FƏSİL 12. Alman tariXİ MƏKTƏBLƏRİ § almaniyada siyasi İQTİsadin meydana gəLMƏSİ. F. LİST, onun iQTİsadi baxişLari. MƏhsuldar


FƏSİL 15. C.M.KEYNSİN İQTİSADİ NƏZƏRİYYƏSİ



Download 0.71 Mb.
bet5/11
Sana24.03.2017
Hajmi0.71 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

FƏSİL 15. C.M.KEYNSİN İQTİSADİ NƏZƏRİYYƏSİ



§ 1. C.M.KEYNS - MÜASİR DÖVRÜN GÖRKƏMLİ

İQTİSADÇISIDIR
İqtisadi tərəqqinin gedişində makroiqtisadi proseslərin öyrənilməsi və bununla əlaqədar olaraq yeni elmi müddəaların üzə çıxarılması və iqtisadi sistemin formalaşması üçün onun metodoloji əsaslarının yaradılması olduqca vacib və aktual bir məsələdir. Bununla əlaqədar olaraq qeyd edə bilərik ki, Con Meynard Keynsin (1883-1946-cı illər) ideyası altında formalaşmış makroiqtisadi nəzəriyyə, məhz bu baxımdan əhəmiyyətlidir. Kembric məktəbinin ən böyük nümayəndələri olan A.Marşallın və A.Piqunun tələbəsi və davamçısı olmuşdur. Lakin Keynsin elmi dünyagörüşü, iqtisadi sxemləri o qədər əhatəli və zəngin idi ki, o, öz sələflərindən uzaqlaşıb, tamamilə yeni bir nəzəriyyə yaratdı.

Göstərmək lazımdır ki, elə bir nəzəriyyəçi tapmaq olmaz ki, istər Keynsə qədər, istərsə də ondan sonra həyatda onun qədər mübahisəyə səbəb olan müxtəlif istiqamətli ideyaları olsun.

Keynsin nəzəriyyəsi, gələcək tədqiqatların həm mənbəyi, həm də istiqamətləndiricisi olub. Təsadüfi deyil ki, Keynsin makroiqtisadi təhlilini əsas göstərməklə iqtisadi tənzimlənməni həyata keçirmək üçün milli hesablar sisteminin işlənib hazırlanması zəruriliyi meydana gəlmişdir.

Keynsin nəzəriyyəsindən asılı olaraq, iqtisadi artım, iqtisadi tsikl, iqtisadi müvazinət nəzəriyyələri formalaşmış, antiinflyasiya, defisitli maliyyələşmə kompensasiyaları öz tətbiqi sferalarını tapmışdır.

XX əsrin 20-ci illərinin sonu, 30-cu illərin əvvəllərində Qərbi Avropa ölkələrini, ABŞ-ın, eləcə də bütün kapitalist dünyasını bürümüş böhranlar, bu ölkə iqtisadçılarını bir növ şok vəziyyətinə salmışdır. Belə ki, ölkələrin iqtisadiyyatı elə bir vəziyyətə düşmüşdür ki, təkcə istehsal olunmuş məhsulların reallaşmaması ilə yanaşı, işsizlik sürətlənmiş, inflyasiya səviyyəsi görünməmiş dərəcədə qalxmışdır. Ən aparıcı kapitalist ölkələri hesab olunan ABŞ-da, Böyük Britaniyada, Almaniyada istehsalın səviyyəsi sürətlə aşağı enmiş, işsizlərin sayı gündən-günə çoxalmışdı.

Klassik nəzəriyyəni rəhbər tutmuş iqtisadçıların əksəriyyəti mövcud vəziyyətin müvəqqəti xarakter daşıdığını göstərirdilər. İqtisadiyyatın böhranlı vəziyyətə düşməsinin, "Böyük tənəzzül"ün əsl səbəblərini izah edə bilmirdilər. Belə ki, bəzi iqtisadçılar bunun səbəbini tələbin səviyyəsinin həddindən aşağı düşməsi ilə, bəziləri ifrat istehsalın baş verməsi ilə, digərləri kapital qoyuluşunun həcminin aşağı düşməsi ilə, eləcə də, vergi-kredit sisteminin mütərəqqi rolunun azalması ilə izah edirdilər.

Cəmiyyətin aparıcı işgüzar adamları, sahibkarlar, biznesmenlər vəziyyətin çıxış yolu barədə aramsız düşünürdülər. Çünki ən fəlakətli cəhət bu idi ki, kapitalist dünyasını işsizlik tamam bürümüşdür. Halbuki, bu dövrlərdə sosialist sisteminin aparıcı dövləti olan SSRİ-də işsizlik tamamilə aradan qaldırılmışdı. Əslində böhran iqtisadi sferadan çıxıb ölkələrin siyasi, ideoloji, sosial sahələrini də bürüyürdü. Belə bir şəraitdə elə bir nəzəriyyəyə ehtiyac duyulurdu ki, o iqtisadi böhranların aradan qaldırılması yollarını göstərməklə, ölkələrdə mövcud olan bazar sisteminin daha əsaslanmış şəkildə fəaliyyət göstərməsinə imkan yaratmalı idi.

Belə bir vaxtda görkəmli ingilis iqtisadçısı Con Meynard Keynsin 1936-cı ildə Londonda dərc etdirmiş olduğu "Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi" əsəri sözün əsl mənasında iqtisad elmində böyük inqilab etmiş oldu. Bu əsər ona böyük şöhrət gətirməklə ilk dəfə olaraq Qərbi Avropa ölkələrində, eləcə də ABŞ-da dövlət səviyyəsində iqtisadiyyatın sabitləşməsinin nəzəri-metodoloji əsasını qoydu.

Lap gənc yaşlarından birja oyunlarından böyük qazanc əldə edən C.Keyns, eyni zamanda Böyük Britaniya hökumətinin tərkibində məsləhətçi idi. O, bir sıra praktiki əhəmiyyətli iqtisadi siyasət sahəsində əməli tövsiyələri ilə də böyük müvəffəqiyyətlər əldə etmişdir. Fitri istedadı, dərin elmi məntiqi, nəzəri-metodoloji hazırlığı ilə seçilən C.Keyns alim - iqtisadçılar arasında ilk Lord titulunu almışdır ki, bu da ona Londonda parlamentin yuxarı palatasının iclaslarında iştirak etmək huququ verirdi.

C.Keyns 1883-cü ildə Kembricdə məntiq və iqtisadi nəzəriyyə professoru ailəsində anadan olmuşdur.

Atası Con Nevila Keyns Kembricdə məntiq və iqtisadiyyatdan dərs deyirdi. Kembric Universitetinin nəzdindəki kollecdə 1902-1906-cı illərdə təhsil alan C.Keyns, o dövrün ən məşhur iqtisadçı alimi A.Marşallın mühazirələrini dinləmişdir. Klassik məktəb ənənələrindən olan "Siyasi iqtisad" fənni adı məhz həmin illərdə A.Marşallın təşəbbüsü ilə dəyişdirilərək "Ekonomiks" adı ilə əvəz edilmişdir.

1906-1908-ci illərdə müstəmləkə ölkələri üzrə nazirliyin, Hindistan üzrə idarəsində əvvəl hərbi işlərdə, daha sonra gəlirlər, statistika və ticarət şöbəsində işləmişdir.

Geniş riyazi və iqtisadi biliyə malik olan C.Keyns 1908-ci ildə A.Marşalın dəvəti ilə Karol kollecinə, iqtisadi problemlər üzrə mühazirə oxumağa dəvət olunur.

Müəllimi A.Marşala böyük məhəbbət və ehtiramı ilə o, orada həm iqtisadiyyatdan, həm də riyaziyyatdan mühazirələr oxuyur. Demək olar ki, 1909-1915-ci illər ərzində həmin kollecin daimi işçisi kimi fəaliyyət göstərir.

İlk elmi məqaləsini 1909-cu ildə "İndeks metodu" adı altında dərc etdirir. F.Edjortun redaktoru olduğu "İqtisadiyyat jurnalı"nda, onu 1912-ci ildə bu vəzifədə əvəz edir. Demək olar ki, ömrünün axırına qədər bu vəzifəni özündə saxlayır. 1913-1914-cü illərdə Hindistanın Maliyyə və pul tədavülü üzrə Kral komissiyasının üzvü olur. Həmin bu illərdə Krallığın iqtisadiyyat cəmiyyətinin katibi vəzifəsində təsdiq olunur.

Elm aləmində ilk dəfə olaraq ona şöhrət qazandıran 1913-cü ildə dərc etdirmiş olduğu "Hindistanın pul tədavülü və maliyyəsi" əsəri olmuşdur.

1915-1919-cu illərdə Britaniya xəzinədarlığında beynəlxalq maliyyə problemləri ilə məşğul olur.

1919-cu ildə dərc etdirmiş olduğu "Versal sülh müqaviləsinin iqtisadi nəticələri" əsəri ona dünya şöhrəti gətirir.

Qələbə çalmış ölkələrin iqtisadi siyasəti ilə razılaşmayan C.Keyns hər cür iqtisadi blokadanın əleyhinə çıxır. Xüsusən də Sovet Rusiyasına qarşı tətbiq olunan iqtisadi blokada ilə əlaqədar Paris sülh konfransındakı çıxışında qeyd etmişdir ki, "biz o qədər Rusiyanı deyil, daha çox özümüzü blokadaya salırıq".11

Dövlət idarələrində müvəqqəti işlərini dayandıran Keyns, Kembric Universitetində müəllimlik fəaliyyətini gücləndirir. Bunun nəticəsində o, bir-birinin ardınca tutarlı əsərlər dərc etdirir. 1921-ci ildə "Ehtimal haqqında traktat", 1923-cü ildə "Pul islahatı haqqında traktat", 1926-cı ildə "Azad sahibkarlığın sonu", 1930-cu ildə "Pul haqqında traktat" əsərlərini dərc etdirir və nəhayət, özünün ən məşhur əsərini 1936-cı ildə yazır.

C.Keyns aktiv ictimai - siyasi həyata 1929-cu ildə qayıdır və elə həmin ildən hökumətin maliyyə və sənaye komitəsinin üzvü təyin edilir. İkinci dünya müharibəsi ərəfəsində Britaniya xəzinəsinin məsləhətçisi təyin edilir.

O, 1942-ci ildə İngilis banklarının birinin direktoru təyin olunur. 1944-cu ildə Bretton-Vuddakı valyuta konfransında Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Bərpa və İnkişaf Bankının yaradılması planının hazırlanması işində öz ölkəsinin baş nümayəndəsi təyin edilir.

1945-ci ildə o yenidən ingilis maliyyə işinə rəhbərlik edir.

C.Keynsin bu qısa xronoloji tərcümeyi-halına diqqət yetirərkən aydın olur ki, onun irəli sürdüyü ideyalar XX əsrin iqtisad elmində böyük irəliləyişlər etdi və o hazırda bir sıra ölkələrin iqtisadi siyasətinin müəyyən edilməsində əvəzsiz rol oynamışdır. Özünün qeyd etdiyi kimi "mütəfəkkir iqtisadçıların və siyasətçilərin ideyaları, onların səhv və düz olmasından asılı olmayaraq düşündükdən daha çox böyük əhəmiyyətə malikdir.

Həqiqətən dünyanı idarə edən yalnız onlardır.12

C.Keynsin iqtisadi fikrinin ən dəyərli cəhəti ondan ibarətdir ki, bazar iqtisadiyyatına sırf təkmilləşən, özü-özünə tənzimlənən bir mexanizm kimi baxmamış, əksinə onun təbiətinə vaxtaşırı xronoloji böhran törədici elementlərlə əhatə olunduğunu sübut etmişdir. Kapitalist iqtisadiyyatının sərbəstliyini, o çatışmaz cəhəti kimi qeyd etmiş və onun mütləq dövlət tərəfindən idarə olunması zəruriliyini sübuta yetirmişdir. İlk dəfə olaraq yüz ildən yuxarı davam edən A.Smitin "İqtisadi sistemi"ndə mühüm yer tutan "azad bazar" ideyasının "tənzimlənən bazar" ideyası ilə əvəz olunması oldu. Digər tərəfdən, əgər 30-cu illərdə Kapital dünyası asılmaq təhlükəsi altında idisə, C.Keyns özünün "səmərəli tələb" nəzəriyyəsi qayçısı ilə onu xilas etdi.

Ölkə iqtisadiyyatının artım səviyyəsini və maksimum məşğulluğa nail olunması mənbəyini dövlət müdaxiləsində görən Keyns ideyasının zənginliyi, bu günlər yeni iqtisadi sistem quran müstəqil dövlətlər üçün, o cümlədən Azərbaycan Respublikası üçün müstəsna əhəmiyyəti vardır.

C.Keynsin iqtisadi təliminin metodoloji əhəmiyyəti ondan ibarətdir ki, o cəmiyyətdəki bütün iqtisadi hadisələrini mikroiqtisadi yanaşma ilə makroiqtisadi təhlil edərək ilk dəfə kapitalist iqtisadiyyatının makroiqtisadi təhlilini vermişdir. İqtisadi təfəkkür tərzinin formalaşmasında psixoloji qanunların rolunu üzə çıxarmışdır. Xüsusən "səmərəli tələb"in əmələ gəlməsində dövlətin stimullaşdırıcı imkanlarını göstərmişdir.

İşsizliyin aradan qaldırılmasına görə hər cür əmək haqqının azaldılması metodlarının əleyhinə çıxmışdır. Müəyyən işsizlik səviyyəsini saxlamaqla, tam məşğuliyyətin həyata keçirilməsi istiqamətlərini müəyyən etmişdir. İstehsal miqyası ilə istehlakın miqyası arasındakı birbaşa əlaqəni izah etməklə, gəlirlərin artım səviyyəsini göstərmişdir. İstehlak səviyyəsi ilə gəlirlərin səviyyəsi arasındakı fərqin, ümumi işsizliyin azalması nəticəsində psixoloji qanunların təsiri nəticəsində sonuncunun xeyrinə dəyişildiyi istiqamətini əsaslandırmışdır.

İnvestitsiyanın artımı ilə gəlirlərin artımı arasındakı birbaşa əlaqənin mahiyyətinin əsaslandırılması C.Keyns nəzəriyyəsinin ən incə və tutarlı istiqamətlərindəndir.

İndi isə diqqətimizi Keyns haqqında dünyanın görkəmli iqtisadçı alimlərinin söylədikləri mülahizələrə yönəldək.
P.Samuelson

"Keyns hərtərəfli istedadlı adam olub, riyaziyyat, fəlsəfə və ədəbiyyat sahəsində məşhur idi. O elə iqtisadçı idi ki, həm özü üçün, həm də Kembric Kral kolleci üçün qazanmağı bacarırdı. Onun 1936-cı ildə dərc olunmuş "Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyələri" əsəri bizim yüz illiyin iqtisadi fikrinə güclü təkan verdi və güman ki, klassik əsər kimi uzun müdət yaşayacaqdır".


S.Xarris

"Keyns iqtisadi nəzəriyyənin skeletini yaradıb. Başqalarına ora qan əlavə eləmək qalıb və bu proses bizim günlərdə də yüksək sürətlə artmaqda davam edir".


Don Patinkin

"Müasir iqtisadi ideyalar tarixində Keynsin "Ümumi nəzəriyyə"si təkcə makroiqtisadiyyatda etdiyi inqilabi yeniliyi ilə deyil, eləcə də tənqid və diskussiya ilə onun inkişafını müşahidə edən "əfsanəvi proses" kimi əhəmiyyətlidir".


K.R.Makkonnell və S.L.Bryu

"Keyns klassik nəzəriyyəni tənqid etməklə iqtisadi təlimdə makroiqtisadi məsələlərə dair böyük inqilab etdi. Keyns müasir məşğulluq nəzəriyyəsinin ilkin banisidir".


V.Leontyev

"Keyns inqilabına, onun ideyasının paradoksal təbliğinə diqqət yetirəndə aydın olur ki, məhz bunun sayəsində Qərb iqtisadiyyatı öz yönümünü köklü olaraq dəyişə bilib".


Y.Kornai

"Keynsin ideyaları, şübhəsiz ki, iqtisadi siyasəti müəyyən edənlərə daha çox təsir göstərmişdir. Əgər sosial inkişaf əsas yaratmasaydı, siyasətçiləri Keynsin təkliflərinə müraciət etdirməyi məcbur etməsəydi, onun elmi ideyaları da bu qədər güclü təsirə malik olmazdı".


M.Blauq

"Keynsin ideyalarını, qiymətləndirərkən, onların bəzilərini qəbul etmək olar, bəzilərini isə yox, lakin sərbəst bazar iqtisadiyyatının tam məşğulluğa tam nail olunmaq qabiliyyətinə malik olmadığı ideyasını birmənalı qəbul etmək lazımdır. Çünki Keyns nəzəriyyəsinin əsas dərsi, əmək haqqının çevik olmaması iqtisadi deyil, siyasi fenomendir".


Keyns nəzəriyyəsi ilə əlaqədar bir çox iqtisadçıların müddəalarını misal çəkmək olar. Lakin onların bəziləri ilə tanışlıq bunu qeyd etməyə imkan verir ki, C.M.Keynsin "Ümumi nəzəriyyə"si... XX əsrin iqtisad elmində dönüş nöqtəsi oldu. Bunun nəticəsində müasir mərhələdə bu nəəriyyəyə əsaslanaraq bir sıra dövlətlər öz iqtisadi siyasətlərini qururlar.
§ 2. MƏŞĞULLUQ SƏVİYYƏSİ VƏ SƏMƏRƏLİ TƏLƏB. "ƏSAS PSİXOLOJİ QANUN"
Keynsin iqtisadi fikrinin ardıcıllıqla öyrənilməsi, onu neoklassik məktəbin nümayəndələrindən fərqləndirən xüsusiyyətlərinin üzə çıxarılması diqqət mərkəzində duran məsələlərdəndir.

Keynsə qədərki siyasi iqtisadda iqtisadi proseslərin təhlil edilməsinə mikroiqtisadi səviyyədə yanaşılırdı. İqtisadi proseslərin izahı və təhlili başlıca olaraq firma səviyyəsində, xüsusən onun xərclərinin aşağı salınması, mənfəətin səviyyəsinin maksimum həddə çatdırılması ilə bağlı olub, tələb və təklifin özü-özlüyündə tarazlanacağı fikri üstünlük təşkil edirdi. Belə nəzərdə tutulur ki, bu iqtisadi proses azad rəqabət şəraitində baş verir. Firmanın səmərəli fəaliyyət göstərilməsi ilə iqtisadiyyatın bütöv şəkildə fəaliyyət göstərməsi eyniləşdirilirdi. Firmanın istifadə etdiyi və mənimsədiyi bütün istehsal resursları, o cümlədən iş qüvvəsi də bütöv iqtisadiyyat səviyyəsi ilə eyniləşdirilrdi. Belə şəraitdə uzunmüddətli işsizliyin əsaslandırılması, heç cür kapitalist iqtisadiyyatının üstünlüklərini əhatə etmirdi. Nəticədə inkişaf etmiş bazar sistemi ölkələrində xronoloji işsizliyin artımı müşahidə olunurdu. Ümumi sosial gərginliyi artırmaqla bu iqtisadi proses, bütövlükdə cəmiyyəti böhrana, tənəzzülə yuvarlayırdı.

Belə mikroiqtisadi metoda qarşı Keyns özünün makroiqtisadi metodunu qoydu. Artıq tədqiqat və tədqiqin mərkəzində milli gəlir, əmanətlərin yığımı, investitsiyanın həcmi, istehlak və gəlirlərin səviyyəsi dururdu.

Makroiqtisadi metoda görə ayrı-ayrı firmanın əldə etdiyi nailiyyətlər, heç də cəmiyyətin nailiyyəti kimi qiymətləndirilə bilməz. Onların arasında hər şəraitdə ziddiyyət baş verə bilər. Ümumi iqtisadi proporsiyaları bərpa etməklə, xüsusən məcmu tələblə məcmu təklif arasındakı müvazinatı təmin etməklə cəmiyyətdə gedən dərin böhran törədici amilləri aradan qaldırmaq olar.

İnkişaf etmiş kapitalist iqtisadiyyatında böhran törədici amillərin rolunun aradan qaldırılması üçün ilk dəfə olaraq Keyns neoklassiklərdən fərqli olaraq belə qənaətə gəldi ki, bütün məsələlərin həllini yalnız resursların təklifi istiqamətində axtarmaq düzgün deyil. Halbuki, neoklassik məktəbin nümayəndələri belə hesab edirdilər ki, resursların məhdudluğu, nadirliyi maksimum məhsul istehsalındakı səmərəli istifadəsi iqtisadiyyatda müəyyənedici rola malikdir. Lakin Keyns sübut edirdi ki, bu resurslar vasitəsilə hazırlanan məhsullara olan tələb vasitəsilə, onların reallaşdırılması ilə onların səmərəsini yüksəltmək olar. Hər bir təklif avtomatik olaraq tələb törədir, qanunauyğunluğunu tənqid edir. Keyns göstərdi ki, bu heç də belə deyil. İlkin yerə o səmərəli tələbi qoydu və göstərdi ki, onu formalaşdıran amilləri və onların dinamikasını diqqət mərkəzində saxlamaq lazımdır. Xüsusən səmərəli tələbin baş verməsi üçün istehsalı və məşğulluğun hər cür tərəddüdlü vəziyyətini əsaslandıran amilləri üzə çıxartmaq lazımdır. Ona görə də ilkin olaraq istehsalın miqyası ilə məşğulluğun səviyyəsi arasındakı qarşılıqlı əlaqə öyrənilirdi.

Bəllidir ki, məşğulluğun səviyyəsi, işsizliyin amilləri klsassiklərin diqqətini cəlb etmirdi. Elə hesab edilirdi ki, artıq işsizliyin aradan qaldırılmasına əmək haqqının aşağı salınması ilə, əlavə işçilərə olan ehtiyacın ödənilməsinə isə əmək haqqının məbləğinin artırılması ilə nail olmaq olar. Əslində əmək bazarındakı vəziyyəti, birbaşa əməyin ödənilməsi dinamikası ilə əlaqələndirmək yolu ilə qaydaya salmağı tövsiyə edirdilər. Əmək haqqının aşağı salınması ilə sahibkarlar istehsal xərclərini aşağı salmaqla, məhsul buraxılışını yüksəldirdilər ki, bu da onların yığılıb qalmasına səbəb olurdu. Onlar belə hesab edirdilər ki, istər əmtəə bazarında, istər əmək bazarında, istərsə də pul bazarında azad rəqabət şəriatində bir ümumi tənzimləyici olan qiymət fəaliyyət göstərir. Qiymətin hərəkəti isə resursların bölgüsünü təmin etməklə bütün bazarlarda baş verəcək uyğunsuzluqların aradan qaldırılmasına səbəb olacaq. Məsələnin zahiri, empirik formada belə qoyulması məqbul hesab edilsə də, lakin iqtisadiyyatda gedən dərin və üzvi əlaqəli proseslər, onun gedişatında ciddi və görünməz əngəlliklər törədir. Məhz buna görə də Keyns klassiklərin əmtəə və xidmətlərin istehsalı, resursların bölgüsü və istifadəsindəki mövqelərini ciddi tənqid edir. Onun göstərdiyi kimi problemin belə həlli yolunun müəyyənləşdirilməsi olduqca yayındırıcı və sxematikdir. Onun fikrinə görə əmək haqqının azaldılması heç də işsizliyin aradan qaldırılmsı yolu deyildir. Çünki işdən kənarlaşdırılmış fəhlələr, hətta aşağı əmək haqqı ilə də iş tapa bilmirlər. Həmkarlar ittifaqı əmək haqqının aşağı salınmasının əleyhinə çıxış edirlər. Sahibkarlar heç nəyə məhəl qoymadan istehsalın həcmini azaltmaqla, işçilərin xeyli hissəsini işdən azad edirlər. Cəmiyyətdə gedən belə bir vəziyyət makrosəviyyədə ziddiyyətli hal alır. Bu da klassiklərin mövqeləri ilə tamamilə uyğun gəlmirdi. Çünki onların fikrincə, işsizlik ola bilməz, ona görə ki, o heç cür baş verməməlidir. Əmək haqqının səviyyəsindəki dəyişikliklə real iqtisadi həyatdakı vəziyyəti qaydaya salmaq ənənəvi üsulu öz həyatiliyini əks etdirə bilmədi.

Keyns çoxlarının qəbul etdiyi və bazar mexanizminin əbədi qanunu kimi hesab etdikləri "Sey qanunu"nu ciddi tənqid etdi. Sey belə hesab edirdi ki, istehsal özü gəlirləri formalaşdırmaqla tələb və təklif arasındakı uyğunluğu təmin edir. Bu da hər cür əmtəə və xidmətlərin ifrat istehsalını aradan qaldırır. Uyğunsuzluqlar yalnız ayrı-ayrı məhsular və əmtəələr qrupu üzrə baş verə bilər ki, bu da zahiri səbəblərlə əlaqədar ola bilər. Burada heç bir daxili qarşılıqlı əlaqələrin pozulması, yaxud mövcud təsərrüfat mexanizminin qeyri-təkmil olmasından söhbət gedə bilməz. Çünki tələb və təklif arasındakı nisbət gedişatı hər şəraitdə və hər bir vəziyyətdə iqtisadiyyatın bütün əlaqələrinin normal vəziyyətdə olmasına qadirdir.

Keyns göstərirdi ki, belə bir mövqe pulsuz, natural mübadilə üçün xarakterik ola bilər. Robinzon Kruzonun mübadiləsiz təsərrüfatı ilə real iqtisadiyyatın tələblərini eyniləşdirmək olmaz. Pulun rolunu heç cür nzərə almamaq olmaz. Çünki məhsullar sadəcə olaraq "əmtəə-əmtəəyə" prinsipi ilə mübadilə edilmir. Onlar alınır və satılır. Burada pul həlledici rol oynayır. Əgər tələb istehsal olunan məhsuldan azdırsa, onda uyğunsuzluq baş verir, məhsulların bir hissəsi satılır, ümumi ifrat istehsal baş verir. Qiymətlər tələb və təklifin uzlaşmasını çatdıra bilmir. Çünki cəmiyyətdə əmək haqqının aşağı salınması ilə, işsizlərin sayının çoxalması ilə "pul çatışmazlığı" mövcuddur.

Belə şəraitdə çox qəribə bir mənzərə əmələ gəlir. Tələbin artması ilə qiymətlər yüksəlir, lakin onun azalması ilə o əvvəlki səviyyədə qalır. Əmək haqqını da artıq aşağı salmaq olmaz. Çünki əmək haqqı, minimum yaşayış səviyyəsini əhatə etdiyindən, onun aşağı salınmasına fəhlələr və həmkarlar ittifaqı ciddi müqavimət göstərirlər. Digər tərəfdən əmək haqqının həddindən artıq aşağı salınması sahibkarların özlərini də qane etmir. Çünki belə şəraitdə onlar yüksək ixtisaslı işçilərini itirə bilərlər.

Digər tərədən bir firmanın nailiyəti, digər firmaların uğursuzluğunun aradan qaldırılması deyil. Normal fəaliyyət göstərən bir neçə firma, heç də bütövlükdə iqtisadiyyatın uğurlu fəaliyyət göstərməsini əks etdirmir. Əgər hər yerdə kütləvi şəkildə əmək haqqının səviyyəsi aşağı salınarsa, onda əhalinin alıcılıq qabiliyyəti aşağı düşəcəkdir və əmtəələrə olan tələbi azaldacaqdır. Bu da öz növbəsində klassiklərin göstərdiyi kimi işsizlərin azalmasına deyil, yüksəlməsinə səbəb olacaqdır. İstehsal daha sürətlə öz miqyasını azaldacaq ki, bu da işini itirənlərin sayının çoxalmasına səbəb olacaqdır.

İqtisadiyyatın istehsal və məşğulluğa görə real vəziyyətini təhlil edən Keyns belə qənaətə gəlir ki, bu göstəricilərin dinamikası təklif amillərindən deyil, tələb amillərindən asılıdır. Diqqət mərkəzində tələb və onun kəmiyyətini müəyyən edən amillər durmalıdır.

İctimai istehsalın və məşğulluğun detallaşdırmış şərhini, Keyns istehlak və əmanət yönümü ilə əlaqədar gedən iqtisadi proseslər vasitəsi ilə göstərir.

Keyns iqtisadi hadisələri makrosəviyyədə öyrənərək məşğulluğun ümumi əsasının məhz cəmiyyətdə istehsal ediləcək milli gəlirin həcmindən asılı olduğundan sübuta yetirilməsidir.

Keyns göstərirdi ki, məşğulluğun artımı ilə milli gəlir də artır, deməli, istehsalın səviyyəsi də yüksəlir. Digər tərəfdən istehsalın miqyasının genişləndirilməsi, bu əsasdan da məşğulluğun təmin edilməsi, investisiyaların səviyyəsindən bilavasitə asılıdır. Sahibkarlar investisiyanı o vaxta qədər axtarırlar ki, kapitalın "son səmərəlilik" həddi faizi səviyyəsinə enir. Burada kapitalın rentabellik səviyyəsi mənfəət normasından asılı olaraq dəyişildiyindən, onun "son səmərəliliyi", faiz norması ilə çox vaxt uyğun gəlmir. Ona görə də Keyns göstərirdi ki, çətinliyin mənbəyi kapitalın rentabelliyinin aşağı düşməsi, faiz normasının sabit qalması ilə əlaqədardır. Bu cəhət yeni investisiyanın, o cümlədən yeni məşğulluğun məhdud həddini müəyyən edir. Kapitalın "son səmərəlilik" həddinin azalmasını Keyns, kapitalın ümumi kütləsinin artması ilə, eləcə də gələcək gəlirlərdə sahibkar kapitalistlərin inamının itirilməsi psixologiyası ilə əlaqədardır.

Keynsin ümumi məşğulluq nəzəriyyəsi ilə əlaqədar olaraq onu göstərmək olar ki, məşğulluğun ümumi həcmi üç amil qrupundan asılıdır:

1."İstehlak yönümü" ilə;

2.Kapital qoyuluşunun "son səmərəliliyi" ilə;

3.Faiz norması ilə.

Cəmiyyətin inkişafı, onun maddi nemətlər bolluğunun əldə etməsi məcmu tələbin səviyyəsindən asılıdır. Ümumiyyətlə, məcmu tələb haqqında danışarkən qeyd etmək lazımdır ki, o iki hissəyə ayrılır: istehlakçı tələbinə və yaxud şəxsi istehlakçı tələbatına və investisiya tələbatına və ya istehsal istehlakı tələbatına. Məcmu tələb - bu pul tələbidir.13 İstehlak şeylərinə olan məcmu pul gəlirindən və onun xərclənməsindən asılıdır. Pul gəlirlərinin kütləsi istehlakın həcmindən asılıdır. İstehlakın artması isə milli gəlirin həcminin yüksəldilməsindən asılıdır. Bu asılılıqlar sistemində Keyns özünün məşhur "Əsas psixoloji qanunu"nu kəşf edir. O göstərirdi ki, əsas psixoloji qanun ondan ibarətdir ki, adamlar belə bir qayda olaraq gəlirlərin artımı ilə öz istehlaklarını yüksəldirlər, lakin gəlirlərin artımının ölçüsü səviyyəsində deyil, əmanətlərin artırılması meylinə imkan verən həcmdə yüksəldirlər.14

Yəni adamlar gəlirləri yüksəldikcə şəxsi istehlak tələbatını artırmaqla eyni zamanda daha çox əmanət şəklində yığılacaq investisiya tələbatlarının yüksəldilməsinə daha çox meyillidirlərsə, əmanətlərin artımı meyli adamların istehlakçıdan istehsalçıya çevrilmək imkanının genişləndirilməsinə imkan verir.

Aydındır ki, gəlirlərin artımı ilə tələb artır və istehlaka yönəldilən xərclər də yüksəlir. Lakin bu heç də o demək deyil ki, xərclərin artımı gəlirlərin artığı həcmində və məbləğdə yüksəlir. Halbuki, klassik məktəbin nümayəndələri, neoklassiklər göstərirdilər ki, məhsulun bütün dəyəri, bir başa və ya dolayı yolla yeni məhsulların alınmasına xərclənməlidir. Çünki adamların gəlirləri əmtəə və xidmətlərin alınmasına sərf edilir. Bu mövqeyi ciddi tənqid edən Keyns belə qənaətə gəlir ki, adamlar əldə etdiyi gəlirlərini heç də bütövlükdə əmtəə və xidmətlərin alınmasına sərf etmirlər. Pullarının bir hissəsini əmanət şəklində özlərində saxlayırlar.

Belə şəraitdə məcmu xərclər iki qismə ayrılır. Bir hissəməcmu gəlirlərin əmtəə və xidmətlərin alınmasına yönəltdiyi məbləği, digər hissə isə əmanət şəklində saxladığı məbləği əks etdirir. Deməli, gəlirlərin artımı ilə məcmu xərclərin artımı uyğun gələ bilər. Məcmu xərclərin artımındakı adamların meyli əmtəə və xidmətlərin alınmasına deyil, əmanətlərin yığılmasına yönəlir. Sxematik olaraq bunu aşağıdakı kimi göstərmək olar:



истещсал

ямтяя вя хидмят


эялирляр



мяъму хяръляр

яманятляр

инвестисийа


Keynsin gəldiyi fikirə görə istehlakın səviyyəsini müəyyən edən əsas amil gəlirlərdir. Əmanətlərin məbləği gəlirlərin məbləği ilə istehlakın səviyyəsi arasındakı fərqdən ibarətdir. Əmanətin həcmini əmtəə və xidmətlər olan məbləğ tənzimləyir. Lakin Keyns nəzəriyyəsinə qədər belə hesab edilirdi ki, istər əmanətlərin, istərsə də ümumi kapital yığımının səviyyəsini faiz norması müəyyən edir.

Pul kütləsi nəinki qiymətin səviyyəsinə təsir göstərir, eyni zamanda işgüzarlıq aktivliyinə ciddi təsir göstərməklə həm gəlirlərin həcminin, həm də tələbin dinamikasını müəyyən edir. Bu prinsipə əsaslanan Keyns belə qənaətə gəlir ki, ümumiyyətlə, iqtisadi inkişaf üçün nağd şəkildə olan pul ehtiyatı olmalıdır.

Pul tələbinin mövcudluğu şəraitində Keyns onun daha çox likvidliyə və yaxud "xərclənmə üstünlüyünə" malik olmasını əsaslandırırdı. Bununla da, faiz dərəcəsi ilə bağlı olmayan bir sıra amillərin rolunu göstərdi. Xüsusən istehlak və gəlir arasındakı əlaqə şəraitində pul gəlirlərinin həm sərbəst şəkildə, həm də əmtəə və xidmətlərin alınmasına görə xərclənməsi, həm də ehtiyat kimi əmanətlər formasında yığılmasını şərh edən Keyns sübut edirdi ki, cəmiyyətin həyatında pul kütləsinin fəaliyyətinin özünəməxsus spesifik xüsusiyyətləri mövcuddur.

Şəxsi istehlak üçün istifadə olunan vəsaitlər gəlirlərin artımı ilə yüksəlir. Qeyd etdiyimiz kimi, onlar gəlirlərin yüksəldiyi nisbətdə artmır.

Keynsin göstərdiyi kimi buna səbəb "əsas psixoloji qanun"un fəaliyyət göstərməsidir. Belə ki, gəlirlərin yüksəlməsi, sərvətin artması ilə adamların şəxsi istehlaka olan meyli azalır. Adamların belə davranışı onların əmanətlərə olan meyllərini yüksəldir.

İstehlak səviyyəsinin (s), gəlirlərin həcminə (ü) olan nisbəti Keyns, özünün məşhur əsərində (s/ü) istehlak yekunu adlandırır. İstehlak səviyyəsinin artımını (s), gəlirlərin artımına (ü) olan nisbəti (s/ü) istehlakın son yönümü adlandırır.

"Son" yönümü adlandırmaqda məqsəd ondan ibarətdir ki, əlavə gəlir kimi görünən onun artım səviyyəsinin istehlaka və əmanətə gedən hissələrinin bölgüsünün göstərilməsidir.

"Yönüm" və ya "meyl" ona görə adlanır ki, şəxsi istehlakın artımının ləngidilməsi və əmanətə olan meylin artması şəxsin özünün fərdi subyektiv davranışından irəli gəlir. Subyektiv xarakterli istehlak yönümü məcmu şəkildə onu sabit vəziyyətə salır.

Bu əsasdan cəmiyyətdə belə iqtisadi psixoloji vəziyyət əmələ gəlir ki, gəlirlərin yüksəlməsi ilə onlar öz istehlaklarını artırırlar, lakin bu artımın ölçüsü fərqlənir. Nə qədər gəlirlər sürətlə yüksəlsə, adamlar şəxsi istehlaka yönəltdikləri hissəni azaldırlar, lakin əmanətlərə gedən hissəsini yüksəldirlər. Bu proses cəmiyyətin hakim əsas psixoloji qanunu kimi hal alır.

Adamların öz şəxsi istehlaklarının ödənilməsinə olan meyli o vaxt güclənir ki, onun və ailə üzvlərinin təxirəsalınmaz tələbatları meydana gəlir. Belə tələbatlar ödənildikcə tədricən bu meyl azalır ki, bu da əldə olunan gəlirlərin bir hissəsinin əmanət şəklində yığıma yönəldir. Deməli, bu prosesin daimi xarakteri o vaxt mövcud ola bilər ki, rifah halı və yaxud yaşayış səviyyəsi müəyyən həddə çatmış olsun.

Məhz bununla əlaqədar olaraq Keyns nəzəri-metodoloji mövqeyi baxımından əsaslandırdı ki, "cəmiyyətin psixologiyası" heç də iqtisadi qanunlardan az əhəmiyyətə malik deyildir. Ona görə də Keyns birmənalı qeyd edirdi ki, dövlət xadimlərini klassik siyasi iqtisad ruhunda tərbiyə etmək heç də onları sərvətin artırılması yolunda hər hansı yaxşı bir yolun göstərilməsi deyildir. Əksinə onlara iqtisadi proseslərin iştirakçılarının psixoloji yönümünü göstərməklə, eləcə də məşğulluğun genişləndirilməsinin investisiyadan asılı olduğu qanununu sübuta yetirməklə, cəmiyyətin sabit inkişafa nail olmağın yolunu göstərmək olar.



Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2019
ma'muriyatiga murojaat qiling

    Bosh sahifa