Tədqiqat metodu. Pedaqoji ədəbiyyatda bəzilərinin (məsələn, İ.Y.Lerner) bu metodu “tədqiqat prinsipi” istilahı ilə də ifadə etməsinə rast gəlirik. Lakin onların şərhində bu terminlərin hər ikisi eyni mənanı verir. Şübhəsiz, buna “tədqiqat metodu” demək məqsədə daha çox uyğundur. Ona görə ki, “prinsip” “metoda” görə geniş mənalıdır: tədqiqat prinsipi deyilirsə, bütün dərsləri bu əsasda yerinə yetirmək tələb olunardı. Halbuki, dərslər (xüsusən yuxarı siniflərdə) qismən bu yolla verilə bilər. Əlavə olaraq onu da deməliyik ki, didaktikada təlim prisnpiləri arasında belə adda prinsip yoxdur və olmamışdır. Ədalət naminə qeyd olunmalıdır ki, təlim metodları (axtarış metodları) sırasında bu tədqiqat metodu özünə yer almışdır və pedaqoqlar bu məsələdə öz mövqelərini tutarlı arqumentlərlə əsaslandırmışlar. Tədqiqat metodunun özünəməxsus tarixi vardır. Tədqiqat metodunun mahiyyətinə gəldikdə, deməliyik ki, bu hər yerdə, hər zaman tətbiq olunmur.
Qeyd edək ki, laboratoriya işi əsasən bir faktla, bir hadisə ilə məhdudlaşırsa, tədqiqat üsulu eyni səciyyəli bir çox hadisələrin öyrənilməsini nəzərdə tutur. Tədqiqat üsulunda şagirdlər müəllimin göstərişi əsasında müvafiq təbiət və ya cəmiyyət hadisələrini müstəqil müşahidə edərək lazım olan faktlar topladıqlarından və nəticələr çıxartdıqlarından əsil elmi tədqiqata yaxınlaşırlar.
Müstəsnasız olaraq bütün fənlərin tədrisində tədqiqat üsulundan istifadə edilə bilir. Təbiət fənləri ilə əlaqədar əşyaların xassələri, maddələrin qarşılıqlı təsiri, bitki örtüyünün müxtəlifliyi, onun səbəbləri, kənd təsərrüfat məhsullarının havadan, ümumiyyətlə, iqlimdən, relyefdən asılılığı və s. şagirdlər üçün tədqiqat mövzusu olur.
Humanitar fənlər üzrə ədəbi dilin xüsusiyyətlərinə, ləhcə xüsusiyyətlərinə, ailə ənənələrinə, xalq yaradıcılığına, musiqiyə, nəğməyə, təsviri incəsənətə, diyarşünaslığa və i.a. aid şagirdlərə tədqiqat xarakterli tapşırıqlar verilir.
Şagirdlərin tədqiqat işi məktəbin laboratoriya və fənn kabinetlərində, şitilliyində, canlı guşəsində, məktəbyanı sahədə, istehsalatda, kənd təsərrüfatı sahələrində, çöldə, meşədə, çəmənlikdə və s. təşkil edilir.
Tapşırığın xarakterindən asılı olaraq şagirdlərin tədqiqat işinin müddəti müxtəlif olur. Tapşırıq alan şagirdlərə aydın olmalıdır ki, tədqiqat işi bir sıra mərhələlərdən keçir: 1. Tapşırığa uyğun faktların müşahidəsi; 2. Şagirdlər üçün faktlarda aydın olmayan cəhətlərin müəyyənləşdirilməsi; 3. Bu cəhətləri izah etmək üçün fərziyə (ehtimal) irəli sürülməsi; 4. Fərziyənin doğruluğunun yoxlanılması; 5. Yoxlamadan müəyyən əməli nəticə çıxarılması.
Tədqiqat metodu elmə məlum olan, lakin şagirdlər üçün yeni olan biliyin əsaslı və möhkəm mənimsədilməsinə kömək edir və onları müstəqil düşünməyə, mühakimə yürütməyə alışdırır, elmi tədqiqat işinə hazırlayır. Tədqiqat işinin şagirdlər üçün çətinliyini müəyyən edən müəllim bu metoda onları tədricən alışdırır; bir halda şəkil və ya təcrübə, yaxud ayrı-ayrı faktlar üzrə suallar qoymaqla problemi duymağı şagirdlərə öyrədir, digər halda suala cavab verməyə, üçüncü halda müvafiq faktlardan nəticə çıxartmağa, dördüncü halda ehtimal yürütməyə, beşinci halda ehtimalın doğruluğunu yoxlamaq üçün plan tutmağa, altıncı halda ehtimalı yoxlamağa alışırlar.
Do'stlaringiz bilan baham: |