MÖHSÜn nağisoylu XVI əsr azərbaycan təRCÜMƏ ƏSƏRİ “KƏvamiLÜt-təBİR” Bakı – 2011 azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adina əlyazmalar institutu



Download 1,59 Mb.
bet2/16
Sana08.09.2017
Hajmi1,59 Mb.
#20199
1   2   3   4   5   6   7   8   9   ...   16

Mahmud Şirvani Xəridətül -əcaib və fəridətül - qəraib” (“Möcüzələr mirvarisi və qəribəliklər incisi”) tərcü­məsini ərəb dilindən çevirmişdir. Tərcümənin əsli XV əsr müəllifi Ömər ibn əl-Vərdinin qələminə məxsusdur. Əl-Vərdi tarixi coğrafiyaya aid bu maraqlı əsərini 1419-cu ildə bitirərək onu Hələb qalasının rəisi Şahin əl-Müəyyədə ithaf etmişdir. Mahmud Şirvani isə həmin əsəri 1562-ci ildə türkcəyə çevirərək onu Osman şah ibn İskəndər Paşaya təqdim etmişdir. Bu dəyərli tərcümə abidəsinin dünya əlyazması xəzinələrində bir neçə əlyazması saxlanılır ki, onlardan biri – Sankt Peter­burq nüsxəsi (B-790; fotosurəti Əlyazmalar İnstitutunda sax­lanılır) daha qədim və nəfisdir, naxışlı miniatürlərlə bəzədil­mişdir. XVI yüzilliyin sonlarında hazırlanmış bu əlyazmanın lap əvvəllərindəki qoşa səhifədə dünyanın xəritəsi verilmişdir ki, burada ölkəmizin adı da “Adərbayqan” şəklində göstəril­mişdir.

Mahmud Şirvani tərcüməyə yazdığı ön sözdəki bir şeir parçasında həyatından acı-acı şikayətlənir:


Gecə-gündüz keçirdüm ruzigari,

Edüb Yəqubi-Kənan kibi zari.

Güşadə olmadı qəlbim əbəd hiç,

Təəssüf qıldı təbim piç dər piç.

Bu gözüm yaşını silmədi kimsə,

Dərdimin yarəsin bilmədi kimsə.

Qərib oldı ki, sinnim ola mötad,

Bu müddət içrə bir gün olmadım şad.
Mahmud Şirvani bu misralarda oğlu Yusifdən ayrı düşən Yəqub peyğəmbər kimi ağlar qaldığını, qəlbinin açılmadığını, bir gün belə şad olmadığını dilə gətirir. Əslən şirvanlı olan tərcüməçinin öz taleyindən bu cür şikayət etməsinin səbəbi, çox güman ki, Vətən həsrəti, qürbət sıxıntısı ilə bağlıdır. Güman etmək olar ki, Mahmud Şirvani XVI əsrdə Səfəvi-Osmanlı müharibələri zamanı doğma yurdundan didərgin düşmüş Azərbaycan türklərindən biri olmuşdur. Tərcüməçi sonrakı misralarda gövhər kimi sözlərlə zinətləndirdiyi bu kitabını səksən yaşında ikən tamamladığını və bu zaman ömrünün bahar çağının gedib, qış çağının girdiyini bildirir:
Bu ləfzi-gövhərü silki-cəvahir

Ki, həştad olmuş idi sinni-axir.

Bəhari-ömrün irmiş idi şitası,

Səfid olmuş idi saçımın qarası.
Tərcümənin 1562-ci ildə tamamlandığını nəzərə alsaq, Mahmud Şirvaninin 1482-ci ildə anadan olduğunu qəbul etmək olar. On yeddi fəsildən ibarət olan tərcümədə dünyanın müxtəlif ölkələrində, ayrı-ayrı dəniz və okeanlarında yaşayan qəribə heyvanlardan, quru və suda yaşayan qeyri-adi ağac və bitkilərdən, onların faydalarından bəhs olunur. Tərcümədə Azərbaycanın Marağa, Beyləqan, Ərdəbil və Qəzvin şəhərləri haqqında maraqlı bilgilərə rast gəlirik. Kitabın ən çox maraq doğuran fəsillərindən biri bitkilərə həsr olunmuşdur. “Nəba­tat” adlanan bu fəsildə müxtəlif Şərq ölkələrində, o sıradan Türkiyə və Azərbaycanda bitən ayrı-ayrı ağac, bitki və tərə­vəzlər haqqında məlumat verilir: əvvəlcə onların becərmə üsul­ları göstərilir, sonra isə müalicəvi əhəmiyyətdən söz açılır.

Mahmud Şirvani yeri gəldikcə kitabdakı ayrı-ayrı möv­zularla bağlı məsələlərə münasibətini də bildirir, onları öz məlumatları ilə zənginləşdirir və başına gələn əhvalatların təs­viri ilə daha da maraqlı etməyə çalışır. Həmin əhvalatların bəziləri nəzmlə qələmə alınmışdır ki, bu da mütərcimin şeirə də yaxşı bələdliyindən xəbər verir. Mahmud Şirvaninin tərcü­məyə əlavə etdiyi şeir parçalarının ümumi həcmi 500 beytdir. Mütərcim kitabın sonunda tərcüməni həm nəsrlə, həm də nəzmlə qələmə aldığı üçün oxucularından üzr diləyir:


Dilərəm əhli-dillər tuta məzur,

Çü düşdü kimi nəzmü kimi mənsur.
Sadə dillə qələmə alınmış “Xəridətül-əcaib” tərcüməsi ono­mastik vahidlərin bolluğu ilə diqqəti cəlb edir. Ümumiy­yətlə, bu tərcümə əsəri dil tarixi, xüsusilə də tarixi leksiko­logiya üçün dəyərli mənbədir. Mahmud Şirvaninin ərəb dilin­dən çevirdiyi “Tarixi-İbn Kəsir” adlı başqa bir tərcümə əsəri də məlumdur. Türkiyə kitabxanalarında mütərcimin bu tərcümə əsərinin əlyazmaları saxlanılır (87, I, 161).

XV yüzilliyin nəsr tərcümələrindən ikisi dövrünün istedadlı mütərcimi və mahir xəttatı olmuş Məhəmməd Nişatinin qələmindən çıxmışdır: “Şühədanamə”, “Şeyx Səfi təzkirəsi”. Nişati bu tərcümə əsərlərindən birincisini 1539-cu ildə, ikincisini isə ondan dörd il sonra –1543-ci ildə tamam­lamışdır. Nişati haqqında qaynaqlarda heç bir bilgi verilməsə də, onun 1530 və 1545-ci illərdə köçürdüyü əlyazmalara, eləcə də sözügedən tərcümə əsərlərinə görə bu istedadlı şair- mütər­cim və xəttatın XVI yüzilliyin əvvəllərində Şiraz şəhərində doğulmasını, burada yoxsul həyat sürməsini, ömrünü-gününü Allaha ibadətdə keçirməsini, yaradıcılığının ən məhsuldar dövrünün sözügedən əsrin ortalarına təsadüf etməsini söyləyə bilərik. Bundan əlavə, istər “Şühədanamə”nin, istərsə də “Şeyx Səfi təzkirəsi”nin şeirə, sənətə yüksək qiymət verən, özü də şeirlər yazan, incə zövqlü Səfəvi hökmdarı Şah I Təh­masibin əmri ilə ana dilimizə tərcümə olunduğunu nəzərə al­saq, Nişatinin XVI yüzilliyin tanınmış və təcrübəli mütərcim­lərin­dən, istedadlı qələm sahiblərindən biri olması qənaətinə gəlmək olar. “Şeyx Səfi təzkirəsi”nin əvvəlində Nişatinin adı­nın əvvəlindəki Mövlana ləqəbi də (Mövlana Məhəmməd Ka­tib Nişati) bu fikri qüvvətləndirir. Bəlli olduğu kimi, Mövlana ləqəbi orta yüzilliklərdə müsəlman alimləri, xüsusilə də ruhani alimləri üçün işlənirdi. Deməli, Nişati artıq yaşadığı dövrdə nüfuzlu bir din xadimi, mötəbər və savadlı bir şəxs kimi tanı­nırmış.

Nişati “Şühədanamə”ni dövrünün məşhur ilahiyyatçı alimi və yazıçısı kimi tanınan Hüseyn Vaiz Kaşifinin (öl.1504) ömrünün sonlarında, daha doğrusu, 1502-ci ildə yazdığı “Rövzətüş-şühəda” (“Şəhidlər bağçası”) əsərindən ana dilinə çevirmişdir. Orta yüzilliklərdə, xüsusilə də XVI əsrdə geniş şöhrət qazanmış “Rövzətüş-şühəda” dini məzmun daşıyır: imam Hüseynin (ə.) Kərbəla müsibətinə həsr olunmuşdur. Əsərin əsas məzmununu Kərbəla vaqiəsi ilə bağlı hadisələr təşkil etsə də, kitabda başı bəlalar çəkmiş bəzi peyğəmbərlərin (ə.), Məhəmməd peyğəmbərin (s.), o həzrətin qızı Fatimənin (ə.), imam Əli (ə.) və oğlu imam Həsənin (ə.) həyatı ilə bağlı faciəli hadisələrə də müəyyən yer ayrılmışdır. “Rövzətüş-şühəda”, əsasən, nəsrlə yazılsa da, müəllif yeri gəldikcə əsərə hadisələrlə bağlı lirik şeir parçaları da əlavə etmişdir.

“Şühədanamə” də eynilə “Rövzətüş-şühəda” şəklində qurulmuşdur: tərcümə də onun farsca orijinalı kimi “dibaçə” adlanan giriş hissəsindən və on babdan (bölümdən) ibarətdir. Farsca orijinalda olduğu kimi, tərcümədə də nəsrlə nəzm növbələşir: nəsr arasında yeri gəldikcə nəzm parçaları da verilir. Nişati “Şühədanamə”nin əvvəlində kitabdakı şeirlərin ona məxsus olduğunu aşağıdakı misralarda bildirir:


Əbyat ki, bu nüsxədə oldu mərqum,

Mənşuri-gögün üsnə durur misli-nücum.

Heç kimsədən anı ariyət istəmədi,

Qamu özünündür ki, qılupdur mənzum.
Nişati tərcümənin müqəddiməsindəki digər bir şeir parçasında isə “Rövzətüş-şühəda”nı Qazi xan Saru Şeyxün oğlunun (Nişatinin doğulduğu və yaşadığı Şiraz şəhərinin hakimi olmuşdur) buyuruğu ilə hicri 945-ci (miladi 1539-cu) ildə “türkiyə döndərdiyini” bildirir.

“Şühədanamə”nin əvvəlində Nişati Şah I Təhmasibin də adını çəkir və tərcüməsinin əsl səbəbkarının bu Səfəvi hökmdarı olduğunu bildirməklə yanaşı, onun mədhinə şeir parçası da həsr edir. Bu da maraqlıdır ki, “Şühədanamə”ni fars dilindən tərcümə etdiyini (“döndərdiyini”) açıq-aşkar bildirən Nişati kitabını “tərcümə” yox, “təsnif” (əsər) adlandırır ki, bu da klassik tərcümə sənətinin özünəməxsus səciyyəvi xüsusiyyəti ilə izah edilə bilər.

“Şühədanamə” ilə “Rövzətüş-şühəda”nın mətnləri üzərindəki müqayisəli təhlil göstərir ki, Nişati farsca mətnə sadiq qalmağa, əksər hallarda onu tam dəqiqliyi ilə çevirməyə daha çox meyilli olmuşdur. Bu da təbiidir, çünki “Rövzətüş-şühəda” o dövrdə Kərbəla vaqiəsi mövzusunda yazılmış ən məşhur və mötəbər bir əsər sayılırdı və tanınmış ilahiyyatçı alimin qələmindən çıxmışdı. Bundan əlavə həmin əsər bilavasitə ölkənin birinci adamının –hökmdarın sifarişi ilə tərcümə olunurdu. Bütün bu amillər, təbii ki, Nişatini tərcümə zamanı maksimum dərəcədə dəqiqliyi gözləməyə vadar edirdi və mütərcim də buna , demək olar ki, əməl etmişdir.

Nişati “Şühədanamə” yə yazdığı kiçik ön sözündə “Rövzətüş-şühəda”nı fars dilini bilməyən “türk oymağlarının” sakinləri üçün “türkiyə döndərdiyini” də vurğulayır. Məhz bu amili nəzərə alan mütərcim yüksək dəbdəbəli üslubda yazılmış “Rövzətüş-şühəda”nı bütün həmvətənlərinin başa düşəcəyi, anlaşıqlı bir dillə tərcümə etməyə çalışmış və buna uğurla nail olmuşdur. Tərcüməçi bu məqsədlə ana dilinin zəngin və rəngarəng ifadə vasitələrindən, bir sıra sözlərin incə məna çalarından, bəzən də məhəlli sözlərdən (əsasən, Təbriz ləhcəsinə aid dialektizmlərdən) böyük ustalıq və məharətlə istifadə etmişdir. Nişati tərcümə üzərində işlərkən həm də çalışmışdır ki, farsca mətndə olan hər bir sözü onun türkcə qarşılığı ilə versin. Məhz bu meylin nəticəsidir ki, o hətta bu gün belə müasir ədəbi dilimizdə işlənən bir sıra ərəb-fars sözlərinin əvəzində onların türkcə qarşılıqlarını işlətmişdir. Məsələn: arzu-dilək, cənnət-uçmaq, cəhənnəm-damu, qatil-qanlı, qəbilə-oymağ, qədim-əski, düşmən-yağı, zəhər-ağu, əmr-buyuruq, məktub-biti (bitik), mübarək-qutlu, nəhayət-sonuc, payız-güz, sifət-bəniz, şahid-tanıq və s.

Nişati “Şühədanamə”də az da olsa, müəyyən sərbəstliyə də yol vermişdir. Belə ki, mütərcim orijinaldakı müəyyən kiçik epizodları və 300 beytə yaxın şeir parçasını buraxmış və özünün yazdığı ümumi sayı 36 beytlik ayrı-ayrı şeir parça­larını tərcümənin mətninə əlavə etmişdir. Bununla belə, orta əsrlərin poetik tərcümələri ilə müqayisədə “Şühədanamə” ilə onun farsca orijinalı arasındakı fərqlər çox kiçikdir və əsərin ümumi həcmində çox az nəzərə çarpır.

Nişatinin “Şühədanamə” tərcüməsinin yeganə əlyazması mütərcimin öz əli ilə 1539-cu ildə Şirazda hazırlanmışdır və hazırda Əlyazmalar İnstitutunda saxlanılır. Ədəbi dil tariximiz üçün əvəzsiz qaynaq olan bu nadir əlyazma dilçilik yönündən geniş araşdırılmışdır (13;42).

Nişatinin ikinci tərcümə əsəri  “Şeyx Səfi təzkirəsi” Səfəviyyə təriqətinin qurucusu, Səfəvilər sülaləsinin ulu babası Şeyx Səfiəddin Ərdəbilinin həyatından bəhs edir.Tərcümənin farsca əsli – “Səfvətüs-səfa” XIV əsr Azərbaycan yazıçısı İbn Bəzzaz Ərdəbiliyə məxsusdur. Şeyx Səfiəddin Ərdəbilini şəxsən görmüş İbn Bəzzaz Ərdəbili bu əsərini Şeyxin oğlu və canişini Şeyx Sədrəddinin tövsiyəsi ilə fars dilində yazmağa başlamış və onu 1357-ci ildə tamamlamışdır. Əsasən, Şeyx Səfiəddinin həyatı və kəramətlərinə həsr olunan “Səfvətüs-səfa”da XIII-XIV yüzilliklərdə Azərbaycanda baş verən ayrı-ayrı hadisələr, dövrün ictimai-siyasi durumunun ümumi mənzərəsi və bir sıra səciyyəvi xüsusiyyətləri, xalqımızın hə­ya­tı və məişəti, gündəlik qayğıları, müxtəlif peşə sahiblərinin inanc və dünyagörüşləri, eləcə də etnoqrafiya, fəlsəfə və ədəbiyyatla bağlı bir sıra incə məqam və mətləblər öz əksini tapmışdır. Əsərdə bir sıra Quran ayələrinin təfsiri, eləcə də Əttar, Rumi, Sənai kimi sufi şairlərinin ayrı-ayrı beytlərinin şərhi də xüsusi maraq doğurur.

“Səfvətüs-səfa” Şeyx Səfiəddinin yaxın adamlarının, onu tanıyanların dilindən söylənilmiş kiçik hekayətlər şəklində qurulmuşdur. Müəllif ənənəyə görə mətn arasında kiçik şeir parçaları da vermişdir. Tərcümə dibaçə və müxtəlif fəsillərə bölünmüş 12 babdan ibarətdir.

Nişatinin “Şeyx Səfi təzkirəsi” ilə onun orijinalı olan “Səfvətüs-səfa”nın mətnləri üzərindəki müqayisəli təhlil göstərir ki, Nişati “Şühədanamə”də olduğu kimi, bu tərcümə əsərində də farsca mətni, əsasən, dəqiqliklə çevirməyə can atmış, orta əsrlərdə geniş yayılmış hərfi tərcümə prinsipinə üstünlük vermişdir. Bütövlükdə götürdükdə “Şeyx Səfi təzkirəsi” orta yüzilliklərin hərfi tərcümə nümunəsi kimi dəyərləndirilə bilər. Nişati farsca mətndəki ayrı-ayrı cümlələri ana dilinə çevirərkən hərfi tərcümə ənənəsinə o qədər aludə olmuşdur ki, bəzən onların məzmununu tam dəqiqliyi ilə qavramaq müəyyən çətinlik törədir. Belə hallarda farsca mətn köməyə gəlir və tərcümədəki ayrı-ayrı mətləblərə aydınlıq gətirməyə kömək edir.

Ümumiyyətlə, Nişatinin başlıca tərcümə prinsipi farsca mətndəki bütün sözləri onların ana dilindəki qarşılıqları, ilə vermək olmuşdur. Nişati buna nail olmadıqda həmin sözlərin ərəb və ya fars dillərindəki digər qarşılıqlarını-sinonimlərini işlətmişdir. Maraqlıdır ki, Nişati bəzən farsca mətndəki şəxs adlarını da olduğu kimi verməyərək, onları türkcələşdirməyə can atmışdır. Məsələn: o, “Şühədanamə”də İbn Ziyad şəxs adını Ziyadoğlu kimi, “Şeyx Səfi təzkirəsi”ndə isə Təbrizi, Tusi, Səravi kimi nisbələri Təbrizlü, Tuslu, Səravlu kimi vermişdir.

“Şeyx Səfi təzkirəsi”ndə orta yüzilliklərin sərbəst tərcümə ənənəsinə xas olan xüsusiyyətlər də özünü göstərir (bax:40,6-50). Məsələn, Nişati “Səfvətüs-səfa”dakı ərəbcə mətnlərin bir çoxunu və bəzi hekayətləri buraxmış, ayrı-ayrı şeir parçalarını isə (bunlar həm ərəbcə, həm də farscadır) ixtisarla tərcümə etmişdir. Nişatinin bu əməliyyatı nəticəsində “Şeyx Səfi təzkirəsi” onun farsca əslindən nəzərə çarpacaq dərəcədə kiçik alınmışdır. Ümumiyyətlə, bu iki əsərin mətnləri arasında digər fərqli cəhətlər də özünü göstərir ki, bu da orta yüzilliklərin tərcümə sənətinə xas olan səciyyəvi cəhətlərlə bağlıdır. Maraqlıdır ki, Nişati farsca mətndə tez-tez işlənən Ömər şəxs adını hər yerdə Əli adı ilə əvəz etmişdir ki, bu da XVI yüzilliyin birinci yarısında açıq-aşkar şəkildə özünü göstərən sünni-şiə ixtilaflarının təsiri üzündəndir. Nişati bu tərcümə əsərini də Şah I Təhmasibin əmri ilə ana dilinə çevirmiş və ona şərti olaraq “Şeyx Səfi təzkirəsi” adını vermişdir.Yeri gəlmişkən qeyd edək ki, orta əsrlərə aid bir sıra tərcümə örnəklərinin adları onların əslindən azacıq da olsa, müəyyən qədər fərqlənir.

Nişati “Şeyx Səfi təzkirəsi”ndə də “Şühədanamə”də olduğu kimi, kitabdakı şeir parçalarının ona məxsus olduğunu bildirir. Hər iki əsərdəki şeir parçalarının müqayisəsi isə göstərir ki, türkcə mətndə olan şeir parçalarının, demək olar ki, hamısı farsca mətndəki şeirlərin tərcüməsidir.

“Şeyx Səfi təzkirəsi” orta yüzilliklərə aid Azərbaycan tərcümə ədəbiyyatı nümunələri (eləcə də anadilli orijinal yazılı abidələr) içərisində həcminə görə ən böyükdür: tərcümənin Nişati tərəfindən köçürülmüş əlyazması 445 vərəqdən ibarətdir. Ədəbi dil tariximizin dəyərli yazılı abidəsi olan “Şeyx Səfi təzkirəsi” ilk dəfə Bakıda nəşr olunmuşdur (59 ).

İbn Bəzzaz Ərdəbilinin “Səfvətüs-səfa” əsərinin XVI yüzilliyə aid daha bir orta əsr tərcüməsi məlumdur. Tərcü­mənin ön sözündə ənənəyə görə özünü “zəif” adlandıran naməlum mütərcim yazır: “Bu zəifi-nəhifdən bəzi əshab iltimas etdilər kim, Sultan Şeyx Səfiəddin mənaqibi kim, lisani-farsi üzərinə təlif etmişlərdi, anı tərcümə edib türkiyə döndərəm və təshil edəm, ta ki faydası amm ola”(161, 2a-2b). Göründüyü kimi, naməlum mütərcim bu qeydlərində Şeyx Səfiəddin haqqında fars dilində yazılmış kitabı “Mənaqib” adlandırır. Qeyd edək ki, İbn Bəzzazın “Səfvətüs-səfa” kitabı orta yüzilliklərdə həm də “Mənaqibi-Şeyx Səfi” adı ilə tanınmışdır. Bu faktı nəzərə aldıqda “Mənaqibi-Şeyx Səfi” tərcüməsinin də əslinin “Səfvətüs-səfa” olduğu qənaətinə gəl­mək olar. “Mənaqibi-Şeyx Səfi” tərcüməsi ilə “Səfvətüs-səfa”­nın müqayisəli təhlili də bunu sübut edir.

“Şeyx Səfi mənaqibi” həcm baxımından həm “Səfvətüs-səfa”dan, həm də “Şeyx Səfi təzkirəsi”ndən çox kiçikdir. Burada İbn Bəzzazın əsərinin yalnız bir babı tərcümə olunmuşdur. Məhz buna görə də “Şeyx Səfi mənaqibi”nin mütərcimi onu “muxtəsər” adlandırmışdır (161,2b).

“Şeyx Səfi mənaqibi” üzərindəki müşahidələr göstərir ki, bu klassik tərcümə əsəri XVI yüzillikdə Şah İsmayıl Xətai (1486-1524) dövründə hazırlanmışdır. Belə ki, əlyazmada Səfəvilər sülaləsinin şəcərəsi də verilmişdir ki, burada birinci yerdə Şah İsmayıl Xətainin adı yazılmışdır (161,143a). Deməli, tərcümə məhz Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətai dövründə yaranmışdır.

“Şeyx Səfi mənaqibi” tərcüməsində də eynilə Nişatinin “Şeyx Səfi təzkirəsi”ndə olduğu kimi, nəsr arasında şeir parçaları da verilmişdir. Maraqlıdır ki, burada şeir parçaları əvvəlcə orijinalın dilində-farsca verilir, sonra isə onun nəsrlə tərcüməsi qeyd olunur. Farsca bəzi şeir parçalarının isə türkcəyə həm nəsrlə, həm də nəzmlə tərcüməsi verilmişdir. “Şeyx Səfi mənaqibi” də “Şeyx Səfi təzkirəsi” kimi canlı ümumxalq danışıq üslubunda qələmə alınmışdır. Onu da qeyd edək ki, “Şeyx Səfi təzkirəsi”ndə açıq-aşkar nəzərə çarpan hərfi tərcümə hallarına “Şeyx Səfi mənaqibi”ndə, demək olar ki, rast gəlinmir. “Şeyx Səfi mənaqibi”nin cümlə quruluşunda, bütövlükdə sintaksisində fars dilinin təsiri yox dərəcəsindədir.

Orta əsr tərcümələrində orijinala münasibət məsələsi mütərcimlərin ana dilinə çevirdikləri əsərlərin adlarında da qabarıq şəkildə özünü göstərir. Belə ki, bu məsələdə də mütərcimlərin ana dilinə çevirdikləri əsərlərə müəyyən məna­da öz bədii yaradıcılıqlarının məhsulu kimi yanaşmaq meyilləri müşahidə olunur. Məsələn, Hüseyn Vaiz Kaşifinin “Rövzətüş-şühəda” (“Şəhidlər bağçası”) əsərini əsasən dəqiq­lik­lə ana dilinə çevirən Nişati tərcümənin adında müəyyən dəyişiklik edərək onu “Şühədanamə” (“Şəhidlər kitabı”) ad­lan­dırmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, böyük Füzuli də Kaşifinin bu əsərini sərbəst-yaradıcı şəkildə ana dilinə çevirərək ona “Hədiqətüs-süəda” (“Xoşbəxtlər bağı”) adını vermişdir. Niyazi Misri adlı XVII əsr mütərcimi isə yenə eyni qaynaqdan türkcəyə etdiyi tərcüməsi üçün “Səadətnamə” adını seçmişdir. Qeyd edək ki, bu tərcümə əsərlərinin üçünün də adı ilə onların farsca orijinalının adı arasında müəyyən bir bağlılıq, əlaqə də vardır. Sadəcə olaraq, Kaşifi din, əqidə yolunda şəhid olan qəhrəmanlarını “şəhid” adlandırmış, Füzuli və Misri isə onlar üçün “xoşbəxt”, “səadət” adlarını işlətməyi daha münasib saymışlar.

Orta əsr tərcümələrinin bəzilərində isə orijinalın adı olduğu kimi saxlanılmış, yalnız onların əvvəlinə “tərcümeyi” sözü artırılmışdır. Məsələn, “Tərcümeyi-“Gülşəni-raz”, “Tər­cü­meyi-“Pəndnamə” və s. Bəzən klassik tərcümə əsərlərinin adlarının onların orijinallarının adlarından tamamilə seçilməsi hallarına da rast gəlirik. Məsələn, yuxarıda adını çəkdiyimiz Kaşifinin “Ənvari-Süheyli” əsərinin XVI yüzilliyə aid türkcə tərcüməsi “Humayunnamə” adlanır. Maraqlıdır ki, XIX əsrin əvvəllərində “Humayunnamə” Azərbaycan türkcəsinə uyğun­laş­dırılaraq “Kəlilə və Dimnə” adlandırılmışdır. Eləcə də XVI əsr mütərcimi Müniri sufi şairi Şeyx Əttarın “Bülbülnamə” kitabını türkcəyə “Gülşəni-əbrar” (“Zahidlər gülşəni”) adı altında çevirmişdir.

Onu da əlavə edək ki, orta əsr Azərbaycan tərcümə əsərlərinin bir çoxu hökmdarların, yerli hakimlərin və yüksək vəzifə sahiblərinin əmrləri, tapşırıqları ilə türkcəyə çevrilmiş və ya onlara ithaf olunmuşdur. Bəzi tərcümə əsərlərini isə mütərcimlər “ümumi fayda” xatirinə, ərəb-fars dilini bilməyən müsəlman türk qardaşları üçün ana dilinə tərcümə etmişlər.

Beləliklə, Azərbaycan türklərinin islam mədəniyyətinin bilavasitə daşıyıcıları olan digər müsəlman xalqlarlaərəblərlə və farslarla birbaşa ictimai-siyasi, mədəni-ədəbi əlaqələrinin məntiqi nəticəsi kimi ortaya çıxan XV-XVI əsrlər Azərbaycan tərcümə ədəbiyyatı nümunələri istər milli ədəbiyyatımızın yeni-yeni mövzu, forma və ideyalarla zənginləşməsində, istərsə də yazılı ədəbi dilimizin inkişafında müstəsna rol oy­namışdır.




İKİNCİ FƏSİL
HÜBEYŞ TİFLİSİNİN “KAMİLÜT-TƏBİR” ƏSƏRİ

VƏ BƏVAZİCİNİN “KƏVAMİLÜT-TƏBİR” TƏRCÜMƏSİ
§1. Hübeyş Tiflisi və əsərləri haqqında
Yuxugörmə (röya), eləcə də onun yozumu (təbir) müsəl­man Şərqində həmişə diqqət mərkəzində olmuş, xüsusi önəm daşımışdır. Bu məsələdə Allah-taalanın yuxuyozmanı yüksək dəyərləndirməsi, peyğəmbərlərdən Yusifə (ə.) və sonuncu elçisinə  xatəmül-ənbiyaya (s.) yuxuyozma elmini bəxş etmə­si mühüm rol oynamışdır. Qurani-Kərimdə də göstərildiyi kimi, həzrət Yusif (ə.) məhz uca Tanrının ona kəramət etdiyi yuxuyozma elmi üzündən qaranlıq zindandan qurtulmuş və Misir sarayında ən uca məqama yüksəlmişdir.

Yuxuyozmaya (təbirə) bu cür yüksək önəm verilməsinin nəticəsidir ki, miladi tarixilə VIII əsrdən başlayaraq bu mövzuda öncə ərəb dilində, sonralar isə fars dilində yazılmış bir sıra dəyərli əsərlər ortaya çıxır. Həmin əsərlər içərisində istər sanballığına, istərsə də məşhurluğuna görə Şeyx Əbülfəzl Hübeyş bin İbrahim bin Məhəmməd Tiflisinin "Kamilüt-təbir" (“Mükəmməl yuxuyozma”) əsəri xüsusi yer tutur.

XII yüzilliyin görkəmli Azərbaycan alimlərindən biri olan Əbülfəzl Kəmaləddin Hüseyn Hübeyş bin İbrahim bin Məhəmməd Tiflisinin həyatı haqqında əlimizdə yetərli məlumat yoxdur. Ayrı-ayrı əsərlərinin yazılma tarixlərinə və ithaf olunduğu şəxsiyyətlərə, eləcə də son dövrün araşdırma­larına əsasən alimin XII yüzilliyin təxminən 10-20-ci illərində anadan olması qənaətinə gəlmək olar. Qeyd edək ki, ən son dövrün tədqiqatlarından olan Elnur Nəsirovun “Orta əsrlərdə yaşamış Azərbaycan alimləri” adlı dəyərli kitabında Hübeyş Tiflisinin doğum tarixi 1113-1116-ci illər arası kimi göstərilir (49, 322).

Nisbəsinə əsasən Hübeyş Tiflisinin Azərbaycan türkü olmasını düşünürük. Müəllifin “Bəyanüs-sənaət” əsərini nəşr etdirən İran alimi İrəc Əfşar onun Qafqazın Arran bölgəsin­dən olduğunu qeyd edir (133,280). Digər bir İran alimi Əli Nəqi Münzəvi isə Tiflisinin əsərlərinin dil-üslub baxımından “Xorasan dəri”sindən (fars dili “dəri” adı ilə də tanınır) seçil­diyini göstərir və bunu müəllifin Azərbaycandan olması ilə izah edir (139,66). Azərbaycan alimi Elnur Nəsirov orta əsr qaynaqlarına, eləcə də çağdaş tədqiqatlara söykənərək yazır ki, Hübeyş 1122-ci ildə Tiflis gürcülər tərəfindən işğal edilərkən doğma şəhərini tərk edərək Anadoluya – Qeysəriyə köçmüş, Səlcuq sultanı II Qılıc Arslan (1155-1192) zamanında isə bu hökmdarın dəvətilə Konyaya gəlmişdir. Alimin qənaətinə görə Hübeyş Tiflisi 1204-cü ildə Qeysəridə vəfat etmişdir (49,322).Türkiyə alimi Cavad İzgi isə ehtimal edir ki, Hübeyş Tiflisi Anadoluya II Qılıc Arslanın zamanında gəlmişdir. Alimin yazdığına görə, bu Səlcuq sultanı Ağsaray şəhərində məscidlər, mədrəsələr tikdirərkən Azərbaycandan buraya elm adamları, alimlər gətirtmişdir və Hübeyş də onlar sırasında ola bilərmiş (72,268). Qeyd edək ki, Tiflisinin Səlcuq hökmdar­larının paytaxtı olan Konya şəhərində yaşamasını müəllifin əsərləri də təsdiqləyir. Tiflisinin Kəmaləddin ləqəbi ilə tanın­masına diqqət yetirən Cavad İzginin yazdığına görə, o, Sultan II Qılıc Arslanın sarayında böyük nüfuz sahibi bir alim kimi tanınmış, elmi-fəlsəfi toplantılarda daim hökmdarın yanında olmuşdur. Cavad İzgi onu da əlavə edir ki, Tiflisi sözügedən sultanın sarayında münəccimbaşı olmuş və bir öncəgörməsi özünü doğrultmadığı üçün bu vəzifədən azad edilmişdir (72, 269). Bu hadisədən incə bir bəhanə ilə canını qurtaran Tiflisi Qeysəriyə gedərək, bir müddət burada yaşadıqdan sonra bu şəhərdə də vəfat etmişdir (72,269).

Qeyd edək ki, Hübeyş Tiflisi haqqında çox dəyərli bilgilər verən Cavad İzginin fikirlərində iki incə məsələ mübahisə doğurur. Bunlardan birincisi, Cavad İzginin fikrincə Hübeyş əslən Qəznə şəhərindən olmuş, sonradan Tiflisə gəlmişdir. Cavad İzgi bu fikrini müəllifin “Kifayətüt-tibb” əsərinin bir neçə əlyazmasında nisbəsinin Qəznəvi kimi yazılması ilə izah edir (72,269). Qeyd edək ki, “Kifayətüt-tibb” istisna olmaqla müəllifin bütün əsərlərində onun nisbəsi Tiflisi kimi göstərilir. Deməli, yalnız bu fakta əsasən Hübeyşin Qəznəli olması fikrini inandırıcı saymaq olmaz. Bundan əlavə Tiflisi uzun müddət Konyada yaşadığı üçün o, Qonəvi nisbəsini də daşıya bilərmiş. Məhz buna diqqət yetirən İrəc Əfşar yazır ki, “Kifayətüt-tibb”in katibi “Qonəvi” sözünü səhvən “Qəznəvi” kimi oxumuşdur (ərəb əlifbası ilə bu iki sözün yazılışı çox oxşardır: (قونوی-غزنوی. Cavad İzginin Tiflisi haqqındakı yazısında inandırıcı görünməyən ikinci məsələ müəllifin guya Türküstandakı Tiflis şəhərindən olması ilə bağlıdır. Əlimizdə olan qaynaqların heç birində Türküstanda Tiflis şəhərinin olması ilə bağlı heç bir qeydə rast gəlmədiyimiz üçün Hübeyşin məhz Qafqazdakı Tiflis şəhərindən olması qənaətindəyik. Bunu orta əsr qaynaqları da təsdiq edir.

Tanınmış Osmanlı müəllifi Katib Çələbi (1608-1657) “Kəşfüz-zünun” əsərində Tiflisinin 629/1231-32-ci ildə vəfat etdiyini yazır (140,1379). Yuxarıda qeyd etdiyimiz kimi, son dövrlərə aid araşdırmalarda isə Hübeyş Tiflisinin vəfat tarixinin 600/1203-cü il kimi qəbul edilməsinin daha ağlabatan olması göstərilir (116,52-53). Fikrimizcə, bu tarix daha inandırıcıdır, çünki Tiflisinin yazılma tarixi bəlli olan ilk əsəri “Qanunül-ədəb” 548/1153-cü il tarixlidir və həmin vaxt müəllifin azı iyirmi beş-otuz yaşı olarmış. Tiflisi “Kifayətüt-tibb” əsərini isə 590-593/1194-1197-ci illər arasında yazmışdır ki, bu tarixə əsasən də onun VIII/XIII əsrin əvvəllərində vəfat etdiyini qəbul etmək daha məqsədəuyğundur. Qeyd edək ki, müəllifin vəfatı ilə bağlı bu fikri ilk olaraq görkəmli alman alimi Karl Brokkelman irəli sürmüşdür (124,893). Yuxarıda qeyd etdiyimiz kimi, Elnur Nəsirov bu tarixi 1204-cü il kimi göstərir (49,322).

Zəmanəsində "Şeyx" ləqəbini qazanmış Tiflisinin astronomiya və tibbə, mineralogiya və kimyaya, dilçilik və ədəbiyyat nəzəriyyəsinə, eləcə də dövrün başqa elm sahələrinə aid ərəb və fars dillərində yazdığı 25 əsəri məlumdur. Alimin 8 əsəri tibb mövzusundadır ki, buna əsasən onun öz dövrünün tanınmış həkimlərindən biri olması qənaətinə gəlmək olar. Müəllifin tibbə aid “Təqvimül-ədviyyə” və “Üsulül-məlahim” əsərlərində “əl-həkim Kəmaləddin” kimi təqdim edilməsi, eləcə də “Həkim” və “Mütətəbbib” ləqəblərini daşıması da belə düşünməyə əsas verir. Alimin tibbə dair ən məşhur əsəri fars dilində yazdığı “Kifayətüt-tibb” kitabıdır. II Qılıc Arslanın oğlu Qütbəddin Məlikşaha həsr olunmuş bu əsərin çoxlu sayda əlyazmaları onun məşhurluğundan xəbər verir. Cavad İzgi yazır ki, Qütbəddin Məlikşahin 1197-ci ildə sağ olması dəqiq bilindiyi üçün “Kifayətüt-tibb” 1194-1197-ci illər arasında yazıla bilərmiş. Tiflisi və əsərləri haqqında geniş və dəyərli bilgilər verən Georgi Mixaleviçin fikrincə isə, “Kifayətüt-tibb” 550/1155-56-cı ildə Səlcuq şahzadəsi Qütbəddin (G.Mixaleviçdə səhvən: Qütabəddin) II Məlikşah üçün yazılmışdır (116,38). Həmin vaxt II Qılıc Arslanın yenicə hakimiyyət taxtına oturduğunu nəzərə aldıqda Tiflisinin bu kitabını sultanın oğlunun adına yazması fikri inandırıcı görünmür. G.Mixaleviç Tiflisinin “Kifayətüt-tibb”i haqqında onu da qeyd edir ki, əsərin Daşkənd nüsxəsində kitabın həsr olunduğu şəxsin (məmduhun) adı Əbül-Haris bin Məlikşah (1118-1157) kimi göstərilmişdir (116,39). Sonuncu fakt isə onu sübut edir ki, bu dolaşıqlıq katiblərin yol verdiyi yanlışlıq üzündən ola bilər. Müəllifin “Bəyanüt-tibb”, “Minhacit-tibb”, “Sihhətül-əbdan” əsərləri də tibb elminin müxtəlif sahələrinə həsr olunmuşdur.

Tiflisinin farsca yazdığı “Bəyanün-nücum”, “Mədxəlün-nücum”, “Üsulül-məlahim” və ya “Məlhamati-Danyal” əsərləri isə nücum (astronomiya) elminə aiddir. Qeyd edək ki, Hübeyş Tiflisi daha çox həkim və münəccim kimi tanınır. Müəllif nücuma aid bu əsərlərində astronomiya elminin dəyərindən söz açır və Günəşin tutulması, fırtına və s. kimi hadisələrlə bağlı mövcud fikirləri açıqlayır. Orta yüzilliklərdə, xüsusilə də Tiflisinin yaşadığı dövrdə nücum elminə böyük əhəmiyyət verilmiş və münəccimlərə xüsusi qayğı göstəril­mişdir. Tiflisinin “Üsulül-məlahim” əsərindəki aşağıdakı cüm­lə həmin dövrdə nücum elminə nə dərəcədə böyük önəm verilməsinə bir nümunə ola bilər: “Əgər hər hansı bir ayda çoxlu ulduz düşümü görünərsə, həmin il çətin olacaq: qarşıda aclıq gözlənilir, haradasa bir böyük padşah vəfat edəcək” (bax:116,47). Aydındır ki, bu cümlədə göstərilən əlaməti nəzərə alaraq o dövrdə aclığa qarşı müəyyən tədbirlər görülürmüş. II Qılıc Arslanın adına yazılmış bu əsər Tehranda 1925-ci və 1961-ci illərdə “Məlhamati-Danyal” adı ilə nəşr olunmuşdur.

Tiflisi dil və ədəbiyyat mövzusunda da bir neçə əsər yaz­mışdır ki, onlar sırasında “Qanunül-ədəb” daha məşhurdur. 548/1153-cü ildə tamamlanmış “Qanunül-ədəb” Tiflisinin tarix baxımından ilk əsəri sayılır. Ərəbcə-farsca sözlük olan bu əsərin elmi-tənqidi mətni İranda nəşrə hazırlanmışdır (bax: 116, 42). Tiflisi ən məşhur əsərlərindən olan “Qanunül-ədəb” üzərində 4 il işləmişdir. Müəllif bu kitabı qələmə alarkən 48 qaynaqdan istifadə etmişdir ki, onlardan ən məşhuru Carullah Əbülqasim Mahmud bin Ömər Zəməxşərinin (1074-1143) ərəb dilində yazdığı “Müqəddimətül-ədəb” əsəridir. Əsərin müqəddiməsindən aydın olur ki, Tiflisi bu əsəri üzərində işlərkən ərəb ədəbiyyatı klassiklərinə də müraciət etmişdir. Bunu nəzərə alan Katib Çələbi “Qanunül-ədəb”i bu sahədə bənzəri olmayan bir əsər kimi dəyərləndirmişdir (140, 1379).

“Qanunül-ədəb”in çoxlu sayda əlyazmaları istər onun məşhurluğunu, istərsə də kitaba olan böyük tələbatı sübut edir (116,42). Əsərin ən qədim nüsxəsi müəllifin sağlığında, yəni 548/1543-cü ildə köçürülmüşdür. Qeyd edək ki, Əli Nəqi Münzəvinin fikrincə Tiflisinin bu əsərinin əsl adı “Qanunül-ədəb” yox, “Qanuni-ədəb”dir. Belə olduqda əsərin adı fars dilinin qrammatik qaydalarına uyğun gəlir (139,68). Türkiyədə Süleymaniyyə kitabxanasında (Mehmet Hafid Efendi, nr. 434) saxlanılan “Qanunül-ədəb”in ən qədim nüsxəsinin tarixi ilə əsərin yazılma tarixi eynidir. Bu faktı nəzərə aldıqda həmin nüsxənin Tiflisinin özü tərəfindən hazırlanması ehtimalı çox güclüdür. Tiflisinin bu əsərini Sədəddin Müstəqimzadə 1182/1769-cü ildə türkcəyə çevirərək tərcüməsini “Əl-luğat sələsat” adlandırmışdır (139,75). Yuxarıda qeyd etdiyimiz kimi, orta çağlarda bir çox tərcümə əsərlərinin adları orijinal­larının adlarından fərqli şəkildə olmuşdur.

Tiflisinin “Qəvafi” və ya “Tərcümanül-qəvafi” əsəri isə adından göründüyü kimi, ədəbiyyatla bağlıdır. Tiflisi bu əsərini II Qılıc Arslanın istəyi ilə qələmə aldığını qeyd edir. Bu mühüm amil Səlcuqlu sultanının şeirə, ədəbiyyata böyük önəm verdiyini açıq-aşkar şəkildə sübut edir.

Tiflisinin dəyərli əsərlərindən biri də müxtəlif peşələrdən bəsh edən “Bəyanüs-sənaət” kitabıdır. Fars dilində olan bu əsərdə kimya elminin ayrı-ayrı sahələrindən, qiymətli daşların hazırlanması, boyanması və cilalanmasından, qılınc və bıçağın itilənmə qaydalarından, yazı üçün mürəkkəb hazırlanmasından və s. kimi çoxçeşidli məsələlərdən bəhs olunur. Əsərin dəyə­rini nəzərə alan İran alimi İrəc Əfşar 1336/1957-ci ildə onu Teh­randa nəşrə hazırlamışdır (133). Rus şərqşünası G.Mixaleviç isə 1976-cı ildə Tiflisinin “Bəyanüs-sənaət” kita­bını çox geniş və dəyərli bir müqəddimə və izahlarla birgə rus dilinə çevirərək Moskvada nəşr etmişdir (116). Qarışıq elmlərə aid olan bu əsərin bir əlyazması AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır (B-796/3830, v. 301-321). Əsər orta yüzilliklərdə Xəlil bin Əbdürrəhman tərəfindən türkcəyə çevrilmişdir (72,270).

Təəssüflə qeyd etmək lazımdır ki, Hübeyş Tiflisinin zəngin elmi irsi indiyədək olduqca az öyrənilmiş və onun yal­nız kiçik bir hissəsi İranda çap olunmuşdur. Azərbaycan tədqiqatçılarından Teyyibə Ələsgərova və Cəmilə Sadıqova Hübeyş Tiflisi yaradıcılığı, daha doğrusu, müəllifin leksikoq­rafiyaya aid “Qəvafi” və ya “Tərcümanül-qəvafi” və “Kami­lüt-təbir” əsərlərinin əlyazmaları haqqında bir neçə məqalə yazmışlar (10;11;12).

Hübeyş Tiflisiyə daha çox şöhrət qazandıran əsərlərin­dən biri yuxuyozmaya həsr etdiyi "Kamilüt-təbir" (“Kamil yuxuyozma”) hesab olunur. Müəllifin digər əsərləri ilə müqayisədə “Kamilüt-təbir”in əlyazmaları sayca daha çoxdur ki, bu da orta yüzilliklərdə yuxuyozmaya böyük maraq və tələ­batdan irəli gəlir. Bu məsələyə diqqət yetirən rus şərqşünası G.Mixaleviç doğru olaraq qeyd edir ki, bütün xalqlarda istər tarixən, istərsə də hazırkı dövrdə  həmişə yuxuyozma kitab­larına böyük tələbat olmuşdur (116,47-48). Qeyd edək ki, orta yüzilliklərdə müsəlman Şərqində yuxuyozma ilə bağlı məsə­lələr nəzəri cəhətdən geniş şəkildə araşdırılmış və bu sahənin həm ulduzlarla, həm də insanın psixoloji-fizioqnomik durumu ilə əlaqəli olması müəyyənləşdirilmişdir. Məhz buna görə də “Kamilüt-təbir” hələ XIX yüzillikdə Tehranda və Bombeydə bir neçə dəfə daşbasma üsulu ilə nəşr edilmişdir.

Hübeyş Tiflisinin “Kamilüt-təbir”əsəri haqqında ilk yığ­cam məlumata Katib Çələbinin "Kəşfüz-zünun" adlı məşhur sorğu kitabında rast gəlirik (140,1379). Katib Çələbi “Kami­lüt-təbir”in Səlcuq hökmdarı II Qılıc Arslan (1155-1192) üçün yazıldığını göstərir.

"Kamilüt-təbir" əsəri XIX yüzillikdən başlayaraq Avropa şərqşünaslarının da diqqətini cəlb etmişdir. Belə ki, ingilis alimi M.Bland 1856-cı ildə yazdığı bir məqaləsində Tiflisinin bu əsəri haqqında yığcam məlumat vermişdir (bax: 116;13-14). Əsərin daşbasma çapları ilə yanaşı, müasir üsulla nəşrləri də vardır ki, onlar sırasında İran alimi Rüknzadə Adəmiyyətin 1348/1969-cu ildə Tehranda hazırladığı nəşri daha mötəbər sayılır (bax:116,17). Kitabın sonuncu nəşri 1388/2009-cu ildə Tehranda hazırlanmışdır.

Hübeyş Tiflisi “Kamilüt-təbir”ə yazdığı yığcam mü­qqəd­­diməsində qeyd edir ki, o, “Sihhətül-əbdan”ı (müəllifin tibbə aid bu kitabı ərəb dilindədir və günümüzə qədər gəlib çatmamışdır) tamamladıqdan sonra fars dilində mükəmməl bir təbir (yuxuyozma) kitabı olmadığını nəzərə alaraq belə bir işə girişmiş və xeyli zəhmətdən sonra bu kitabını ərsəyə gətirmişdir. Müəllif ön sözdə kitabı üçün qaynaq olaraq faydalandığı ərəb dilində olan 20 kitabın adını qeyd edir. Əsərin diqqətlə öyrənilməsi göstərir ki, Tiflisi həmin əsərlər sırasında ən çox aşağıdakı kitablardan bəhrələnmişdir: Danyal: “Kitabül-üsul”, İmam Cəfər Sadiq (ə.): “Kitabüt-təqsim”, İbra­him Kirmani: “Kitabi-düstur”, Cabir Məğribi: “Kitabül-irşad”, İbn Sirin: “Kitabül-cəvame”, İsmayıl bin Əşəs: “Kitabüt-təbir”. Tiflisi bu müəlliflərdən hər birinin öz dövründə yuxu­yozma sahəsinin biliciləri olduğunu da qeyd edir. Müəllif xü­susi olaraq vurğulayır ki, onun bu kitabı fars dilində yuxu­yozmaya dair ən kamil bir əsərdir, məhz buna görə də onu “Kamilüt-təbir” adlandırmışdır. “Kamilüt-təbir” üzərindəki mü­şa­hidələr göstərir ki, Tiflisinin bu əsəri, doğrudan da, ən mü­kəmməl bir yuxuyozma kitabıdır. Burada hətta eyni bir əşya və ya hadisənin iki müxtəlif şəxs tərəfindən yuxuda gö­rül­məsi ilə bağlı verilən yozum biri digərindən fərqlənir. Məsələn, əsərin “Düşlər arasında fərq etməgin bəyan edər” adlı yeddinci fəslində İbn Sirinin yanına gələn biri ona yuxuda əzan (“ban”) verdiyini bildirir. Məşhur yuxuyozan ona deyir ki, “Həccə varursın”. Bir az keçmiş digər bir kişi İbn Sirinin yanına gələrək eyni yuxu gördüyünü deyir. İbn Sirin ona: “Səni bir oğurliklə ittiham edərlər” – cavabını verir. İbn Sirinin şagirdləri İbn Sirinə: “Ya usta, bir saətün içində ban namaza iki dürlü təbir etdün”, - deyə təəccüblərini bildirirlər. İbn Sirin onlara deyir ki, birinci kişinin üzündən xeyirxahlıq yağırdı, ona görə də ona: “Həcc edərsin”, - dedim. İkinci kişidə isə şər siması var idi, o səbəbdən də ona: “Oğurliklə müttəhim olursın”, - dedim (153,8b).

"Kamilüt-təbir" 16 fəsildən ibarətdir. Kitabın ilk fəsil­lərində yuxunun mahiyyəti, dərki, qavranılması və düzgün yozumu ilə bağlı məsələlər açıqlanır. Həcmcə kiçik olan bu fəsillər daha çox elmi-nəzəri səciyyə daşıyır. Müəllif burada yuxunun əlamətlərinə görə onun yozum qaydaları, doğru və yalan yuxunun müəyyənləşdirilməsi və s. məsələlər üzərində dayanır, yuxunun zamanla, ulduzlarla əlaqəsini işıqlandırır. Əsərin əsas hissəsini yuxuda görülən əşyanın ərəb əlifbası ilə baş hərfınə görə tərtib olunmuş sözlük təşkil edir. Kitabın sonuncu – 16-cı fəslini təşkil edən bu yuxuyozma-sözlükdə yuxuda görülmüş əşya və hadisənin ətraflı yozumu öz əksini tapmışdır. Müəllif əsər boyu Şərqin tanınmış yuxu yozanla­rından Danyal, İmam Cəfər Sadiq (ə.), İbrahim Kirmani və daha çox bəsrəli həkim İbn Sirinin fikirlərinə əsaslanır.

Hübeyş Tiflisi yaradıcılığını araşdırmış İran alim­lə­rin­dən Zəbihulla Səfa və İrəc Əfşar müəllifin dilinin sadəliyini xüsusi olaraq qeyd etmişlər. Bu sözləri eynilə “Kamilüt-təbir”ə də aid etmək olar. Əsərin dili üzərindəki müşahidələr göstərir ki, müəllif klassik farsdilli nəsr nümunələrindən fərqli olaraq, əsərini qafiyəli nəsrlə (səclə) yazmamış və o dövr üçün səciyyəvi olan dəbdəbəli, təntənəli üsluba uymamış, fikrini sadə cümlələr şəklində qurmağa üstünlük vermişdir. Bu ba­xımdan əsərdəki kiçik həcmli hekayətlər xüsusilə diqqəti cəlb edir.

“Kamilüt-təbir”in məzmununun diqqətlə öyrənilməsi göstərir ki, Tiflisinin bu əsəri daha çox kompilyativ səciyyə daşıyır. Belə ki, müəllifin özünün də ön sözdə qeyd etdiyi kimi, kitab yuxuyozmaya dair ərəb dilində yazılmış müxtəlif əsərlərdən seçmə bilgilər əsasında hazırlanmışdır və burada mövzu ilə bağlı Tiflisinin öz fikri, öz sözləri, demək olar ki, yox dərəcəsindədir. Bu, xüsusilə, əsərin əsas hissəsini təşkil edən 16-cı fəsildə - yuxuda görülən əşyaların əlifba sırası ilə tərtib edilən və müəyyən mənada ərəbcə-farsca-türkcə sözlük olan sonuncu hissəsində daha qabarıq şəkildə özünü göstərir. Kitabın bu hissəsində Tiflisi ardıcıllıqla Danyal, İbn Sirin, İbrahim Kirmani və İmam Cəfər Sadiqin (ə.) yuxuda görülən əşyalar haqqındakı yozumlarını verir. Məhz buna görədir ki, “Kamilüt-təbir”in İrandakı son iki nəşrində onun müəllifi Hübeyş Tiflisinin adı ilə yanaşı, Danyal, İbn Sirin və İmam Cəfər Sadiqin (ə.) adları da yazılmışdır. “Kamilüt-təbir”in kompilyativ səciyyə daşıması ilə bağlı qeyd edək ki, orta əsrlərə aid tibbə dair bir çox əlyazmalarda da bu xüsusiyyət özünü göstərir. Bu qəbildən olan əlyazmaların bir çoxu məşhur Şərq təbiblərinin əsərlərindən seçmə bilgilər əsasında hazırlanmışdır. Məsələn, Məhəmməd Yusif Şirvaninin “Tibbnamə” əsəri məhz bu şəkildə tərtib edilmişdir (bax: 61).



Download 1,59 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   16




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish