Mühaziə-seminar. Seminarın mövzu və ya mövzuları mürəkkəb olduqda bunların mahiyyətini, xüsusən araşdırılma istiamətlərini şərh etmək üçün müəllim giriş mühazirəsi oxuyur, sonra seminarın mövzuları üzərində yuxarıda göstərilən qayda üzrə müstəqil iş başlanır.
Müsahibə. Müsahibə biliklərin şagirdlərlə dialoq prosesində verilməsidir. Təlim təcrübəsində müsahibə digər metodlarından daha çox istifadə edilir. Müasir dövrdə mücahibəyə biliyi dərk etmənin bütün mərhələlərində müraciət olunur. Müsahibə hər bir fərdin effektiv fəaliyyətini təmin edir. Qabaqcıl müəllimlər dərsdə bütün uşaqların fəallığını təmin etmək üçün müsahibəyə müraciət edirlər.
Bu prosesdə şagirdlər fəallaşır,müəllimlə əməkdaşlıq edirlər.
Məktəb təcrübəsində bəzən inkişafetdirici müsahibə təsəvvürü yaradan yalan sualverməni A.Disterveq tənqid edirdi. O, yenicə öyrənilmiş məsələləri ayrı-ayrı sözlərlə müəllimə qaytarma prosesini suallarla oyun adlandırırdı. Məktəblərimizdə şagirdlərin bir-birinə mənasız suallar vermələri A.Disterveqin dediklərinə haqq qazandırır.
Müsahibə iki cür aparıla bilər. Ola bilər ki, müəllim əvvəllər öyrənilmiş materiala aid suallar qoysun, şagirdlər öyrəndiklərini yada salaraq, yenidən hasil edib cavab versinlər. Bu işi şagirdlərə əvvəlcədən sorğu vərəqi verməklə də təşkil etmək mümkündür. Şagirdlər yeri gəldikcə cavab verirlər. Beləliklə, dərsdə əks əlaqə yaranır.
Ola bilər ki, müəllimin suallarına cavab verərkən şagirdlər sadəcə olaraq artıq məlum olanları xatırlamasın, mənimsənilmiş biliklər arasında yeni əlaqələri tapsınlar, yeni nəticələrə gəlsinlər, özləri üçün əvvəllər rastlaşmadıqları yeni biliklər əldə etsinlər. Müsahibənin hər iki formasını (reproduktiv və evristik) idrak fəaliyyətini təşkil etməyə istiqamətləndirmək lazımdır.
Adətən, şagirdlər çox az sual verirlər. Müəllim onları sual verməyə həvəsləndirməli, sinfi öyrənməyə can atan cəmiyyətə çevirməlidir (Y.Ş.Kərimov). Sual bəzən “düzgün cavabların”, canlı ünsiyyətin olması üzərində qurulur. Elə hallar da olur ki, şagirdlərin yüksək qavrama səviyyələrində cavab verməyə həvəsləndirən sual-cavab olur. Belə planlaşdırılmış sual-cavab şagirdlərin təfəkkürünün inkişafına xidmət edir. Bu zaman şagirdləri yaradıcı düşünməyə cəlb etmək üçün yüksək səviyyəli suallar verilir. “Bəli”, “xeyr” cavabları alınan suallar faydalı deyil. Belə cavablarla qənaətlənmək olmaz. Ona görə də müəllim belə cavablardan sonra “Nə üçün?” , “Nəyə əsasən?” sualları ilə onların cavablarını dəqiqləşdirməlidir. Bir çox hallarda, əsasən, düzgün, lakin natamam cavabları da dəqiqləşdirmək məqsədilə müəllim əlavə suallar verir. Belə əlavə suallar uşaqlarda öz qüvvələrinə inam, düşünməyə, araşdırmağa həvəs tərbiyə edir. Sual müəyyən məqsədlə verilməlidir, məntiqi, düşündürücü, inkişafetdirici xarakter daşımalıdır. Müsahibənin işgüzar şəraitdə getməsi, maraqlı olması üçün sualın yığcam ifadə edilməsi, sinfin səviyyəsinə uyğun olması təmin edilməlidir. Müsahibə sinifdə aparıldıqda müəllim sinifə müraciət etməli, yeri gəldikcə sualın xarakterindən asılı olaraq kiməsə müraciət etməlidir. Elə etmək lazımdır ki, ümumi müsahibədə iştirak edən hər bir şagird qəflətən müraciət edildikdə cavab verməyə hazır olsunlar. Bəzən şagirdlərin cavaba düzəliş vermələri tələb olunmalıdır. Cavab qənaətləndirici olmayan hallarda düzgün cavabı müəllim verməlidir.
Müəllim müsahibə prosesində şagirdlərlə əks əlaqə yaradır. O, düzgün cavabları təqdir etməli, qeyri-dəqiq, səhv cavablara görə uşaqlara narazlığını bildirməlidir. Müsahibə fəal, oyadıcı metod olmaqla diqqəti cəlb edir. Bu metodun başlıca tələbi düşünülmüş sualların və şagirdlərin cavablarının ciddi sistemidir.
Müsahibə metodu dərsin hər bir mərhələsində müxtəlif təlim məqsədilə tətbiq olunur. Ev tapşırığı yoxlanarkən, yeni material izah edilərkən, biliyin möhkəmləndirilməsi və təkrarı, yeni biliyin tədrisi məşğələsini yekunlaşdırarkən, şagirdlərin suallarına cavab verərkən müsahibədən istifadə olunur. Müsahibə metodu qədər çoxcəhətli və effektli metod bəlkə də yoxdur. İnteraktiv metodlr adlanan priyomların əksəriyyəti məhz müsahibəyə əsaslanır. Müsahibə zamanı tədris matarialı şagirdlərin şəxsi həyat təcrübəsi ilə əlaqələndirilir. Müəllim əks əlaqə imkanına malik olur. O, şagirdlərin nələri anladıqlarını, nələri anlamadıqlarını asanlıqla aşkara çıxara bilir. O, işin gedişi prosesində özünə düzəliş verə, materialın izahı istiqamətini dəyişə, məlumatı dərinləşdirə, genişləndirə, əlavə məlumat verə bilər. Beləliklə, müsahibə şagirdlərin təfəkkürünü maksimum dərəcədə inkişaf etdirir, onların idrak qabiliyyətinin inkişafını təmin edir.
Müsahibənin gedişində şagirdlərin müstəqil fikir söyləmələri, mühakimə yürütmələri imkanı yarandığından müəllim hər bir şagirdi öyrənə və inkişaf etdirə bilir. Müsahibənin təşkili prosesi mürəkkəbdir. Müsahibənin müvəffəqiyyətlə getməsi üçün mövzu və konkret təlim vəzifəsi düzgün müəyyənləşdirilməlidir. Müəllim müsahibəni hansı istiqamətə, hansı ardıcıllıqla aparacağını təsəvvür etməli, müsahibənin məntiqi planını “görməlidir”. Müəllim şagirdlərin həmin proqram üzrə hazırlığını da aydın təsəvvür etməlidir. Müsahibənin müvəffəqiyyəti çox vaxt müəllimin verdiyi sualların məzmunu və xarakterindən asılı olur. Müəllim məqsədyönlü sual qoymaqla şagirdləri “oyadır”, onlar əvvəllər əldə etikləri bilikləri xatırlayır, onları ümumiləşdirmək, inkişaf etdirmək yolu ilə yeni bilikləri müstəqil mənimsəmələrini təmin edir. Beləliklə, şagirdlər addım-addım yeni biliklərə yiyələnirlər.
Müsahibə frontal və fərdi aparılır, frontal müsahibədə şagirdlər “canlanır”, onlar arasında rəqabət, yarış baş verir. Bu prosesdə güclü uşaqlar cəld reaksiya verirlər. Onlar digər şagirdlərə nümunə olurlar. Frontal müsahibədən sonra müəllimin fərqlənən şagirdlərin biliyini qiymətləndirməsi onlarda razılıq hissi yaradır. Tədris materialının məzmunu və konkret vəzifələrdən asılı olaraq müsahibənin müxtəlif növlərindən istifadə edilir.
Do'stlaringiz bilan baham: |