SALARİLƏR DÖVLƏTİ
Yaxın və Orta Şərqdə yaranmış siyasi hərcmərclik şəraitində Sacilər dövləti də uzun zaman davam gətirə bilmədi. Azərbaycanda çəkişmələrdən istifadə edən Deyləm (Gilan) hakimi Mərzban in Məhəmməd axrıncı Saci hökmdarı Deysəmə (Sacilər dövlətində hakimiyyəti ələ keçirən qualm) 941-ci ildə qalib gəlib ölkənin paytaxtı Ərdəbili ələ keçirdi. Salari hakimi Mərzban ibn Məhəmməd çətin mübarizə şəraitində Sacilər dövlətinin hakimiyyəti altında olan Azərbaycan torpaqlarına sahib olaraq öz səltənətinin möhkəmləndirməyə çalışdı. Möhkəmlənməkdə olan gənc dövlət yeni fəlakətlə üzləşdi. Mənbələrdə Rus adlanan tayfalar təbiətinin və sərvətinin zənginliyinə görə Qafqazın mirvarisi hesab edilən Bərdə şəhərinə hücum etdilər. Mərzban ibn Məhəmməd (941-957) Salarilər (941-981) sülaləsindən olduğu üçün bu dövlət Azərbaycan tarixində Salarilər dövləti kimi tanınır. Salarilər dövlətinin də paytaxtı Ərdəbil şəhəri idi. Salarilərin hakimiyyət dövrü Azərbaycanda çətin bir dövr kimi xarakterizə edilir.
Salarilər, çox keçmədən, Azərbaycanın şimal-qərb torpaqlarını və Şirvanşahlar dövlətini də özlərindən asılı hala saldılar, Dərbəndi ələ keçirdilər. Bundan başqa Mərzban ibn Məhəmməd Ermənistan ərazisini də öz dövlətinə qatdı, Şərqi Gürcüstanı tabe etdi. Azərbaycanın cənub-şərq vilayətlərinin, xüsusilə, Zəncanın, Əbhərin və Qəzvinin İsfahan hakiminin asılılığında qalması Mərzbanı narahat edirdi. Onun məqsədi Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail olmaq idi. O, bu niyyətlə 948-ci ildə hərbi yürüşə başlayaraq Qəzvinə getdi. Mərzbanın 5 min nəfərlik ordusu düşməninkindən dəfələrlə az idi. Buna baxmayaraq o, döyüşdən imtina etməyi qeyrətinə sığışdıra bilmədi. Saatlarla davam edən savaş Mərzbanın məğlubiyyəti ilə başa çatdı. O, sərkərdələri ilə birlikdə əsir düşdü. Onun əsirlikdə olduğu dövrdə Azərbaycanda hakimiyyət uğrunda feudal ara müharibələri yenidən qızışdı. Hakimiyyəti əvvəlcə Mərzbanın atası, sonra isə qardaşı Vəhsudan ələ keçirdi. Hakimiyyət uğrunda mübarizədə keçmiş Sacilər dövlətinin hakimi Deysəm də iştirak edirdi. O, Zəncanda, Azərbaycanın və Ərməniyənin bir hissəsində hakimiyyəti bərpa etdi.
Lakin Mərzban anasının və yaxın adamlarının köməkliyi ilə 953-cü ildə əsirlikdən qaçıb Ərdəbilə gələrək hakimiyyəti ələ keçirdi. Bu xəbəri eşidən Deysəm qorxusundan əvvəlcə Mosula, oradan da Bağdada qaçdı. Bu hadisədən iki il sonra Mərzban Dərbənddəki üsyanı yatırmağa gedən zaman Deysəm fürsətdən istifadə edərək Salması ələ keçirdi. Lakin orada çox qala bilmədi. Mərzban onun gözlərini çıxartdırıb, özünü də zindana saldırdı. Bundan sonra ölkədə sakitlik yarandı. Əminamanlıq şəraitində ölkədə iqtisadiyyatın bütün sahələrində canlanma başladı. Sənətkarlıq, ticarət, mədəniyyət inkişaf etməklə yanaşı, əhalinin sayı da artamağa başladı. Feodal müharibələrindən təngə gəlmiş adamlar dinclik əldə etdilər.
Mərzban vilayətindən alınan vergiləri nizama saldı. Maliyyə işlərinə nəzarəti və diqqəti artırdı. Onun dövründə 2 cür vergi toplanırdı. Onların biri torpaq və əmək vergisi idi. İkincisi, asılı ölkələrin hakimlərindən alınan illik xərac idi. Salarilər dövlətinin Azərbaycan və onun tabeçiliyində olan ölkələrindən vergilər hesabına toplandığı illik mədaxil qızılla 3 milyon manata çatırdı. Əlbəttə, bu rəqəm sabit ola bilməzdi. Baş verən siyasi dəyişikliklərlə əlaqədar onun məbləği artır və azalırdı.
Salarilərin qoşunu maaşla saxlanılan süvari dəstələrdən və piyada hissələrindən ibarət idi. Onların dənizdə gəmiləri də vardı.
Beləliklə Salarilər dövləti quzeydə Dərbənd keçidindən başlayaraq güneydə Dəclə və Fərat çaylarının yuxarılarına qədər, Şərqdə Gilan da daxil olmaqla Xəzər sahillərindən, Qərbdə Ermənistan və Şərqi Gürcüstan da daxil olmaqla geniş əraziləri əhatə edən bir dövlətə çevrildi. Bununla, Sacilərdən sonra Salarilər sülaləsinin hakimiyyəti illərində yenidən bütün Azərbaycan torpaqları vahid dövlət daxilində birləşdi. Bu da obyektiv olaraq, bütün ölkə miqyasında iqtisadi əlaqələrin inkişafina, sənətkarlıq və ticarətin tərəqqisinə, xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərdi.
Salarilərin hakimiyyəti illərində Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başladı. Azərbaycanın bütün Yaxın və Orta Şərqdə iqtisadi və hərbi-siyasi rolu daha da artdı. Müxtəlif etnik boyların Azərbaycan xalqı ilə qaynayıb-qarışması sürətləndi. Bunula belə, Mərzban ibn Məhəmmədin ölümündən sonra (957) onun oğulları ilə qardaşı Vəhsudan arasında hakimiyyət üstündə gedən ara savaşları mərkəzi hakimiyyətin zəifləməsinə səbəb oldu. Rusların tarix səhnəsinə qədəm qoyması vəziyyəti çətinləşdirdi. Ruslar özləri X əsrdə yaranmışdıvə Xəzər vasitəsilə ticarət əlaqələri aparılırdı. Lakin getdikcə rusların hərbi qüvvələri yaranır və onlar Xəzər vasitəsilə yürüşlərə başlayırlar. X əsrin əvvəllərində Rusların yürüşləri daha da artır. Bu da təbii ki, Salarilərin zəifləməsinə, onların iqtisadi cəhətdən tənəzzülünə ciddi təsir göstərir. Bu nöqteyi nəzərdən məhşur Bərdə yürüşünü qeyd etmək lazımdır.