14.6.4. Əyaniliklə sözün vəhdəti.
Təlimin əyaniliyi xüsusi vasitələrdən müəllimin sözü ilə uzlaşdırılmış şəkildə istifadə edilməsi nəticəsində həyata keçirilir. Hələ XIX əsrin ortalarında uşaqların əqli fəaliyyətlərinin aktivləşdirilməsi vasitəsi kimi əyaniliyin tətbiqi ideyası irəli sürülmüşdür. Uzun müddət həmin vasitələrin köməkçi rol oynaması nəzərdə tutulmuşdur: Onlardan biliklərin mənimsənilməsini asanlaşdıran və şagirdlərdə öyrənilən materiala maraq oyadan illüstrativ vasitə kimi istifadə olunmuşdur. Didaktikada əyani vasitələrə, əsasən, həyatla əlaqəsi istiqamətində baxılmış, onun rolunu hərtərəfli tədqiq etmək, bunu problem kimi araşdırmaq diqqətdən yayınmışdır. Məhz bu səbəbdən də bəzi tədqiqatçılar (məsələn, İ.İ.Pidkasisti, L.V.Zankov, M.İ.Maxmutov, M.A. Danilov, N.A.Mençinskaya, E.Q.Minqazov və başqaları) əyaniliyin təlimdə roluna belə klassik baxışı heç də kifayətləndirici hesab etməmiş, bu statusda istifadə olunan əyaniliyi şagirdlərin idrakının fəallaşması üçün hərtərəfli effektli vasitə saymamışlar. Təbii ki, əyaniliyin funksiyalarının məhdud şəkildə anlaşılması zərərli hal kimi qəbul olunmalıdır.
Q.İ.Şukinanın təlim prosesində əyaniliyin idrak yükünün “çoxmənalılığı” haqqında mülahizəsi, L.V.Zankovun və N.A.Mençinskayanın əyaniliyin üç funskiyası (əyanilik biliyin mənbəyidir, əyanilik deduktiv nəticələrin, hissi qavrayışın əsası və idrakın dayağıdır) haqqında fikirləri, sonuncuların qeyd etdiyi funskiyalara M.İ.Maxmutovun əlavə etdiyi əyaniliyin dördüncü funskiyası- təlim probleminin qoyuluşu, problemli vəziyyətin yaradılması vasitəsi olması barədə mühakimə diqqətəlayiqdir. E.Q.Minqarovun tədqiqatları şagirdlərin tədris-idrak fəaliyyətinin aktivləşdirilməsində əyaniliyin rolunu aydınlaşdırmaq imkanı yaradır. Onun fikrincə, şagirdlərin aktivləşməsi əyani vasitələrin tətbiqinin konkretdən abstrakta, ümumidən fərdiyə, hərəkət etməyəndən hərəkət edənə və s. keçid xətti və ya əks-keçid xətti üzrə gedir. Əks-keçid halı idrak məsələlərinin həllinin araşdırılması və induktiv nəticələrin tədqiqi prosesi üçün xarakterikdir.
Əyaniliyin aşağıdakı funskiyalarından istifadə etməklə təlim prosesinin idarəolunmasını yaxşılaşdırmaq mümkündür: 1) əyanilikdən empirik məlumatları əldə etmək vasitəsi kimi; 2) əyanilikdən deduktiv nəticələrin təsdiqi vasitəsi kimi; 3) əyanilikdən induktiv nəticəyə gəlmək, ümumiləşdirmənin, sistemləşdirmənin əsaslandırılması vasitəsi kimi; 4) əyanilikdən, bərpaedici fəaliyyətdən evristik fəaliyyətə keçid şəraitinin yaradılması vasitəsi kimi; 6) evristik fəaliyyətin illüstrasiya təminatını yaxşılaşdırmaq vasitəsi kimi.
Təlim sistemində əyani vasitələrin tətbiqi zamanı aşağıdakı tələblər gözlənilməlidir.
1.Təlim prosesi əyani vasitələrlə həddindən artıq yüklənməməlidir, əks halda tədris materiallarının başa düşülüb mənimsənilməsində şagirdlərin müstəqilliyini və fəallığını aşağı salır. Əyani vasitələrin çoxluğu biliklərin mənimsənilməsinə maneçilik törədir, axtarış prosesinə mənfi təsir göstərir.
2. Əyani vasitələrdən istifadə edilməsinin aydın məqsədi olmalıdır. O, əqli fəaliyyətin növlərinin idarə olunmasını şərtləndirməlidir.
3. Şagirdlərdə kənar assosiasiyalar yaratmaq üçün əyani vasitədə lüzumsuz heç bir şey olmamalıdır.
4. Əyani vasitə tətbiq edərkən şagirdlərin imkanları nəzərə alınmalıdır. Belə bir fikir yanlışdır ki, aşağı siniflərdə yalnız şəkilli əyani vasitələrdən istifadə olunmalıdır. Uşaqları şərti təsvirlərdən istifadə etməklə əlaqələri, asılılıqları başa düşməyə alışdırmaq zəruridir.
Do'stlaringiz bilan baham: |