Praktik işlər. Praktik işlər metodu şagirdlərin yiyələndikləri bilik və bacarıqların təcrübədə tətbiq olunmasına, təlimdə nəzəriyyə və təcrübənin arasında əlaqənin yaranmasına xidmət edir. Praktik işlərin bir qismi sinifdə, əksəriyyəti təbiətin qoynunda- məktəbin tədris- təcrübə sahəsində, tarlada, çayın yatağında, meşədə yerinə yetirilir. Şagirdlərin xəritə, kompas, ərazinin planını hazırlamaları, torpağı təhlil etmələri, mineral gübrələrin tərkibini və tətbiqi qaydalarını öyrənmələri, heyvanların növlərinə görə yem tədarükünün həyata keçirilmə qaydası ilə tanış olmaları, sahənin ölçülməsi və əkin üçün ayrılması və s. praktik işlər hesab olunur.
Şagirdlərin öz bilik və bacarıqlarını həyatla, istehal sahələri ilə bağlamaları onların biliklərinin ictimi dəyərini artırır, mövqeyini dəyişir, gənclərin müstəqilliyi, təşəbbüskarlığı, ictimai işlərdə fəal iştirak etmələrində bu metodun rolu böyükdür. Biliyin və bacarığın tətbiqi dərslərində şagirdlərin idrak fəaliyyəti bir neçə mərhələdən keçir. Hər şeydən əvvəl müəllim qarşıda duran iş barədə izahat verir. Bu zaman o, şagirdlərin işi nəzəri cəhətdən dərk etmələrinə şərait yaradır. Müəllim təlimat verir, şagird işin yerinə yetirilmə qaydasını təkrarlayır, digərləri müşahidə aparırlar. Bütövlükdə sinif işə cəlb olunur, hər kəs işi müstəqil yerinə yetirir. Nəhayət, şagirdlər qiymətləndirilirlər (Podlasiy İ.P.). Praktik işlər düzgün keçiriləndə şagirdlərin biliklərinin dərinləşməsinə, onlarda bacarıq və vərdişlərin formalaşmasına kömək göstərir. Şagirdlər kəndlinin, fəhlənin, sənətçinin praktik işini ardıcıl, diqqətlə müşahidə edir, nümunə əsasında işi elə yerinə yetirirlər ki, əvəllər yiyələndikləri biliklərə müraciət etməyə ehtiyac qalmır. Onlar pambıq, çay, tütün, bostan, tərəvəz və s. becərməyi öyrənirlər. Praktik işi yerinə yetirərkən onlarda həmin prosesi düzgün planlaşdırmaq, əmək bölgüsü aparmaq, əmək prosesini ciddi cəhdlə təşkil etmək, işi vicdanla yerinə yetirmək, onun yüksək keyfiyyətdə olmasına çalışmaq, birgə işləmək kimi keyfiyyətlər formalaşır.
Disput. Elmi mübahisə mənası verən disput ümumtəhsil məktəblərində çox zaman tərbiyə metodu kimi, bu və ya digər əxlaqi görüşlər haqqında şagirdlərin (yuxarı siniflər üzrə) fikirlərini öyrənmək, görüşün məna və əhəmiyyətini daha geniş şərh etmək məqsədilə təşkil edilir. Buna indi də məktəblərdə tərbiyə məsələlərində yer verilir. Lakin burada biz disputun təlimin axtarış metodları sırasında istifadə edilməsinin məqsədəmüvafiq olmasına diqqəti cəlb etmək istərdik. Disput nisbətən məhdud şəkildə işlədilən metoddur. Buna müəllim o zaman müraciət edir ki, şagirdlərdə bu və ya başqa elmi məsələ haqqında müxtəlif rəylər əmələ gəlir, buna xüsusilə ədəbiyyat dərslərində, bu və ya digər yazıçının personajlara verdiyi rol və qiymətin ziddiyyətli cəhətlərinin müzakirəsi məqsədilə meydan verilir. Müəllim hadisə və əhvalatlarda ziddiyyətli cəhətləri qeyd edir, bu barədə ədəbiyyatda müxtəlif fikirlərin olduğunu göstərir və bu münasibətlə şagirdlər arasında dərsdə və dərsdən-kənar vaxtlarda disput təşkil etməklə onların- şagirdlərin öz fikirlərini söyləmələrinə, onu sübut etmək üçün dəlillər gətirmələrinə imkan verir. Şübhə yoxdur ki, belə mübahisələrdə iştirak edən şagirdlər müəyyən dərsdə ona hazırlaşırlar. Çünki, onlar müstəqil olaraq fikir söyləməlidirlər. Onların fikri həqiqətə tam müvafiq olmasa da, şagirdləri müstəqil fikir söyləməyə alışdırır, tənqidi düşünməyi öyrədir. Disputun tətbiqinin keyfiyyəti isə müəllimin məharətindən, fənnin tədrisi prosesində disput üçün münasib məsələlər qaldırılmasından, ona lazımi hazırlıq aparılmasından, disputun mütəşəkkil keçirilməsindən asılıdır. Vaxtaşırı təşkil edilən təlim disputu dərsdə şagirdlərin fəallaşdırılmasına kömək edir ki, bu da təlimin məqsədlərindən biridir.
Do'stlaringiz bilan baham: |