128. KÜRDOĞLU MƏHƏMMƏD
I mətn
Daşdılı Xasay oluf, bizim kəntdə də sovet sədri işdiyif. Qoşun yığıllar ki, gedələr Kürdoğlu Məhəmmədi tutalar. Gedillər Tutqu çayının üsdündə boz atın belində Kürdoğlu Məhəmmədnən qarşılaşıllar. Atam deyirdi Məhəmmədin beli üzük qaşı kimi idi, amma kürəyi enli idi. Məhəmməd görür ki, eşq25 bundadı. Çıxardır onatılanı deyir ki, gəlin keçin gedin. Heş kəs başını qaldırıf üzünə baxa bilmir, keçif gedillər. Gedif bir çobanı tapıllar. Xasay düşür bu çobanın üsdünə, verir şallağa ki, kopoğlu, Kürdoğlu Məhəmmədin yerin maa de. Özü görüf ey, onun qarşısınnan keçif. Nədi ki, gəlsin desin getdıx döydux, vurdux, tapa bilmədik.
II mətn
Kürdoğlu Məhəmməd Kəlbəcərin Qaraçannı kəndinnən oluf. Hakimiyyətə qarşı mübarizə aparan bir adam oluf. Sovet hökuməti gələn vaxdı bunun bir qardaşını öldürüflər. Onu öldürən vaxdı üzdən irağ, qapısında qızıl it oluf, iti də vuruflar. Kürdoğlu Məhəmməd bir kəntdə qırx adamı öldürüf. Deyif, qızıl itin qanını aldım, qardaşımın qanı qaldı. Heylə sərt adam oluf. Özü də mənim qoja nənəm danışardı ki, ukqədər şəxsiyyəti göyçək adam idi ki, qəddarlığ onun simasınnan bilinməzdi. Deyirdi, o başını yana eliyəndə teli düşürdü, tükünün hərəsi bir rəngə çalardı. Babamın qardaşı qoşuluf həmin Kürdoğlu Məhəmmədin dəstəsinə.
Onun harda yaralandığını heş kəs bilə bilmir. Ehtimal olunur ki, Ağdamın Əmirri kəndində yaralanıf. Otduğu yerdə havaya atılan güllə gəlif onun çiyninnən dəyif kürəyinnən çıxıfdı. Yaralı olan vaxdı gətiriflər (təhlükəli adam idi, onun izi harda görülsə, həmin nəslin kökün kəsərmişlər) babamgilin evinə. Bu da özün təhlükəyə atıf bu adamı saxlıyıf. Lolabağırda həkim Qara oluf, Kürdoğlu Məhəmmədin yarasını müalicə eliyirmiş. Bir gün onun yarasına süleymanı vurur ki, yaranı qaynadıf qovuşdursun. Elə olur o süleymanı axır onun bədəninə, zəhərrənmə verir, Kürdoğlu Məhəmmədin vəzyəti pisdəşir. Qoca nənəm deyərdi ki, onda mən cavan qız idim. Alma çiçəkləmişdi, maa dedi, qızım, qızım, get o almanın qanadınnan bir çiçək qır gətir maa, onu iyliyim. Getdim almanın qanadınnan çiçəyi qırıf gətirdim. İyliyəndə almanın iyi burnunda olardı canın tapşırdı. Amma qavaxcadan tapşırıf ki, mən ölsəm, məni elə yerdə basdırın tanınan yer olsun. Zağaltı kəndi vardı bizdə. O kəndin qavağında tək armud var, onun alt tərəfində əkində bir çökəklik vardı. Demişdi ki, məni o çökəkdə basdırarsız. Ola bilər sovet hökuməti dağıla, qəbrimi nişanalı yerdə basdırın ki, sora tapılsın. Dediyi kimi aparıf onu orda basdırıllar. Kürdoğlu Məhəmmədin təsbehin, bir də papağın verillər atamın dayısına, deyillər, Zağaltıda Yusif kişi var, apar ver ona. O da aparıf papağı Qarabəyli kəndinnən Əli addı bir nəfərə gösdərif. Ağzında söz saxılya bilmiyif. Deyif, Kürdoğlunun papağıdı, aparıram verəm. O da gedif NKVD-yə məlumat verir. Bunnan soruşullar, papağı hardan almısan? Bu, hər şeyi açıb deyir. Onun üsdündə babamgilin evin dağıtdıllar, iki qardaşın tutdular. Bir qardaşı Qədim möhkəm adam olur, heş nəyi boynuna almır. Bərat alır gedir əsgərriyə, ordan da qayıtmır. Heylə olur Kürdoğlun qəbrin yerin örgənif qazıf cəsədin çıxardıllar. Üsdünnən altı-yeddi ay keçmişdi. Çıxardan vaxdı bunun başının tükü götürən adamların əlində gəlir. NKVD işçisindən biri isdiyir ki, bunun bığına da əl ata. NKVD-nin sədri beşatılanı çıxardır deyir, səni ataram. Sağlığında bir atriyad ona yaxın dura bilmirdi.
Xorasan köynəyi varmış, güllə keçirmirmiş. Deyillər ki, tokqanı açanda heç olmasa on dənə qurğuşun onun bədəninnən tökülürdü. Elə oluf Kəlbəcərdə on səkgiz gün hakimiyyəti devirif, bütün bangı, kalxozu dağıdıf paylıyıf camahata. 1933-cü ilə qədər yaşıyıf.
Do'stlaringiz bilan baham: |