ÜÇÜNCÜ FƏSİL
ABİDƏNİN TƏRCÜMƏ XÜSUSİYYƏTLƏRİ
"Kəvamilüt-təbir"lə onun farsca əslinin – “Kamilüt-təbir”in müqayisəli təhlili hər şeydən öncə Bəvazicinin bir tərcüməçi kimi iki başlıca meylini üzə çıxarır. O, bir yandan Tiflisiyə sadiq qalmağa, çevirdiyi mətnin məzmununu olduğu kimi, tam dəqiqliklə verməyə çalışmış, bir yandan da hərfiliyə uymamağa, tərcümə zamanı orijinaldakı fikirləri ana dilində müstəqil şəkildə ifadə etməyə səy göstərmişdir. Bütün əsər boyu açıq-aşkar duyulan bu iki meyildən sonuncusu daha güclü çıxaraq birincini üstələmişdir. Bütövlükdə götürdükdə, Bəvazici sələfi Tiflisinin “Kamilüt-təbir” əsərini olduqca sərbəst bir şəkildə, sadə və anlaşıqlı bir dillə türkcəyə çevirmiş, yeri gəldikcə mətnin dolğunluğu və daha aydın qavranılması, dərki üçün tərcüməyə ayrı-ayrı söz və ifadələr artıraraq, səriştəli və istedadlı bir tərcüməçi olduğunu nümayiş etdirmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, hər iki əsərin əvvəlində yer alan fəsillərin mətnləri bir-birilə tam üst-üstə düşür. Tərcümə ilə orijinalın bu hissəsi təkcə mətnlərin tam şəkildə uyğunluğu ilə deyil, həm də tərcümənin dəqiqliyi ilə seçilir. Bəvazici "Kamilüt-təbir"dəki sözügedən kiçik həcmli fəsilləri tam dəqiqliklə tərcümə etmiş, hətta bir çox hallarda farsca mətndə olan ayrı-ayrı söz və ifadələri tərcümədə də olduğu kimi saxlamışdır.
Aşağıdakı iki kiçik parçanın farsca əslinə və tərcüməsinə diqqət yetirək:
چون کسی بتعلیم علوم مشغول گردد و نخسبد گرمی و خشکی برمزاج دماغ اوغالب گردد. یس روح نفسانی از بسیاری حرکت کردن سست وضعیف گردد و از آن پس مردم را رنج و بیماری حاصل گرمی گردد ومعالحبه اش باید کرد به چیزهای سرد و ترچون روغن بنفشه و روغن نیلوفر و آنچه بدین ماند
Əgər bir kimsənə ülum ögrənməgə məşğul olub uyumasa, məzacına gərmi və xoşki qalib olub, ruhi-nəfsani hərəkət çoqluğından süst və zəif olur. Dəxi andən adəmə rənc və xəstəlik hasil olur. Bəs, anun əlacı savuq və yaş nəsnələrdür bənövşə və nilufər kib və hər nəsnə ki bunlara bənzər ola. /153, 3b/
بعضی از حکما گویند که خواب گذاشت روح بود استعمال حواس را و بعضی گفته اند که خواب فعلی است از افعال دماغ واز اندامهای دیگر نیست واو فعل طبیبی است
Bəzi hükəma aydur: Düş həvas istemaliçün ruh güzaştıdur. Və bəzi aydur: Düş beyin əfalından bir feldür ki, özgə əndamdan peyda olmaz və ol fel feli-təbiidür. (153,3b)
Göründüyü kimi, türkcə mətndəki birinci parçada fərqləndirilmiş on iki söz və bir izafət tərkibi, ikinci parçada isə doqquz söz və bir izafət tərkibi həm orijinalda, həm də tərcümədə vardır. Başqa sözlə desək, Bəvazici farsca mətndə işlənmiş həmin leksik vahidləri eynilə tərcümədə də saxlamışdır. Maraqlıdır ki, Bəvazici hər iki parçanı belə dəqiqliklə çevirməsinə baxmayaraq, orjinaldakı birinci nümunədə iki dəfə işlənmiş روغن (“yağ”) sözünü tərcümə etməyi ya unutmuş, ya da lazım bilməmişdir.
"Kəvamilüt-təbir"in bablarında da tam dəqiqliklə tərcümə olunmuş hissələr çoxdur. Burada da Bəvazicinin farsca mətndəki söz və ifadələri olduğu kimi saxladığının şahidi oluruq. Məsələn:
موش در خواب دلیل زن بود که بظاهر مستوره نماید و در باطن فاسق بود
Siçan düşdə zahiri məsturə və batini fasiq əvrətə dəlalət edər.(153,170a)
اگر بیند که اشتر مجهول درپس او همی آمد دلیل که سرگشته و متفکر گردد
Əgər bir kimsənə düşdə kəndü ardı isrə bir məchul dəvə gəlür görsə, sərgəştə və mütəfəkkir ola.(153,162a)
Bəvazici birinci cümlədə Tiflisinin işlətdiyi doqquz sözdən dördünü eynilə saxlamışdır. İkinci cümlədə də orijinalda olan üç söz olduğu kimi işlənmişdir. Lakin bütövlükdə götürdükdə, tərcümədə belə hallar azdır. Əksinə, tərcüməçi, bir qayda olaraq, orijinalda olan hər bir leksik vahidin əvəzində onun ana dilindəki qarşılığını tapıb işlətməyə çalışmışdır. Elə buna görə də orta əsrlərin başqa tərcümə abidələri kimi, "Kəvamilüt-təbir"in də lüğət tərkibinin əsasını türk mənşəli sözlər təşkil edir (bax: 90, 52).
Bəvazicinin Tiflisiyə sadiq qaldığı yerlərdə bir səciyyəvi xüsusiyyət özünü göstərir. Orijinaldakı sözlərin əksəriyyətini tərcümə etməyə, dəyişdirməyə can atan tərcüməçi bəzən Tifli-sinin işlətdiyi bir sıra düzəltmə və mürəkkəb sözlərin tərcümədə quruluşunu da saxlamış, yəni düzəltmə sözü oxşar quruluşlu düzəltmə sözlə, mürəkkəb sözü isə eyni qayda ilə mürəkkəb sözlə vermişdir. Bu qəbildən olan sözlərin tərcüməsində Bəvazici, sözsüz ki, müəyyən çətinliklərlə də üzləşməli olmuş, bəzən onların hazır, mövcud qarşılıqlarını ana dilində tapa bilməmişdir. Belə hallarda o, əsl yaradıcılıq-tərcüməçilik axtarışları aparmış, yəni ayrı-ayrı sözləri, əsasən, hərfi şəkildə ana dilinə çevirmək yolu ilə bir sıra yeni sözlər yaratmış, beləliklə də, yazılı ədəbi dilimizin zənginləşməsi işinə xidmət etmişdir. Bəvazicinin bu yöndəki səmərəli və yaradıcı tərcüməçilik işi, əsasən, fars mənşəli düzəltmə və mürəkkəb sözlərin tərcüməsi ilə bağlıdır. Əvvəlcə bu qəbildən olan düzəltmə sözlərin türkcəyə tərcüməsinə aid bir neçə nümunəyə nəzər salaq:
چنانکه در دیباچه ذکر کردیم باز نمایم تا استخراج آن بر خواننده و آموزنده آسان گردد
Netə ki kitab əvvəlində zikr etmişüz, zikr edəvüz, ta anun istixracı oqıyıcıya və ögrəniciyə asan ola.(153,16a)
دیو درخواب دشمن بزرگ باشد فریبنده
Div düşdə bir aldayıcı ulu düşmənə dəlalət edər. (153,189b)
دست بخشنده بهتر است از دست ستاننده
Bəxşəndə əl diləyici əldən yegrək .(153,8a)
Yuxarıdakı fars cümlələrində eyni quruluşlu beş söz işlənmişdir: خواننده (oxuyan, oxucu), آموزنده (şagird, öyrənən), فریبنده (aldadan), بخشنده (bağışlayan), ستاننده (alan). Bu sözlərin hamısı fel kökü və انده şəkilçisindən düzəlmişdir. Fars dilində انده şəkilçisi fel köklərinə qoşularaq, əsasən, isim və indiki zaman feli sifəti düzəldir. Birinci iki söz qrammatik mənaca düzəltmə isim, qalan üç söz isə feli sifətdir. Bəvazici onlardan birini – بخشنده (bəxşənde) sözünü olduğu kimi saxlamış, qalan dörd sözü isə tərcümə etmişdir. Bu dörd sözün əvəzində işlənmiş "oqıyıcı", "ögrənici', "aldayıcı" və "dinləyici” sözləri də quruluşca onların farsca mətndəki orijinallarının eynidir, yəni fel kökü və şəkilçidən ibarətdir. Məlum olduğu kimi, çağdaş dilimizdə -ıcı, -ici şəkilçisi, əsasən, feldən isim və sifət düzəldir. Bəvazicinin işlətdiyi bu sözlərdən də birinci və ikincisi qrammatik mənaca düzəltmə isim, sonrakı ikisi isə düzəltmə sifətdir. Yeri gelmişkən qeyd edək ki, dil tarixinə aid tədqiqatlarda -ıcı, ici şəkilçisinə feldən isim düzəldən şəkilçilər sırasında rast gəlmirik. Bu şəkilçi yalnız sifət düzəldən şəkilçilər sırasında qeyd olunmuşdur (34, 136-137). Prof. Hadı Mirzəzadə bu şəkilçinin isim düzəldən -cı, -ci şəkilçisi ilə eyni mənşədən törəndiyini göstərsə də, onu sifət düzəldən şəkilçilər qrupuna daxil edir (34, 136-137). Qeyd edək ki, "Kəvamilüt-təbir"də olduğu kimi, XVI əsr Azərbaycan tərcümə abidəsi "Şühədanamə"də də -ıcı,-ici şəkilçiləri ilə düzəlmiş isimlərə rast gəlirik. Məsələn: "qayrıcı”(151, 90b) - hami, "yolsaxlayıcı" (151,213b) - yol gözətçisi və s.
Orijinalın birinci cümləsindəki خواننده sözünün qarşılığı kimi tərcümədə işlənmiş "oqıyıcı” sözü göründüyü kimi, çağdaş dilimizdəki "oxucu" sözünün daşıdığı mənadadır, yəni isimdir. Bu söz qədim türk mətnlərində "oqıcı” və "oqığçı" şəklində (99, 369), orta yüzilliklərə aid qaynaqlarda isə həm "okucu", "okuçu", həm də "oquyucu" şəklində işlənmişdir (89, V, 2952; 99, 100,354). Məlum oluduğu kimi, "oxumaq" feli qədim və orta əsrlərə aid türk yazılı abidələrində aşağıdakı mənalarda işlənmişdir: "oxumaq", "çağırmaq", "dəvət etmək" (99, 369; 109, 343-344; 26, 102-103; 100, 354). Bu feldən düzəlmiş isim isə qədim türk mənbələrində, eləcə də orta əsrlər yazılı abidələrində, əsasən, bir mənada - "dəvətçi” anlamında işlənmişdir (99, 369; 89, V, 2952; 109, 342). "Oxucu" mənasında isə bu düzəltmə sözə yalnız bir-iki mənbədə rast gəlirik (100, 354; 109, 342). Bu amili nəzərə aldıqda, "oqıyıcı” sözünü bugünkü "oxucu” anlamında yazılı ədəbi dildə ilk dəfə işlədən yazıçı, tərcüməçilərdən birinin də Bəvazici olduğunu söyləyə bilərik.
Farsca mətndəki آموزنده sözünün qarşılığı olan "ögrənici” düzəltmə sözünə isə yuxarıda qeyd etdiyimiz qaynaqlardan heç birində rast gəlmirik. Buna əsasən həmin sözü Bəvazicinin özünün düzəltdiyini və ya ilk dəfə yazılı ədəbi dilə gətirdiyini güman etmək olar. Yeri gəlmişkən qeyd edək ki, "ögrənici” sözü Türkiyə türkcəsində "ögrənci” şəklində indi də işlənir (117, 698).
Orijinalın ikinci cümləsindəki فریبنده feli sifətinin tərcümədə qarşılığı kimi işlədilmiş "aldayıcı" sözünə də qədim türk mətnlərində rast gəlmirik. Orta əsr yazılı abidələrində isə bu söz nisbətən geniş yayılmışdır: XV əsrə aid iki mənbədə onun "aldağan" (çox aldadan), XIII-XVI əsrlərə aid bir neçə qaynaqda isə "alduğu” (aldadıcı) şəklində işlənməsi qeydə alınmışdır (89, I, 92-93).
XV əsr tərcümə abidəsi "Qabusnamə"də, " Ət-töhfətüs-səniyyə" (XVI əsr) və "Nüxbətüt-töhfə" (XVII əsr) adlı farsca-türkcə iki lüğətdə isə bu söz eynilə Bəvazicinin tərcüməsində verilən şəkildə işlənmişdir (89, I, 98). "Aldayıcı" sözünün bu qaynaqlarda işlənmiş şəklinin Bəvazicinin tərcüməsi ilə üst-üstə düşməsi, sözsüz ki, orta əsrlərin tərcümə sənəti baxımından diqqəti çəkir. Bu uyğunluq göstərir ki, orta əsrlərin tərcüməçi və leksikoqrafları ayrı-ayrı düzəltmə və mürəkkəb sözlərin tərcüməsi, seçilməsi zamanı eyni prinsiplərə söykənmiş, buna görə də bir çox hallarda bir-birlərindən xəbərsiz olaraq, eyni sözləri eyni şəkildə tərcümə etmiş və işlətmişlər.
Üçüncü cümlədə işlənmiş ستاننده fars fe'li sifətinin qarşılığı olan "diləyici” sözünə nə qədim türk mətnlərində, nə də orta çağların yazılı abidələrində rast gəlirik. Yalnız bircə qaynaqda - XVI əsrə aid "Babüs-vasit” adlı ərəbcə-türkcə lüğətdə "diləmək” felindən düzəlmiş "diləgən" sözünün "hacət diləgən" və "üzr diləgən" tərkiblərində işləndiyi göstərilir (89, II, 1148). Həmin lüğətdə birinci tərkib ərəb mənşəli دعا, ikinci tərkib isə yenə ərəb mənşəli عذار sözünün qarşılığı kimi işlənmişdir (89, II, 1148). Beləliklə, "diləyici” sözünün türkdilli yazılı abidələrdə işlənməməsini nəzərə alsaq, onda bu sözü müstəqil leksik vahid kimi Bəvazicinin fars dilindən tərcümə yolu ilə yaratdığını və ilk dəfə yazılı ədəbi dilə gətirdiyini söyləyə bilərik. Bəvazici orijinaldakı eyni quruluşlu خرنده نویسنده، sözlərini də bu qayda ilə tərcümə etmişdir. Birinci sözü Tiflisi "müştəri", "alıcı", ikincini isə "katib", "mirzə" mənasında işlətmişdir. Bəvazici də öz növbəsində bu iki sözü elə orijinaldakı mənasında –"alıcı" ve "yazıcı” kimi tərcümə etmişdir. "Alıcı” sözü eyni mənada orta əsrlərə aid türkdilli yazılı abidələrdə qeydə alınmışdır (109, 170, 230). "Yazıcı" sözünün də Mahmud Kaşğaridə ("yazıqçı” şəklində) və orta əsr yazılı abidələrində yalnız "katib" mənasında işlənməsi göstərilir (99, 251; 89, 111, 4454; 100, 303). İmadəddin Nəsiminin dilində də bu sözün "yazıçı" mənasında işləndiyi qeydə alınmışdır (26, 542).
İndi isə fars mürəkkəb sözlərinin tərcüməsinə aid nümunələrə nəzər salaq:
از آن راهزن دروغ شنود
Ol yolkəsici kəndüyə yalan söyləyə.(153,324b)
سندان در خواب دلیل بر مهتری راست کردار بود
Örs düşdə gərçəksözlü kişiyə dəlalət edər.(153,72b)
اگربیند که امرود گلوگیر میخورد دلیل که چیزی خورد که دراو شبهات بود
Boğaztutar əmrud düşdə içində şübhə olur mala dəlalət edər. (153,64b)
اگربنید که دست وی ما درزاد خشک بود از صدقه دادن و کار خیر فروماند
Əgər bir kimsənə kəndü əllərin anadandogma quru görsə, sədəqə etməkdən və xəyr işdən qala. (153,59b)
اگر مریخ رابخواب بیند را با سرهنگی خونخوار و بدکردار کاری افتد
Əgər Mərrix yılduzın görsə, bir çəribaşıya işi düşə. (153,318b)
Yuxarıdakı farsca cümlələrin hərəsində bir mürəkkəb söz işlənmişdir ki, Bəvazici onların hər birini mürəkkəb söz kimi tərcümə etmişdir. Farsca birinci cümlədəki راهزن mürəkkəb sözünün birinci tərəfı – راه ismi "yol” deməkdir, زن isə زدن (“vurmaq”) felinin köküdür. Bəvazici bu sözü “yolkəsici” kimi tərcümə etmişdir. Göründüyü kimi, tərcümə ilə onun farsca qarşılığı arasında müəyyən uyğunsuzluq var. Belə ki, راهزن sözünün ikinci tərəfinin daşıdığı mənanı nəzərə aldıqda gözləmək olardı ki, Bəvazici bu sözü "yolkəsici" kimi yox, "yolurucu" şəklində tərcümə etməlidir. Orta əsrlərə aid yazılı abidələrdə, o sıradan Nəsiminin dilində eyni mənada "yolurucı, "yoluran" sözlərinin işlənməsi (89, VI, 4661), eləcə də "Əs-sihah”da (39, 118) və daha bir neçə sözlükdə bu sözün məhz "yoluran", "yolurucu" kimi tərcümə olunması da (89, VI, 4661) belə düşünməyə əsas verir. Bununla belə, Bəvazici راهزن mürəkkəb sözünü orijinal bir şəkildə, həmin sözün bügünkü dilimizdəki qarşılığına yaxın bir biçimdə - "yolkəsici” kimi tərcümə etmişdir. Maraqlıdır ki, "yolkəsici” sözü nə qədim türk mətnlərində, nə də orta əsrlərə aid türkdilli əsərlərdə qeydə alınmışdır. Bütün bunları göz önündə tutduqda istər-istəməz belə bir sual meydana çıxır: Bəvazici bu sözü nəyə görə "yolkəsici" kimi tərcümə etmişdir? Fikrimizcə, bu məsələdə iki amil öz təsirini göstərə bilərmiş. Birincisi, زدن feli fars dilində yuxarıda qeyd etdiyimiz əsas mənasından başqa "kəsmək” anlamında da işlənir (111, 1, 758). İkincisi isə (bu daha ağlabatandır), Bəvazici bu sözü farscadan yox, ərəbcədən tərcümə yolu ilə yarada bilərdi. Bu anlayış ərəbcə قطاع الطریق mürəkkəb sözü ilə ifadə olunur ki, onun da lüğəvi mənası elə "yolkəsən"dir (136, 783). Xatırladaq ki, Bəvazici “yolkəsici” maddəsinin əvvəlində onun ərəbcəsini də قطاع الطریق “qəttaüt-təriq” kimi göstərmişdir. Deməli, bu sözü o, elə birbaşa ərəbcədən tərcümə edə bilərdi. Bundan əlavə, قطاع اطریق “qəttaüt-təriq” sözü ilə fars mənşəli "rahzən" sözü arasında da məzmunca müəyyən oxşarlıq və yaxınlıq vardır, daha doğrusu, onlar sinonim sayıla bilər. Bu mənada ola bilsin ki, fars dilindəki bu sözün də meydana çıxması onun ərəbcə qarşılığı ilə bağlıdır. Hər halda Bəvazicinin "rahzən" sözünü "yolkəsici" kimi tərcümə etməsi onun tərcüməçilik uğuru kimi diqqəti çəkir. Yeri gəlmişkən qeyd edək ki, Bəvazici tərkibində زدن feli olan daha bir mürəkkəb sözü əslindən fərqli şəkildə tərcümə etmişdir. Bu, مصیبت زده mürəkkəb sözüdür. Bəvazici onu "müsibət çəkmiş” kimi tərcümə etmişdir. Tərcüməçi راه زدن mürəkkəb felini də "yol kəsmək” kimi çevirmişdir.
İkinci cümlədəki "gərçəksözlü” mürəkkəb sözü yuxarıdakı düzəltmə və mürəkkəb sözlərdən tərkibindəki sözdüzəldici şəkilçi ilə fərqlənir. Bu sözün farsca əsli - راست کردار iki sözdən ibarətdir: "düz", "doğru" mənalarını daşıyan راست sifətindən və "iş”, "əməl” mənalarında işlənən "کردار" ismindən. راست کردار fars dilində "doğrucul”, "əməlisaleh”, "təmiz" (adam) mənalarında işlənir (111, 1, 707). Bəvazici onun birinci tərəfıni olduğu kimi - "gərçək” şəklində tərcümə etmiş, ikinci tərəfini isə bir qədər başqa şəkildə vermişdir. Tərcüməçi کردار “kerdar” isminin əvəzində "sözlü” düzəltmə sifətini işlətmişdir ki, bu da həm leksik, həm də qrammatik məna baxımından farsca əslindən fərqlənir. Sözsüz ki, tərcüməçi راست کردار "rastkerdar" sözünü "gərçəksözlü" kimi tərcümə edərkən onun bütövlükdə daşıdığı mənasını əsas götürmüşdür. Aydındır ki, "gərçəksözlü” mürəkkəb sözü quruluşca bu sözdən müəyyən dərəcədə fərqlənsə də, daşıdığı məna baxımından ona tam uyğun gəlir, çünki "əməli düz olan" elə "sözü düz olan” deməkdir. "Gərçəksözlü" sözünə mürəkkəb sifət kimi qədim və orta əsr türk yazılı abidələri haqqındakı qaynaq və araşdırmalarda rast gəlmirik. Buna görə onu da Bəvazicinin tərcüməçilik fəaliyyətinin məhsulu kimi dəyərləndiririk.
Bəvazici راست کردار rastkerdar sözünün sinonimi olan راستگو ( گو"qu” tərkibi گفت "qoftən" demək, söyləmək felinin köküdür; "rastqu" düz danışan deməkdir) sözünü isə bir qədər başqa şəkildə yenə də -ici şəkilçisinin iştirakı ilə - "gərçəksöyləyici” şəklində tərcümə etmişdir (153,12b). Göründüyü kimi, "gərçəksözlü” bu fars mürəkkəb sözünə daha çox uyğun gəlir. Bəvazicinin farsca mətndəki سربمهر sözünün qarşılığı kimi işlətdiyi “başımöhürlü” (153,94a) leksemi də quruluşca “gərçəksözlü” mürəkkəb sözünə oxşayır. سربمهر mürəkkəb sözü fars mənşəli üç tərkib hissəsindən ibarətdir:
1. سر “sər” ismi. 2. Əsasən, istiqamət və yer anlayışlarını bildirən, dilimizdəki yönlük və yerlik halın şəkilçilərinin daşıdığı mənaya uyğun gələn به önqoşması. 3. مهر (möhür) ismi. Bəvacizi isə bu mürəkkəb sözü hərfi şəkildə yox (sözün lüğəvi mənası belədir: “baş möhürdə”), dilimizin öz xüsusiyyətinə uyğun olaraq, olduqca uğurlu bir biçimdə: dörd tərkiblə (isim+mənsubiyyət şəkilçisi + isim+əlamət bildirən-li şəkilçisi) vermişdir. Maraqlıdır ki, bu sözün çağdaş qarşılığı da oxşar quruluşdadır: “başıbağlı”. Elə Bəvazici də “başımöhürlü” mürəkkəb sözünü eyni vərəqdə, həm də “başıbağlı” şəklində işlətmişdir (153,94b). İstər “başımöhürlü”, istərsə də “başıbağlı” mürəkkəb sözlərinin qədim və orta çağlara aid türkcə mətnlərdə işlənməsi haqqında bir qeydə rast gəlmirik.
Tərcümənin üçüncü cümləsində işlənmiş "boğaztutar" mürəkkəb sözü isə orijinal quruluşa malikdir. Onun tərkibindəki -ar şəkilçisi çağdaş ədəbi dilimizdən fərqli olaraq, burada feli sifət mənasını daşıyır. Qeyd edək ki, bu şəkilçi ilə düzəlmiş feli sifətlər yazılı abidələrimizin dilində geniş yayıldığı kimi (bax: 34, 275), müasir ədəbi dilimizdə də işlənir. Məsələn: "subasar", "suaxar", sututar", "astabasar" və s. mürəkkəb sifətləri bu qəbildəndir. "Boğaztutar" sözünün farsca əsli iki tərkibdən ibarətdir: گلو (boğaz) ismi və گرفتن (tutmaq) felinin kökü – گیر . Bəvazicinin olduqca dəqiq çevirdiyi bu söz dilmizdə söz yaradıcılığının uğurlu bir nümunəsi hesab edilə bilər. Bu sözə də dil tarixinə aid qaynaqlarda rast gəlmirik.
Bəvazicinin işlətdiyi “çoxbilür” mürəkkəb sözü də quruluşca “boğaztutar” lekseminə oxşayır. Bu söz də mətndə feli sifət anlamını daşıyır: “çoxbilür kişi” (153,92a). Bəvazici onu farsca mətndəki بسیاردان mürəkkəb sözünün بسیار) (çox) və دانستن (bilmək) felinin kökü دان hissəciyindən ibarətdir) qarşılığı kimi işlətmişdir. “Çoxbilür” mürəkkəb sözünün də yazılı abidələrdə işlənməsinə dair bir qeydə rast gəlmirik. Çağdaş ədəbi dilimizdə isə bu söz azacıq dəyişikliklə - “çoxbilən” şəklində işlənir.
Orijinalın dördüncü cümləsində işlənmiş مادرزاد "madərzad' sözünün qarşılığını da Bəvazici olduqca uğurla seçmişdir: "anadandoğma". Bu iki söz mənaca bir-birinə tam uyğun gəldiyi kimi, quruluşca da oxşardır. Hər iki sözün əsasında مادر "madər" (ana) ismi vəزدن "zadən" (doğmaq) feli durur. Fərq yalnız bundadır ki, orijinaldakı isim heç bir önqoşma qəbul etməmişdir - adlıq haldadır, tərcümədəki "ana" isə çıxışlıq haldadır. Bundan əlavə, orijinalda زادن"zadən" felindən düzəlmiş söz formaca keçmiş zaman feli sifəti (doğulmuş) sayılır, onun qarşılığı olan "doğma” isə sifətdir. Bununla belə, "anadandoğma" sözü "madərzad' sözünün daşıdığı mənanı tam əhatə edir və onun dilimizdəki mütləq qarşılığıdır. Təəccüblü də olsa, bu mürəkkəb sözün türkdilli yazılı abidələrdə işlənməsinə dair bir qeydə rast gəlmirik. Yalnız XV əsrə aid bir mənbədə "anadan doğmuş” sözünün mürəkkəb xəbər vəzifəsində işlənməsi göstərilir (89, 1, 122). Qeyd edək ki, "anadandoğma" sözü XV əsr tərcümə abidəsi "Gülşəni-raz" tərcüməsi"ndə də işlənmişdir: Anadandoğma gözsüz kibi hali, Kimin ki, olsa təriqi-etizali. (44,174)
Çağdaş ədəbi dilimizdə də "anadandoğma” sözü eyni mənada işlənir.
Orijinaldakı sonuncu cümlədə işlənmiş سرهنگ mürəkkəb fars sözünün tərcüməsi də maraq doğurur. سر (baş) və هنگ (alay) isimlərindən ibarət olan bu söz fars dilində "sərkərdə", "alay başçısı" mənalarında işlənir (144, II, 1879). Bəvazicinin işlətdiyi "çəribaşı" mürəkkəb sözü də eyni sözlərdən - "çəri' (qoşun) və "baş” isimlərindən ibatərdir. Fərq yalnız bu sözlərin yerindədir: "sərhəng" sözündən fərqli olaraq, onun türkcəsində "baş” ismi öndə yox, sondadır. Lakin bu quruluş fərqinə baxmayaraq, Bəvazicinin olduqca uğurlu seçdiyi "çəribaşı" leksemi سرهنگ "sərhəng” sözünün daşıdığı mənaya tam uyğun gəlir və onun mütləq, birbaşa qarşılığı sayıla bilər. Bunu həmin sözün tarixən türk dillərində eyni mənada işlənməsi də sübut edir. "Çəribaşı" sözü qədim türk mətnlərində işlənməsə də, bu sözün birinci tərəfı ("çeriq") qeydə alınmışdır (99, 144). XIV-XVIII əsrlərə aid türkdilli yazılı abidələrdə də bu söz bol-bol işlənmişdir (89, II, 864-865). Maraqlıdır ki, “Əs-sihah"da (39, 91), eləcə də "Miftahül-lüğə" (XV əsr) və "Lüğəti-Nemətullah" (XVI əsr) adlı farsca-türkcə sözlüklərdə "sərhəng” sözünün qarşısında "çəribaşı" yazılmışdır (89, II, 864-865). Orta yüzilliklərə aid yazılı abidələrdə eyni mə'nada "çəri bəgi” ifadəsi də işlənmişdir (89, II, 866). Həsən Zərinəzadə Səfəvilər dövründə farsca yazılmış iki tarixi əsərdə eyni mənada "alaybeygi” sözünün də işlənməsini göstərir (62, 147). Qeyd edək ki, həmin dövrdə "başı" tərkibi ilə düzəlmiş onlarca mürəkkəb söz nəinki dilimizdə işlənmiş, hətta fars dilinə də keçmişdir. Məsələn: "avçıbaşı", "qapuçıbaşı", "qurçibaşı", "eşikağasıbaşı", "saruqçıbaşı", "topçıbaşı", "tofəngçibaşı", "keşikçibaşı", "minbaşı", "yüzbaşı", "çavoşbaşı", "sübaşı” s. (62, 160, 162, 168, 181, 247, 271, 310, 318, 341, 343, 390, 415). Sonuncu söz - "sübaşı" da "çəribaşi” sözünün sinonimidir. Bu söz qədim türk mətnlərində (99, 516) və "Əs-sihah” lüğətində də (39,55) işlənmişdir. Bütün bunlara baxmayaraq, "çəribaşı” sözü çağdaş ədəbi dilimiz üçün arxaik sayıldığı kimi, "başı" tərkibi ilə düzəlmiş başqa sözlər də dilmizdə vətəndaşlıq hüququ qazana bilməmiş və unudulmuşdur.
Bəvazici həmçinin “Kamilüt-təbir”də işlənmiş فراخ روزی və خوش بوی mürəkkəb sözlərini də eyni qayda ilə mürəkkəb söz kimi tərcümə etmişdir: “genrizqlü” (153,92a), “xoşqoxulu” (153,185a). Bəvazicinin işlətdiyi bu sözlərdən birincisinə əlimizdə olan mənbələrdən heç birində rast gəlmirik. Onun əsli فراخ روزی fars dilində “varlı”, “ruzisi bol olan” mənasında işlənir. Tərcüməçi bu sözü hərfi şəkildə çevirərək onun əslinin tərkibindəki fars mənşəli روزی “ruzi” sözünü eynimənalı ərəbmənşəli رزق “rizq” sözü ilə əvəz etmişdir, halbuki birinci söz Azərbaycan-türk oxucusu üçün daha anlaşıqlıdır. Təsadüfi deyil ki, indi çağdaş danışıq dilimizdə bu mürəkkəb sözün qarşılığı olan “ruzisi bol” ifadəsində məhz həmin söz özünə yer almışdır.
“Xoşqoxulu” mürəkkəb sözünün də yazılı mənbələrdə işlənməsinə aid bir qeyd yoxdur. Bu sözün əvəzində bir sıra klassiklərimizin dilində elə Tiflisdə olduğu kimi, “xoşbuy” fars mürəkkəb sifəti işlənmişdir (6, IV, 337). Elə çağdaş dilimizdə də “xoşqoxulu” əvəzinə daha çox “xoşətir” sözü işlənir. Maraqlıdır ki, “xoşbuy” sözünün çağdaş tərcüməsi də Bəvazicinin tərcüməsinə yaxındır: “xoşiyli”. Bu söz bir tərəfdən Bəvazicinin peşəkar tərcüməçi olmasına dəlalət edirsə, bir yandan da onun bu sahədəki zəngin təcrübəsinin, xüsusilə də söz yaradıcılığı sahəsindəki səmərəli fəaliyyətinin bu gün də gərəkli olduğunu bir daha sübut edir.
Bəvazicinin işlətdiyi yuxarıdakı düzəltmə və mürəkkəb sözlərdən bir neçəsinin tərkibində -ıcı, -ici şəkilçisi vardır. Ümumiyyətlə götürdükdə də abidədə işlənmiş düzəltmə və mürəkkəb sözlər içərisində bu şəkilçinin köməyi ilə düzəlmiş sözlər üstünlük təşkil edir. Bu qəbildən olan sözlər içərisində əsasən peşə-sənət bildirən və qrammatik mənaca isim olan sözlər diqqəti çəkir. Həmin sözlərdən bir neçəsinin yalnız özünü və "Kamilüt-təbir"dəki orijinallarını qeyd etməklə kifayətlənirik:
Do'stlaringiz bilan baham: |