Oturma hadisəsi. Axtaçı-Gəgəli obasının sakinləri ənənəvi olaraq hər il axır çərşənbə gecəsi səhərin alatoranına qədər otururlar. Onlar niyyət edir, bir növ səhəri bu cür bir yerdə ictimai həmrəylikə açırlar. Bu ictimai həmrəylik (qohum-əqraba, qonum-qonşu) tərəfləri uzun müddətdir ki, bir-birlərini görmürlər. Başqa şəhərdə, başqa yerdə yaşayan gəgəlilər hamısı oturulan evə toplaşır ki, səhərə qədər bir yerdə yatmadan otursunlar. Burada keçmişi xatrlama, adət-ənənə, dastanlar, bəlkə də başqalarının eşitmədiyi, bilmədiyi bir çox məqamlar ortalığa tökülür.
At gövşəyir? Türklər islamdan öncə at ətini yedikləri və südünü içdikləri üçün islamı qəbul etdikdən sonra da bu ənənə birdən-birə aradan qalxmamışdır. Hələ də bir çox türk obalarında atın gövşəməsinə inam vardır. Axtaçı-Gəgəli obasında da niyyət tutular, axır çərşənbədə göz qırpmadan atın nə zaman gövşəyəcəyini gözləyərlər. Atın gövşədiyini görənlərin niyyəti baş tutar, görməyənlərsə gələn il yenə bunu təkrar edərlər. Beləliklə, dolayısı ilə insanlar inanırlar ki, at gövşəyən heyvanlar sırasına daxildir.
Heyvanlar oddan keçirilir. Axır çərşənbənin qaranlığı sona çatır. Alatorandır. Gəgəlilər özləri ilə yanaşı heyvanlarını da odun arasından keçirirlər. Tövlənin qapısı açılır və hevanlar iki tonqalın arasından keçərək sanki yeni günə, yeni ilə başlayır. Bu bizə ola bilsin ki, qapının açılıb heyvanların iki odun arasından keçərək yeniliyə, yeni həyata, yeni can qazanmış otlaqlara çıxışını göstərir. Oturaq əhalidən fərqli olaraq, bir zamanlar yarımköçəri yaşamış obalar heyvanlarını düşünür. Onun çərşənbəsində də məhz öndə gedən heyvanlardır.
Kənd sakini Muxtar kişi deyir ki, “bizim obamızda çərşənbə tonqalları hər zaman avarla, irmiylə yandırılır, odundan istifadə olunmur. İstər avar, istərsə də irmiy heyvanın qarşısından çıxan yararsız ot-ələfdir. Avarla qalanan tonqalın üzərindən hoppanan insanlar deyirlər: “Ağırlığım-uğurluğum yerlə getsin, ALLAH ruzimizi yetirsin”. Amma bir məqamı da unutmaq olmaz ki, ocağın üzərindən üzü qibləyə hoppanmasan işin avand getməz”.
Tarixi mənbələrdə insanların iki tonqalın arasından keçməsi kimi məlumatlar var. VI əsrdə Bizans salnaməçisi göytürklərin ölkəsinə səfər edir. Onu sərhəddən məhz iki tonqalın arasından keçirib ölkəyə buraxırlar. Beləliklə, türkün tarixində məlum olan iki od arasından keçmək hadisəsi var. Bu yeni qapıların açılmasının təzahürüdür hər halda (6).
Nəticə. Türkün özündən, kökündən irəli gələn bir mədəniyyət sistemi var. Bu mədəniyyət sistemində heyvandarlıq, maldarlıq, xüsusilə də köçmə maldarlıq öndə duran əsas elementdir. Onu evindən, yurdundan edən də otlaq axtarmaq hissi və istəyidir. Haqqında danışılan istər heyvanların oddan keçirilməsi, istərsə də onların yeni otlaqları qazanması, atın gövşəməsinə inam, ümumiyyətlə atla bağlı elementlər - bütün bunlar bir kompleks təşkil edir. Məhz türkə aid olduğunu ortalığa qoyur. Bu deyilənlər məhz axır çərşənbə ilə bağlıdır. Buna görə də türkün tarixində axır çərşənbə elementi var. Bunu başqalarının adına yazmaq olmaz. Bunu fars və ya ərəb, ya da ki digər toplumların adına yazmaq olmaz. Burda əsas ağırlıq-uğurluq da türkün adı ilə bağlıdır. Axır çərşənbə türkün axır çərşənbəsidir.
ƏDƏBIYYAT:
-
Xəlilli F.S. Qədim Nərgizava və Gəgəli, Bakı: Adiloğlu, 2003.
-
ADTA., fond 45, siyahı 1.
-
ADTA., fond 57, siyahı 1, iş 4.
-
Toğan Ə.Z.V. Azərbaycanın tarixi coğrafiyası (Mühazirə mətnləri). İstanbul, 1928-30.
-
ADTA., fond 24, siyahı 1, iş 348.
-
Axtaçı obası – Tərəkəmə çərşənbəsi. Sənədli film, Bakı: AktivMedia, 2011
Do'stlaringiz bilan baham: |