İqtisadi Fikir Tarixinin yaranması
•”İqtisadiyyat” termini ilk dəfə “Oykonomiya” adı altında qədim yunan alimi Ksenofont (b.e.ə. 430-355-ci illər) tərəfindən işlənmiş, sonralar Aristotel tərəfindən geniş yayılmışdır. “İqtisadiyyat” sözü ərəbcə “qəsədə” (“yönəltmək”, “qənaət etmək, “çatmağa çalışmaq”) sözündən əmələ gəlmiş, bu sözdən müxtəlif mənalarda işlənən “qasid”, “məqsəd”, “qəsd” sözləri yaranmışdır. “İqtisad” sözü ərəb dilində “qənaətçilik”, “təsərrüfat” mənasında işlədilir. “Təsərrüfat” sözü ərəbcə “sərf”, “məsrəf”, “təsrif” sözləri ilə eynidir. “İqtisadiyyat” sözü “iqtisad” sözünün cəm halıdır. “İqtisadiyyat” sözü forma baxımından da fərqlənir. Nəzəri və tətbiqi iqtisadiyyat bütün iqtisad elmlərinin deyil, təsərrüfat həyatının ən mühüm proseslərinin dərk olunması və tənzimlənməsi üçün xüsusilə aktual olan istiqamətlərin özünəməxsus sintezidir. Azərbaycanın görkəmli iqtisadçı alimi Q.Əlləzov “İqtisad elminin nəzəri-metodoloji əsaslarının tarixi inkişafı” adlı monoqrafiyasında qeyd edir ki, “İqtisadiyyat” həm də elmdir, təsərrüfat, iqtisadi fəaliyyət, sərvət, onun mənşəyi, bölgüsü və istehlakı, iqtisadi münasibətlər haqqında biliklər sistemidir. Əgər iqtisadi ədəbiyyatda iqtisadiyyat ilk əvvəl “ev təsərrüfatını idarəetmək məharəti” kimi xarakterizə olunmuşsa və ona ev təsərrüfatı qanunları haqqında elm kimi baxılıbsa, sonralar da onu “Xalqlar sərvətinin təbiəti və səbəbi” (A.Smit), “Bölgünü idarə edən qanunlar” (D.Rikardo), “Kapitalizmin inkişaf qanunları” (K.Marks), “İstehsal və mübadilə qanunları” (F.Engels) və “İstehlak qanunları” (S.Sismondi) haqqında elm adlandırmışlar. Onun predmetinə isə bilavasitə (S.Sismondi istisna olmaqla) iqtisadi fəaliyyət prosesində insanlar arasında yaranan münasibətləri daxil etmişlər.
• “İqtisadiyyat” anlayışında səviyyə bölgüsü mövcuddur. Bu bölgüyə aiddir: makroiqtisadiyyat, mikroiqtisadiyyat, mezoiqtisadiyyat və meqoiqtisadiyyat. Makroiqtisadiyyat ölkənin iqtisadiyyatının bütövlükdə götürülməsi deməkdir. İqtisadiyyatın mürəkkəb, ierarxik şəkildə təşkil olunmuş sistemi kimi çıxış etməsidir. Mikroiqtisadiyyat iqtisad elminin bölməsi kimi qəbul edilə bilər, kiçik miqyaslı iqtisadi proseslərin, subyektlərin, hadisələrinin (yəni müəssisə, firma, şirkət, xidmət bölmələri, sahibkarlıq qurumları, fermer təsərrüfatı və s.) öyrənilməsi ilə məşğuldur. Mezoiqtisadiyyat makroiqtisadiyyatda bir-biri ilə üzvü surətdə bağlı olan sahələr kompleksini, birliyini bildirən anlayışdır. Məsələn, aqrar – sənaye kompleksi, hərbi-sənaye kompleksi, infrastruktur və s. Meqoiqtisadiyyat isə əsası beynəlxalq əmək bölgüsü olan dünya iqtisadiyyatını bildirən anlayışdır.
İqtisadiyyat ictimai elm qrupunun tərkib hissəsidir. İqtisadi biliklər sisteminin yaradılması bilavasitə siyasi iqtisadın elm kimi meydana gəlməsi ilə bağlıdır. İqtisadi biliklərin mənbələri quldarlıq cəmiyyəti dövrünə, qədim Misir papirusları üzərində yazılmış mətnlərə, Babilistan padşahı Hammurapinin (b.e.ə. 1792-1750-ci illər) qanunlarının daş üzərində yazıldığı dövrə, qədim hind vedlərinə -dini məcmuələrinə (b.e.ə. II minilliyin sonu – I minilliyin əvvəli) aiddir. Müasir siyasi iqtisadın nəzəri ilkin müddəaları, ilk növbədə Antik dövrün mütəfəkkiri Aristotelin (b.e.ə. 384-322) “Politika” əsəri ilə bağlıdır. O, bir sıra mühüm iqtisadi problemləri, o cümlədən əmtəə, pul, kapitalın ilkin formalarını öz zəmanəsi üçün dərindən təhlil edilmişdir. Aristotel “Nikomaxın etikası” adlı əsərində iki əsas əmtəə münasibətinin, əmək və tələbatın mövcud olmasını göstərərək onların təbiəti barədə diskussiyaların istiqamətlərini bir neçə əsr qabaqcadan müəyyən etmişdir. İlk siyasi iqtisad məktəbi-merkantilizm XV əsrin axırlarından XVIII əsrin ortalarınadək ilkin kapital yığımı dövründə yaranmış və inkişaf etmişdir. Bu istiqamət siyasi iqtisad tarixinin başlanğıcı hesab edilir, çünki o, tədavül sferasındakı iqtisadi hadisələrin zahiri tərəflərini təsvir etməklə kifayətlənirdi. Siyasi iqtisad elminin adı fransız merkantilisti A.Monkretyenin (1575-1621) “Siyasi iqtisad traktatı” əsərindən (1615) götürülmüşdür. XVII əsrin ikinci yarısından XIX əsrin ortalarınadək inkişaf etmiş və ilk növbədə, U.Petti (1623-1687), F.Kene (1694-1774), A.Türqo (1727-1781), A.Smit (1723-1790), D.Rikardo (1772-1823), S. Sismondi (1773-1842) kimi böyük alimlərlə təmsil olunmuş klassik siyasi iqtisadın inkişafına mühüm töhfələr vermişdir. Neoklassik istiqamətin əsaslarının işlənib hazırlanmasına ingilis iqtisadçısı T.R.Maltus (1766-1834), eləcə də iqtisadçıriyaziyyatçılar riyazi tədqiqat metodlarının köməyi ilə iqtisadiyyatın fəaliyyətinin bazar mexanizmini və istehlakın iqtisadi rolunu məxsusi təhlil etməyin əsasını qoymuş alman iqtisadçısı G.H.Qossen (1810-1858) və sosial-iqtisadi hadisələrin təhlilinin riyazi metodlarını tətbiq edən, fransız alimi A.O.Kurno (1801-1877) da mühüm töhfələr vermişlər. Qossen son faydalılıq nəzəriyyəsinin formalaşmasında ilk addımları atmış, daha sonra bu nəzəriyyə onun baniləri olan iqtisadçı-riyaziyyatçıların – ingilis U.S.Cevons (1835-1882), isveçrəli L.Valras (1834-1910), italiyalı V.Pareto (1848-1923), eləcə də Avstriya məktəbini təmsil edən nəzəriyyəçilərin-K.Menger (1840-1921), Y.Bem-Baverk (1864-1914) və F.Vizerin (1851-1926) əsərlərində inkişaf etdirilmişdir. Son hədd faydalılığı konsepsiyasının nəzəriyyəçiləri qiymət əmələgəlməsinın “istehlakçı versiyası”nı yaratmışlar.
Neoklassik iqtiqamətin inkişafı Kembric məktəbinin banisi, ingilis iqtisadçısı A.Marşallın (1842-1924) əsərlərində başa çatmışdır. O, bazar iqtisadiyyatının əsas mexanizmini – “iqtisadi araşdırmaların özəyi olan, onlara vəhdət və ardıcıllıq kəsb etdirən tələb və təklifin nisbətləri”ni əsas götürərək iqtisadi baxışlar sistemini işləyib hazırlamışdır.
A.Smitdən sonra klassik istiqamət D.Rikardo və C.St.Milin (1806-1873), sinfi mövqedən K.Marksın (18181883) və onun davamçıları R.Hilferdinq (1877-1941), K.Kautski (1854-1938), G.Plexanov (1856-1918), R.Lüksemburq (1871-1918), V.Lenin (1870-1924) və bir sıra başqa alim və siyasətçilərin əsərlərində inkişaf etdirilmişdir. XX əsrin axırlarında bu istiqamət, ilk növbədə, xüsusi marksist iqtisadi tədqiqatlarda, radikal siyasi iqtisad nəzəriyyəçilərinin, sosial institusional məktəbin və postkeysçi nümayəndələrin əsərlərində öz əksini tapmışdır. Keynsçilik məktəbinin banisi C.M.Keynsin (1883-1946) nəzəriyyəsi neoklassik və klassik istiqamətlər arasında müəyyən mənada orta mövqe tutur. Keyns öz təhlilində psixoloji metoddan və neoklassik məktəbin limit təhlilindən, eləcə də klassik məktəbin bir sıra nümayəndələrinin fikirlərindən istifadə etmişdir. M.Keynsin başlıca və yeni ideyası odur ki, bazar iqtisadi münasibətlər sistemi özünü tənzimləyən deyil, maksimum məşğulluq və iqtisadi artım imkanını yalnız dövlətin iqtisadiyyata aktiv müdaxiləsi təmin edə bilər. İqtisadi fikir tarixinin predmeti ayrı-ayrı iqtisadçıların, nəzəri məktəblərin, cərəyan və istiqamətlərin iqtisadi ideyalarının, konsepsiyalarının meydana gəlməsi, inkişafı, bir-birini əvəz etməsi proseslərinin tarixi gedişatının öyrənilməsi hesab edilir. İqtisadi fikir tarixi iqtisadi biliklərin özünün tarixi inkişafının mahiyyətini əks etdirir. Bu onun dünya iqtisad elminin təkamülünün ilkin mərhələlərini və qanunauyğunluqlarını müəyyən edir, iqtisadi bilikləri sistemləşdirir. İqtisadi fikir tarixi nəzəriyyənin bütün mövcudluğu ərzində yaranmış iqtisadi ideyaları, konsepsiyaları və nəzəriyyələri öyrənir. Bir çox görkəmli iqtisadçılar və tarixi cərəyanlar özlərindən əvvəlkilərə tənqidi yanaşır və özünəməxsus konsepsiyaları və ideyaları irəli sürürlər. İqtisadi fikir tarixi kursunda xüsusi yeri dünya iqtisad elminin formalaşmasında və inkişafında mühüm rolu olan klassik siyasi iqtisad tutur. Siyasi iqtisadın, ümumiyyətlə iqtisadiyyatın elmi sisteminin yaradılması klassik siyasi iqtisadın nümayəndələrinə məxsusdur. İqtisadi azadlığın prinsipləri və əmək – dəyər nəzəriyyəsi də klassik siyasi iqtisad tərəfindən yaradılmışdır.
İqtisadi fikir tarixi metodoloji cəhətdən iqtisadi təhlillərin proqressiv metodlarının məcmusuna əsaslanır. Bu metodlar aşağıdakılardır. Elmi abstraksiya, yəni müşahidə edilən hadisələrdə mühüm olan tərəflər aşkara çıxarılır və nəzəri ümumiləşdirmələr aparılır. Elmi abstraksiya iqtisadi hadisələrin təfəkkürdə ümumiləşdirilməsi və onların anlayışlar, kateqoriyalar şəklində ifadə olunması metodudur. İqtisadi nəzəriyyədə tətbiq edilən digər metod analiz və sintez metodudur. İqtisadi fikir tarixinin metodu özünə müəyyən prinsiplər və tədqiqatın konkret yollarını daxil edir. Onları şərh edək:
Tarixilik prinsipi – müəyyən tarixi müddətdə konsepsiyalar, iqtisadi düşüncələr geniş miqyasda, ardıcıllıqla əhatə edilir və onların mənbəyi və müəllifləri göstərilir. Bu prinsipdə müəyyən məktəblər, məsələn Avstriya məktəbi, yaxud görkəmli iqtisadçıların adı ilə bağlı marksizm, keynsçilik və s. Tarixi aspektdə verilir.
Məntiqi prinsip elmi nəzəriyyənin daxili logik inkişafını qeydə alır.
Müqayisəetmə prinsipində nəzəriyyələr müqayisə edilir və nəticədə bu və ya digər nəzəryyənin üstünlüyü aydınlaşır.
Eklektikçilik adlanan prinsip geniş yayılmışdır. Bu, müxtəlif nəzəriyyələrin sintezini yaratmaqdır, hazırda bir çox istifadə olunan iqtisadi-riyazi modelləşmə metodu ilə işlərin təhlil edilməsidir. İqtisadi fikir tarixinin başlıca mərhələləri Azərbaycanın əvəzolunmaz iqtisadçı alimi M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə çap olunmuş “İqtisadi təlimlər tarixi” dərsliyində aşağıdakı kimi verilmişdir:
1)Qədim dövrün iqtisadi təlimi;
2)Orta dövrdə Şərqdə və Orta Avropada iqtisadi təlimlər;
3) Bazar sisteminin qərarlaşması dövründə iqtisadi təlim;
4)Müxtəlif iqtisadi inkişaf modelləri şəraitində iqtisadi təlim;
5)Müasir və ya yüksək sənayeləşmiş dövrün iqtisadi təlimi.
Bəzi xarici ədəbiyyatda iqtisadi fikrin inkişafının üç mərhələ üzrə öyrənilməsi də tövsiyə edilir:
1)Bazar iqtisadiyyatı mərhələsinə qədərki iqtisadi təlimlər
(Qədim və Orta əsrlər);
Tənzimlənməyən bazar iqtisadiyyatı mərhələsindəki iqtisadi təlimlər (mikroiqtisadiyyat – A.Smit və D.Rikardo); 3) Tənzimlənən (sosial yönümlü) bazar iqtisadiyyatı mərhələsinin iqtisadi təlimi (makroiqtisadiyyat – C.M.Keyns). Merkantilizm cərəyanı XV-XVIII əsrlərdə Qərbi Avropa ölkələrində iqtisadi siyasətin və iqtisadi fikrin əsas cərəyanı olmuşdur. Merkantilizm sözü italyan sözü olub tacir, ticarət deməkdir. Merkantilizm cərəyanının mahiyyəti əsasən əmtəə və pul tədavül dairəsini, sərvətin pul formasını və onun artırılması yollarını təhlil və tədqiq etməkdən ibarətdir. NümaYəndələri: Antuan Monkretyen (1575-1621), Tomas Man (1571-1641), Vilyam Staffor (1554-1612), Qaspar Skaruffi (1519-1584) və s.
Merkantilist cərəyanı iki istiqamətdə formalaşmışdı:
Erkən merkantilizm (XV-XVI əsr); 2) İnkişaf etmiş merkantilizm (XVII-XVIII əsr). Erkən merkantilizmin əsasında ixrac olunan əmtəələrə maksimum yüksək qiymət qoymaq, əmtəələrin idxalını məhdudlaşdırmaq, qızıl və gümüşün ölkədən çıxarılmasına yol verməmək, pul balansı sistemi, pul sərvətinin yalnız qanunvericilik yolu ilə artırılması dayanırdı. İnkişaf etmiş merkantilizmin əsasında isə aktiv ticarət balansı, nisbətən aşağı qiymətlə xarici bazarı cəlb etmək, ölkədə aktiv ticarət balansını saxlamaqla əmtəələrin (zinət əşyalarından başqa) ixracına imkan verməmək, ixracın nisbətən üstünlüyü vasitəsilə ölkəyə pul toplamaq və pulun miqdar nəzəriyyəsi dayanırdı.
Antuan Monkretyen 1615-ci ildə Fransa kralı XIII Lüdoviqə həsr etdiyi “Siyasi iqtisad” traktatı adı ilə məşhurdur. Bu əsərdə ilk dəfə olaraq siyasi iqtisad terminindən istifadə edilmişdir. Fiziokratlar cərəyanı – XVIII əsrdə Fransada meydana gəlmişdi. Fiziokrat sözü iki yunan sözündən “fizis” və “kratos” sözlərinin birləşməsindən ibarət olub “Təbiətin hakimiyyəti” deməkdir.
Fiziokratlar cərəyanının mahiyyəti, merkantilistlərdən fərqli olaraq sərvətin mənbəyini ticarətə deyil, əkinçilikdə görməsi, xalis məhsul haqqında təlimin yaranması, təkrar istehsal prosesinin, məhsuldar və qeyri-məhsuldar əməyin və ictimai kapitalın dövranının təhlilinin verilməsi idi. Fiziokratlar cərəyanının nümayəndələri bunlardır: Fransua Kene (16941774), Viktor Mirabo (1715-1789), Dyupen de Nemu (17391817), Jak Türqo (1727-1781) və s.
İlk dəfə olaraq 1758 –ci ildə Fransua Kene “İqtisad cədvəl” tərtib etmişdi. Bu cədvəl natural və dəyər elementləri arasında müəyyən balans nisbətlərinin müəyyənləşdirmək məqsədilə yaradılmışdı. Klassik məktəb XVII-XVIII əsrlərdə Avropada, xüsusilə İngiltərədə formalaşmışdı. Klassik məktəbin nümayəndələri bunlardır: Uilyam Petti (1623-1687), Adam Smit (17231790), David Rikardo (1772-1823) və s.
U.Petti “Vergilər və rüsumlar haqqında traktat” (1662), “Pul haqqında düşüncələr” (1682) əsərlərinin müəllifidir. O, əmək-dəyər nəzəriyyəsinin əsasını qoymuşdur.
Adam Smit 1776-ci ildə “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat” yazmışdır. A.Smit təliminin əsas ideyası liberalizm, dövlətin iqtisadiyyata minimum müdaxiləsi, tələb və təklifdən asılı olaraq yaranan azad qiymətlər əsasında bazar özünütənzimlənməsi idi. Bu iqtisadi tənzimləyiciləri o, “görünməz əl” adlandırılmışdı. Onun tədqiqatı nəticəsində siyasi iqtisad elmə, iqtisadi biliklər sisteminə çevrilmişdir.
David Rikardo 1817-ci ildə “Siyasi iqtisadın və vergiqoymanın əsasları” traktatını yazmışdır. O, iqtisad elminin pul tədavülünü, kredit, vergi, beynəlxalq əmək bölgüsü, dünya ticarəti kimi konkret sahələri üzrə qiymətli nəzəri və əməli əhəmiyyətli fikirlər söyləmişdi.
Klassik siyasi iqtisadın ən böyük çatışmazlığı təsərrüfat həyatında dövlətin rolunun nəzərə almamaları idi. Utopik sosialistlər XVIII-XIX əsrlərdə Avropada formalaşmışdı. Utopik sosialistlər cərəyanının nümayəndələri bunlardır: Anri Klod, Sen-Simon, Şarl Fürye, Tomazo Kampanello və başqaları.
Utopik sosialistlər məktəbi əsasən kapitalizmi tənqid edərək, istehsalın, bölgü və istehlakın dəyişdirilməsi, şəxsi mülkiyyətin qaldırılması, ədalətli ictimai sistemin qurulması tələbi ilə çıxış edirdilər. Marksizm cərəyanı XIX əsrdə formalaşmışdı. Marksizm məktəbinin nümayəndələri bunlardır: Karl Marks (18181883), Fridrix Engels (1820-1895). Mərkəzdən idarə olunan dövlət tipli iqtisadiyyata söykənərək istehsal vasitələri üzərində xüsusi mülkiyyətin olmadığı cəmiyyət qurmaq cəhdi bu məktəbin adı ilə bağlıdır. Marks və Engels kapitalizmin kommunizm ilə əvəz olunması nəzəriyyəsini əsaslandırmağa çalışmışdılar.
K.Marks iqtisadi təhlilinin əsasında əməyin ikili xarakteri və izafi dəyər nəzəriyyəsi dururdu. K.Marksın əsas əsərləri aşağıdakılardır: “Fəlsəfənin yoxsulluğu” (1846), “Muzdlu əmək və kapital” (1849), “Siyasi iqtisadın tənqidinə dair” (1859), “Kapital” I cild (1867); II cild (1885); III cild (1894). Marjinalizm cərəyanı XIX əsrin ikinci yarısında yaranmışdı. Marjinal sözü ingilis sözü olub son hədd deməkdir. Marjinalizm cərəyanının nümayəndələri bunlardır: Karl Menger (1840-1921), Fridrix Fon Vizer (1851-1914), Yevgeni Bem-Baverk (1864-1914), Uilyam Stenli Cevons (1835-1910). Marjinalizm əsasında istehlaka üstünlük verən, iqtisadi hadisə və proseslərin izahında son həddə, son kəmiyyətə əsaslanan nəzəriyyə durur. Marjinalizmin əsas prinsipi faydalılığın azalmasıdır.
Marjinalizmin əsas kateqoriyaları: son hədd məhsuldarlığı, son hədd faydalılığı, son hədd xərcləri və s. Marjinalizmin kəmiyyət təhlilində iqtisadi – riyazi metod və modellərindən istifadə edilir.
Do'stlaringiz bilan baham: |