı olduğuna görə, bu sualın cavabını axtararkən də Nuhun ailəsindən kənara çıxmaq məntiqsizlik yarada bilər. Çünki Nuh haqqında yuxarıda xatırlatdığım əfsanə yarananda cəmi dörd qarının olduğunu görürük: Nuhun arvadı və üç qızı. Əgər belədirsə, onda dördüncü qarı Nuhun öz arvadıdır. Belə çıxır ki, Nuhun arvadı haqqında Dədə Qorqud pis danışmışdır. Bu ağılabatan deyil. Gözəl xasiyyətli bir qızı bu cür ana tərbiyə edə bilməzdi. Dədə Qorqud özü deyirdi: “Qız anadan görməyincə öyüd almaz” (Kitabi, 1978,15). Sözsüz ki, Nuhun qızı da öz anasından tərbiyə almışdır. Xalqımız da deyir ki: “Qırağına bax, bezini al, Anasına bax, qızını al!”
Bu əfsanənin yarandığı dövrü nəzərə alsaq, deyə bilərik ki, Nuhun arvadından başqa dördüncü qarı olmamışdır. Ola bilər ki, “Dədə Qorqud” dastanı şifahi yaddaşda yaşadığı zaman, yaxud bu əfsanə dastana düşməzdən öncə dördüncü qarı -“dolduran toy” qarısı haqqındakı mətn unudulmuşdur. Bu, tamamilə ağılabatandır və mümkündür. Çünki insan yaddaşı yazılı kitab deyil. Heç bir mətn min illər boyu şifahi yaddaşda dəyişmədən yaşaya bilməz. Mətnin unudulduğunu bir fakt da təsdiqləyir ki, “Müqəddimə”də eşşəyin adı çəkilsə də, itin adına rast gəlinmir. Ən azından “bayağı qarı” haqqında “Ol Nuh peyğəmbərin eşşəgi əslidir” deyilirdisə, onda qarılardan biri haqqında da “Ol Nuh peyğəmbərin iti əslidir” deyimi işlənməliydi. İndi əminliklə demək olar ki, bu deyimin dastana düşməməyi yaddaşın günahıdır.
Deməli, Nuh haqqındakı əfsanə kitaba tam şəkildə düşməmişdir. İndi belə bir ehtimal ortaya çıxır ki, nə zamansa “dolduran toy” qarısı haqqındakı mətn unudulmuş, söyləyici “solduran soy qarısı” haqqında deyilənlərin əsasında onu öz fəhmiylə bərpa etmişdir. Mətnin təhrif olunmağının bir yolu budur. Burada başqa hallar da mümkündür. Bunları dürüstləşdirmək üçün davamlı axtarışlara ehtiyac var.
Onu da demək lazımdır ki, türk epik təfəkkürünə görə, simmetriya pozulmamalıdır. Yəni qarılar dörd dürlüdürsə, onların ikisi müsbət, ikisi mənfi olmalıdır. İndiki halda isə qarıların üçü mənfi, yalnız biri müsbətdir. Bu o qədər də inandırıcı görünmür. Belə düşünə bilərik ki, “dolduran toy qarısı” əvvəlcə müsbət obraz olmuş, mətn itirildikdən sonra onun haqqında yeni mətn uydurulmuşdur.
Beləliklə, dördüncü qarının kimliyi bir qədər qaranlıq qalsa da, şeirdəki qarıların üçünün kimliyi düzgün açılmışdır. Bundan başqa, Dədə Qorqudun şeiri qoşarkan dörd sayını təsadüfən seçmədiyi, onun konkret bir tarixi gerçəkliyə söykəndiyi bəlli olmuşdur.
Do'stlaringiz bilan baham: |