3.2. Dizcik
Dizcik dizə bağlanan döyüş zirehidir. Bu dizciklə at belində əyləşən döyüşçü düşmən zərbəsindən qoruna bilirdi və material olaraq dəmirdən hazırlanırdı. Ə.Tanrıverdi “dizcik” sözünün izahını bir neçə müəllif vasitəsilə açıqlasa da, nəticədə “dizlərə bağlanan zireh qapaq” (Tanrıverdi, 2015: 140) mənasını daha məntiqli hesab edir. Reşad Ekrem Koçunun geyim lüğətində isə dizçək - qədimdə müharibələrdə dizləri mühafizə etmək üçün ayağın yuxarı hissəsinə taxılan zirehin adı (Koçu, 1967: 91) olaraq izah edilir.
“Dizcik” sözü, “Dədə Qorqud kitabı”nda bir dəfə işlədilib: Uşun Qoca oğlu Səgrək boyunda, Səgrək “geyimin geydi, dizcük karıçuk bağlandı.”(Ergin, 2014: 228)
3.3. Qaruçıq
“Qaruçıq” (karıçuk) sözü döyüşçünün biləyinə bağladığı dəmir zirehdir. "Qolcaq" sözu ilə eyni mənada olub bu sözün ilkin formalarından biridir (KDQ Ensiklopediyası, 2000: 173). Ə.Tanrıverdi “karıcuk” sözünü üç şəkildə açıqlayır: birincisi, “qarucuq” sözünün kök morfemi Orxon-Yenisey abidələrində “karağ” şəklindədir, əl, qol, qolun qarısı mənasını ifadə edir; ikincisi, “qarı” sözü Azərbaycan dilinin qərb şivələrində “qol”, “qolun qarısı” mənasında işlənməkdədir; üçüncüsü, “Azərbaycan dilinin izahlı lüğəti”ndə belə bir şərh verilib: “Qədim zamanlarda müharibələrdə qollara taxılan dəmir və ya poladdan xüsusi şəkildə hazırlanmış geyim, qolu zərbədən qorumaq üçün ona keçirilən, ya sarılan hər cür qoruyucu” (Tanrıverdi, 2015: 140).
“Qarucıq” sözü də kitabda bir dəfə işlədilib: Səgrək, “dizcük karıçuk bağlandı.” (Ergin, 2009: 94, 173). Deməli, kitabda, “qarucıq” sözü, həm savaş geyiminin bir hissəsi, həm də material baxımından dəmirdən hazırlanmış, qol üçün qoruyucu təchizat kimi işlənmişdir.
Sonuc
Araşdırmada, “Dədə Qorqud kitabı”nda təsbit edilən savaş geyim ad və terminləri, dövrün səyyahlarının, yazıçı və şairlərinin əsərlərində, eləcə də təsviri sənət əsərlərində adı keçən savaş geyim ad və terminləri ilə qarşılaşdırıldı. Beləliklə, qaynaqları qarşılaşdırmaqla, nəticədə “Dədə Qorqud kitabı”nda təsbit edilən savaş geyim ad və terminlərinin istifadə və funksiyaları, dövrün savaş geyimləri haqqında ətraflı bilgi əldə edildi.
Araşdırma nəticəsində, savaş geyim təchizatları sayılan, dəbilqə adları olan “tuğılqa”, “(kunt, altun və ağ) ışuk”, zireh olaraq “(egni berk) dəmir ton”, “kara tonlu gök dəmirli” “cevşən”, savaş geyiminin hissələri olaraq “yaqa”, “dizcik”, “karıcuk” ad və terminləri müəyyən edildi. Görüldüyü kimi, “Dədə Qorqud kitabı”nda savaş geyim ad və terminləri müxtəliflik təşkil etsə də, yekcinsdir və Oğuz igidlərinin savaş geyimi, savaş təchizatı olaraq önəmli xüsusiyyət daşıyır. Onu da qeyd edək ki, kitabda adı keçən savaş geyimləri, düşmən zərbəsindən qorunmağı bacaran həm Oğuz igidlərinin, həm də kafərlərin (düşmənlərin) özlərini müdafiə məqsədilə istifadə etdikləri təchizatlar olaraq yer alır. Buna baxmayaraq, Oğuz igidlərinin geyimlərində fərqli olaraq, düşmənin savaş geyimində olan xüsusilə bir neçə cəhət gözə çarpır. Bunlar: düşmənə qarşı, “qara donlu gök dəmirli”, “ardı yırtıxlı” ifadələridir ki, düşmənin alçaldılması ilə geyiminin misginliyini göstərir. Eyni zamanda boylarda düşmənin, savaş geyim hissələrinin adlarına rast gəlinməsə də, bu adlara Oğuz igidlərinin geyimlərində rast gəlinir.
Oğuzların zirehləri atlı savaşlarda da həmçinin əlverişli geyimlərdir. Belə ki, hərəkətin asanlaşması məqsədi ilə zirehlər, dəmir və ya dəridən hazırlanmış kiçik halqa parçaları ilə də tamamlanır. Digər tərəfdən, savaş geyimində istifadə olunan materiallar, vücudun zərbələrə davam gətirmə, xarici təsirlərdən qorunma funksiyasını yerinə yetirir. Onu da qeyd edək ki, qəhrəmanların geydiyi zirehlər dəmirdən olduğu üçün zirehin adı çox yerdə “dəmir ton”, zireh geymiş adam isə “dəmir tonlu” adlandırılır. Beləliklə, Türk xalq fəlsəfəsində xüsusi mənalarla kodlanmış olan savaş geyimi bir çox xüsusiyyətləri ilə xalq zehnində savaşçıya verilən önəmin mesaj göndərməsindən ibarətdir.
Özünü hər mənada isbat etmiş olan Türk milləti, nəinki adət-ənənələri, yaşam tərzi ilə, hətta geyim mədəniyyəti ilə də zəngin olmasıyla, bu zənginliklərini nəsildən nəsilə sözlü və yazılı olaraq davam etdirməkdədir. Necə ki, bir millətin varlığını sürdürə bilməsi üçün mədəni dəyərlərini mühafizə edib, yaşatması lazımdır. İnsan topluluqlarını da millət olma vəsfinə çatdıran mədəni dəyərlər, insanlar tərəfindən yaşandığı və yaşadıldığı müddətcə məna qazanır. Bu vəziyyətin şüurunda olan toplumlar da mədəniyyətlərinə sahib çıxaraq varlıqlarını sürdürə biləcəkdir.
Do'stlaringiz bilan baham: |