129. QAÇAQ FƏTULLA
I mətn
Bizim o zonada dörd kənd – Şeylanlı, Ağbulax, Qatos, Qərəkeş xəbər göndərir ki, Sultan bəy keçməsin bu tayə. Onda Sultan bəy özü gəlmirmiş, onun bir dənə qaçax dosdu varmış, Qaçax Fətullanı göndərirmiş ki, get ab-havanı örgən. Daa özü gəlmirmiş. Deyiflər gəlsə, ölüm olmalıdı. Qarakeşdə Şirin kişi oluf. Sultan bəy deyir ki, gərək Şirini əli-qolu bağlı gətirəsən mənim hüzuruma. Şirinin də Sarı Namaz addı yaxşı dosdu olur. Şirin Qulalıya bunun evinə qonax gedəndə Qaçax Fətulla bunu güdürmüş. Bir də onda ayılır ki, Qaçax Fətullanın dəsdəsi fermanı alıf mühasirəyə, Şirini aparməlidi. Sarı Namaz özü evdə yox imiş. Bunun da dünyagörmüş bir arvadı var imiş. Çox dilavar arvad imiş, işi başa düşür. Qaçax Fətulla gəlir. Deyir:
– Baa, xoş-beş, həmişə sən gələsən, mənim qardaşım gəlifdi. Sən gələsən, burda çay işmiyif gedəsən, Fətulla, heylə şey ola?
Qaçax Fətullanı dilə tutur, gətirir evdə otuzdurur. Samavarı qəliyir, çobannara deyir, bir erkək kəsin. Olar ki, burdan əliboş gedə? Bu oturur, beşatılan dizinin altında, Şirin də yanında. Erkəyi soyan çobana deyir, əlini yavaş-yavaş apar. Çobanın birinə, deyir, arvad paltarı geyindirir ki, sənəyi götür, mühasirədən keç, filan atı minif Qərəkeşə hay vur, gəlsinnər. Burda buları yemək adıynan ləngidir. Qaçax Fətulla o vaxdı ayılır ki, uje bunu dəsdəli-zaddı mühasirəyə alıflar. Elə məcəl tapmır ki, özünü bir yana ata. Tüfəyi götürür hasar varmış, özün atanda ora Qərəkeşdi Qocaynan Fərhad elə hasarın dalında diriyir beşatılanı Fətullanın kürəyinə, deyir, tərpənmə. Qəşəh burda tərksilah eliyillər. Qaçax Fətullanı bağlıyıllar atın üsdünə əyəğlərin də, qolların da, gətirillər Qərəkeşə. Kəndə girməmiş Şirin kişi deyir:
-
Fətulla, sən də qoçax adamsan, mən ar eliyirəm səni belə camahatın içinə aparıram. Səni açıf buraxıram, iyid adamsan. Get, ama bir də gəlmə.
Daa o gedən Qaçax Fətulla bir də çayın bu tərəfinə gəlmir.
II mətn
Qaçax Fətulla gəlir ki, Ağbulax kəndini soyub apara. Ağbulaxda Xudayar kişinin evi düşərgəsi imiş. Xudayar kişinin evinə gəlir. Orda deyir ki, gəlmişəm, öz dəsdəmə burdan ərzaq aparam. Baxıllar ki, işin orası döyül, kəndi itəliyib aparəcəh. Bizim kəntdə Sarı Şükür varmış, kəndin ağsakqalı imiş, qocalmışmış. Deyillər, gedin Şükür kişini gətirin. Şükür kişini yorğanın arasında gətirillər Fətullanın yanına. Deyir:
– Baa, xoş-beş, on beş, Fətulla, həmişə sən gələsən.
Oturullar, yemək hazırlatdırır. Şükür kişi bilir ki, bu dağıtmağa gəlif, boş getməyəcəh. Hələ Qaçax Fətulla ağzın açmıyıfmış. Çağırır o siyahıya alanı, deyir:
– Siyahıda başdan məni yazginən.
Deyir ki, vallah, bu il qurax keşdi, da camahat acınnan batır. Bilirəm gəlmisən, amma səni əliboş yola salmıyacağıx. Deyir, başdan məni yaz, bir çanax Şükür kişi, bir çanax Vəli kişi, bir çanax Məmməd kişi. Baxma ki, ordan-burdan tüsdü çıxır, hamı gedif arana. Heylə iki meşox buğda düzəldir yüklətdirir atə, yola salır. Qaçax Fətulla deyir ki, mən bir heylə itələdim, dağıtdım, heylə bij kişiyə rast gəlmədim. O məni əliboş o kəntdən yola saldı.
Do'stlaringiz bilan baham: |