SƏMƏRƏLİ İŞ HƏYATIMüsbət yüklə yüklənmək
ABŞ-da ayaqqabı istehsal edən bir şirkət daha çox mal satmaq üçün tropik adalardan birinə öz nümayəndəsini göndərir. O, adaya çatan kimi şirkətə bir faks göndərir. Faksda belə deyilir: “Bu adada ayaqqabı geyən yoxdur. Mən elə bu gün geriyə qayıdıram”. Bir müddət sonra şirkət həmin adaya başqa bir marketinq mütəxəssisini göndərir. İkinci mütəxəssis adada bir qədər qaldıqdan sonra şirkətə bu məzmunda faks göndərir: “Bu adada hamının ayaqqabıya ehtiyacı var. Mənə təcili 10 min cüt ayaqqabı göndərin!”
İnsanların məsələlərə münasibətini əks etdirən məşhur bir nümunə var: Yarısına qədər su tökülmüş stəkanı birisi “stəkanın yarısı doludur”, digəri isə “stəkanın yarısı boşdur” sözləri ilə təsvir edir. Məsələyə yanaşma tərzimiz, yəni optimist və ya pessimist baxışımız nəticəyə təsir edən əsas amillərdən biridir. “Aynaya baxan ondakı ləkələri, onun arxasına baxan isə gözəl bir mənzərəni görür”. Filosof Ceyms Allen: “Bizim nəslin ən böyük kəşfi insanların davranış və düşüncə tərzlərini dəyişmələridir”, – deyir.
“Hər şeydən əvvəl insanam”
Bir müəssisədə yüksək vəzifələrə qalxmış birisinin digər yoldaşları arasında yaxşı hörməti olur. Onu hörmətli edən vəzifəsi deyil, əksinə hörmət-izzət sahibi olduğuna görə vəzifəyə yüksəlir. Bir mağaza müdirindən “Müştərilərinizlə həmişə xoş rəftar etməyinizin, onlara gülümsəməyinizin səbəbi nədir?” – deyə soruşduqda müdir belə cavab verir: “Mən hər şeydən əvvəl insanam. Təbii ki, qarşımdakı müştəriləri də hər şeydən əvvəl bir insan kimi qəbul edirəm. Mən adi insan olanda da həmsöhbətimlə mülayım, gülümsəyərək rəftar etdiyimə görə indi müdir vəzifəsinə yüksəlmişəm”. Ünsiyyətdə olduğunuz şəxslərə ilk növbədə insan kimi münasibət göstərmək alicənablıq əlamətidir.
Bir şam da sən yandır
Ətrafımıza nəzər saldıqda ümidsiz və miskin insanların ardı-arası kəsilməyən giley-güzarları ilə qarşılaşırıq. İnsanların yalnız qəm-qüssə, dərd və kədər mənbəyi olaraq qəbul etdikləri cəmiyyətdən hər zaman şikayətçi olduqlarını görürük. Bəzən bu şikayətçilər ansamblına biz də qoşuluruq, hətta dirijor çubuğuna da yiyələnməyə çalışırıq. Amma biz nə qədər bağırıb-çığırsaq da, dünya öz axarı ilə fırlanmağa davam edəcək. “Qaranlığa qarşı bir tədbir görmək yaxşı işdir. Amma tədbirimiz qaranlığı, ona səbəb olanı söyüb-batırmaq yox, balaca da olsa, bir şam yandırmaq olmalıdır”.
Bəziləri hər şeydən bezdiklərini, həyatın cansıxıcı olduğunu deyir. Yaşadıqları şəhəri, hətta ölkələrini belə tərk etməklə həyatlarını dəyişdirəcəklərinə inananlar da var. Görəsən, yeni minilliyə böyük ümidlərlə girənlər iki minli illərdə də “köhnə hamam, köhnə tas”ı gördükdə heç təəccübləndilərmi?
Bu şəhərin insanları necədir?
Başqa bir şəhərə qonaq gedən birisi şəhərin girişindəki yanacaqdoldurma məntəqəsinin işçisinə buraya ilk dəfə gəldiyini bildirərək, burada yaşayanların necə olduğunu soruşur. İşçi isə suala sualla cavab verərək: “Bəs sizin şəhərdəki insanlar necədirlər?” – deyir. Qonaq isə: “Çox pis insanlardır”, – cavabını verir. Yanacaqdoldurma məntəqəsinin işçisi: “Elə buradakılar da sizin şəhərdəkilər kimidir”, – deyir.
Bir müddət sonra həmin işçiyə başqa bir yad adam yaxınlaşır və şəhərdə yaşayan insanların necə olduğunu soruşur. İşçi eyni sualı bu adama da verir. Qonaq: “Bizim şəhərin insanları çox yaxşıdırlar”, – deyə cavab verir. İşçi yenə də: “Elə bizim şəhərdəkilər də sizinkilər kimidir”, – deyir. Bəli, haraya gediriksə münasibətlərimizi, mənfi və ya müsbət yükümüzü də özümüzlə aparırıq.
Uğura aparan yolun uzunluğunu ölçmək üçün ən yaxşı cihaz münasibətimizdir. Uğur müsbət fikirləşməklə başlayır. Dünyada ən uğurlu insanlar ən bacarıqlı və ən savadlı adamlar deyil... müsbət fikirləşən, müsbət yüklü insanlardır.
Üzərimizə düşən yeganə yük müsbət yüklə yüklənməkdir. Bəs siz necə fikirləşirsiniz? Yazının sonuna gəlsək də, hələ gülümsəmir və hələ də bədbinliyə qapılmısınızsa, onda məni üzürlü sayın!
Dərs
ABŞ-da iş axtaran gənc bir oğlan avtomobil sənayesinin maqnatı, məşhur sahibkar Henri Fordun qəbuluna düşmək istəyir. Fordun katibəsi oğlana müdirinin onunla yalnız 8 ay sonra görüşə biləcəyini deyir. Razılaşdıqları vaxtda görüşmək üçün gənc səkkiz ay sonra yenidən şirkətə yollanır. Katibə Fordun bir görüşü olduğunu, amma gəncin onunla birlikdə gedə biləcəyinı söyləyir. O, dünyanın ən məşhur sahibkarlarından biri ilə maşına əyləşir. Yolda heç biri ağzını açıb danışmır. Bir qədər sonra ikisi birlikdə bir mağazaya girirlər. Mağaza sahibi onları ehtiramla qarşılayır. Gənc oğlan Fordun yanında daha 5 marketə baş çəksə də, ikisinin arasında heç bir söhbət olmur. Nəhayət, geriyə qayıtmaq üçün maşına əyləşəndə gənc dayana bilmir və Forda: “Bağışlayın, niyə mənimlə danışmırsınız? Axı biz sizinlə mənim işə götürülməyim barədə söhbət etməliyik. Mən 8 aydır ki, bu anı gözləyirəm”, – deyir. “Deməli, səninlə söhbət etməliydik hə?! Çox yaxşı...” – deyən Ford gəncdən maşından düşməsini xahiş edir və özü də oradan uzaqlaşır. Cibində bir qəpiyi belə olmayan və şəhərin kənar bir məhəlləsində qalan gənc əsəbindən nə edəcəyini bilmir və piyada evinə yollanır. Amma bütün gün boyu fikirləşirdi ki, məşhur sahibkar ona bu hərəkətlərlə nəsə çatdırmaq istəyirdi. Bu hadisədən necə dərs çıxarılmalı idi? Bir neçə gün fikirləşdikdən sonra öz-ozlüyündə müəyyən qərara gələn oğlan Fordla birgə getdikləri ilk mağazaya baş çəkir. Oranın sahibi oğlanı böyük ehtiramla qarşılayır və sanki Fordla söhbət edirmiş kimi, gəncə iltifat göstərir. Digər mağazalarda da eyni münasibəti görən oğlan market müdirlərinə işgüzar təklif verərək, onların məhsullarını pərakəndə məntəqələrə yaymaq istədiyini bildirir. Hər birindən müsbət cavab alır və əlində bir qəpiyi belə olmadan işə başlayır. Beş il sonra həmin gənc Amerikanın ən varlı sahibkarlarından biri olur. Və qərara gəlir ki, Henri Fordu ziyarət edib ona öz təşəkkürünü bildirsin. Katibədən görüş üçün vaxt istədikdə aldığı cavabdan heyrətə düşür: “Buyurun, cənab Ford elə sizi gözləyirdi”. Görüş zamanı Ford ona bunları deyir: “Həmin yerdə maşından düşürtdüyüm nə birinci, nə də axırıncı adamsınız. Amma onların arasında yalnız siz mənim nə demək istədiyimi başa düşdünüz. Və elə o gündən bəri mən sizin fəaliyyətinizi yaxından izləyirəm”.
Gündəlik həyatda vəziyyətimizi yaxşılaşdırmaq üçün bir çox fürsətlərlə qarşılaşırıq. Amma bu fürsətlər “iş donu” geyindiklərindən onları düzgün dəyərləndirmək əlavə məharət tələb edir. Fürsətdən istifadə etmək yalnız qazanc gətirir: ya uğur, ya da ondan daha vacib olan uğursuzluq təcrübəsi qazanırsınız.
Bəzliəri “Sonsuz güc” adlı seminar və konfranslarda müəyyən psixoloji təsir altında insanları şüşə qırıntıları, köz və ya mismarların üzərində gəzdirərək onlara potensial güclərinin çox yüksək olduğunu təlqin edirlər. “Sehrbazlar” bunu “sonsuz güc” adlandırsalar da, məsələnin kökü sonlu, məhdud gücümüzün böyük potensiala malik olduğunu qəbul etməyimizdə və güc həddimizi bilərək yaşamağımızdadır. Fikirlərimiz məhdud olduğuna görə potensialımızın çox cüzi bir hissəsindən istifadə edə bilirik. Var gücümüzdən, yəni potensialımızdan istifadə etməyə başladıqda gizli bacarıq və qabiliyyətlərimiz ortaya çıxacaq, işlərimizi daha uğurla yerinə yetirəcəyik. “Nəzər nöqtəmiz dəyişdikdə, həqiqətlər də dəyişəcək” fikri daxili inamımızın əsasını təşkil etməlidir.
Balacalıqda qoyunlar arasına düşmüş şir balasına günlərin birində bir qoyun deyir ki: “Sən qoyun deyilsən, heyvanların şahı şirsən”. Şir balası bu sözlərə inanmır və deyir: “Elə şey ola bilməz, görmürsən, əməlli-başlı qoyunam?!” Onun şir olduğunu başa salmağa çalışan qoyun isə: “Buna inanmaq istəyirsənsə, bizim kimi yox, daxildən gəldiyi kimi səs çıxartmağa çalış”, – deyir. Bala şir naəlac qalaraq, ürəksiz bir nərə çəkir. Elə o dəqiqə ətrafdakı bütün heyvanlar “yaşasın kral” deyib özünü “tapmış” şiri alqışlayırlar.
Do'stlaringiz bilan baham: |