Onnan sora kişinin dövləti başınnan aşır” (1, 118). Amma bəzən Hal anası insanları aldadıb, hətta onlara acıq da verir: “...Axır bir gün evdəkilər hayandaymışdarsa, alladıb yaxasındakı qıyığı evdəki balaca uşağa çıxartdırır. Sora da gəlip durur Hacının arvadının qabağında, deyib:
Heş demədin, axça gəti, boxça gəti.
Elə dedin, odun gəti, su gəti” (1, 123).
Albastının dilindən deyilən bu şeir mətnindən aydın olur ki, odun və su yerində insan ondan axça (pul, qızıl) və ya boxça (var-dövlət) istəsəydi, Albastı bunları insana verə bilərdi.
Bu demonoloji obrazın mənşəyinə gəlincə, bu barədə türkologiyada müxtəlif fikirlər mövcuddur. Yuxarıda qeyd etdik ki, bu demonoloji obraz yalnız türk xalqlarında deyil, həm də ləzgi, tat, rutul, aqul, andi və b. xalqlarda mövcuddur. Bu xalqlarla yanaşı, talışlarda – Ala jen, taciklərdə - Albasti, kürdlərdə - Hal anası, bəlucilərdə - Alq şəklində analoji obraz mövcuddur.
Alimlərin böyük əksəriyyəti belə hesab edirlər ki, Albastı türk mənşəli personajdır. Amma bir qisim alimlər bu obrazı İran mifologiyası ənənələri ilə əlaqələndirirlər. Sözün özü isə “al” (İran mənşəli söz) və “bastı” (türk dilindəki “basmaq” sözündən). N.Basilov belə ehtimal edir ki, “al” sözünün mənşəyində sami xalqlarının Alu tanrısına yaxınlığı çatan Tanrı durur. Müəllif “bastı” sözünü isə Hind –Avropa termini sayaraq, mənasını “ruh”, “tanrıça” (ruslardakı “bes”, osetinlərdəki “uas” misalı) kimi açır. Bu etimologiyaya əsaslanan alim, ehtimal edir ki, Albastı obrazı etnik topluluqların qədim əlaqələri zamanı formalaşmışdır. Prof. C.Bəydili “al” sözünü od kultu ilə bağlayır: “ “Al” sözü bu ruhun od kultu ilə bağlı olduğunu da göstərir. Məs., yakurlarda ailə ocağının oduna Al-ot deyilməsi faktı tədqiqatlarda qeydə alınmışdır” (3, 30).
Fikrimizcə, Albastının atributları (sehrli kitab və dəmir pul, Azərbaycan variantında muncuq) onu göstərir ki, bu obrazın genezisində hami ruh, müsbət obraz durur. Digər tərəfdən, Azərbaycan mifoloji mətnlərinə əsaslanaraq, bir qədər öncə söylədiyimiz kimi, Albastı insanlara var, dövlət bəxş edə bilir. Bu isə müsbət qəhrəmana, hami ruha, tanrıçaya məxsus keyfiyyətdir. Bu keyfiyyətlər artıq mənfi çalar qazanmış Albastının, Hal anasının genezisində duran müsbət obraz – hami ruhun rudimenti sayıla bilər. V.Basilov da belə hesab edir ki, ibtidada Albastı – Məhsuldarlıq hamisi, vəhşi heyvanların və ov təsərrüfatının himayəçi ruhu olmuşdur. Albastının yeraltı, ölülər dünyasının təmsilçisi olması daha inkişaf etmiş mifoloji sistemlərin meydana gəlməsi ilə əlaqədardır (8).
Azərbaycan folklorşünaslığında dəfələrlə Al qarısının ibtidada müsbət obraz olması qeyd olunur: “...albıs veya albastı (Yakut mitolojisinde abaasi) bazı alametlerine gore Mitolojik Ananın ters çevrilmiş işaretidir. iri döşlü, doğuran, emziren Mitolojik Ana, albıs varlığında kodlaşır” (2, 55).
Hələ XX əsrin əvvəllərində Abdulkadir İnan Albastı obrazının genezisi barədə yazırdı: “Bugünkü Türk inamlarında yaşayan Al şerir bir ruh olarak tasavvur olunur; yol şaşırtıcı, yalançı hilekar sayılır.
Aldanmak, aldatmak, aletmek, allak-bullak, alık gibi kelimeler bu ruhun sükutundan sonra türemiş olan kelimelerdir.
En eski zamanlarda bu ruh ateş tanrısı, hami ruh olmuştur. Türk kültürü tarihinde büyük bir inkilap neticesinde olsa gerektir ki, bu hami ruh düşmüş ve kötü ruhlar sırasına geçmiştir” (5, 265)
Do'stlaringiz bilan baham: |