Fətulla Hüseynov
Yarıqaranlıq dəhlizdə durmuş o üç nəfərin – Ənvər Əliyevin, Fətulla Hüseynovun və Fuad Musayevin söhbətini dinlədikdən sonra üzümü Ənvər Əliyevə tutub, onun məsuliyyətdən yaxa qurtara bilməyəcəyini, xoşagəlməz bir hadisə baş verərsə, anasını ağladacağımı söylədim və mikrofonun yanına qayıdıb mitinq iştirakçılarına burada gedən gizli oyunlar barədə eyham vurdum və ehtiyatlı olmaq lazım olduğunu dedim.
Bu hadisədən sonra tanıdığım, etibar etdiyim, ərkim çatan hər kəsə bircə-bircə müraciət edərək vəziyyəti izah etdim və meydanı dağıtmaqda mənə yardım etmələrini xahiş etdim. Amma meydana «dağılın» demək də mümkün deyildi. Kütlə qızmış at ilxısı kimi qarşısına çıxanı gəmirir, tapdayıb keçirdi. Bu səbəbdən də kimsə meydanı dağıtmağa cəhd belə etmirdi. Nə bilim, bəlkə də, göstəriş belə idi. Göstəriş verilmişdi ki, mitinq davam etməlidir.
Mənim həyacanıma, bircə nəfər də olsun, reaksiya verən tapılmadı. Həmin gün kimlərə müraciət etmədim? Hətta polisə müraciət etdim ki, meydanı dağıtsınlar.
Artıq gecə yarını keçmişdi. Gündüz mikrofon uğrunda bir-birini didən natiqlərin bircəciyi də qalmamışdı. Mitinq iştirakçıları nəzərəçarpacaq dərəcədə seyrəlmişdilər. Meydanda 3-4 yüz nəfər olardı, ya olmazdı. Məcbur oldum ki, məsuliyyəti öz üzərimə götürüm. Millətə vəziyyəti başa salım və mitinqi dağıdım. Elə buna cəhd etmək istədim ki, dəhşətli bir vəziyyətlə qarşılaşdım. Bütün varlığımla xilsaına çalışdığım insanlar məni daşa basdı. Fit çalan kim, söyüş yağdıran kim. Amma bütün bunlar məni narahat etmirdi. Mən narahat edən, ürəyimi üzən o idi ki, illərlə dostluq etdiyim, çiyin-çiyinə mübarizə apardığım Məhəmməd Hatəmi düşdüyüm bu vəziyyətdən əlinə fürsət düşmüş kimi yaralanmağa çalışır, əleyhimə fit çalma, daşa basma mərasimini bilavasitə o təşkil edirdi» (2, s.158-160).
İndisə baş verənlərə Məhəmməd Hatəminin yazdıqlarının prizmasından baxaq. Qeyd etməliyəm ki, onun münasibəti daha sərt və barışmaz, yazısı isə sübut olunması çox çətin olan ittihamlarla doludur. O yazır: «Ənvər Əliyev sıradan çıxdıqdan sonra meydan iki gün ancaq Hatəmini tanımışdır. Bir vaxtlar nümayişlərin, mitinqlərin təşkilini pozan adam kimi xatirələrdə qalan və bu işi indi də davam etdirən Nemət isə tribunanın qarşısında duran gənclər tərəfindən butulkaya, çürümüş meyvəyə basılır, tribunadan qovulurdu…
Polkovnik Namiq Abbasov hökumət evinin həyətində mənimlə görü-şərək dedi: "Biz yaxşı görürük ki, mitinqin örtüyü başqasının, içərisi isə sənindir. Gəncədə, Yevlaxda nələr etdiyindən də xəbərsiz deyilik (o, telefonla Gəncədə Rasimin dostlarına, Yevlaxda Əhməd Rzaya mitinqi davam etdirmək haqqında verdiyim göstərişə işarə edirdi. Görünür, telefonumu izləyirmişlər). Sən gəl mi-tinqi dağıt, bunun ağır nəticələri ola bilər". Qəbul etmədim. Etməyəndə, məni deputatlar otağına gətirdi.
Deputatlar otağında xeyli dövlət adamı vardı. Onlardan yadımda qalanı bunlardır: Fuad Musayev, general Kamil Məmmədov, Tofiq Bağırov, polkovnik Fətulla Hüseynov, Vəli Məmmədov, podpolkovnik Eldəniz Əliyev. Maraqlı idi ki, adi adamlardan Araz Əlizadə, İsmayıl Təriqpeyma, hələ meydan qəhrəmanına döndərilməmiş Nemət Pənahov da onların arasında idilər…
Nemət Pənahovun meydandakı "düz xətti" bundan ibarətdirsə, vay bu xəttə! General Kamil Məmmədovun: "Meydanı dağıtmaq lazımdır" sözü ağzından çıxıb qurtarmamışdı ki, Nemət məni tərbiyəsizcəsinə təhqir edib dedi: "Bu bişərəf qoy-mur dağıdaq".
"Məni buraya gətizdirmisiniz ki, bu ağızdan xarab uşağa təhqir etdirəsiniz?" dediyimdə, general Nemətə acıqlandı: "Keç otur yerində, ağzını da təmiz saxla". Sonra mənə sarı döndü: "Hatəmi, Bakıda bir hadisə baş versə, əvvəl sən cavabdehsən, sonra mən. Gəl mitinqi dağıt".
Ona dedim: "Mitinqi dağıtmaq fikrində deyiləm. Əksinə, istəyirəm bütün Azərbaycan işi dayandırıb mitinqə çıxsın".
Bu sözlərimdən dəlicəsinə qızan Vəli Məmmədov çığıra-çığıra üstümə kükrədi: "Bina istəyirsən verək, saray istəyirsən verək, yığ camaatı ora, nə istəyirsən danış. Tökmüsən xalqı küçələrə, meydanlara, bizdən nə istəyirsən? Səni məhv edərik!"
Onu cavabsız buraxmayıb dedim: "Başından yekə danışırsan. Əlindən gələni beş qaba çək".
Təriqpeyma ilə Araz Əlizadə də məni təhqir etməmiş olmadılar. Təriqpeymanın dediyinə görə, mən fitnə-kar, savadsız bir adammışam (mən tutulduqdan sonra o, bunu DTK-ya ruslara da yazacaqdır. Ondan soruşmaq la-zımdır: Bəs necə olmuşdur ki, sən bu "fitnəkarla" 25 il dostluq etmisən, çörək kəsmisən, ailəvi dost olmusan?)…
Mənim əlimlə meydanı dağıtmaqdan ümidini qıran dövlət, yapma bir meydan qəhrəmanı düzəldib, onun vasitəsilə bu işi həyata keçirtmək qərarına gəldi. Dövlət meydanda əsas zərbəni işləməyin daşını atmış fəhlə sinfindən yeyirdi. Yapma qəhrəman elə adam olmalı idi ki, ilk növbədə fəhlələri onun dalına salıb meydandan çıxartmaq mümkün olsun. Meydanı dağıtmaq istəyənlərdən olan fəhlə Nemət Pənahov buna ən münasib adam idi» (1).
Bu qarşılıqlı ittihamları Nemət Pənahlı – Məhəmməd Hatəmi qarşıdurmasının deyil, taktiki cəhətdən iki fərqli siyasi xəttin qarşıdurmasının təbliğati-ideoloji qarşıdurması kimi gözdən keçirmək lazımdır. Və bu sətirlərin müəllifi həmin vaxt Məhəmməd Hatəmi ilə eyni cəbhədə idi.
Qaynaqça
-
Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006.
-
Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.
-
Seyidağa E. Xalq Hərəkatının başlamasından 20 il keçdi. «Yeni Müsavat» qəzeti, 17 noyabr 2008.
-
Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).
.
III FƏSİL
Aysberqin görünən və görünməyən tərəfləri
Hərəkata kölgə salan, onu xərçəng kimi içdən sarıyan «əliyevçilik» kabusu
Məhəmməd Hatəminin iddiasına görə, «Nemətin meydan qəhrəmanına çevrilməsində, mikrafonun onun əlinə salınmasında dövlət qüvvələrinin, ziyalı agentlərin, Naxçıvan klanının, L. Şmidt zavodu fəhlələrinin böyük çabaları olmuşdur: «Tribunanın ətrafına candan çəpər çəkərək, başda mən, Mənsur Əlisoy və Eldar İbrahim olmaqla, cəbhəçilərin – qızılbaşların isə buraya yolunu bağladılar» (7).
Məhəmməd bəy burada «cəbhəçilərin – qızılbaşların» ifadəsini işlədir. Bu ifadəyə aydınlıq gətirməyə ehtiyac var. «Cəbhəçilər» deyəndə o, əlbəttə ki, Fuad Musayevin və Əlizadə qardaşlarının əsasını qoyduqları və meydan hərəkatı dövründə fəal şəkildə təbliğ etməyə başladıqları Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupunun üzvlərini deyil, əsasını radikal ruhlu «Çənlibel»çilərlə birlikdə özünün qoyduğu və artıq meydanda fəal gücə çevrilmiş Azərbaycan Xalq Hərəkatı Cəbhəsinin üzvlərini nəzərdə tutur ki, bu sətirlərin müəllifi də həmin təşkilatın rəhbərlərindən biri idi. «Qızılbaş» termininə gəlincə, qeyd etməliyəm ki, həmin dövrdə biz, yəni Azərbaycan Xalq Hərəkatı Cəbhəsinin üzvləri ümumi kütlədən fərqlənmək, izdihamda bir-birimizi və tərəfdarlarımızı itirməmək və koordinasiya işini yüksək səviyyədə təşkil edə bilmək üçün başımıza qırmızı sarğı bağlayırdıq. Bu ideyanın müəllifi şair dostumuz, rəhmətlik Eldar İbrahim idi. Hər kəsin şərti olaraq bizi «qızılbaş» adlandırmasının səbəbi bununla bağlıdır. Səhv etmirəmsə, bu şərti adı da gündəmə elə ya Eldar İbrahimin özü, ya da qardaşı, yazıçı-satirik Loğman İbrahim gətirmişdi. Sonralar o, «Qızılbaş» adlı qəzet təsis edəcək və onun baş redaktoru olacaqdı (4).
Öz aramızda razılaşmaya görə, Hatəmi, Mənsur Əlisoy və Eldar İbrahim, imkan olarsa, təşkilatın adından tribunaya qalxıb mövqeyimizi bildirəcəklər. Mənsə mitinqin dağıdılmaması üçün «qızılbaş»ların gecələr növbəli keşikçi dəstələrini koordinasiya etməliydim və 17 gün ərzində bunun öhdəsindən, məncə, pis gəlmədim. Sayımız təqribən 13-14 min nəfər idi və bu da meydanın dağıdılmasına imkan verməmək üçün tamamilə yetərli idi.
Eldar İbrahim
Fəqət təmsilçilərimizin tribunaya çıxmasına qətiyyən imkan verilmirdi. Tribunada mikrofonda kimin çıxış edəcəyini Bakı şəhər Partiya Komitəsinin katibi Fuad Musayev, 26-lar rayon Partiya Komitəsinin katibi Vəli Məmmədov, Bakı şəhər Baş Polis İdarəsinin rəisi Fətulla Hüseynov, DTK sədrinin müavini Namiq Abbasov, DTK podpolkovniki Eldəniz Əliyev və s. həll edirdilər. Odur ki, Məhəmməd Hatəmi qeyd edəndə ki, Nemət Pənahlının mikrofona sahib olmasında dövlət qüvvələrinin rolu olub, çox güman ki, haqlıdır. O mənada haqlıdır ki, mitinqi nəzarətdə saxlamağın artıq mümkün olmadığı bir dövrdə onun başına «daha böyük təhlükə» kimi gördükləri Hatəmidənsə daha az təhlükəli hesab edilən Nemət Pənahovun keçməsi barədə qərar qəbul edilə bilərdi. Çünki bu yolla dağılışmaq istəməyən izdihamı heç olmasa, meydanda saxlamaq və mitinqin sonradan küçələrdə ermənilərə qarşı kütləvi yürüş və aksiyalara çevrilməsini önləmək olardı.
M. Hatəmi Nemət Pənahlının mikrofona sahib olmasında L. Şmitd adına maşınqayırma zavodunun fəhlələrinin rolunu qeyd edəndə də, şübhəsiz ki, haqlıdır. Fəqət Naxçıvan klanının rolunun olub – olmamasını xüsusi araşdırmağa ehtiyac var. Çünki, Məhəmməd bəy bu iddiasını sübut etmək üçün «Acı həqiqətlər» kitabında heç bir tutarlı sübut gətirmir, sadəcə öz ehtimallarını dilə gətirərək yazır: «Podpolkovnik Eldəniz Əliyev yerlisi Nemətin DTK ilə əlaqəsini inkar edir (2). Nemət dövlət tərəfindən meydan qəhrəmanına çevrilməsəydi, DTK əməkdaşları meydanda ondan tərəfdarlıq etməzdilər. Sabir Yanardağ istintaq zamanı bu haqda demişdir: "İstisna etmirəm ki, Pənahov DTK-nın göstərişilə hərəkət edirdi, çünki DTK-nın nümayəndələri Tofiq Heydərov və Aydın Abdullayev Pənahovu müdafiə etdilər" (9).
Ənvər Əliyev və Yurd Cəmiyyətinin başçıları 16.11.1992-ci il tarixində saat iyirmi əlli dəqiqədə televiziyadakı çıxışlarında dedilər: "Ə. Vəzirovun yanındakı yığıncaqda qərara alındı ki, Neməti qaldıraq" (yəni yarma meydan qəhrəmanına çevirsinlər). Eldəniz Əliyev bəs deyir Nemətin dövlətlə əlaqəsi olmayıb?» (7).
Şübhəsiz ki, bu sözlər həmin dövrdə Nemətin Naxçıvan klanı ilə, daha doğrusu, bu klanın «xaç atası» Heydər Əliyevlə bağlılığını sübut etmək üçün qətiyyən tutarlı fakt sayıla bilməz. Hatəminin əslən Naxçıvandan olan Eldəniz Əliyevin adının hallandırması da məsələnin mahiyyətini dəyişmir.
Eldəniz Əliyevin əksər naxçıvanlılar kimi Heydər Əliyevin qızğın tərəfdarlarından olduğu danılmaz faktdır. Bunu o özü də gizlətmir (11; 6). O da faktdır ki, Nemət Pənahlı onunla ilk dəfə məhz 17 noyabr-5 dekabr Meydan Hərəkatının ilk günlərində tanış olmuşdur. Fəqət Eldəniz Əliyev nəinki onu mitinqin başına keçməyə təhrik etməmiş, əksinə onu bundan çəkindirməyə çalışmış, onu meydanda oynanılan gizli və çirkin oyunlar barədə xəbərdar etmişdir. Bu barədə Nemət Pənahlı yazır: «Məni hamıdan öncə öz «qarmağına keçirmək» istəyən Eldəniz Əliyev oldu. Onu əvvəllər heç qiyabi olaraq da, tanımırdım. Bilmirdim ki, KQB-nin ziyalılarla iş aparan qrupunun əməkdaşıdır. Onunla söhbətimiz, təbii ki, onun istədiyi nəticəni vermədi, əksinə bundan sonra hiss etdim ki, əlim hər istədiyimdə mikrofona çatmır» (10, s. 158).
Nemət Pənahlı kitabının başqa bir yerində, bu epizodun redaktə edilmiş hissəsində (kitab hələ əlyazma şəklindədir və tam redaktə edilməyib) həmin görüşün, daha doğrusu söhbətin məzmunu barədə də qısa məlumat verir: «Məni hamıdan öncə bir qırağa çəkən, sorğu-suala tutan, başıma ağıl qoymaq istəyən Eldəniz Əliyev oldu. Onu kənardan da olsa, tanımırdım. Bilmirdim ki, KQB-nin ziyalılarla iş aparan şöbəsinin rəisidir. O məni tribunanın bir kənarına çəkərək, ehtiyatla, pıçıltl ilə bildirdi ki, mikrofondan xalqa nitq söyləyən adamların əksəriyyəti, o cümlədən «Nümayiş Komitəsi»ndə toplaşan «ziyalı»ların hamısı onların adamıdır. Hatəmidən başqa tribunadan xalqa nitq söyləyən «ziyalı»ların hamısı, başda Sabir Rüstəmxanlı olmaqla, onların tapşırığını yerinə yetirirlər: «Axırda pis vəziyyətdə qalan sən olacaqsan. Bunların heç birinə «gözün üstə qaşın var» deyən olmayacaq». Eldəniz Əliyev sözlərinə onu da əlavə etdi ki, hakimiyyət səninlə əməkdaşlıq etməkdə çox maraqlıdır. Təklif elədi ki, bu fürsətdən istifadə edib özüm üçün əməlli-başlı gözəl gün-güzaran yaradım: «Nə vaxta qədər yataqxanada kefir (qatığın bir növü-B. T.) içə-içə «inqilab» edəcəksən?»
Eldəniz dedi ki, təklifimizi qəbul et, səni universitetə düzəldək, evlə təmin edək, firavan həyat şəraiti yaradaq. Sonda xahiş etdi ki, bu söhbət öz aramızda qalsın. Bu söhbət kənara çıxsa, şalvarımı çıxararlar: «Bax, səninlə biz yerliyik, ona görə açıq danışıram. Sən olduqca təmiz adamsan, fitri istedada maliksən. İstəmirəm ki, göz görə-görə, səni məhv etsinlər» (10, s.163).
Nemət, özünün də yazdığı kimi, bu şərtləri qəbul etmədi. Etmədiyi üçün də mitinqdən sonra onu (eləcə də Hatəmi, Siyamək və məni) və qurbanlıq qoyun kimi Ənvər Əliyevi həbs etdilər. Barələrində cinayət işi açdılar. «Nümayiş Komitəsi»nin üzvlərinə isə «qaşın üstə gözün var» deyən olmadı (Yalnız Əbülfəz Əliyevə 30 sutkalıq inzibati cəza kəsildi). Əksinə, onları bu dəfə də Xalq Cəbhəsinin yaradılmasına cəlb etdilər.
Nəzərə alsaq ki, Eldəniz Əliyev həmin dövrdə bilavasitə Heydər Əliyevin adamı kimi tanınırdı, onun əslində Heydər Əliyevin sifarişini yerinə yetirdiyini, Nemətə də bu məqsədlə «qarmaq atdığını» düşünmək olar. Belə düşünmək üçün başqa bir əsasım da var. Yaxşı yadımdadır, bir dəfə məni DTK-ya dəvət etmişdi. Söhbətin əsil mövzusu başqanı olduğum «Oğuz» təşkilatının respublikada dil uğrunda başlatdığı geniş aksiya olsa da, nədənsə mənə uzun-uzadı Heydər Əliyevi tərifləmiş, ünvanına bol-bol mədhiyyələr söyləmişdi. Əhəmiyyət vermədiyimi görüb mövzunu dəyişmişdi.
Amma bu hal Heydər Əliyevin Neməti ələ almaq və onun əli ilə hərəkatı özünə lazım olan istiqamətə çevirmək üçün etdiyi ilk cəhd deyildi.
Bu gün Nemət Pənahlının hərəkat dövründə məhz Heydər Əliyev tərəfindən idarə edildiyi barədə çox söz-söhbət gəzir, hətta hərəkat dövründə belə bir şaiyə də buraxılmışdı ki, guya Nemət bəy bir vaxt Heydər Əliyevin bağında bağban işləyibmiş. Həmin dövrdə çoxları bu məsələdən şübhəli idilər. Maraqlıdır ki, şübhəli olanlardan biri də Azərbaycan Kommunist Partiyası MK-nın o vaxtkı I katibi Əbdürrəhman Vəzirov idi. Təsadüfi deyil ki, o, Respublikaya rəhbər təyin edildiyi günün elə sabahı Nemət Pənahlı ilə görüşmüş və onun Heydər Əliyev və ya adamlarından hər hansı biri ilə əlaqədə olub-olmaması ilə maraqlanmış, Nemət Pənahlı onun sualına «yox» deyə cavabı versə də, özünün yazdığı kimi, Vəzirov ona inanmamışdı: «…Sonra yenə o danışdı və görüşün sonunda üzünü mənə tutub «Pənahov, sən qal, səninlə ayrıca söhbətim var» - dedi.
Təklikdə apardığımız söhbətdən o dəqiqə anladım ki, onu mənim Heydər Əliyevlə və ya onun adamları ilə hər hansı bir əlaqəmin olub-olmaması maraqlandırırmış. O öncə, Heydər Əliyevi təriflədi, dost olduqlarını söylədi və dediyim sualı verdi. Nə Heydər Əliyevlə, nə də onun hər hansı bir adamı ilə heç bir əlaqəmin olmadığını söylədim. Dedim ki, məni narahat edən şey millətimin taleyidir. Bu millət üçün qazılmış quyunu görürəm və məqsədim də milləti fəlakətdən xidmət etməkdir. Bildirdim ki, Ermənistan rəhbərliyi hər şeyi «xalqın iradəsi»nə bağlayır. Bizim rəhbərlik isə millətin başından basır, millətin görən gözünü çıxartmaq istəyir. Sizin yeganə yolunuz xalqla birləşməkdir.
Hiss etdim ki, səmimiyyətimə inanmır və məni Heydər Əliyevin adamı sayır, Heydər Əliyevin adamlarının ssenarisi ilə hərəkət etdiyimi düşünür. Şübhəsiz ki, mənim Heydər Əliyevlə bağlı olmağım düşmən şaiyəsi idi» (10, s. 111).
Yeri gəlmişkən qeyd edim ki, Vəzirovun Qorbaçov tərəfindən Azərbaycana rəhbər göndərilməsinin ən əsas səbəblərindən biri də Respublikanı daxildən xərçəng xəstəliyi kimi sarıyan, onun iqtisadi inkişafına mane olan «əliyevçilik»lə, başqa sözlə, Heydər Əliyevdən qalan rüşvət və korrupsiya kimi ağır mirasla mübarizə aparlmaq idi. Odur ki, Vəzirov işə başlar-başlamaz, Naxçıvan klanının güclü müqaviməti ilə üzləşməli oldu. Naxçıvan klanına qarşı qarabağlıları birləşdirmək, alternativ klan yaratmaq və ona arxalanmaq istəsə də, buna nail ola bilmədi. Ola da bilməzdi. Çünki Qarabağ Azərbaycanın Bakı və Gəncə ilə birlikdə ən mədəni bölgələrindən idi və orada da Bakıda və Gəncədə olduğu kimi, klan münasibətləri çoxdan geridə qalmışdı.
Vəzirovdan sonra Ayaz Mütəllibov da Naxçıvan klanına qarşı alternativ Şirvan klanı formalaşdırmağa girişmiş, amma o da sələfi kimi istədiyinə nail ola bilməmişdi. Çünki klançılıq mədəni səviyyəsi nisbətən aşağı olan bölgələrə xas olan xüsusiyyətdir. Əslində, Naxçıvan şəhəri də Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət ocaqlarındandır və orada da klan münasibətləri çoxdan tarixə qarışıb. Amma yalnız şəhərin özündə. Muxtar Respublikanın digər bölgələri haqqında, xüsusən də Qərbi Azərbaycandan (Ermənistandan) köçənlərin üstünlük təşkil etdiyi bölgələr haqqında bunu söyləmək çox çətindir. Heydər Əliyevin özü də həmin köçgünlərin nəslindən idi. Yəni təmiz naxçıvanlı deyildi.
Məhəmməd Hatəmi yazır: «Görüşümüz zamanı Ə. Vəzirov mənə demişdi: "Dövlət aparatında 60% naxçıvanlılardır. Onlar qoymurlar işləyəm. Görsəm çətindir, ərizə yazıb gedəcəyəm. Sə-fir işləyəndə mənə bundan yaxşı idi".
Ə.Vəzirov Naxçıvan klanına, Naxçıvan klanı da ona qarşı ölüm-dirim mübarizəsi aparırdı» (7).
Nemət Pənahlının həmin dövrdə Heydər Əliyevin adamlarından biri ilə əlaqəsi vardı, sadəcə bu əlaqələr hələ dostluq səviyyəsinə çatmamışdı, üstəlik də Nemət bəy onun Heydər Əliyevin vəzifədə olan və gizli iş aparan adamlarından biri olduğunu bilmirdi. Söhbət həmin dövrdə Azərbaycan Kommunist Partiyasının Bakı şəhər Nərimanov rayon təşkilatının I katibi vəzifəsini tutan Rəfail Hüseynovdan gedir.
Nemət Pənahlının yazdığına görə, münasibətləri yaxşılaşdıqdan və səmimi şəkil aldıqdan sonra Rəfail Hüseynov ona Əliyevin adamı olduğunu söyləmiş və Nemətə onunla birlikdə Moskvaya gedərək, Heydər Əliyevlə tanış olmağı təklif etmiş və o da bununla razılaşmışdı: «… Ertəsi gün mənim Rəfail Allahverdiyevlə növbəti görüşüm oldu. Bu görüşün də təşəbbüskarı Rəfail müəllimin özü idi. İki saata qədər çəkən söhbətimizdə əsasən Heydər Əliyevdən danışdıq. O, Heydər Əliyevin hər tərəfdən repressiyalara məruz qaldığını, hazırda Moskvada vəziyyətinin həddən artıq acınacaqlı olduğunu bildirdi. Bu məsələni uzun-uzadı müzakirə elədik. Hiss etdim ki, Rəfail müəllimin ürəyində Heydər Əliyevə qarşı sonsuz rəğbət və məhəbbət var. O mənim Heydər Əliyevə olan münasibətimlə maraqlandı və axırda dedi ki, əgər etiraz etməsən, səni Heydər Əliyevlə görüşdürərəm… Dedim ki, Heydər Əliyev nəyin bahasına olursa-olsun, Azərbaycana gəlməlidir… Heydər Əliyev əgər doğrudan da Azərbaycan xalqının övladıdırsa, öz xatirələrini tam səmimi şəkildə yazaraq, xalqa çatdırmalıdır. Çünki o, yeganə adamdır ki, Sovet imperiyası qurulandan bugünə qədər Azərbaycanda baş vermiş bütün hadisələri incəliklərinə qədər bilir» (10, s. 152).
Nemət Pənahlı daha sonra yazır: «Artıq azadlıq dalğası Azərbaycanın, demək olar ki, bütün bölgələrini bürümüşdü. Naxçıvan isə Bakıdan sonra ən qaynar nöqtə idi. Qərara aldım ki, Naxçıvana gedim. Həm doğmalarımla görüşüm, həm də Naxçıvanın ab-havası ilə tanış olum. Onu da qeyd edim ki, o zaman digər bölgələrdən fərqli olaraq, Naxçıvanda Heydər Əliyevin şəxsiyyətinə xoş münasibət açıq-aydın hiss edilirdi…(10, s. 152).
…Tezliklə Leninqrada uçmalı, orada xalam oğlu Yusiflə görüşməli idim. Xalamgilin Yusiflə bağlı nigarançılıqları vardı. Amma Leninqrada uçmaqda başqa məqsədim də vardı ki, bunu heç kim bilmirdi, heç kim…
Leninqraddan qayıdanbaş, yolumu Moskvadan salmalı idim. Moskvada haradasa bənd alıb, bu şəhərdə Rəfail Allahverdiyevin vasitəçiliyi ilə hansı yollasa Heydər Əliyevlə görüşməli idim. Hələ ki sadəcə nəzərdə tutulan bu görüş mənim üçün ona görə maraqlı idi ki, Heydər Əliyevin ölkənin sabahı barədə nə düşündüyünü, bizim mübarizəni necə qiymətləndirdiyini bilmək istəyirdim.
Rəfayıl müəllimin dediyinə görə görüşün təşəbbüskarı da Heydər Əliyev idi (10, s. 154).
Lakin bu görüş baş tutmur. Çünki Nemət Pənahlı Naxçıvandan Bakıya noyabrın 16-da qayıdır və sabahısı gün isə mitinq başlayır. Bu üzdən də Leninqrada, ardınca da Moskvaya uçmaq məsələsini təxirə salır. Bu da o deməkdir ki, meydan hərəkatı dövründə onun artıq Heydər Əliyevin «qarmağında olması» barədə deyilənlər həqiqəti əks etdirmir. Üstəlik də onun bu mitinqdən heç xəbəri də yox idi.
Nemət bəyin yazdıqlarından belə aydın olur ki, hərəkatın Bakıdan sonra ən güclü cərəyan etdiyi yer Naxçıvan idi və oranın əhalisi, o cümlədən hərəkatçılar arasında Heydər Əliyevin nüfuzu çox böyük idi. Elə bu səbəbdən də Heydər Əliyevin və Naxçıvan klanının üzvlərinin əslən Naxçıvandan, eləcə də Qərbi Azərbaycandan olan hərəkatçıların bir çoxunu öz qarmağına keçirməsi və onların vasitəsilə gizli planlarını həyata keçirməsi heç də çətin olmamaışdır.
Heydər Əliyevin naxçıvanlı hərəkatçılar arasında xüsusi nüfuz sahibi olduğunu Asəf Quliyev də təsdiq edir: «Sessiyadan bir gün əvvəl Naxçıvanda mitinq çağırılmışdı. Həmin mitinqdə Heydər Əliyevə belə bir məktub çatdırıldı ki, Siz Ali Məclisin sədri olarsınızmı? Heydər Əliyev də dedi ki, xalq istəyərsə, olaram. Sessiyada isə cəbhəçi deputatlardan bir neçə nəfəri çıxmaqla hamısı Heydər Əliyevə səs verdi. Naxçıvan Ali Məclisində təqribən 25 cəbhəçi deputat var idi. Yalnız Arif Rəhimov və bir neçə nəfər Heydər Əliyevə səs vermədi. Mən onda deputat deyildim. Heydər Əliyevə səs verən cəbhəçi deputatlar bu seçimlərini şəxsi istəkləri ilə izah edirdilər. Onların bəziləri xalq hərəkatına öz xidmətləri kimi baxırdılar. Daha dəqiq desəm, onlarda «xırda padşah»lıq hissi yaranmışdı...» (1).
Asəf Quliyev
İşin ən maraqlı tərəfi isə budur ki, Asəf bəyin söz açdığı hadisə zamanı naxçıvanlı kommunistlər Heydər Əliyevə qarşı idilər, onu dəstəkləyənlər məhz cəbhəçilər olmuşlar. O cəbhəçilər ki, artıq hərəkat dövründə, yəni Xalq Cəbhəsi yaranmamışdan öncə Əliyevin qarmağına keçmişdilər və onun direktivləri ilə iş görürdülər: «3 cəbhəçi deputata nazir postu vədi verilmişdi. Ancaq AXC Naxçıvan Təşkilatı ilə Heydər Əliyevin danışığı olmamışdı. Bununla belə, sessiyada Heydər Əliyevin seçkisinə cəbhəçi deputatların da səsi kifayət etmirdi. Çünki kommunistlər ona əvvəlcə səs vermədilər. Sonra onların arasında danışıq oldu. Bu danışıqlara əsasən, kommunistlərdən biri Heydər Əliyevin birinci müavini, ikisi isə Baş nazirin müavinləri oldu» (1).
Asəf bəyin sözlərindən belə çıxır ki, Heydər Əliyev özünə o qədər əmin idi ki, hətta AXC-nin Naxçıvan şöbəsinin sədri də olmaq arzusunda idi: «Mən bilirdim ki, Heydər Əliyev AXC Naxçıvan Təşkilatının da sədri olmaq istəyir. Hətta kimsə ona cəbhəyə üzv olmaq təklif etmişdi, o, isə bildirmişdi ki, məni sədr seçin üzv olum. 1991-ci ildə keçirilən konfransda isə mənim təklifimlə Arif Rəhimovu sədr seçdik. Üstəlik, sərhədlərin müdafiəsi ilə bağlı yaradılan könüllü batalyonlar Naxçıvanda bizi söz sahibi edirdi. Heydər Əliyev müəyyən cəbhəçilərin əli ilə bu özünümüdafiə batalyonlarının bəzilərini ələ keçirdi. Faktiki Naxçıvanda silahlı qüvvələr arasında iki tirəlik yaranmışdı. Bir qüvvə Heydər Əliyevin yaratdığı müdafiə komitəsi idi, bir qüvvə də bu komitəni tanımayan cəbhəçilərdən ibarət könüllü batalyonlar. Heydər Əliyev artıq cəbhəçiləri pozuculuqda günahlandırmağa başlamışdı» (1).
Hərəkat dövründə hərəkatın içində çox sayda adamının (tərəfdarının) olduğunu Heydər Əliyev də gizlətməmiş və eyhamla belə demişdir: «...Nemət Pənahovun özünü götürün. Düzdür, o vaxtlar mənim barəmdə daim kriminal axtarırdılar. Bəzi qəzetlərdə də yazırdılar ki, Heydər Əliyev Bakıda işləyəndə Nemət Pənahov onun bağında bağban olub, ona görə onun göstərişi ilə bu işləri görür. Amma bunlar hamısı uydurma sözlərdir. Mən Nemət Pənahovu qətiyyən tanımırdım. Bir də ki, mən Azərbaycandan gedəndə Nemət Pənahov yaşına görə yəqin ki, uşaq imiş. Çünki mən Azərbaycandan 1982-ci ildə getmişdim. Bu hadisələr 1988-ci ildə başlamışdı, o vaxtlar deyirdilər ki, onun 25 yaşı vardı. Qəzet belə yazırdı, bilmirəm neçə yaşı vardı, amma belə yazırdı.
O vaxtlar həqiqətən Moskvada belə bir fikir var idi ki, bütün bu məsələləri təşkil edən Heydər Əliyevdir. Belə bir fikir var idi, məni günahlandırmaq istəyirdilər. Amma bir halda ki, bu barədə söhbət açılıb, mən Moskvada yaşayanda da, buraya gələndən sonra da bildirdim – Xalq Cəhbəsi ilə mitinqlərə gedən adamların əksəriyyəti Heydər Əliyevə müsbət münasibəti olan adamlar idi. Əksəriyyəti! Sən dedin ki, (Sabir Rüstəmxanlıya üzünü tutur – red.) onların içində istəyən də, istəməyən də vardı. Sabir, əksəriyyəti istəyən idi. Bəlkə də bunu mənim özüm deməyim yaxşı deyil, başqaları deməlidir. Bəlkə də onların əksəriyyəti meydanlara elə mənim adımla gedibdir. Mənə qarşı ədalətsizliyə etiraz edərək o meydanlara gedirdilər. Ona görə o meydanlarda olan hadisələri özümə doğma hesab etmişəm. Bəli, doğma hesab etmişəm!
(…)
Ona görə də hesab edirəm ki, şəxsən mənim vətəndaş kimi, eyni zamanda, dövlət başçısı kimi, o dövrdə fəaliyyət göstərmiş adamların hamısına hörmətim var, o cümlədən Sabir Rüstəmxanlıya. Sabir Rüstəmxanlının da xatirindən çıxmayıb ki, biz onun 50 illik yubileyini təntənə ilə keçirdik, bəli, hamımız birlikdə, siz də, mən də birlikdə. İndi az-az olur ki, 50 illik yubiley keçirilsin, elədir, ya yox? Olmamışdır? Hər şeydə bir kosmonavt olmalıdır» (8).
Məhəmməd Hatəmi Naxçıvan klanının destruktiv əməllərindən çox narahat idi. Az qala, hər bir naxçıvanlıya sözügedən klanın üzvü və ya da potensial üzvü kimi baxırdı. Bu barədə çox danışır və özünün xalq hərəkatından təcrid edilmək istənməsinin bir səbəbini də bunda görürdü. Onu və qızılbaşları isə gerçəkdən də təcrid etməyə çalışırdılar. Biz hamıya mane olurduq. Hatəmi ona və təşkilata qarşı olan basqıları bu cür qələmə almışdır: «Xalqı məndən qaçırtmaq üçün yüzlərlə, mən deyərdim hətta minlərlə komsomolçu, DTK agenti meydanı haqqımda şayə ilə, böhtanla doldurmağa başladılar; farsdır, DTK-da fars dilindən dərs deyir, vizası cibində üç gündən sonra Qərbi Almaniyaya qaçır, xalqı isə qızışdırıb töküb küçələrə, meydanlara və s. S. Rüstəmxanlı, bir az başqa formada Nemətin özü haqqımdakı bu şayə və böhtanları meydana bəzən mikrafonla piləyirdilər. Dövlət xalqı məndən beləcə hardasa uzaqlaşdırdı, məni ona beləcə hardasa unutdurdu, Nemət meydan qəhrəmanı oldu.
Lakin məni, qızılbaşları sıradan çıxara bilmədilər.
Tribunadan, mikrafondan uzaq tutulsaqda, gecələr, meydanın tən ortasında masa qoyaraq üstünə çıxır, dövlətə, ermənilərə, ruslara qarşı mikrafonsuz kəskin çıxışlar edirdik. Bu yolla meydanda ikili bir tribuna yarandı; yuxarıda Nemətin hakim olduğu mikrafonlu rəsmi dövlət tribunası, aşağıda qızılbaşların mikrafonsuz qeyri-rəsmi tribunası. Meydan hərəkatının axır günlərində sabir rüstəmxanlılar tərəfindən rəsmi dövlət tribunasından sıxışdırılan Nemət, aşağı tribunada qızılbaşların yanında görünəcək, buradan Hatəmi ilə birlikdə həbsxanaya gedəcəkdir» (7).
Maraqlıdır ki, Nemət Pənahlı həbs edildikdən sonra rus müstəntiqlərin ona ünvanladıqları suallardan bir çoxu Heydər Əliyevlə bağlı olub. Fəqət o dövrdə Nemətin Heydər Əliyevlə hər hansı bir birbaşa əlaqəsi üzə çıxarılmayıb. Belə bir əlaqə olsydı, mütləq üzə çıxardı. Bənzər suallar, cinayət işləri Nemətin işi ilə birləşdirilən Ənvər Əliyevə və Siyaməkə də dəfələrlə verilibmiş. Moskva bu mitinqlərdə Heydər Əliyevin izini axtarırdı, amma unudurdu ki, o, DTK generalı olub və izsiz işləməyi bacarır.
Ənvər Əliyevin «Azadlıq» radiosuna verdiyi bir müsahibəsində Rəfail Allahverdiyevdən gətirdiyi aşağıdakı sitat çox düşündürücüdür: «...Ancaq bəzi məsələlər olmuşdu. «Şəhriyar» klubunda meydan hadisələrinin 10 illiyinə həsr olunan toplantıda Bakı şəhər İcra Hakimiyyətinin başçısı mərhum Rafael Allahverdiyev açıqca dedi ki, biz göstərişləri Moskvadan Heydər Əliyevdən alırdıq...» (5).
Əksər naxçıvanlılar və naxçıvanlı hərəkatçılar kimi Elçibəyin də Heydər Əliyevə rəğbəti vardı və bu rəğbət Məhəmməd Hatəmini çox narahat edirdi. Məhəmməd Hatəmi bir zamanlar ən yaxın dostlarından biri olmuş Əbülfəz Əliyevlə (Elçibəylə) arasının dəyməsinin əsas səbəblərindən birinin məhz bu nunla bağlı olduğunu söyləyir. Xaliq Bahadır yazır: «Hatəmi necə başlamışdısa, eləcə də bitdi – bitirdi. Bu baxımdan Hatəminin savaşı o başdan bu başa Böyük, Bütöv Azərbaycan savaşı idi. O yalnız imperiyalarla deyil, eləcə də imperiya qulluqçuları – imperiya əlaltıları ilə savaş aparırdı. Özü də hər hansı kompromisdən bütünlüklə uzaq bir savaş: ölüm-dirim savaşı!
Bax, buradaca onun yolu Elçibəylə, Elçibəy kimi düşünənlərlə ayrılırdı.
Savaş başlanğıcı olaraq Hatəmi ilə adı yanaşı çəkiləcək ilkin ad Ə. Elçibəy ola bilər. Ancaq Hatəminin özünün də qonuşmalrından birində dediyi kimi, Elçibəyin KQB-yə düşüb-çıxmasınadək belədir; yalnız buradək adlarını birgə çəkmək olar, bundan sonra onların yolları ayrılır. Bu yol ayrılığı Azərbaycanın çətinliklə qazanılan bağımsızlığının sonralar faktiki olaraq əldən verilməsilə sonuclanır. Burada kim qınanmalıdır: sonadək başlanığıc prinsiplərinə bağlı qalanmı, yarıda prinsiplərini dəyişənmi? Hatəmi yuxarıda sözügedən qonuşmasında deyir: “…mən hara, Heydər Əliyev hara?! Ömrüm boyu onun əleyhinə olmuşam. Əbülfəzlə də elə onun üstündə ayrılmışıq”. Elçibəydən ayrılmasına, eləcə ayrılmaqla qalmayan, onları ayıran nədənlə bağlı Elçibəylə savaşan Hatəmini qınayanlar, bu üzdən Hatəmiyə düşməncəsinə yanaşanlar Elçibəyin Kələki sonrası bir sıra çıxışlarını ansalar, o çıxışlara gərəkən anlayışla yanaşsalar, çox yaxşı olar. Elçibəy o çıxışlarda Heydər Əliyevi qantökənlikdə, PKK-nı yaratmaqda suçlamağadək gedib çıxır. Bununla da Elçibəy istər-istəməz yollarının ayrılmasında Hatəminin düzgün-suçsuz olduğunu doğrulamış olur. İmperiya yetirməsi olaraq H. Əliyevin kimiliyi, necəliyi hakimiyətə qaytarılandan sonra deyil, ondan çox-çox qabaq bəlli idi – Hatəmi də, dediyi kimi, ömrü boyu o bəlli olana qarşı olmuşdu» (3).
Do'stlaringiz bilan baham: |