Təkrar. Biliyin əsaslı mənimsənilməsinə və möhkəm yadda qalmasına kömək edən metodlardan biri də təkrardır. İcra etdiyi konkret didaktik vəzifəyə görə təkrarı üç əsas növə ayırmaq olar: yeni mövzunun mənimsənilməsinə xidmət edən təkrar; unutmanın qarşısını alan təkrar; ümumiləşdirici və sistemləşdirici təkrar.
Birinci halda müəllim qabaqlar keçirilmiş materiallardan eləsini müəyyənləşdirir ki, onun təkrarı öyrədici mövzunun şüurlu başa düşülməsinə zəmin yaratsın: müəllim belə materialı yenidən nəzərdən keçirməyi şagirdlərə tapşırır. O, materialın nə dərəcədə yadda qaldığını növbəti dərsdə yoxlayır və nəzərdə tutduğu yeni mövzunu həmin əsasda öyrətməyə başlayır.
İkinci halda müəllim keçdiyi hər bir mövzunun cari təkrarını təşkil edir ki, mənimsənilmiş bilik, fakt, qanun, teorem, qayda şagirdlərin hafizəsində möhkəmlənsin, unutmanın qarşısı alınsın. Müəllim hər hansı biliyin, qanunun, qaydanın unudulduğunu müəyyənləşdirdiyi halda isə həmin materialın təkrarını şagirdlərə tapşırır. Bəzən belə tapşırıq bütün sinfə deyil, ayrı-ayrı şagirdlərə aid olur.
Üçüncü halda təkrar müxtəlif dərslərdə şagirdlərin əldə etdikləri biliklərin ümumiləşdirilməsinə və sistemə salınmasına xidmət edir. Təkrarın bu növündə müəllim bir-biri ilə bağlı olan və bir-birini tamamlayan bir neçə paraqrafı (mövzunu) oxumağı və bəzi suallara cavab hazırlamağı şagirdlərə təklif edir. Suallar elə ifadə edilir ki, şagirdlər nəzərdə tutulmuş paraqrafları (mövzuları) diqqətlə araşdırmalı olurlar. Müəllim dərslərin birində cavabını müzakirəyə qoyur, öz biliklərini ümumiləşdirməkdə və sistemə salmaqda şagirdlərə kömək göstərir.
Çalışmalar. Bəzən müəllim biliyin sadəcə təkrarı ilə kifayətlənmir, şagirdlər tərəfindən biliyin tətbiqini təşkil edir, onlarda bacarıq və vərdişlər formalaşdırır. Biliyin əməli işə tətbiqini, bacarıq və vərdişlərin formalaşdırmasını təmin edən metod çalışmalardır. Çalışma eyni hərəkətin və ya hərəkətlər sisteminin dəfələrlə təkrarını tələb edir.
Çalışma bir neçə mərhələdən keçir: müəllim əməlin necə icra edildiyini göstərir, şagird isə onu müşahidə edir; sonra şagird həmin əməlin icrasında özünü sınayır; səhv hərəkət olduqda aşkara çıxarılır və ona düzəliş edilir; şagird əməlin icrasında yenidən özünü sınayır; öz əməlinə nəzarət edir; yenidən əməl təkrar olunur. Əməl avtomatlaşanadək, yəni səliqəli, nöqsansız icra olunanadək təkrar edilir.
Əməli işin izahatla müşayiətini şagirdlərdən tələb edən müəllimlərə haqq qazandırmaq lazımdır. Belə hallarda məsələ və ya misal həll edən, digər əməli iş görən şagirdlər hər bir addımı, əməliyyatın hər bir mərhələsini izah etməli, aydınlaşdırmalı olur; bu zaman şagirdin nitqi və təfəkkürü də inkişaf edir. Şagirdin necə düşündüyü və necə işlədiyi müəllimə də, qalan şagirdlərə də aydın olur. Əməliyyatın alqoritmini, yəni əməliyyatı təşkil edən əməllərin ardıcıllığını şagirdlər qarşısında açmağın və onların həmin ardıcıllıqda işləməyə alışdırmağın əhəmiyyəti böyükdür.
Bacarıq və vərdişləri formalaşdırarkən onların tətbiqi şəraitini bəzən dəyişmək lazım gəlir. Bu, öz bilik, bacarıq və vərdişlərindən dəyişmiş şəraitdə istifadə edə bilməyə imkan verir. Bir variantlı çalışmalardan müxtəlif variantlı çalışmaya keçdikdə şagirdlərin bacarıq və vərdişlərinin ümumiləşməsinə münasib şərait yaranır.
Do'stlaringiz bilan baham: |