Laboratoriya işi. Müəllimin göstərişi əsasında şagirdlərin təcrübə qoymaları prosesi, bilavasitə müşahidə etmələri və müstəqil nəticə çıxararaq bilik əldə etmələri laboratoriya işidir. Fizika, kimya, botanika, zoologiya, ümumi biologiya, əmək təlimi və s. fənlərin tədrisində laboratoriya işindən daha geniş istifadə edilir.
Laboratoriya işinin müvəffəqiyyətli təşkili üçün müvafiq avadanlığın, cihazların, preparatların, texniki vasitələrin, digər zəruri əşyaların məktəbdə olması vacibdir.
Laboratoriya işi məktəbin laboratoriyalarında, fənn kabinetlərində, məktəbyanı sahədə, istehsalat müəssisələrində təşkil edilir.
Laboratoriya işinin səmərəliliyi üçün müəllim bir sıra tələblərə əməl edir:
Laboratoriya işi üçün şagirdlərə tapşırılacaq təcrübənin mövzusunu, gedişini, nəticəsini müəllim əvvəlcədən dəqiqləşdirir, dərsə qədər isə təcrübəni özü qoyur, alınacaq nəticəni yoxlayır;
Müəllim laboratoriya işinin mövzusu, məqsədi, mərhələləri barədə şagirdlərə məlumat verir, təhlükəsizlik məsələlərini diqqət mərkəzində saxlayır;
Müəllim təcrübənin gedişini diqqətlə izləyir, çətinlik çəkənlərə istiqamət verir, təcrübə qoymaq bacarığının uşaqlarda formalaşmasına köməklik göstərir.
Müəllim təcrübənin gedişini diqqətlə izləyir, çətinlik çəkənlərə istiqamət verir, təcrübə qoymaq bacarığının uşaqlarda formalaşmasına köməklik göstərir.
Laboratoriya işində qoyulan təcrübədən alınan nəticələrin ümumiləşdirilməsinə və sözlə ifadə olunmasına müəllim rəhbərlik edir.
Laboratoriya işi həm biliklərin şüurlu mənimsənilməsinə, həm də biliklə əlaqədar bacarıqların formalaşmasına münasib imkan yaradır. Yeni məlumat əldə edən, onun mahiyyətini öyrənən şagird yeni biliyi qarşıya qoyulmuş məsələni həll etmək vasitəsinə çevirir. Həm də bu zaman evristik müsahibədəkinə nisbətən fəal axtarış zonası genişlənir. Müəllimin bilavasitə və ya dolayı rəhbərliyi altında şagird axtarış yolunu müəyyənləşdirir, onun uğursuz variantlarını kənara atır, öz fikrincə daha doğru bir həlli seçib götürür. Müsahibədə və ya disputdakına nisbətən laborator işində şagirdlərin müstəqilliyi və yaradıcılığı xeyli çoxdur. Laboratoriya işi şagirdlərdə müşahidəçiliyi, dərketmə qabiliyyətini inkişaf etdirir, faktlara qarşı onlarda hörmət tərbiyə edir, əmək mədəniyyətini formalaşdırır. Laboratoriya işi məktəblini politexnik xarakterli bacarıq və vərdişlərlə silahlandırmaqla yanaşı, onları elmi eksperiment metodikası ilə tanış edir, cihaz və alətlərlə işləməyi öyrədir.
Heç bir üsul dərketməyə dair müstəqil axtarış işinin təşkili və eyni zamanda onun idarəedilməsi sahəsində laboratoriya işi qədər böyük imkana malik deyildir. Laboratoriya işlərini frontal və ya qrup üzrə, avadanlıq imkan verdikdə isə fərdi surətdə də təşkil etmək olar. Bu üsul axtarışın tərkibinə daxil olan hər bir ünsürü ayrılıqda götürüb onun müvəffəqiyyət və uğursuzluğunu təhlil etməyə, fəaliyyətdən sonra atılacaq addımı müəyyənləşdirməyə imkan verir. Laboratoriya işini əməli cəhətdən hər hansı bir mərhələdə dayandırmaq və dərketmə məsələsinin həllinə dair hər hansı bir sualı müzakirəyə qoymaq olar. Laboratoriya işinin üstünlüyü ondadır ki, burada şagirdlərin fəaliyyəti, bir qayda olaraq maddiləşir və bunun sayəsində dərketmənin ayrı-ayrı mərhələləri göz qabağında olur və idarə edilə bilir.
Do'stlaringiz bilan baham: |