Müşahidə. Təlim zamanı öyrənilən hadisələri şagirdlər çox halda bilavasitə, təbii şəraitdə nəzərdən keçirməli olurlar. Təbiət və cəmiyyət hadisələri üzərində şagirdlərin müşahidəsini adətən müəllim təşkil edir. Bəzən şagirdlərin öz təşəbbüsləri ilə müşahidələrini müəllim müdafiə etməli və həvəsləndirməlidir. Təbiət və cəmiyyət hadisələrinin şagirdlər tərəfindən müşahidəsi bəzən qısa müddətli, bəzən də uzun müddətli olur. Müxtəlif təbii şəraitdə bitkilərin, böcəklərin və heyvanların yaşayış xüsusiyyətlərini, buludların hərəkətinin küləklərlə əlaqəsini, çay yataqlarının yerdəyişməsini, təbii şəraitin dəyişməsində adamların təsərrüfat fəaliyyətinin rolunu müşahidə etmək və s., əlbəttə, uzun müddət tələb edir.
Şagirdlərin müşahidəsi bəzən müəyyən tədris müvzusunu keçməzdən əvvəl təşkil olunur və mövzu öyrənilən zaman şagirdlərin müşahidə materiallarına istinad edilir. Təbiət və cəmiyyət hadisələri ilə şagirdlərin bilavasitə təmasda olmaları mövzunun daha şüurlu və daha möhkəm qavranılmasına imkan verir. Təlim üsulu kimi müşahidənin səmərəliliyi bir sıra tələblərə əməl olunmasını zəruri edir.
1.Nəyin müşahidə ediləcəyi şagirdlər üçün aydın olmalıdır.
2. Müşahidənin nə məqsədlə aparılacağını şagirdlər bilməlidir.
3. Müşahidə zamanı nələrə diqqət yetiriləcəyi deyilməlidir.
4. Müşahidə materialları qeydə alınmalıdır.
5. Bütün şagirdlər müşahidəyə qoşulmalıdır.
6. Müşahidənin yekunlarından dərsdə istifadə olunarkən şagirdlərin fəaliyyətinə münasibət bildirilməlidir.
Demonstrasiya. Bir çox mövzuların şüurlu başa düşülməsini təmin etmək məqsədilə dərsdə müxtəlif əşyaların, cihazların, alətlərin, vəsaitlərin dinamikasının açılması, diafilmlərin, diapozitivlərin, kinofilmlərin, təcrübələrin göstərilməsi lazım gəlir. Demonstrasiya sadəcə nümayiş deyil, canlı prosesdir. Demostrasiya zamanı ilk növbədə obyektin xarici əlaməti- böyüklüyü, forması, rəngi, hissələri, onların hər birinin görünüşü, xassələri, daxili keyfiyyətləri (cihazın necə işləməsi, buzun necə əriməsi, çəyirtkənin necə atılması və s.) nümayiş etdirilir. Bu zaman fəal idrak prosesi baş verir. Demonstrasiyanın səmərəliliyini təmin etmək üçün aşağıdakı şərtlər gözlənilməlidir: nümayiş etdirilən obyekt (tarla bitkiləri, tərəvəz, yeraltı sərvətlər, əmək alətləri və s.) hamı tərəfindən aydın görünməli, müxtəlif hiss orqanları tərəfindən duyulmalıdır, qavranmalıdır; əşya və ya təcrübə yalnız lazımi anda nümayiş etdirilməlidir; şəkillər iri, rəngli, cədvəllərin yazıları hamının görə biləcəyi irilikdə olmalıdır; obyektin sözlə təsviri müşahidəçiliyi inkişaf etdirməlidir; şagird əldə ediləcək biliklə əlaqədar cəhətə diqqət yetirməlidir; nümayişin nəticəsi şagirdlərin iştirakı ilə formalaşdırılmalıdır; nümayiş etdirilən obyektin xarici əlamətlərinə aludəçiliyə yol verilməməlidir.
İllüstrasiya. İllüstrasiya demonstrasiya metoduna çox yaxın olan və bir-birini tamamlayan metod olub, əşya və hadisələrin bilavasitə özlərinin təqdim olunması ilə deyil, simvolik təsvirlərin köməyi ilə qavranılması metodudur. Əşya və hadisələr, həmçinin demonstrasiyada canlı verilən proseslər illüstrasiya metoduna əsasən plakatların, fotoşəkillərin, sxemlərin, yastı modellərin, rəsmlərin köməyi ilə verilir. İbtidai siniflər üçün müxtəlif mövzularda (meyvə, tərəvəz, heyvanlar, quşlar, ağaclar və s.) şəkilli kartoçkalar, coğrafiya və tarixə dair xəritələr, albomlar və s. geniş yayılmış illüstrativ materiallardır.
Adətən, məktəblərin bir çoxunda illüstrativ materiallar divardan asılı şəkildə saxlanılır. Şagirdlər onların üzərində dəfələrlə müşahidə apardıqlarından maraq azalır. İllüstrativ materialı dərsin əvvəlində asıb işə başlamaq da məsləhət görülmür. Söhbət ondan gedən anda şagirdlərə təqdim olunan illüstrativ material böyük maraq doğurur və effekt verir.
Do'stlaringiz bilan baham: |