FƏSİL 12. ALMAN TARİXİ MƏKTƏBLƏRİ
§ 1. ALMANİYADA SİYASİ İQTİSADIN MEYDANA GƏLMƏSİ. F.LİST, ONUN İQTİSADİ BAXIŞLARI. MƏHSULDAR
QÜVVƏLƏR NƏZƏRİYYƏSİ
Qərbi Avropanın başqa ölkələrindən fərqli olaraq, Almaniyanın özünün klassik siyasi iqtisadı olmamışdır, bu da hər şeydən əvvəl, onunla izah olunur ki, burjua siyasi iqtisadının meydana gəlməsi üçün kapitalist istehsalının müəyyən yetkinliyinin olmamasıdır. Bununla belə, Almaniya bütün Qərbi Avropa ölkələrindən sonra kapitalist inkişafı yoluna qədəm qoymuşdur. Hətta XIX əsrin birinci yarısında Almaniya hələ də siyasi cəhətdən parçalanmış, iqtisadi cəhətdən geridə qalmış aqrar ölkə olaraq qalırdı. Ölkənin iqtisadi həyatı daxili gömrük maneələrinin bolluğu şəraitində keçir, vahid ticarət qanunvericiliyinin, vahid pul sisteminin, həmçinin vahid ölçü və çəki sisteminin olmaması ilə xarakterizə olunurdu. Almaniyanın iqtisadi birləşməsinin başlanğıcını qoymuş gömrük ittifaqı yalnız 1843-cü ildə yaranmışdır. Almaniyada sənaye çevrilişi, əgər XIX əsrin 40-cı illərində,baş vermişdirsə, lakin İngiltərə artıq güclü sənaye dövləti, kimi o dövr üçün "dünyanın emalatxanası" adlandırılırdı.
O dövrdə Almaniyada xarici ticarətin tam azadlığı hökm sürürdü və bu, gənc milli iqtisadiyyat üçün son dərəcə təhlükəli idi, belə ki, Almaniyanın texniki cəhətdən geridə qalan sənayesi ucuz və keyfiyyətli ingilis manufakturası və başqa fabrik malları ilə rəqabətə davam gətirə bilmirdi. Bu şəraitdə Almaniya sənayesinin İngiltərə və Fransa tərəfindən tamamilə məhv edilməsi təhlükəsi reallaşırdı.
Alman iqtisadi fikri qarşısında ölkənin yaranmış vəziyyətdən çıxış problemi qoyulurdu. Ölkənin iqtisadi geriliyinin aradan qaldırılması, onun siyasi birləşməsi məsələsinin həlli hər şeydən əvvəl, gənc kapitalist sənayesinə himayədarlıq edən və onun üçün möhkəm gömrük müdafiəsini yaradan, ölkəni birləşdirə bilən milli ideologiya hazırlaya biləcək güclü dövlət hakimiyyətinin yaranmasını tələb edirdi. Bu ideologiya alman millətçiliyi oldu.
Bu ideyalar F.Listin təlimində tam və parlaq ifadəsini taparaq inkişaf etdirildi.
Fridrix List (1789-1846-cı illər) XIX əsrin birinci yarısında alman burjuaziyasının görkəmli ideoloqu idi. XIX əsrin 40-cı illərində Almaniyada yaranmış alman siyasi iqtisad tarixi məktəbinin əsasında məhz onun baxışları dururdu. List kiçik Reytlingen şəhərində, varlı dabbaq ailəsində anadan olmuşdur. O, gənc yaşlarında Vürtemberq krallığının mərkəzi hökumətində işləməyə başlayır. 1817-ci ildə List Tübingen Universitetinin professoru olur. 1819-cu ildə Listin təşəbbüsü ilə Frankfurtda daxili gömrükxanaların ləğv edilməsini və vahid ümumalman proteksiya sisteminin qurulmasını qarşısına başlıca məqsəd qoyan "Alman sənayeçilərinin və kommersantlarının baş assosiasiyası"nın əsası qoyulur. Almaniyada feodal qaydalarının və feodal bürokratiyasının tənqidi üçün hökumət tərəfindən həbs olunmaq təhlükəsi ilə izlənilən List ABŞ-a mühacirət edir. Orada o, varlanıb 1832-ci ildə Amerika konsulu kimi Almaniyaya qayıtmışdı. O vaxtdan da List amerikan iqtisadçısı Hamilton tərəfindən irəli sürülmüş, dövlətin fəal surətdə iqtisadiyyata müdaxiləsini nəzərdə tutan və umummilli bazarın yaradılmasını, milli istehsalın ingilis səviyyəsi rəqabət qabiliyyətinə çatmasına qədər müdafiəsini qarşısına məqsəd qoyan proteksionizm ideyalarını inkişaf etdirmişdir.
1841-ci ildə Listin baş əsəri olan "Siyasi iqtisadın milli sistemi" buraxılır. Bu əsərin mərkəzi ideyası ondan ibarətdir ki, ayrı-ayrı ölkələrin iqtisadiyyatı öz xüsusi qanunları ilə inkişaf etdiyinə görə bütün ölkələr üçün vahid siyasi iqtisad ola bilməz. Hər bir ölkənin öz milli siyasi iqtisad sistemi olmalıdır. Sonuncunun məqsədi, Listin rəyincə millətin müasir şəraitdə bütün dünyada və xüsusi milli münasibətlərin mövcudluğu zamanı özünün iqtisadi vəziyyətini saxlamaq və yaxşılaşdırmaqdan ibarətdir. List dəfələrlə qeyd etmişdir ki, siyasi (milli) iqtisadın vəzifəsi hər şeydən əvvəl, millətin iqtisadi tərbiyəsindən ibarətdir. List "siyasi iqtisad" terminini əvəz edərək, "milli iqtisad" terminini tətbiq edir. "Milli iqtisad" dedikdə o, inkişaf edən alman burjuaziyası üçün iqtisadi siyasət üzrə tövsiyələr sistemini başa düşür.
Ümumiyyətlə, List ayrı-ayrı ölkələrin iqtisadi inkişafında olan və müxtəlif formasiyaların iqtisadi qanunlarının məzmununu təşkil edən ümumini, tipik və təkrar olanı rədd edərək, milli xüsusiyyətləri ön plana çəkirdi.
Milli sistemdə List məhsuldar qüvvələr nəzəriyyəsinə, həmçinin onunla əlaqədar əmək bölgüsü və millətlərin təsərrüfat inkişafı mərhələləri haqqında təlimə mühüm yer ayırırdı. List hesab edirdi ki, Almaniya üçün proteksionist siyasət əsasında sənayenin sürətli inkişafı daha mühümdür.
List belə hesab edirdi ki, millətin rifahı var-dövlətin kəmiyyəti ilə deyil, bu sərvəti yaradan məhsuldar qüvvələrin inkişaf dərəcəsi ilə şərtləndirilir. Məhsuldar qüvvələrin tərkib hissəsini o, "əqli kapital"da, yəni onun sərvətin başlıca mənbəyi hesab etdiyi elmdə, incəsənətdə olan nailiyyətlərdə, kəşflərdə, ixtiralarda və s. görürdü.
List başlıca və müəyyənedici məhsuldar qüvvələr dedikdə, fabrik-zavod sənayesini nəzərdə tutmuşdur. List belə hesab edirdi ki, məhz o, nəinki bütün başqa məhsuldar qüvvələri (əkinçilik, nəqliyyat, ticarət və s.) doğurur, həm də ölkənin mənəvi və mədəni tərəqqisinin, həmçinin onun siyasi müstəqilliyinin sadiq rəhnidir.
Millətin iqtisadi inkişaf mərhələləri haqqında təlim də Listə məxsusdur. "Millətin milli-iqtisadi irəliləyiş hərəkatında o, beş əsas mərhələni: 1) vəhşilik halı, 2) çobanlıq, 3) əkinçilik, 4) əkinçilik-manufaktura, 5) əkinçilik-manufaktura-ticarət mərhələlərini ayırmışdır.
Millətlərin təsərrüfat inkişafı mərhələləri haqqında olan təlimdən List öz iqtisadi siyasət konsepsiyasını yaradırdı. List təsərrüfatçılığın idealı kimi beşinci mərhələ üçün xarakterik olan sahələrin birliyini hesab edirdi. Bu inkişaf səviyyəsinə o zaman yalnız İngiltərə çatmışdı. Gənc ölkələrə - Almaniya və ABŞ kimi hələ III və IY mərhələlər arasında olan və təzəcə irəliyə - sənaye inkişafına tərəf hərəkət edən ölkələrə - gəldikdə isə, dövlətin dəstəyi onun daha qüdpətli və yetkin sənaye dövlətlərinin rəqabətindən milli iqtisadiyyat daxilində gömrük rüsumlarının köməyilə müdafiə köməyi olmadan bu ideala çatmaq mümkün deyil.
List hesab edirdi ki, geridə qalan ölkələri onları qabaqlayan millətlərin səviyyəsinə qaldırmaq üçün yeganə vasitə proteksionist (himayəçilik) siyasətidir. O, proteksionizm sistemini "millətlərin sənaye tərbiyəsi" vasitəsi adlandırırdı. Öz inkişaflarının ilk mərhələlərini yaşayan və sənayenin inkişafı üçün maddi şəraiti olmayan sırf aqrar ölkələrdə isə List proteksionizmi məqsədəuyğun hesab etmirdi.
Listə görə, Almaniya öz məhsuldar qüvvələrini və sənaye gücünü inkişaf etdirməklə birinci dərəcəli sənaye ölkəsi olub İngiltərəni ötər, Asiyada və Afrikada onun müstəmləkələri ola bilər. Gələcəkdə bu ideyalar geosiyasəti əsaslandırmaq üçün nasistlər tərəfindən istifadə olunmuşdu.
Listin ideyaları müasir dövrdə də öz əhəmiyyətini saxlayaraq iqtisadi geriliyini aradan qaldırmağa, siyasi birliyini möhkəmlətməyə can atan, inkişaf etməkdə olan ölkələr üçün xüsusilə aktualdır.
§ 2. K.RODBERTUSUN İQTİSADİ KONSEPSİYASI
Karl Rodbertus - Yagetsov (1805-1875-ci illər) alman iqtisadçısı, hüquqşünas, dövlət sosializmi nəzəriyyəsinin banilərindən biridir.
1848-ci il İnqilabı dövründə Frankfurt parlamentinin üzvü, mədəniyyət və maarif naziri.
Rodbertusun iqtisadi konsepsiyası D.Rikardonun və utopik sosializmin güclü təsiri ilə formalaşırdı, kapitalizmin dərin tənqidindən ibarət idi və eyni zamanda Rodbertus bu konsepsiyada islahatlar yolu ilə sosial problemlərin həlli üçün çıxış edirdi.
Rodbertus D.Rikardonun əmək dəyəri nəzəriyyəsinin tərəfdarı olmasına baxmayaraq, əmtəənin dəyərini bilavasitə fəhlə pulu adlandırılan pulların buraxılması yolu ilə iş vaxtında qanuni olaraq ifadə etməyi təklif edirdi. Beləliklə, onun hesab etdiyi kimi, dövlətin köməyi ilə qiymətin və dəyərin bərabərləşməsinə nail olmaq olardı.
Rodbertus iqtisadi konsepsiyasında mənfəətin nəzəriyyəsi və normalarına, torpaq rentası və fəhlə sinfinin vəziyyəti məsələlərinə toxunurdu.
D.Rikardonun əmək dəyəri nəzəriyyəsindən yalnız əməyin dəyəri doğurduğu haqqında postulatı çıxararaq o, belə nəticəyə gəlir ki, torpağa və kapitala olan mülkiyyət torpaq mülkiyyətçilərinin və kapitalistlərin əməyi ilə yaranmır. Mülkiyyətin bu növlərini Rodbertus "gəlir gətirən, sahiblərinə renta verən, lakin onların öz şəxsi əməyi sərf olunmayan mülkiyyət" kimi müəyyən etmişdir.
Rodbertus "ümumiyyətlə renta" kateqoriyasını tətbiq edir. O, hesab edirdi ki, torpaq rentasının və kapitalist mənfəətinin hökmran xarakteristikası odur ki, hər iki forma zəhmətsiz gəliri təşkil edir. Torpaq rentasının yaranma mənbəyini Rodbertus torpağa olan xüsusi mülkiyyət hesab edirdi. Bundan başqa, o tamamilə düzgün olaraq torpaq rentasının torpağa mülkiyyət obyekti kimi inhisarla əlaqəsini üzə çıxarmışdır.
Rodbertusun "dövlət sosializmi" nəzəriyyəsi xüsusi maraq doğurur.
Rodbertusa görə, insan cəmiyyəti öz təkamülündə üç aşağıdakı mərhələdən keçir: 1) antiklik 2) feodalizm və kapitalizm 3) kommunizm. Bu mərhələlər kapitalizmin inkişaf səviyyəsi və istehsal vasitələrinə mülkiyyətin xarakteri ilə müəyyən edilir. Antikliyin əsasını o dövrün əsas məhsuldar qüvvəsi olan insan-qula olan mülkiyyət təşkil edirdi, feodalizm və kapitalizm dövrləri torpağa və kapitala, kommunizm dövrü isə əməyə və əmək haqqına olan mülkiyyətlə xarakterizə olunur.
Rodbertusun rəyincə, kommunizmin rüşeymləri bəşəriyyətin inkişafının kommunizmə qədərki inkişaf dövrlərində yaranır. Dövlətin isə rolu ondan ibarət olur ki, o son dövrə - kommunizmə təkamül keçidi üçün ideal təşkilatdır.
Rodbertus hesab edirdi ki, ölkənin sosial və iqtisadi problemlərini yalnız dövlət həll edə bilər və həll etməlidir.
Rodbertusun iqtisadi konsepsiyası iqtisad elminin inkişafında mühüm rol oynadı, sonralar isə Almaniyanın yeni tarix məktəbinin nümayəndələri tərəfindən əsas konsepsiya kimi qəbul edildi.
§3. ALMANİYADA TARİX MƏKTƏBİNİN YARANMASI
VƏ İNKİŞAFI
Almaniyada tarix məktəbi XIX əsrin 40-cı illərində meydana gələrək, XIX əsrin ortalarında yarandı. Bu məktəb F.Listin iqtisadi təhlilini, həmçinin Almaniyada XIX əsrin əvvəllərində yaranmış hüquq tarix məktəbinin ideya motivlərini qəbul edib inkişaf etdirdi.
Almaniyada iqtisadi fikir tarixini dövrlərə bölərkən 2 tarixi məktəbi ayırırlar: XIX əsrin ortalarında klassik siyasi iqtisada və utopik sosializmə qarşı çıxış edən köhnə tarix məktəbi və XIX əsrin 70-90-cı illərində yaranmış, elmi sosializm nəzəriyyəsinin ziddinə olan gənc tarix məktəbi.
Köhnə tarix məktəbinin baniləri Vilhelm Roşer (1817-1894-cü illər), Bruno Hildebrandt (1812-1898-ci illər) və Karl Knisdir (1821-1898-ci illər).
Hettingen və Leypsiq universitetlərinin professoru V.Roşer iqtisad elminin klassik burjua siyasi iqtisadına qarşı yönəldilmiş tarixi və ya tarixi-fizioloji metodunu işləmişdir. O, siyasi iqtisadı digər ictimai elmlərlə sıx əlaqədə faktları toplamaq, müşahidə olunan təsərrüfat təzahürlərini təsvir etmək və bunları nəzəri ümumiləşdirmələr əsasında deyil, tarixi analogiyaların axtarışı yolu ilə izah etməyə qadir olan milli elm kimi bəyan edirdi.
Roşer 1843-cü ildə buraxılmış "Tarixi metod" nöqteyi-nəzərindən siyasi iqtisad kursunun qısa əsasları" əsərində ilk dəfə tarixi metodun ümumi cizgilərini vermişdir. Roşerin "Xalq təsərrüfatının əsasları" (1854-1894) kitabı da maraq doğurur. Burada o, tarixi metoda müvafiq olaraq, hər bir millətin inkişafını aşağıdakı amillərin: təbiətin, əməyin və kapitalın, dəyişən hökmranlığı ilə əlaqələndirərək, J.B.Seyin üç istehsal amili nəzəriyyəsini şərh edir.
Listin ardınca Roşer müxtəlif xalqların tarixində iqtisadi təzahürlərin təkrarlanmasını və deməli, iqtisadi inkişafın ümumi qanunlarının mümkünlüyünü rədd edirdi. Roşer xalqların təbii fərqlərini, həmçinin onun rəyincə müxtəlif millətlərdə ümumi təsərrüfat tipinin mümkünlüyünü istisna edən qabiliyyətlərinin və inkişaf dərəcələrinin fərqlərini ön plana çəkirdi. Roşer belə hesab edirdi ki, "donun eyni ölçü üzrə tikilmədiyi kimi, bütün xalqlar üçün də eyni iqtisadi ideal ola bilməz".
Roşer cəmiyyətin inkişafının inqilabi yolunu rədd edərək, inkişafın yalnız təkamül formasını qəbul edirdi. İnqilabi çevrilişləri qeyri-qanuni hesab edir, xalqları öz həyat formalarını dəyişdirərkən hər şeyi dəyişdirən zamanı rəhbər tutmağa çağırırdı ki, çox yavaş və tədricən həyata keçirilən dəyişikliklər hiss olunmasın.
Roşer inanırdı ki, hər bir inqilab, onun etdiyi dəyişikliklərə nə qədər ehtiyac olsa belə, böyük bədbəxtlik və xalq həyatını ölüm xəstəliyi olaraq qalır.
Bruno Hildebrandt-alman iqtisadçısı və statistiki, Almaniyanın və İsveçrənin bir sıra universitetlərində siyasi iqtisad professoru. Əsas əsəri iqtisadi təzahürlərin tarixi tədqiqat metodunu irəli sürdüyü "İndinin və gələcəyin siyasi iqtisadı" əsəridir ki, bu kitab 1848-ci ildə nəşr olunub.
1864-cü ildə Hildebrandtın "Natural təsərrüfat, pul təsərrüfatı və kredit təsərrufatı" əsəri işıq üzü görür, burada o, millətin tarixinin aşağıdakı dövrlərə ayrılmasını göstərir: 1) orta əsrlərin təbii təsərrüfatı (natural təsərrüfat nəzərdə tutulur) 2) pul təsərrüfatı 3) kredit təsərrüfatını o, təsərrüfatın ali tipi hesab edirdi, belə ki, kredit kapitalı olmayan işgüzar adamlara sahibkar olmağa imkan verir. Hildebrandt krediti pulların və kapitalın hökmranlığına son qoymağa və müasir kapitalist dünyasını ədalət əsasında dəyişdirməyə qabil olan qüvvə hesab edirdi. Onun fikrincə, kredit təsərrüfatı pul təsərrüfatının antiporu deyil, yalnız gələcək inkişafıdır. Ona görə Hildebrandtın krediti pulların və kapitalın hökmranlığına son qoymağa, onun müasiri olan kapitalist dünyasını ədalət əsasında dəyişəcəyinə qadir olan hər hansı yaradıcı qüvvə kimi təqdim etməsi əsassızdır.
1853-cü ildə Marburq, Freyburq və Heydelburq universitetlərinin professoru, tarix məktəbinin üçüncü nümayəndəsi K.Knisin "Tarixi metod nöqteyi-nəzərdən siyasi iqtisad" kitabı çap olundu ki, burada tarix məktəbinin metodoloji yanaşmalarının sistemli ifadəsi verilmişdi. Onun digər mühüm əsəri iki cildlik "Pul və kredit" (1885-86-cı illər) əsəridir.
Knis də tarix məktəbinin digər nümayəndələri kimi siyasi iqtisad klassik məktəbinin antitarixliyini tənqid edirdi. Cəmiyyətin iqtisadi inkişafının obyektiv qanunauyğunluğu ideyası Knis tərəfindən xüsusi tənqid olunur. O, təbii qanunların cərəyan etdiyi təbiəti hər hansı qanunların təsirindən azad olan cəmiyyətə qarşı kəskin surətdə qoyurdu.
Knis tarix məktəbinin digər nümayəndələri kimi müxtəlif xalqların tarixində iqtisadi təzahürlərin təkrarlanmasını, bununla da iqtisadi inkişafın ümumi qanunlarının mümkünlüyünü rədd edirdi.
Tarix məktəbi Listin siyasi iqtisada olan baxışını tarixi inkişafda təbiətin müstəsna xüsusiyyətləri, xalqın və onun idarələrinin xarakteri ilə müəyyən edilən milli təsərrüfatı öyrənməyə qadir olan milli elm kimi əks etdirirdi.
Almaniyanın yeni tarix məktəbinin nümayəndələri Q.Şmoller (1838-1917-ci illər), L.Brentano (1844-1931-ci illər) və K.Büxerdir (1847-1930-cu illər).
Yeni tarix məktəbinin rəhbəri Q.Şmoller alman iqtisadçısı və tarixçisi, Almaniyanın dövlət və ictimai xadimi, Qall, Strasburq və Berlin Universitetlərinin professoru olmuşdur.
Şmollerin başlıca əsəri "Xalq təsərrüfatı haqqında ümumi təlimin əsasları" (1900-1904-cü illər) rus dilində tərcüməsi "Xalq təsərrüfatı, xalq təsərrüfatı haqqında elm və onun metodları: təsərrüfat, qayda-qanun və hüquq, əmək bölgüsü"
Şmoller tarix məktəbinin ideyalarına əsaslanaraq iqtisadi təzahürlərə təsviri, empirik yanaşmaya və faktiki materialın toplanmasına üstünlük verərək elmi abstraksiyaların rolunu inkar edirdi.
Şmollerin rəyincə iqtisadçılar kifayət qədər faktiki material toplaya bilmədikləri üçün yalnız bir neçə yarım həqiqət və mübahisəli ümumiləşdirmə irəli sürə bilmişlər. Onlar həmçinin israr edirdilər ki, müasir iqtisad elmi iqtisadi təzahürlərin "Empiriya", "İncə təcrübi öyrənmə" mərhələsindədir. Yalnız çox illər keçdikdən sonra, material yığdıqca təcrübi məlumatların izahının ali səmərəli dövrü gələ bilər.
Şmoller hesab edirdi ki, iqtisadi nəzəriyyənin yaranmasından əvvəl konkret-tarixi tədqiqat aparılmalıdır, beləki, yalnız dərindən, genetik yanaşma sosial təzahürlərin səbəb bağlılıqlarını müəyyən etməyə imkan verir. Şmoller israr edirdi ki, iqtisad elmində tədqiqat obyekti təsərrüfat subyektlərinin niyyətləri, texnikanın inkişaf səviyyəsi, yanaşı fəaliyyət göstərən sosial institutların xarakteri, təbiət və başqa şərtlərdir, belə ki, iqtisadi subyektlərin hərəkəti müxtəlif amillərin qarşılıqlı təsirinin nəticəsidir. Şmollerin fikrincə, siyasi iqtisada psixologiya, sosiologiya, coğrafiya və s. daxildir, onun normativ xarakteri vardır və etik qiymətlər, praktiki tövsiyələrin mümkünlüyünü açır. O, israr edirdi ki, təsərrüfat həyatı yalnız təbiət və texniki tövsiyələrlə deyil, həmçinin mənəvi amillərlə müəyyən edilir: sərt qayda-qanunsuz nə bazar, nə pul mübadiləsi, nə əmək bölgüsü, nə də dövlət vardır.
Şmoller milli iqtisadda etik prinsipdən irəli gələrək, sosial və sinfi fərqlərin mövcudluğuna bəraət verirdi. O, yazırdı ki, "Biz onları ədalətli hesab edirik, beləki onlar siniflərin keyfiyyətini bərabərliyi və fərqi cəhətdən bizim müşahidələrimizə uyğundur". Şmoller israr edirdi ki, əmlak bərabərsizliyi də çox zəruridir, belə ki, "müvəqqəti səhvlər istisna olmaqla, xalqın hissiyyatı həmişə əməlləri başqaları arasında müəyyən qədər seçilənlərə şərəf, sərvət və vəzifə verir".
Şmoller milli iqtisadiyyatı dəstəkləmək və sinfi ziddiyyətləri yumşaltmaq məqsədilə dövlətin təsərrüfat həyatına fəal müdaxiləsi uğrunda çıxış edirdi.
Siyasi iqtisadın nəzəri problemlərindən imtina edilməsi nəinki Şmollerə, bütün yeni tarix məktəbinə xas idi.
L.Brentano - Breslav, Strasburq, Vyana, Leypsiq və Münxen Universitetlərinin professoru, iqtisadi və sosial siyasət, iqtisadiyyat, tarix, fəhlə hərəkatı məsələləri üzrə çoxsaylı əsərlərin müəllifi. Öz iqtisadi baxışlarında həmçinin iqtisad nəzəriyyəsindən imtina edilməsini təbliğ edirdi. Vyana universitetində mühazirələrlə çıxış edərək (1888-ci il), Brentano ümumi və ya nəzəri iqtisada "iqtisadi hadisələrin bilavasitə müşahidə" vəzifəsini qarşı qoyaraq onun "ikinci dərəcəli əhəmiyyətindən" danışırdı, çünki "siyasi iqtisad bir zaman təbiyyət elmlərinin təbiətdə müşahidə olunan fakt və proseslərin təsvirinə keçməsinin aprior mühakimələrinə əsaslanmalıdır. Brentano belə hesab edirdi ki, iqtisadi həyatın hətta ən sadə təzahürlərinin dəqiq təsviri eqoizmdən olan ən ağıllı deduksiyadan da müqayisəolunmaz dərəcədə daha qiymətlidir".
Qeyd etmək lazımdır ki, iqtisad nəzəriyyəsində abstrakt metoda qarşı mübarizədə həm Şmoller, həm də Brentano klassik məktəbin istehsal münasibətlərinə və deməli kapitalizmin iqtisadi kateqoriyalar məcmusunu əbədi, dəyişməz elementlər kimi nəzərdə tutan metodoloji zəifliklərindən istifadə etmişlər.
Yeni tarix məktəbinin nümayəndələri müasir kapitalist ölkələrinin təsərrüfat inkişafını tədqiq edərkən bu ölkələrin təsərrüfat quruluşunun dəyişkənliyini sübut etmiş və cəmiyyətin iqtisadi həyatının inkişafının və obyektiv iqtisadi qanunların qanunauyğun xarakterini inkar etmişlər.
Brentano yuxarıda qeyd olunan mühazirədə merkantilistləri hətta siyasi iqtisadın klassiklərindən yüksəkdə tuturdu, belə ki, onun fikrincə, merkantilistlər sənaye və ticarətə dövlət təsirinin müxtəlif üsullarını tədqiq edərək, iqtisadi qanunlar üzə çıxarmağa cəhd etməmişlər.
Yeni tarix məktəbi dəyər, izafi dəyər, kapitalist yığımının tarixi meyli qanununun problemlərini süni və uydurma hesab edərək, klassik siyasi iqtisadın və marksist təliminin kəskin tənqidi ilə çıxış etdi. Şmoller göstərirdi ki, Karl Marksın ümumiləşdirmələri abstrakt anlayışlar və ümumi tarixi - fəlsəfi obrazlardan başqa bir şey deyildir.
Tarix məktəbinin tərəfdarları həmçinin "iqtisadi insanın" marjinalist konsepsiyasına qarşı çıxış edirdilər. Onlar göstərirdi ki, insanın davranışı sosial mühitdən, ictimai münasibətlərdən təcrid olunmuş halda götürülməməlidir, insanı primitiv istehlakçı kimi təsvir etmək olmaz.
1872-ci ildə Q.Şmoller, L.Brentano və A.Vaqner sosial-iqtisadi islahatları praktiki surətdə həyata keçirmək üçün "Sosial siyasət ittifaqı" təşkil etdilər. Bu ittifaq fəhlələrin vəziyyətinin yaxşılaşdırılması üzrə qanunvericilik tədbirlərinin dəstəklənməsi üçün, daha doğrusu: məktəblərdə məcburi tədrisin həyata keçirilməsi (12 yaşına qədər), uşaqların, yeniyetmələrin və qadınların əməyinin dövlət tərəfindən tənzimlənməsi, xəstəlik və bədbəxt hadisələrdən fəhlələrin sığorta edilməsinin təşkili, qocalıq və əmək qabiliyyətini itirmişlər üçün təqaüdün müəyyən edilməsi, istehlak və mənzil kooperasiyasının təşkili üçün yaradılmışdı. Tarix məktəbinin nümayəndələri bu tədbirləri "dövlət sosializmi" adlandırırdılar. Dövlət sosializmi ideyaları Almaniyanın iqtisadi siyasətinə və tarix məktəbinin ayrı-ayrı müddəalarının praktiki surətdə həyata keçirilməsinə güclü təsir göstərdi, dünyada onun nüfuzunu qaldırdı və ayrı-ayrı ölkələrdə onun ideyalarının geniş yayılmasına kömək etdi.
Yeni tarix məktəbinin nümayəndələri arasında mühafizəkar və liberal istiqamətlər seçilirdi. Mühafizəkar istiqamətin rəhbəri Şmoller idi. L.Brentano həmkarlar ittifaqlarının praktiki surətdə geniş inkişafı üçün çıxış etdiyi zaman, Şmoller öz tərəfdarları ilə "Sosial siyasət ittifaqı"nın islahatçılıq fəaliyyətini dayandırmağa çalışırdı. Brentano "Sosial siyasət ittifaqın"da liberal islahatçı qrupu təmsil edirdi ki, bu qrupun məqsədi onların fikrincə, başlıca amili həmkarlar ittifaqının inkişafı olan siniflər dünyasının qurulması idi. Özünün "Fəhlələrin müasir birləşmələri" (1871-1872) 2 cildlik monoqrafiyasında Brentano yazırdı ki, fəhlənin sahibkara satdığı əmtəə (yəni əmək) xüsusi növ əmtəədir. Öz ilkin sahibindən ayrılmaz olduğu üçün fəhlə hər yerdə öz əmtəəsinin dalınca getməlidir, və satış üçün yalnız əməyə malik olduğu üçün də tez-tez onu sahibkara ən əlverişsiz şərtlərlə güzəştə getməli olur. Əməyin alış-satışı sahəsində bir-birindən ayrılmış işçilərin yerinə yaxşı təşkil olunmuş həmkarlar gəldikdə isə vəziyyət kəskin dəyişir.
Brentano yazırdı ki, "Onların sayəsində əməyin ... satıcı kimi fəhlənin və əmtəənin zərərli xüsusiyyətlərinin təsiri aradan qalxır".
Brentano aqrar məsələ üzrə də marksizmin əleyhinə çıxış edirdi. O, sübut edirdi ki, xırda kəndli təsərrüfatı tamamilə möhkəmdir, iri təsərrüfatlar isə yalnız dən təsərrüfatında bəzi üstünlüklərə malikdir. Qalan sahələrdə xırda təsərrüfat daha əlverişli və perspektivlidir, iri təsərrüfatdan sərfəlidir.
Brentano K.Marksın izafi dəyər nəzəriyyəsi ilə də razılaşmırdı. K.Marksa zidd olaraq, Brentano israr edirdi ki, kapitalistin mənfəəti "yeni məhsulda istehsal elementlərinin hamısının birləşməsi yolu ilə, bu elementlərin birləşməsinə qədərki dəyər üzərindəki dəyərin artığından" ibarətdir. Faktiki olaraq, Brentano mənfəəti, onun fikrincə, sahibkarın yaradıcı ruhu olan sahibkarlıq gəlirinə aid edir.
Karl Büher - Derpt, Bazel, Karlsruer və Leypsiq Universitetlərinin professoru tərəfindən "Xalq təsərrüfatının meydana gəlməsi" (1893)-cü il) adlı əsərində təklif olunan bəşəriyətin iqtisadi tarixinin dövrləşdirilməsi böyük maraq doğurur. Büher təsərrüfatın inkişaf sxemini irəli sürərək onu üç mərhələyə ayırır: "qapalı və ev təsərrüfatı pilləsi" (xüsusi istehlak üçün istehsal, mübadiləsiz təsərrüfat), "şəhər təsərrüfatı pilləsi" (xarici istehlakçı üçün istehsal və ya bilavasitə mübadilə pilləsi) və "xalq təsərrüfatı pilləsi" (mallar istehlakçıya çatana qədər bir sıra təsərrüfatlardan keçir).
Buherin təsərrüfatın inkişaf sxemi onun fikrincə bəşəriyyətin inkişaf səviyyəsini müəyyən edən mübadilə konsepsiyasına əsaslanır.
Büher mübadilə üsulunu iqtisadi inkişafın əsası hesab edirdi.
Büherin təsərrüfat tarixinin ümumi sxemindən onun sənayenin inkişafının forma və mərhələlərinin təsnifatı doğur. O, göstərir ki, bunun birinci mərhələsi ev, qapalı istehsalla, ikincisi - sifarişlə işləyən sənətkarın işi ilə, üçüncüsü - onun azad bazar üçün işi ilə, dördüncüsü - möhtəkir üçün ev istehsalı ilə, beşincisi - iri fabrik istehsalı ilə üst-üstə düşür.
Yeni tarix məktəbi və onun nəzəri irsi kifayət qədər ziddiyyətli olmuşdur. Şmoller və onun arxadaşları monarxizmlə, iqtisadiyyata güclü əlin yaxşı təsirinə inamları ilə, milliyyətçilik və mühafizəkarlıqla fərqlənirdilər, onlar sağ mühafizəkarların iqtisadi proqramlarının formalaşmasına böyük təsir göstərdilər.
Brentanonun sosial münaqişələrin dinc tənzimlənməsi konsepsiyası ilə olan təlimi isə islahatçı cərəyanlara, sosial məktəblərə, institutsionalizmə, iqtisadiyyatın dövlət-inhisarçı tənzimlənməsi nəzəriyyələrinə yaxın idi.
Bütövlükdə, tarix məktəbinin metodologiyası və ənənələri siyasi iqtisadın gələcək təkamülünə böyük təsir göstərdi.
Do'stlaringiz bilan baham: |