QAYNAQLAR
1. Ağayev, Əjdər: Xalq Pedaqogikası Şəxsiyyətin Formalaşması İdeyasının Qaynaqlarından Biri Kimi; “Azərbaycan Məktəbi” jurnalı, # 4, s. 135–140, Bakı, 1999.
2. Azərbaycan Folkoru Antologiyası, 22-ci kitab – Borçalı-Qarapapaq Folkloru; Toplayıb tərtib edən və ön sözün müəllifi Valeh Hacılar; 444 s., AMEA Folklor İnstitutunun nəşri, Bakı, 2011.
3. Bədəlova, Əsmər: Azərbaycan Xalq Pedaqogikası; 188 s., Bakı, 2009.
4. ელაშვილი, ვასილ: ფიზიკური აღზრდის ქართული ხალხური პედაგოგიკა = Elaşvili, Vasil: Fiziki Tərbiyə Üzrə Gürcü Xalq Pedaqogikası; 72 s, მეცნიერება , Tbilisi, 1989.
5. Əfəndiyev, Paşa: Azərbaycan Şifahi Xalq Ədəbiyyatı; 478 s., Bakı, 1992.
6. Hacılar, Valeh: Gürcüstanda Türk Xalq Ədəbiyyatı Ənənələri; 303 s., AMEA Folklor İnstitutunun nəşri, Bakı, 2005.
7. Həşimov, Əliheydər / Sadıqov Fərahim: Azərbaycan Xalq Pedaqogikası; 257 s., Bakı, 1993.
8. Həşimov, Əliheydər: Azərbaycan Xalq Pedaqogikası; 272 s., Bakı, 2000.
9. ხინთიბიძე, ანტონ, ხალხური პედაგოგიკა და მისი შესწავლის საკითხები = Xintibidze, Anton: Xalq Pedaqogikası və Onun Tədrisi Məsələləri; “სკოლა და ცხოვრება” = Məktəb və Həyat, # 10, s. 51–62, Tbilisi, 1969.
10. მამულაძე, ნანი: ბავშვის გონებრივი აღზრდის ხალხური ტრადიციები = Mamuladze, Nani: Uşağın Əqli Tərbiyəsinin Xalq Gələnəkləri; “Education Science and Psychology”, # 1 (20), Tbilisi 2012 (http://gesj.internet-academy.org.ge/ge/list_aut_artic_ge.php?b_sec=&list_aut=2368; istifadə 17.03.2012)
11. Paşayev, Əmrulla / Rüstəmov, Fərrux: Pedaqogika – Yeni Kurs; 464 s, Bakı, 2007.
12. Vəliyev, Vaqif: Azərbaycan Folkloru; 416 s., Bakı, 1985.
Gülnarə Ələddin qızı Seyidova
Azərbaycan Milli Elmlər Akademsiyası Folklor İnstitutu
«AZƏRBAYCAN ŞİFAHİ XALQ ƏDƏBİYYATINA DAİR TƏDQİQLƏR» MƏCMUƏSİNDƏ QƏHRƏMANLIQ DASTANI ƏNƏNƏSİ
VƏ QAÇAQ DASTANLARI PROBLEMİ
Heroic epos tradition on “Research on Azerbaijan folklore” journal and the problems of robber epos
More than 30 books of “Research on Azerbaijan folklore” journal have been published since 1961 when the journal started internationally. According to our calculations, the articles related to epos problems published in I-XXXI editions of the journal that were defined as the research objects, include no more than 120 scientific works.
The material published in these editions of “Research” journal related to epos studies is the basis of the science of Azerbaijan epos studies. The articles published in I-XXXI editions of “Research” journal related to epos studies include the articles on Old Turkic epos, Oguzname, “Kitab-i Dada Gorgud”, “Koroglu”, robber epos, love epos, and other articles on theoretical-poetic issues of epos studies.
The analysis of material related to heroic epos traditions and the problem of robber epos in “Research on Azerbaijani folklore” journal show that the heroic epos tradition has been the main creative direction for Azerbaijani art of epos tradition since old times up to last century. Robber epos is the last phase for the process of some thousand years. The researches show that several characteristic traditions for Azerbaijan heroic epos kept their functionality in robber epos.
1961-ci ildən beynəlxalq nəşr kimi fəaliyyətə başlayan «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» məcmuəsinin indiyə qədər 30-dan çox kitabı nəşr olunmuşdur. Jurnalın tədqiqat obyekti olaraq müəyyənləşdirdiyimiz I-XXXI saylarındakı məqalələr içərisində dastan problemi ilə bağlı olanlar, hesablamalarımıza görə, 120-dək əsəri əhatə edir (bax: 1)..
«Tədqiqlər» dövri nəşrdir. Hazırda AMEA Folklor İnstitutunda jurnalın 35- nömrəsi çap olunsa da, tədqiqat obyekti kimi I-XXXI saylar götürülmüşdür. Məcmuənin I-X saylarına müxtəlif vaxtlarda M.H.Təhmasib, İ.Abbaslı, T.Hacıyev, N.Seyidov, T.Fərzəliyev, B.Abdullayev, O.Əliyev, H.İsmayılov redaktorluq etmişlər (bax: 2; 3; 4).
Dastanşünaslıqla bağlı «Tədqiqlər»in bu saylarında işıq üzü görmüş material, əslində, Azərbaycan dastanşünaslıq elminin əsas bazasını təşkil edir. «Tədqiqlər» tarixi etibarilə iki əsri əhatə edir: XX əsrin ikinci yarısında fəaliyyətə başlayıb və XXI əsrdə də öz fəaliyyətini davam etdirir. Bu nəşr eyni zamanda Azərbaycan tarixinin iki epoxasını əhatə edir: sovet epoxası və müstəqillik dövrü. Burada maraqlı mənzərə müşahidə olunur. «Tədqiqlər»in 30 illik sovet dönəmində (1961, 1966, 1968, 1973, 1977, 1981, 1987-ci illərdə) 7 sayı çapdan çıxmışdır. Məcmuənin 8-ci sayı müstəqillik dövründə 1999-cu ildə nəşr olunmuşdur. Keçən dövrdə (1999-2010) ərzində isə 24 sayı işıq üzü görmüşdür.
Jurnalda dastanla bağlı məqalələr müəyyənləşdirilərkən (seçim aparılarkən) prinsip olaraq bilavasitə dastan məsələlərinə həsr olunmuş əsərlər əsas götürülmüşdür. «Tədqiq»lərin I-XXXI saylarında dastanşünaslıqla bağlı çap olunmuş məqalələrin tematik prinsiplə təhlili göstərir ki, mövcud materialı ən ümumi mövzular baxımından aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür:
1. Qədim türk eposu haqqında məqalələr:
2. Oğuznamə haqqında məqalələr:
3. «Kitabi-Dədə Qorqud» haqqında məqalələr:
Sayca çox olan bu yazılar bir neçə qrupdan ibarətdir:
a) Tədqiq tarixi
b) Poetika məsələləri
c) Epik-mifoloji ənənə
ç) Tarix
d) Mətnşünaslıq və dil
4. «Koroğlu» dastanı haqqında məqalələr:
Bu yazıların aşağıdakı təsnifatının aparmaq mümkündür:
a) Tədqiq tarixi
b) Poetika məsələləri
c) Mif və ritual
ç) Tarix və dil məsələləri
5. Qaçaq dastanları haqqında məqalələr
6. Məhəbbət dastanları haqqında məqalələr:
Bu məqalələrin aşağıdakı təsnifatını aparmaq mümkündür:
a) Ayrı-ayrı məhəbbət dastanları
b) Poetika məsələləri
7. Dastançılığın nəzəri-poetik məsələləri:
Bu məqalələrin təsnifatı belədir:
a) Tədqiqatçılar
b) Azərbaycan dastanları erməni mənbələrində
c) Dastan poetikası
ç) Regional mühitlərə məxsus dastanlar
d) Termin və anlayışlar
e) Təsnifat məsələləri
Azərbaycan dastanlarına dair «Tədqiqlər» məcmuəsindəki materiallarda dastan yaradıcılığının mənşəyi, dastanların arxaik kökləri, qədim dastançılıq ənənəsi kimi məsələlər araşdırıcıları daim düşündürmüşdür. Dastanşünaslığın müxtəlif problemlərinə həsr olunmuş məqalələrdə yeri gəldikcə bu məsələlər haqqında da maraqlı fikirlər söylənmişdir. «Tədqiqlər» məcmuəsində qədim və orta əsrlər türk dastan yaradıcılığı ilə bağlı «Oğuznamə» ənənəsindən geniş şəkildə bəhs edilmişdir.
Aparılmış tədqiqatlardan aydın olur ki, Azərbaycan folklorşünasları milli dastanlarımızı tədqiq edərkən onların arxaik və qədim kökləri məsələsini heç vaxt diqqətdən kənarda saxlamamışlar. Bu barədə yazılmış ayrıca məqalələr (İ.Abbaslı və H.İsmayılovun tədqiqatları) ümumən Azərbaycan folklorşünaslığının bu sahəyə olan diqqətini əks etdirməklə bərabər, arxaik və qədim dövr epos ənənələrinin öyrənilməsinin Azərbaycan dastanşünaslığı üçün nə qədər əhəmiyyətli bir mövzu olmasını da nümayiş etdirir.
Tədqiqatlarda təhlil yolu ilə belə bir nəzəri yanaşma özünü təsdiq etmişdir ki, Azərbaycan qəhrəmanlıq və məhəbbət dastanlarının, ümumiyyətlə, milli dastançılıq ənənəsinin istənilən nümunəsinin əsl poetik dəyərini vermək üçün onları arxaik və qədim türk dastançılıq ənənəsi baxımından tarixi-müqayisəli şəkildə öyrənmədən obyektiv, etibarlı nəticələr almaq mümkün deyildir.
Araşdırmalarda arxaik və qədim dövr türk dastançılıq ənənəsinin əsas bazası – «Yaradılış», «Alp Ər Tonqa», «Oğuz Kağan», «Atilla», «Bozqurd», «Göy türk», «Ərkənəkon», «Şu», «Siyen-pi», «Köç» və s. kimi mifoloji-epik, mənqəbə-dastan tipli mətnlərin, demək olar ki, hamısı araşdırmaya cəlb olunmuşdur. Mətn bazasının dolğun şəkildə əhatə olunması Azərbaycan alimlərinin istər «Tədqiqlər» məcmuəsində, istərsə də ümumiyyətlə Azərbaycan folklorşünaslığında bu mövzuda aparılmış tədqiqatlarına türkoloji önəm verir və onların dünya səviyyəsinə çıxmasının əsas şərtini təşkil edir.
«Tədqiqlər»də Azərbaycan dastanlarının əsas mənbəyini təşkil edən «Oğuznamə» ənənəsinə xüsusi maraq göstərilməsi milli dastançılıq ənənəsinin inkişaf tarixi baxımından özünü təsdiq edən tədqiqat təmayülüdür.
Məcmuədə «Oğuznamə» ənənəsi ilə bağlı araşdırmalar üç əsas istiqamət ətrafında qruplaşır:
1. Şifahi ənənədən yazılı tarixçilik elmi ənənəsinə transformasiya olunmuş oğuznamələr əsasında arxaik, şifahi epik ənənənin bərpasının prinsip, üsul, vasitələrinin nəzəri əsaslarının hazırlanması və belə bir bərpanın həyata keçirilməsi (Ə.Əsgərin «Tədqiqlər»dəki və ondan kənardakı araşdırmaları);
2. Oğuznamələr əsasında ilkin mifoloji dünyagörüşün – oğuz mifologiyasının öyrənilməsi (S.Rzasoyun «Tədqiqlər»dəki və ondan kənardakı araşdırmaları);
3. Ümumi planda «Oğuznamə»nin, konkret planda KDQ oğuznamələrinin tarixi-mədəni inkişaf və transformasiya məsələləri (E.Abbasov və Ü.Nəbiyevanın «Tədqiqlər»dəki və ondan kənardakı araşdırmaları).
«Tədqiqlər»də «Oğuznamə» ilə bağlı araşdırmaların nisbətən yaxın dövrə aid olması Azərbaycan dastanşünaslıq elminin öz inkişafında əksi, arxaik köklərə daha çox diqqət verməsinin, get-gedə daha mürəkkəb məsələlərin həllinə baş vurmasının, tədqiqatlarda milli dastançılıq ənənəsinin inkişaf tarixinə müqayisəli yanaşmanıın daha iri, daha böyük zaman hüdudlarını əhatə etməsinin ifadəsidir.
«Tədqiqlər» məcmuəsinin I-XXXI saylarında Azərbaycan dastanlarına dair araşdırmalar içərisində «Kitabi-Dədə Qorqud» (qısaltması: KDQ – G.S.) oğuznamələri haqqında məqalələr sayına və məzmununa görə sanballı yer tutur. Sayı 40-a çatan məqalələr mövzu baxımından KDQ-nin tədqiq tarixi (3 məqalə), poetikası (17 məqalə), özünəqədərki və sonrakı epik ənənə ilə əlaqəsi (9 məqalə), tarixlə bağlılığı (3 məqalə), mətnşünaslıq və dil (8 məqalə) məsələlərini əhatə edir. Qeyd edək ki, «Tədqiqlər»in X sayı ayrıca olaraq KDQ-yə həsr olunmuşdur və sözü gedən 40 məqalənin yarısı – 20-si bu sayın payına düşür.
Aparılmış tədqiqatlar göstərir ki, xüsusilə KDQ-nin poetikası məsələləri məcmuənin 1961-ci ildə çap olunmuş birinci sayından bugünə kimi diqqət mərkəzində olmuşdur. Tədqiqatçılar KDD eposunu Azərbaycan dastançılıq ənənəsinin inkişafında xüsusi və mühüm mərhələ hesab edərək, onun poetikasının öyrənilməsini milli dastançılıq ənənəsinin inkişaf tarixinin izlənilməsi baxımından zəruri hesab etmişlər. «Tədqiqlər»də KDQ-nin poetika məsələləri onilliklər ərzində məzmunca dəyişmiş, inkişaf etmiş, rus, ümumtürk və dünya eposşünaslığının uğurları, nəzəri və tətbiqi nəticələri qorqudşünaslığa gətirilmişdir. Məcmuədə XX əsrin 60-cı illərindəki tədqiqatlarda KDQ-poetikası daha çox ümumnəzəri məsələləri əhatə etmişdirsə, sonrakı onilliklərdə, xüsusilə XXI əsrin əvvəllərinə doğru əsas tematik istiqamətlər müəyyənləşmişdir. Bu istiqamətlər ümumən dastana milli-mədəni sistemin əsas xüsusiyyətlərini (milli yaddaşı) özündə daşıyan abidə kimi yanaşma ilə nəticələnmişdir. «Tədqiqlər» ümumən Azərbaycan qorqudşünaslığının inkişafına mühüm təsir göstərməklə onun əsas bazası hesab olunmuşdur. Məcmuə uzun onilliklər folklorla bağlı əsas nəşr olduğu üçün KDQ-nin poetikası ilə bağlı tədqiqatlar da, əsasən, burada nəşr olunmuş, bu da öz növbəsində məcmuədəki tədqiqatları KDQ-nin poetika məsələləri sahəsində əsas qaynaq kimi təsdiq edir.
Tədqiqatlar göstərmişdir ki, KDQ oğuz-türk epik-poetik düşüncə ənənəsinin inkişafında çox mühüm rola malik olmuşdur. Bu rol epoxal xarakterlidir. KDQ oğuz-türk epik-poetik düşüncəsinin tarixində mühüm, inkarolunmaz bir epoxanı təşkil edir. O, sanki oğuz-türk milli mədəniyyətinin süzgəcidir. Özünəqədərki mifoloji, epik, lirik, dramatik düşüncə ənənələrini özündə cəmləyərək, milli mədəniyyətin sonrakı inkişafı üçün nəhəng və fundamental baza rolunu oynamışdır. Araşdırıcılar KDQ-nin oğuz-türk poetik düşüncəsinin inkişafındakı əsas rolunun islamaqədərki və islam epoxalarının qovşağında baş verdiyini üzə çıxarmışlar. Əski qam-şaman mifologiyası, tanrıçı görüşləri əsasında təşəkkül tapan KDQ oğuz-türklərin islama qədərki neçə minillik mədəniyyətini islami mədəniyyətə transformasiya etmiş və bununla da oğuzların milli düşüncə tarixində islamaqədərki epoxa ilə islam epoxaları arasındakı ziddiyyətləri aradan qaldırmış, bu iki epoxanı oğuz-türklərin vahid milli poetik düşüncə tarixi kimi qalmasını təmin etmişdir.
«Tədqiqlər»də KDQ və tarix mövzusundakı məqalələr bu abidənin bir tərəfdən Azərbaycanın qədim tarixinə bağlılığını, oğuzların, ümumiyyətlə, qədim tərklərin Azərbaycanın yerli xalqı olduğunu sübut etdiyi kimi, KDQ eposunun Azərbaycan tarixinin ən qədim və etibarlı qaynağı olduğunu da təsdiq edir.
«Tədqiqlər»də KDQ-nin tekstologiya və dil məsələləri ilə bağlı çap olunmuş məqalələrin təhlili göstərir ki, Azərbaycan qorqudşünaslığında KDQ-nin məntşünaslıq problemləri daim diqqətdə olmuş, eposun nəşri ilə ona dair mətnşünaslıq araşdırmaları yanaşı aparılmış, mətnşünaslığın nəzəriyyəsi ilə praktikası biri-birini tamamlamışdır.
Məcmuədə «Koroğlu» dastanı ilə bağlı araşdırmalar mövzu baxımından rəngarəngdir. Toplam 28 məqalədən 15-i məcmuənin ayrıca olaraq «Koroğlu» dastanına həsr olunmuş 29-cu sayında verilmişdir. Məcmuədə «Koroğlu» haqqındakı bütün məqalələri mövzusuna və məqalələrin sayına görə aşağıdakı təsnifatını aparmaq olar:
1. Dastanın tədqiq tarixi məsələləri – 8 məqalə;
2. Dastanın poetika məsələləri – 14 məqalə;
3. Dastanda mif və ritual – 4 məqalə;
4. Dastanın tarixlə əlaqəsi və dil məsələləri – 2 məqalə.
«Tədqiqlər» məcmuəsində «Koroğlu» dastanının tədqiq tarixi ilə bağlı məqalələr eposun nəşri və tərcümə tarixi, ayrı-ayrı tədqiqatçıların bu sahədəki fəaliyyəti, koroğluşünaslığın inkişaf istiqamətləri və s. kimi məsələləri əhatə edir. Maraqlıdır ki, bu məqalələrin böyük əksəriyyəti müsəqillik dönəminə (2007-2009-cu illərə) ailddir. Həmin araşdırmaların təhlili göstərir ki, «Koroğlu» dastanının nəşr və tədqiqi tarixi ilə bağlı məsələlər Azərbaycan koroğluşünaslığının aktual tədqiq istiqamətlərindən olmuş, məqalələrdə XIX əsrin birinci yarısından başlamaqla bugünə qədər çox böyük bir dövr və rəngarəng material əhatə olunmuşdur. Aparılmış tədqiqatlar formal xarakter daşımamış, onlarda dastanın nəşr və tədqiq tarixinin, demək olar ki, bütün məsələləri əhatə olunmuş, ayrı-ayrı variantlar, onların toplayıcı və tərtibçilərinin fəaliyyəti, mətnlərin poetik xüsusiyyətləri və s. kimi məsələlərə diqqət verilmişdir. Bu araşdırmalar Azərbaycan koroğluşünaslığının daim inkişaf etməkdə və zənginləşməkdə olduğunu təsdiqləmişdir. Araşdırıcılar koroğluşünaslıqdakı ayrı-ayrı tədqiq istiqamətlərini izləmiş, dastanın tədqiqinin metod məsələlərinə diqqət yetirmiş və Azərbaycan koroğluşünaslığının dünya folklorşünaslığının elmi nailiyyətlərinə biganə qalmadığını, eposşünaslıqda meydana çıxan yeni-yeni tədqiq üsullarının Azərbaycan folklorşünaslığına gətirilməsini, o cümlədən «Koroğlu» dastanının tədqiqinə tətbiq olunmasını müəyyənləşdirmişdir.
Məcmuədə «Koroğlu» dastanının poetikasına dair məqalələrin təhlili göstərir ki, «Tədqiqlər» də «Koroğlu» dastanının poetikası ilə bağlı yazıların dastanın poetikasının, demək olar ki, bütün məsələlərini əhatə etməsi Azərbaycan koroğluşünaslığının inkişaf etməsinin, folklorşünaslığın qabaqcıl bir sahəsinin olmasının sübutudur. Yəni bizim koroğluşünaslıq onda olan yazıların çoxsaylı olması ilə yox, daxili məzmunu, əldə etdiyi nətəcələrlə müstəqil elm sahəsinə çevrilmişdir. Digər tərəfdən, «Tədqiqlər»dəki yazıların «Koroğlu» dastanının bədii quruluşunun, poetik aləminin mürəkkəb nəzəri məsələləri ilə bağlı olması, ümumiyyətlə, Azərbaycan folklorşünaslığının nəzəri cəhətdən çox inkişaf etməsini göstərir. Çünki «Tədqiqlər» folklorşünaslıq sahəsində əsas nəşrlərdən biri kimi Azərbaycan alimlərinin folklor haqqındakı tədqiqatları əsasında fəaliyyət göstərmişdir. Bu cəhətinə görə də məcmuədə Koroğlu» dastanı poetikasının ən müxtəlif problemləri ilə bağlı yazıların sayı və sanbalı bütövlükdə Azərbaycan koroğluşünaslığının inkişaf etmiş, dünya koroğluşünaslığının nailiyyətləri ilə səsləşən, dünyada bu dastanla bağlı aparılan tədqiqatların nəticələrindən istifadə etməklə yanaşı, eyni zamanda dünya koroğluşünaslığına təsir edən bir elm sahəsi olduğunu bir daha təsdiqləyir. Məcmuədə dastanının poetikasının irili-xırdalı fərqli problemləri ilə yanaşı, bütün problemləri icmal-tədqiqat şəklində əhatə edən yazıların olması və bu yazılarda Azərbaycan koroğluşünaslığının tarixi nailiyyətləri ilə bərabər, dünya koroğluşünaslığının nailiyyətlərinin nəzəri cəhətdən ümumiləşdirilib, onlara qiymət verilməsi də bunu açıq şəkildə meydana qoyur.
Məcmuədə «Koroğlu» dastanında mif və ritual məsələsinə həsr edilmiş məqalələrin təhlilindən aydın olur ki, Azərbaycan dastançılıq ənənəsinin KDQ-dən sonrakı dövrünün əsas abildəsi olan «Koroğlu» dastanı eynilə öz «sələfi» KDQ kimi xalqımızın düşüncə tarixinin mifik mərhələsi ilə sıx bağlıdır. Təkcə «Tədqiqlər»də çap olunmuş məqalələdə deyil, digər araşdırmalarda da baş qəhrəman Koroğlu, onun atları, silahları ilə bağlı aparılmış təhlillər «Koroğlu» eposunun alt qatında – bünövrəsində mifik bir dastanın durduğu göstərir. «Tədqiqlər»də çap olunmuş məqalələr dastandakı mifik görüşlərin mifik-mərasimi görüşlər olduğunu, yəni mifin və ritualın birgəliyini meydana çıxarmışdır. Əslində, hər bir xalqın düşüncə tarixində miflər və mərasimlər biri-biri ilə bağlıdır. «Koroğlu» dastanında da miflə ritualın birgəliyində, qovuşmasında təzahür edən mifik-ritual lay var. «Tədqiqlər»dəki məqalələr həmin mif-ritual layının ayrı-ayrı məqamlarına, ünsürlərinə həsr olunsa da, bu mif-ritual layı bir tükənməz xəzinə kimi öz tədqiqatçılarını gözləməkdədir. «Tədqiqlər»dəki yazılar məsələnin ilkin qoyuluşu kimi diqqəti cəlb etməklə yanaşı, gələcək tədqiqatçılara ipucu, mövzu, istiqamət vermək baxımından çox faydalıdır.
Qədim və orta əsrlərdən üzü bəri «Kitabi-Dədə Qorqud», «Koroğlu» kimi nəhəng dastanları əhatə edən qəhrəmanlıq ənənəsinin sonuncu mərhələsi qaçaq dastanlarıdır. «Tədqiqlər»dəki ayrı-ayrı məqalələrdə qaçaq dastanlarına ötəri şəkildə toxunulsa da, sırf bu mövzuya həsr olunmuş iki məqaləyə rast gəlmək mümkün oldu. Bunlardan biri İsrafil Abbaslının «Qaçaq Nəbi» dastanı və Bəhlul Behcətin «Qaçaq Nəbinin tarixi» araşdırması» məqaləsidir.
Müəllif əvvəlcə «Qaçaq Nəbi» əsərinin bir folklor abidəsi kimi janrını səciyyələndirərək yazır: «Qaçaq Nəbi» tarixi nəğmələr və el qəhrəmanının adı ilə bağlı xalq içərisində dolaşan rəvayət-əhvalatlar fonunda formalaşmış süjetli hekayətlər toplusudur. «Qaçaq Nəbi» ilə bağlı araşdırmalarda o həm nəğməli rəvayət-hekayət örnəyi kimi, həm də aşıq rəvayəti – dastan kimi təqdim edilmişdir 5, s. 15).
«Qaçaq Nəbi» dastanının janr quruluşunun klassik qəhrəmanlıq dastanlarının quruluşundan fərqinə işarə edən İ.Abbaslı göstərir ki, «Qaçaq Nəbi» rəvayət və nəğmələrinin klassik dastanlarımızdan (o cümlədən «Koroğlu» eposu) quruluşundan fərqlənməsinə baxmayaraq, o, həmişə toplayıcı və naşirlərinə diqqət mərkəzində olmuşdur (5, s. 16).
İ.Abbaslı eyni məsələ haqqında Ə.H.Tahirovun topladığı mətndən danışarkən yazır ki, «Qaçaq Nəbi» dastanının Ə.H.Tahirov nəşri iki baxımdan diqqəti çəkir: öncə o, adını daşıdığı qəhrəmanın mübarizə apardığı tarixi kəsimə (XIX əsrə – G.S.) nisbətən yaxın bir dövrdə, ifaçı auditoriyasından – aşıq-söyləyicilərdən toplanmışdır; ikincisi isə «Koroğlu» eposu motivləri ilə yaxından səsləşən (xüsusilə nəğmələr) bu toplama-tərtib işi ənənəvi dastan quruluşunda (şəklində) təqdim olunmuşdur (5, s. 17).
İ.Abbaslı göstərir ki, dastanın Ə.Axundov nəşrindən fərqli olaraq, Ə.H.Tahirov variantını bir çox tərəfdən tamamlayan özgə bir nəğməli rəvayətlər toplusu isə «Qaçaq Nəbi haqqında xalqın qoşduğu bədii dastan parçaları» adlanır. Onun müəllifi Bəhlul Bəhcətdir (5, s. 17).
Müəllif məqalədə stalinizm repressiyasının qanlı qurbanlarından biri olmuş B.Behcətin həyatı haqqında məlumat vermiş, onun barəsində bir çox faktlara münasibət bildirmişdir. B.Bəhcətin «Qaçaq Nəbinin tarixi» araşdırmasını (ərəb əlifbası ilə 266, latın qarfikası ilə 370 səhifəlik vərəqləri) «el qəhrəmanının həyatı, qaçaqçılıq fəaliyyəti haqqında dolğun və hərtərəfli məlumatlarla zəngir əsər» adlandıraraq (5, s. 19), onu təsvir etmiş, B.Bəhcətin səciyyəvi fikirlərini təhlil etmiş, bu əsər haqqında folklorşünaslıqda dolğun təsəvvür yaratmışdır (5, s. 9-25).
Aynur Səfərəliyevanın «Molla Nur» rus ədəbiyyatında» məqaləsi isə A.A.Bestujev-Marlinskinin Azərbaycan qaçaq nəğmələri əsasında yazılmış «Molla Nur» povestindən bəhs edir. Məqalədə yeri gəldikcə «Molla Nur» dastanının özü barədə də danışılmışdır.
«Molla Nur» dastanı – A.Nəbiyevin göstərdiyi kimi – XIX əsr Şirvan aşıq məktəbinin repertuarında yaranmış qaçaq dastanlarından biridir. Şöhrətili qaçaq kimi tanınan Mola Nurun Quba-Dərbənd, Şəki-Zaqatala zonalarında göstərdiyi qəhrəmanlıqlar onun barəsində yaranmış dastanın əsas qayəsini təşkil edir (6, s. 558).
A.Səfərəliyeva öz məqaləsində göstərir ki, Molla Nur haqqında rus ədəbiyyatında bir sıra bədii yazılar nəşr edilmişdir. Onun içərisində ən məkəmməli A.A.Bestujev-Marlinskinin «Molla Nur» povestidir. Yazıçı bu povesti 1876-cı ilin əvvəllərində yazıb qurtarmışdır. Bu dövrdə Azərbaycanda qaçaq hərəkatı çox yayılmışdı. Ancaq yazıçının məhz Molla Nurla bağlı nəğmələr dinləməsi, onunla yolda təsadüfən rastlaşması A.Marlinskiyə bu əsəri yazmaqda çox kömək etmişdir (7, s. 135).
Müəllif məqalədə yeri gəldikcə «Molla Nur» povesti ilə «Molla Nur» dastanını müqayisə etmiş, həm povestin, həm də dastanının real hadisələri əks etdirdiyini, hər iki əsərin tərənnüm etdiyi Molla Nurun, doğrudan da, əsil el qəhrəmanı olduğunu vurğulamışdır (7, s. 136-142).
Məcmuədə qaçaq dastanları haqqındakı bu iki məqalənin təhlili aşağıdakı nəticələri ortaya qoyur:
Birincisi, «Tədqiqlər» məcmuəsindəki tədqiqatlarda Azərbaycan dastançılıq ənənəsi arxaik köklərdən başlayaraq, qədim və orta əsrlərdəki çiçəklənmə dövrünu, o cümlədən son dövr qəhrəmanlıq dastanlarını da əhatə edir.
İkincisi, sovet dövrü folklorşünaslığında XIX əsr qaçaq hərəkatı və qaçaq dastanları daha çox sovet ideologiyası baxımından səciyyələndirilsə də, xüsusilə müstəqillik dövrü araşdırmalarında qaçaq dastanlarının qədim və orta əsrlər qəhrəmanlıq ənənəsi ilə əlaqəsi, həmin ənənənin yeni dövrdə qaçaq dastanlarında yaşaması, o cümlədən klassik ənənələrin yeni dövrdə dəyişmə xüsusiyyətləri və s. kimi məsələlər diqqət mərkəzində olmuşdur.
Üçüncüsü, «Tədqiqlər»də çap olunmuş məqalələrdə qaçaq dastanları ilə bağlı Azərbaycan folklorşünaslığında aparılmış tədqiqatların nəticələrindən geniş şəkildə istifadə olunması məcmuəni bir daha folklorşünaslığımızın mərkəzi və əsas nəşrlərindən biri kimi təsdiq edir.
Beləliklə, «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» məcmuəsində qəhrəmanlıq dastanı ənənəsi və qaçaq dastanları problemi ilə bağlı materialların təhlili göstərir ki, qəhrəmanlıq dastanı ənənəsi qədim dövrlərdən başlayaraq keçən əsrə qədər Azərbaycan dastançılıq ənənəsi üçün xarakterik yaradıcı istiqamət olmuşdur. Bu neçə minillik prosesin sonuncu mərhələsini qaçaq dastanları təşkil edir. Tədqiqatlar göstərir ki, Azərbaycan qəhrəmanlıq dastanları üçün xarakterik olan bir sıra ənənələr qaçaq dastanlarında da öz funksionallığını qoruyub saxlamışdır.
Do'stlaringiz bilan baham: |