Birin sındır, birin çal.
“Comuş bağa girdi” çal,
Tənəkləri qırdı çal. [2: 424]
İçəriyiylə də, biçimiylə də özgün bir örnək olan bu parçada uşağa musiqi tərbiyəsi aşılanır. Həm də Borçalıda sevilən oyun havaları uşağın hafizəsinə hopdurulur. “Comuş bağa girdi” Borçalı-Qarapapaq el şənliklərinin bəzəyi olan bir oyun havasıdır. Körpə vaxtından uşaq etnik soya, Qarapapaq kültürünə sevgi, rəğbət hissləriylə böyüdülür.
Yenə bir oxşama (Bəytəkər kəndi, Mürəstə İsmayıl qızından, 1986):
• Telli qızım, güllü qızım,
Xanın, bəyin gəlni qızım.
Xanı, bəyi bəyənməsə,
Kotançının gəlni qızım. [2: 424]
Telli-güllü qız balası ananın arzularında böyüyür. Hələ uşaqkən onda sosyal ədalətlilik aşılanır, xan-bəy zümrəsiylə zəhmətkeş əkinçi arasında ayrımçılık olmaması gərəkliliyi tərbiyə edilir.
“Kiçik yaşlı uşaqların nitq inkişafı, düzgün danışmaq və tələffüz vərdişlərinə yiyələnməsi, söz ehtiyatının artması vacib bir məsələ kimi bütün valideynləri düşündürmüşdür. Bu işdə çox qədimlərdən bəri ən mühüm rolu məhz xalq ədəbiyyatı nümunələri oynamışdır. Bir sıra nağıllar, tapmacalar, xüsusilə düzgü və yanıltmaclar məhz bunun üçün yaradılmışdır” [5: 225].
Aşağıdakı oxşama-nazlama deyim çalarlılığıyla, olay hörgüsüylə xoşa gəlir:
• Qızımın qız dostları
Oynamağa çağırır.
Bağa bir camış girib,
Qoylamağa çağırır.
Dayısı yemiş alıb,
Paylamağa çağırır.
Qardaşı gül gətirib,
Bağlamağa çağırır. [2: 424]
Başkeçiddə toplanmış bu oxşamadakı incə alliterasiya (ahəngli səs təkrarı) qabarıqdır, “qızımın qız dostları”, bağ, camış, dayı, yemiş, qardaş, gül sözləri uşağın kəlmə dağarcığını zənginləşdirmək amacıyla xatırlanır. Eyni zamanda bağa girən camışın qovalanmasıyla uşaqda əməksevərlik, dayı gətirən yemişin paylaşmasıyla dostluq, kollektivçilik, qardaş gətirən gülün əzizlənməsiylə təbiətə qayğı vərdişləri aşılanır.
Sanamalar sadəliyilə, oynaqlığıyla daha tez əzbərlənir və uşaqlarda yaddaşın gəlişiminə fəal təkan verir.
Sanamalar da xalq-etnik pedaqojisi üçün səciyyəvi qaynaqlardır.
Bir sanama (Faxralı kəndi, Tatan Allahverdi qızından, 1988):
• Qatar gedir sola, sağa,
Çınqıl düşür bizim dağa,
Əmim oğlu Sultan ağa,
Gəlin gedək oynamağa.
Oynamağın vaxtıdır,
Qızılgülün taxtıdır,
Ix, nıx, çıx. [2: 424–425]
Başqa bir sanama (Başkeçid yörəsindən):
• Bir, iki,
Bildirki,
Üç, dörd,
Qapıyı ört,
Beş, altı,
Daşaltı,
Altıda alma,
Yeddidə bölmə,
Səkkizə sərçə,
Doqquza dolça,
Ona oraq,
On birə qonaq,
Pəppə qağa
Gəldi bizə,
Təpiknən vurdum,
Dombalaq uçdu. [2: 425]
Bu, sanamanın başqa seçənəkləri (varyantları) arasında Borçalıda yayğın olanıdır. Sanamalarda, o cümlədən yuxarıdakı örnəkdə sayların ardıcıl düzümü var, sayların adlarına uyğun qafiyələr var. Bu tip sanamalar öncəliklə uşağa səs, say, söz, hərf öyrətmək baxımından təlim-tərbiyə önəminə sahibdir. Eyni səslərin təkrarı onları uşağın hafizəsində möhkəmləndirir. El-oba deyimlərinin, o cümlədən bildirki, dolça, Pəppə qağa, dombalaq kəlmələrinin işlənməsi uşağın danışmağa alışdırılması üçündür.
Maraqlı düzümlü daha bir sanama (Faxralı kəndi, Tatan Allahverdi qızından, 1988):
• Bəli, bəli, bətir keçi,
Qoz ağacı, qotur keçi,
Haldırın dedim, huldurun dedim,
Dağı dağ üstünə qaldırın dedim,
Happan, huppan, dağdan hoppan,
Yırıl, yırtıl, su iç, qurtul. [2: 425]
Burada poetik orijinallığın yanı sıra, oyun düzəni də sərgilənər.
Gördüyümüz kimi, başqa sanamalarda olduğu kimi, burada da say 10-u aşmaz. Xalq pedaqojisi tələbatına görə, beş yaşına qədər uşağa sayları on çərçivəsində öyrətmək yetərlidir.
Bu, uşağı açıq havaya, oynamağa çağrıdır. İlk baxışda söz yığımı təsiri bağışlayan bu cür örnəklərin önəmi uşaqda kəlmə xəzinəsini zənginləşdirməsi, təbiət sevərlik, idman sevərlik hisslərinin aşılamasıdır. Burada qızılgül sözünün öncəliklə vurğulanması da rastgələ deyildir. Və sonda “ıx, nıx, çıx” deyimində də səs, uyaq ahəngi, ayrıca, oynamağa çağrı var.
Daha bir sanama:
• Dümbərə!
Do'stlaringiz bilan baham: |