İkisidir!
Üçdə ağır vurallar!
Dörddə qılınc qırallar!
Beşdə şappa!
Altıda zoppa!
Yeddidə yemiş!
Səkkizdə siviş!
Doqquzda söyüş!
Onda getdim bir öyə qonaq,
Bişirdilər umanc aşı,
İçindən çıxdı siçan başı,
Onu da verdim özünə,
On barmağım gözünə! [2: 426]
Düzgülər dediyimiz janr uşaqlarda qavrayışın, mənimsəmənin səviyyəsini bəlirləmək funksiyası daşıyır. Belə örnəklər bir növ söz oyunu təsiri bağışlayar, uşaqların əqli gəlişiminə kömək edir.
Məsələn (Laqodex-Qaracalar kəndi, Fərhad Əliyev, 1991):
• İki dənə, ha iki dənə,
İki dənə bir quş idi,
Ağaca qonmuş idi,
Bəy oğlu görmüş idi,
Oxuyla vurmuş idi.
Beləcə axıcı davamlanan bu örnəyin sonluğu ibrətamizdir:
• Quş mənə qanad verdi,
Qanadlandım uçmağa,
Haqq qapısın açmağa. [2: 425]
“Quş qanadla uçar, insan diləklə” anlamında haqq-ədalət tərbiyəsinin izi görülməkdədir.
Bu anlam bir başqa örnəkdə (Laqodex-Qaracalar kəndi, Fərhad Əliyev, 1991) qismən fərqli biçimdə, yumorlu tərzdə təkrarlanır:
• Bacadan baxdım hidara göz,
Birisi ala, birisi boz,
Mindim bozun boynuna,
Düşdüm Urum yoluna,
Urum yolu dərbədər,
İçində meymun gəzər,
Meymunu yerə vurdum,
Yer mənə yemlik verdi,
Yemliyi Tata verdim,
Tat mənə darı verdi,
Darıyı quşa verdim,
Quş mənə qanad verdi,
Qanadlandım uçmağa,
Haqq qapısın açmağa. [2: 426]
Bu parçada lakonik bir süjet axımı da sərgilənməkdədir. Bacadan baxmağın davamı olaraq at belində Urum ellərinin dolaşılması, quşa darı verilməsi, qarşılığında quşun qanad verməsi uşaqda hadisələri izləmək, arzularla həvəslənmək bacarıqlarını təlqin edır.
“Motal-motal” deyə başlayan düzgülər də uşağın danışmaq vərdişlərini təmin edir.
Bir “Motal-motal” düzgüsü (Faxralı kəndi, Tatan Allahverdi qızından):
• Motal-motal,
Tərsə motal,
Qıl atar,
Qaymaq qatar,
Ağ quşum,
Ağarçınım,
Göy quşum,
Göyərçinim,
Çiləmə çilik,
Bircə əmlik,
Vur nağara,
Çıx qırağa. [2: 425–426]
Burada misralar arası məntiqi əlaqə yox kimidir, onları bir-birinə bağlayan sadəcə atar / qatar, ağ quşum / ağarçınım, göy quşum / göyərçinim, çilik / əmlik, nağara / qırağa qafiyələridir. Ancaq, hər hansı kəlməyi uşağa yüz dəfə söyləmək müqabilində bu parçanı ona öyrətmək, əzbərlətmək sayəsində ona xeyli söz qazandırılmış olur.
Tipik bir örnək (Faxralı kəndi, Tatan Allahverdi qızından, 1988):
• Molla Əhmədin nəyi var?
Taqqır, tuqqur yolu var.
Qələm yazan oğlu var,
İnci düzən qızı var,
Göyə çıxan atı var,
Göyün yeddi qatı var. [2: 425]
Sual-cavab biçimli bu örnəkdə şirin eyhamlar açıqlayırıq. Oğlun qələm yazması təhsilə, biliklənməyə çağrıdır, qızın inci düzməsi estetikliyə işarədir, göyün yeddi qatı ifadəsi yeniyetmədə yeni bilgi aşılanmasıdır.
Sual-cavab biçimli oyun səciyyəli digər örnəklər:
• – Ovcumdakı nədir?
– Qığılcım.
– Hər kəs evinə dağılcım. [2: 426]
Yaxud:
• – Danışdığın nə idi?
– Nağıl.
– Hər kəs evinə dağıl. [2: 426]
Düzgülər asan öyrədilmək, tez əzbərlənmək, nəticədə də uşağın dil açmasına yardımçı olmaq baxımından qiymətlidir.
Məsələn (Laqodex-Qaracalar kəndi, Fərhad Əliyev, 1991):
• Zöhrə, Ziveydə,
İkisi bir öydə,
Zöhrə dalaşdı,
Ziveydə qaşdı,
İtlər hürüşdü,
Hamı gülüşdü. [2: 426]
Düzgünün ilk hissəsi ortaq şəkildə çox yerdə yayğındır. Yuxarıdakı örnək üçün özgü, başqa varyantlardan fərqlilik sonluqdadır:
• İtlər hürüşdü,
Hamı gülüşdü. [2: 426]
Məhz bu sonluq düzgünün axıcılığını, yumorunu artırır.
Uşaq oyunlarının xalq pedaqojisində özəl və çox mühüm yeri olduğu pedaqoqlar, tərbiyəçilər tərəfindən önəml vurğulanmaqdadır.
Bu baxımdan Borçalı-Qarapapaq folklorunun önəmli qismini oluşduran “Aşıq-Aşıq”, “Beşdaş”, “Çilik-Ağac”, “Apartma”, “Daşatma”, “Dirədöymə” (“Dizədöymə”), “Durma Vur”, “Ənzəli”, “Xan-Vəzir”, “Qamçı-Qamçı”, “Mərə Qazma”, “Müştükatma”, “Sümük-Sümük” oyunları [2: 427–432] tərbiyəvi tutumuyla da dəyərə malikdir.
5. SONUC
Araşdırmamızı Valeh Hacıların bu qənaətiylə sonuclandırırıq: “Xalq pedaqogikasının əsaslarına söykənib formalaşan bu lirik nümunələrin əksəriyyəti eyni bir məqsədə – körpələrdə fiziki və mənəvi tərbiyənin ilk rüşeymlərinin aşılanmasına xidmət edir”.
Və dolayısıyla, Borçalı xalq ədəbiyyatının, xalq etnoqrafyasının zənginliyindən danışa bildiyimiz kimi, şübhəsiz, Borçalı xalq-etnik pedaqojisinin də bir kültür, pedaqojik fakt (olqu) olaraq zənginliyindən, çoxşaxəliliyindən bəhs edə bilirik. Bu mövzunun da ayrıntılı şəkildə və akademik düzeydə incələnməsində fayda vardır qənaətindəyik.
Do'stlaringiz bilan baham: |