4.15. Mühafizələrin işləməsində imtinalar yarandıqda və ya aşağıdakı hallarda enerji bloku heyət tərəfindən dərhal işdən saxlanılmalıdır:
a) monoblokda qazan və ya cüt (qoşa)-blokda hər iki qazan dayandıqda;
b) bu qaydaların 3.29 bəndində göstərilən zədələnmələrlə və ya iş rejiminin təhlükəli pozulması ilə əlaqədar turbin işdən açıldıqda (təzə buxarın və ya aralıq qızdırıcıdan sonrakı buxarın temperaturunun yolverilməz dərəcədə aşağı düşməsi hallarından başqa);
c) daxili zədələnmə nəticəsində blokun generatoru və ya transformatoru işdən açıldıqda;
ç) bütün bəsləyici nasoslar işdən açıldıqda;
d) bəsləyici boru kəmərlərində, buxar kəmərlərində, deaeratorun gövdəsində ikitərəfli çatlar və ya qırılma əmələ gəldikdə;
e) məsafədən və avtomatik idarəetmə quruluşlarında və ya enerji blokunun bütün NÖC-də gərginlik itdikdə;
ə) heyətə, avadanlığa və ya enerji bloku avadanlığının mühafizə sxeminə aid olan bağlayıcı armaturların məsafədən idarəetmə dövrələri üçün təhlükə törədən yanğın baş verdikdə.
4.16. Enerji blokunun işə salınması və işdən saxlanılmasına blokun böyük maşinisti, əsaslı və orta təmirdən sonra isə qazan sexinin rəisi və ya onun müavini rəhbərlik etməlidir.
4.17. Fəaliyyətdə olan enerji bloklarının layihə üzrə işəsalınma sxemlərinin dəyişdirilməsinə aşağıdakı hallarda yol verilir:
-
avadanlığın istehsalçı zavodlar ilə razılaşdırılmış yeni işəsalınma sxemlərinin və rejimlərinin məqsədyönlü sınaqları üçün;
-
işəsalınma sxemlərini təkmilləşdirərkən onları tipik işəsalınma sxeminə uyğunlaşdırmaq və ya istismar keyfiyyətinin yüksəldilməsi məqsədilə.
Enerji bloklarının işəsalınma sxemlərinin təkmilləşdirilməsi və dəyişdirilməsinin həcmi və qaydası enerjisistem ilə razılaşdırılmalıdır.
5. Qaz-turbin qurğuları
(müstəqil və BQQ tərkibində işləyənlər)
5.1. QTQ-nin istismarı zamanı aşağıdakılar təmin edilməlidir:
-
qüvvədə olan dövlət standartlarının, texniki şərtlərin müddəaları;
-
dispetçer yük qrafikinə əməl olunmaqla əsas və köməkçi avadanlıqların etibarlı və qənaətli işi;
-
əsas və köməkçi avadanlıqların qənaətli işinin normative göstəriciləri.
5.2. QTQ-nin tənzimlənmə sistemi aşağıdakı tələbləri ödəməlidir:
-
verilmiş elektrik yükünü dayanıqlı saxlamalı;
-
rotorun nominal fırlanma tezliyində QTQ-ni yüksüz iş rejimində saxlamalı;
-
işəsalınma və dayandırma rejimlərində QTQ-nin etibarlı işini həmçinin, qəza hallarında aqreqatın dayandırılmasını təmin etməli;
-
yük dəyişildikdə QTQ-nin iş rejiminin rəvan dəyişilməsini təmin etməli;
-
maksimal yük ani vaxtda sıfıra qədər atıldıqda rotorun təhlükəsizlik avtomatının işəqoşulmasına səbəb olmayan fırlanma tezliyini saxlamalı (müstəqil güc turbini olan QTQ üçün yükün qiyməti texniki şərtlərdə göstərilir);
-
turbinin (turbinlərin) qarşısında qazın temperaturunu tələb olunan səviyyədə saxlamalı və onun qəza mühafizəsinin işə qoşulma həddinə qədər qalxmasına yol verməməli;
-
qazın temperaturunun məhdudlaşdırma sisteminin qeyri-həssaslılığı 100C-dən çox olmamalı;
-
kompressorların pompajsız işini təmin etməli;
-
generator valının fırlanma tezliyinin tənzimlənməsinin statik qeyri-müntəzəmlik dərəcəsi nominalın 4-5%-i həddində olmalı (konkret ölçülü QTQ-nin istismar şəraitinin yaxşılaşdırılması üçün qeyri-müntəzəmlik dərəcəsinin mümkün olan yüksəlməsi texniki şərtlərdə göstərilməlidir; statik qeyri-müntəzəmliyin minimal yerli dərəcəsi 2%-dən aşağı olmamalıdır);
-
hər hansı yükdə qeyri-həssaslılıq dərəcəsi nominal fırlanma tezliyinin 0,2%-dən artıq olmamalı.
Fırlanma tezliyinin normaldan fərqləndiyi hallarda QTQ-nin işləməsinin mümkünlüyü və müddəti QTQ-yə olan texniki şərtlərlə nizamlanmalıdır.
5.3. Tənzimləmə və mühafizə sistemlərində istifadə olunan temperatur impulsu, tüstü qazı yolunun səciyyəvi en kəsiyində quraşdırılan və temperaturun həqiqi qiymətini təyin edən kiçik ətalətli vericilərlə (termoelektrik pirometrlərlə və ya lazımi hallarda dinamik korreksiyalı digər ölçü vasitələri ilə) verilməlidir.
5.4. Hər bir yanma pilləsindən sonra qazların temperaturunun yolverilməz yüksəlməsinə qarşı mühafizə qurğularının işə qoşulması QTQ-nin texniki şərtlərində göstərilən temperatura sazlanmalıdır.
5.5. Təhlükəsizlik avtomatlarının işləməsi rotorun fırlanma tezliyinin nominaldan 10-12% yuxarı qalxmasına və ya QTQ-nin texniki şərtlərində göstərilmiş qiymətə qədər tənzimlənməlidir.
5.6. QTQ-nin istismarı zamanı havaötürücü qurğulara kənar tullantıların düşməsini istisna edən və kompressora sorulan havada tozlaşmanın azalmasını təmin edən tədbirlər (boş meydançalarda ot əkilməsi, xiyabanların salınması, suvarma vasitələrinin quraşdırılması və s.) yerinə yetirilməlidir.
5.7. Hava təmizləmə sistemi, QTQ kompressorunu qalıq orta illik tozluğu 0,3 mq/m3-dan artıq olmayan hava ilə təmin etməli və bu zaman havada 20 mkm-dən artıq ölçülü hissəciklərə malik tozun qatılığı 0,03 mq/m3-dan artıq olmamalıdır. Qısa müddətdə (yüksək toz dövründə), lakin ildə 100 saatdan çox olmayaraq ölçüsü 30 mkm-dən xırda hissəcikli tozun havada 5 mq/m3-dək qatılığına yol verilir. İstismar zamanı hava süzgəclərinin vəziyyətinə müntəzəm nəzarət edilməlidir. Onlardan, yağın və ya digər materialların QTQ-nin sovurma yoluna düşməsinə yol verilmir. Ayda 2 dəfədən az olmayaraq hava süzgəclərinə baxış keçirilməli və onlar toz və şlamdan təmizlənməlidir (əgər QTQ bazis rejimində işləyərsə, onda onun ən yaxın plan üzrə dayanması zamanı).
5.8. Havanın süzgəcdən keçirilmə sistemi, süzgəclərdə buraxıla bilən təzyiq düşküsü artdıqda və ya süzgəclərin kameralarında izafi təzyiq yarandıqda avtomatik açılan, ikitərəfli hərəkət edən baypas klapanları ilə təchiz olunmalıdır.
5.9. Hava süzgəclərinin və kompressorların axma hissələrinin buzlanmasına yol verilmir. Lazımi hallarda QTQ-nin havaötürücü yolları buzlanmanın qarşısını alan qurğularla təchiz edilməlidir.
5.10. QTQ-dən sonra qaz traktları (yolları) çıxan işlənmiş qazların tərkibində olan metanın, karbon monooksidin, azot oksidlərinin, oksigenin və karbon dioksidin ölçülməsi üçün qaz analizatorları ilə təchiz edilməlidir.
5.11. QTQ-nin dayandırıcı və tənzimləyici yanacaq klapanları kip olmalıdır. Klapanlar hər dəfə işəsalınmadan əvvəl tam gediş boyu və həmçinin təlimatda nəzərdə tutulan hallarda fasiləsiz iş rejimində hər gün gediş boyunun bir hissəsi qədər hərəkətdə olmalıdır.
QTQ-nin yanacaq klapanlarının kipliyə görə yoxlanışı, əsaslı və orta təmirdən sonra (reqlament üzrə) vizual baxış keçirilməklə və həmçinin QTQ-nin hər işə salınmasından qabaq tənzimləyici klapandan əvvəl yanacağın təzyiqinin olmamasına manometrlə nəzarət edilməklə yerinə yetirilməlidir.
5.12. Yağ kəmərlərində yağ soyuducularından əvvəl və sonra, ehtiyat və qəza yağ nasoslarının sovurma, təzyiq xətlərində və QTQ-nin yağ çənindən yağın qəza boşaldılması xəttində, generator valının kipləmə sxemində çıxarma süzgəclərdən əvvəl və sonra quraşdırılmış siyirtmə klapanlarının nazim çarxları işçi vəziyyətdə plomblanmalıdır.
5.13. QTQ generatorları elektrik mühərriki rejiminə keçdikdə, dərhal işdən açılmalıdır, bunun üçün generatorda əks-güc mühafizəsi qoyulmalıdır. Bu tələb, müstəqil güc turbinləri olan QTQ-yə şamil edilmir.
5.14. QTQ-nin hər hansı istilik vəziyyətindən işəsalınması və sinxronlaşdırılması avtomatik icra edilməlidir. Əgər müstəqil işəsalınma tələb olunmursa, yeni quraşdırılan birvallı QTQ-nin tezliyə görə işəsalınması tiristorlu işəsalma qurğusu ilə aparılmalıdr. QTQ-nin plan üzrə dayandırılması verilmiş proqram üzrə avtomatik aparılmalıdır.
5.15. QTQ-nin işə salınmasına - növbə rəisi, əsaslı və orta təmirdən, reqlament işlərindən sonra isə - enerji obyektinin rəhbərliyi tərəfindən təyin edilən şəxs rəhbərlik etməlidir.
5.16. 3 sutkadan artıq təmirə dayandıqdan sonra QTQ-nin işə salınmasından əvvəl əsas və köməkçi avadanlığın, nəzarət-ölçü cihazlarının, məsafədən və avtomatik idarəetmə vasitələrinin, texnoloji mühafizə, bloklama qurğularının, məlumat və operativ idarəetmə vasitələrinin sazlığı və işəqoşulmaya yararlı vəziyyətdə olması yoxlanmalıdır. Bu halda aşkar edilən nasazlıqlar aradan qaldırılmalıdır.
3 sutkadan artıq ehtiyatda dayandıqdan sonra QTQ-nin işəsalınmasından əvvəl aşağıdakılar yoxlanmalıdır: avadanlığın və NÖC-nın sazlığı və işə qoşulmaya yararlı vəziyyətdə olması, həmçinin məsafədən və avtomatik idarəetmə vasitələrinin, texnoloji mühafizə, bloklama qurğularının, köməkçi avadanlığın, yağ sisteminin, ehtiyat və qəza yağ nasoslarının, məlumat və operativ rabitə vasitələrinin iş qabiliyyəti; texnoloji mühafizə komandalarının bütün icra qurğularına verilməsi; dayanma zamanı təmir işləri aparılmış vasitə və avadanlıqların sazlığı və işəqoşulmaya yararlı vəziyyətdə olması. Bu halda aşkar edilən nasazlıqlar işəsalınmaya qədər aradan qaldırılmalıdır.
5.17. Aşağıdakı hallarda QTQ-nin işəsalınması qadağandır:
-
hər hansı bir mühafizənin nasazlığı və ya açılması zamanı;
-
tənzimləmə sistemində qazın buraxıla bilən temperaturunun artmasına və ya turbinin "qaçışı"na səbəb ola bilən qüsurlar olduqda;
-
yağ nasoslarından birinin və ya onları avtomatik işə qoşma sisteminin nasazlığı zamanı;
-
yanacağın və yağın keyfiyyəti normadan kənara çıxdıqda, həmçinin yanacağın (yağın) temperaturu və ya təzyiqi müəyyən edilmiş hədlərdən aşağı və ya yuxarı olduqda;
-
QTQ-nin istilik və ya mexaniki vəziyyətinin nəzarət göstəriciləri buraxıla bilən qiymətlərdən kənara çıxdıqda.
Qəza dayanmasından və ya əvvəlki baş tutmayan işəsalınmadan sonra, əgər bu imtinaların səbəbləri aradan qaldırılmamışdırsa, QTQ-nin işəsalınması qadağandır.
5.18. Yanma kameralarında yanacağı alışdırmazdan əvvəl rotoru işəsalma qurğusu ilə fırlatmaqla QTQ-nin yolları, maye yanacaqla işlədikdə – 2 dəqiqədən və qaz halında olan yanacaqla işlədikdə – 5 dəqiqədən az olmayaraq ventilyasiya olunmalıdır. QTQ-nin işəsalınması cəhdi baş tutmadığı halda onun yolları: maye yanacaqla işlədikdə – 4 dəqiqədən və qaz halında olan yanacaqla işlədikdə – 10 dəqiqədən az olmayaraq əvvəlcədən ventilyasiya olunmadan yanacağın alışdırılması qadağandır. Yolun (traktın) quruluşundan, yanacağın növündən və QTQ-nin tipindən asılı olaraq ventilyasiya müddəti istismar üzrə təlimatda göstərilməlidir.
5.19. İstiliyin buraxılması ilə QTQ-nin və ya BQQ-nin tərkibinə daxil olan qazan-utilizator və ya istilik mübadiləsi aparatları ilə birgə QTQ-nin qaz-hava traktının ventilyasiyası işəburaxılması zamanı yanacağın yandırılmasına qədər işə buraxılma qurğusu vasitəsilə onun rotorunun fırlanması zamanı QTQ-dən keçən havanın sərf olunması hesabına təmin edilməlidir.
5.20. İstiliyin buraxılması ilə QTQ-nin və BQQ-nin qaz-hava traktının ventilyasiyası üçün qaz turbine dayandıqdan sonra onun qaçışı hesabına ventilyasiya nəzərə alınmaqla, işəburaxılma qurğusunun köməyilə həyata keçirilən soyuq fırlanma rejimindən istifadə edilməlidir.
5.21. İstiliyin buraxılması ilə QTQ və qazan-utilizatorlar və ya istilik mübadiləsi aparatları olan BQQ-nin tərkibinə daxil olan qaz turbinlərinin işə buraxma qurğuları 5 dəqiqədən artıq olmayan müddətdə fasiləsiz ventilyasiya zamanı tüstü borularına qədər ventilyasiya olunan həcmlərin 6 dəfə havasının dəyişdirilməsini təmin etməlidir.
Qaz turbininin hər dəfə qeyri-müvəffəqiyyətli işə buraxılmasından sonra mövcud qaydaların 5.18 bəndinə əsasən qaz-hava traktının ventilyasiyası yerinə yetirilməlidir.
Qaz-hava traktının zəruri ventilyasiyası şərtlərinin yerinə yetirilməsini təmin etməyən işəburaxma qurğularına malik quruluşlar üfürmə ventilyatorlarla təchiz edilməlidir.
Traktın quraşdırılmasından, yanacağın növündən və QTQ-nin tipindən asılı olaraq ventilyasiyanın konkret davamiyyət müddəti istismar üzrə təlimatda göstəriləmlidir.
5.22. Aşağıdakı hallarda QTQ-də işəsalma əməliyyatı mühafizələrin işləməsilə və ya heyət tərəfindən dərhal saxlanılmalıdır:
a) işəsalma əməliyyatlarının müəyyən olunmuş ardıcıllığı pozulduqda;
b) qazların temperaturu, işəsalma qrafikində nəzərdə tutulmuş temperatura nisbətən çox artdıqda;
c) işəsalma qurğusunun yükü buraxıla bilən həddən yuxarı olduqda;
ç) işəsalma qurğusu işdən açıldıqdan sonra, işəsalınan valın fırlanma tezliyi təlimatda nəzərdə tutulandan aşağı olduqda;
d) QTQ kompressorlarında pompaj hadisəsi əmələ gəldikdə.
5.23. Aşağıdakı hallarda QTQ mühafizələrin işləməsilə və ya heyət tərəfindən dərhal işdən açılmalıdır:
a) turbinin (turbinlərin) qabağında qazların temperaturu yolverilməz həddə qalxdıqda;
b) rotorun fırlanma tezliyi buraxıla bilən həddən artıq olduqda;
c) yüksək təzyiqli yağ və yanacaq kəmərlərində qırılma və ya çatlar aşkar olunduqda;
ç) turbin və kompressor rotorlarının yolverilməz oxboyu sürüşmələrində və nisbi yerdəyişmələrində;
d) yağlama sistemində yağın təzyiqi və ya yağ çənində səviyyə yolverilməz dərəcədə aşağı olduqda və həmçinin hər hansı yastıqdan çıxan yağın temperaturu və ya dayaq yastığının hər hansı qəlibinin temperaturu həddən artıq qalxdıqda;
e) QTQ-nin turbomaşını və aparatlarının içərisində metal səsi (xırçıltı, taqqıltı) və qeyri-adi səs eşidildikdə;
ə) yastıq dayaqlarında titrəyiş 5.30 bəndində göstərilən buraxıla bilən qiymətlərdən yuxarı olduqda;
f) turbomaşın və ya generator yastıqlarından və ya kənar kipləmələrindən qığılcım və ya tüstü çıxdıqda;
g) yağın və ya yanacağın alovlanması və əldə olan vasitələrlə yanğının dərhal ləğv edilməsi mümkün olmadıqda;
ğ) yanma kameralarında və ya qaz yollarında partlayış (partıltı) olduqda;
h) yanma kamerasında məşəl söndükdə, maye və ya qaz halında olan yanacağın təzyiqi yolverilməz dərəcədə azaldıqda;
x) tənzimləmə və avtomatlaşdırma qurğularında və ya bütün NÖC-də gərginlik itdikdə;
ı) daxili zədələnmə nəticəsində turbogenerator açıldıqda;
i) kompressorlarda pompaj əmələ gəldikdə və ya bu həddə yolverilməz dərəcədə yaxınlaşma halında;
j) kompressorlardan sonra havanın təzyiqi yolverilməz dərəcədə dəyişdikdə;
k) turbogeneratorun kontakt halqalarında dairəvi alov yarandıqda;
q) istənilən QTQ bölməsində qazlaşma əmələ gəldikdə;
l) QTQ-nın örtüyü altına havanın verilməsini təmin edən bütün ventilyatorlar açıldıqda;
m) turbinin və ya onun nəzarətinin bütün avadanlıqlarının idarə edilməsini qeyri-mümkün edən TPAİS texniki-proqram kompleksinin imtinası zamanı.
QTQ-nin işdən açılması ilə eyni vaxtda mühafizələrin işləməsilə və ya heyət tərəfindən turbogenerator da işdən açılmalıdır.
5.24. Elektrik stansiyasının texniki rəhbərinin qərarı ilə aşağıdakı hallarda qaz-turbin qurğusundan yük çıxarılmalı və o dayandırılmalıdır:
a) normal istismar rejiminin və ya köməkçi avadanlığın normal işinin pozulması barədə xəbərdarlıq siqnalı verildikdə (əgər avadanlığı saxlamadan pozuntunun səbəblərini aradan qaldırmaq mümkün deyilsə);
b) dayandırıcı, tənzimləyici və pompaja qarşı klapanlar ilişdikdə;
c) turbinlərin gövdələrinin, yanma kameraları və keçid boru kəmərlərinin xarici səthlərinin temperaturu yolverilməz dərəcədə qalxdıqda (əgər QTQ-nin iş rejimini dəyişməklə həmin temperaturu aşağı salmaq mümkün deyilsə);
ç) qazların ölçülən temperaturlarının qeyri-müntəzəmliliyi yolverilməz dərəcədə artdıqda;
d) yüksək təzyiqli kompressorların qarşısında hava temperaturunun yolverilməz dərəcədə artması və həmçinin normal su təchizatının pozulması hallarında;
e) ayrı-ayrı mühafizələrin və operativ nəzarət-ölçü cihazlarının nasazlığı hallarında.
5.25. Regeneratorlarda və ya şəbəkə suyunun qızdırıcılarında çöküntülər yanmağa başlayan zaman, əgər QTQ parametrlərinin təhlükəli dəyişməsi baş vermirsə, onda qurğu, istilik mübadiləsi səthlərinin soyudulmasını təmin etmək üçün işdə saxlanılmalıdır. Dayandırılan QTQ-də çöküntülər yandıqda yanğına qarşı qurğular işə qoşulmalıdır.
5.26. QTQ işdən açıldıqdan sonra traktların effektiv ventilyasiyası təmin edilməli və nəzərdə tutulmuş yerlərdə yanacaq kollektorları və forsunkalar (odluqlar) hava və ya təsirsiz qazla üfürülməlidir. Ventilyasiya qurtarandan sonra sovurma və (və ya) çıxış traktları bağlanmalıdır. QTQ soyuyanda, ventilyasiyanın və rotorun fırlanma müddəti və dövriliyi istismar təlimatında göstərilməlidir.
5.27. Elektrik stansiyalarında QTQ-yə texniki xidmətin reqlamenti və reqlament işlərinin aparılmasının texnologiyası və dövriliyi müəyyənləşdirilməlidir.
5.28. Texniki xidmətin reqlamenti aşağıdakıları nəzərə almalıdır:
-
turbomaşınları və aparatları sökmədən axınlı hissəsinin istismar üzrə təlimatda göstərilmiş yerlərində, xüsusi optik və ya lifli-optik cihazlardan istifadə olunmaqla vizual diaqnostikasının aparılmasını (əgər zavod təlimatında bu nəzərə alınmışdırsa);
-
turbomaşınları və aparatları sökmədən, texniki yuyucu vasitə və yumşaq abraziv maddələrdən istifadə edilməklə QTQ-nin axma hissələrindən çöküntülərin dövri olaraq çıxarılmasını;
-
hava və qazın əsas parametrlərinin, yanacağın təzyiqinin və işəsalma qurğusunun yükünün işəsalınmanın hesablanmış qrafikinə uyğunluğunu yoxlamaqla QTQ-nin nəzarət avtomatik işəsalınması da daxil olmaqla, QTQ-nin mühafizə və avtomatik idarəetmə sisteminin işinin yoxlanılmasını;
-
yanacaq forsunkalarının kipliyinə, məhsuldarlığına və onların çıxışında yanacağın çilənməsinin açılma bucağına baxış keçirilməsini və yoxlanılmasını;
-
ehtiyat və qəza yağ nasoslarının və avtomatik işə qoşma qurğularının yoxlanılmasını;
-
trakt, klapan, şiber və armaturların kipliyinin yoxlanılmasını;
-
yanacaq nasoslarına və texniki su təchizatı nasoslarına baxışın keçirilməsini və onların yoxlanılmasını;
-
yağ, yanacaq və su süzgəclərinə baxış və onların tənzimlənməsini;
-
maşın zalında (içində), elektrik stansiyası ərazisində və onun ətrafında səs-küyün batırılmasının effektivliyinin yoxlanılması və bərpasını;
-
çıxan qazlarda atmosferi çirkləndirən tullantıların qatılığını məhdudlaşdıran avadanlığın effektivliyinin yoxlanılmasını.
5.29. İstismar prosesində müşahidələr və cihazların göstəriciləri əsasında, aşağıdakıların təhlili daxil olmaqla, parametr və titrəmə diaqnostikası aparılmalıdır:
-
QTQ gücünün hesabat və normativ güclərə uyğunluğu;
-
kompressorların çirklənmə dərəcəsi və dayanıqlıq ehtiyatları;
-
istilik mübadiləsi aparatlarının effektivliyi;
-
turbinin giriş və ya çıxışında qazların ölçülən temperaturlarının qeyri-müntəzəmliyi;
-
yanacağın və havanın (qazların) təzyiqi və temperaturu;
-
turbinlərin, kompressorların, generatorların və təsirləndiricilərin titrəyişi;
-
hesabat və normativ iqtisadi göstəricilərin uyğunluğu.
Müşahidə edilən parametrlərin pasportdakı parametrlərdən fərqlənməsinin hədd qiymətləri, istehsalçı zavodun təyin etdiyindən və ya texniki şərtlərdə göstəriləndən artıq olmamalıdır.
5.30. QTQ-nin tənzimlənməsinin və fırlanma tezliyinin artmasınadan mühafizə sisteminin bütün yoxlanışı və sınağı istehsalçı zavodların təlimatlarına müvafiq aparılmalıdır.
5.31. Turbinlərdə qazın temperaturunun qalxmasına qarşı mühafizənin iş fəaliyyəti 4 ayda 1 dəfədən az olmayaraq yoxlanılmalıdır.
5.32. Generatoru şəbəkədən açacaq yükü ani atmaqla QTQ-nin tənzimləmə sisteminin işinin yoxlanılması aşağıdakı hallarda aparılmalıdır:
-
quraşdırılandan sonra QTQ-ni istismara qəbul edərkən;
-
QTQ-nin dinamik xarakteristikalarını və ya tənzimləmə sisteminin statik və dinamik xarakteristikalarını dəyişən yenidənqurma işlərindən sonra;
-
istismar prosesində və ya təmir zamanı (aşkar olunan nöqsanların ləğvindən sonra) tənzimləmənin statik və dinamik xarakteristikalarında mühüm dəyişikliklər aşkar olunduqda.
5.33. Fasilələrlə işləyən QTQ-lər işəsalınmaya daim hazır vəziyyətdə olmalıdır. Əgər onların işə qoşulması tələb olunmursa, belə QTQ avadanlıqlarının və sistemlərinin sazlığı növbədə 1 dəfə yoxlanılmalı, aqreqatı yükləməklə nəzarət avtomatik işə qoşulmalar isə ayda 1 dəfədən az olmayaraq aparılmalıdır.
5.34. QTQ-nin istismarında turbinlərin, kompressorların, generatorun və təsirləndiricinin yastıq dayaqlarının titrəyiş sürətinin orta kvadratik qiyməti 4,5 mm∙san-1-dən artıq olmamalıdır.
Titrəyiş qiyməti normativdən artıq olduğu hallarda, onun aşağı salınması üçün 30 sutkadan artıq olmayan müddətə tədbirlər görülməlidir.
Titrəyişi 7,1 mm∙san-1-dən artıq olan QTQ-nin 7 sutkadan artıq işlədilməsi qadağandır. Titrəyiş 11,2 mm∙san-1 olduqda isə QTQ, mühafizə sistemi ilə və ya əl ilə işdən açılmalıdır.
Qərarlaşmış rejimdə bir rotorun iki dayağında və ya yanaşı dayaqlarda titrəyiş, ya da bir dayağın titrəyişinin iki tərkib hissəsi hər hansı ilk səviyyədən eyni vaxtda qəflətən 1 mm∙san-1 və bundan artıq dəyişdikdə QTQ dərhal saxlanılmalıdır.
Yastıqların dayaqlarından birində 1-3 sutka ərzində, titrəyişin hər hansı bir tərkib hissəsinin rəvan artması 2 mm∙san-1 olduqda QTQ-dən yük çıxarılmalı və o işdən saxlanılmalıdır.
5.35. QTQ-nin hər valı üçün rotorun normal qaçış müddəti və valçevirən qurğunun mühərrikinin elektrik cərəyanı şiddətinin nominal qiyməti müəyyənləşdirilməlidir. QTQ-nin hər dayanmasında rotorun qaçış müddəti və cərəyan şiddəti ölçülməli və "gündəlik cədvəl" də qeyd olunmalıdır. Qaçış müddəti və ya elektrik cərəyanının şiddəti normadan kənara çıxdıqda və həmçinin kənar səs-küy əmələ gəldikdə, bunların səbəbi araşdırılmalı və ləğvi üçün tədbir görülməlidir.
5.36. QTQ-ni uzunmüddətli ehtiyata çıxardıqda onun konservasiyası üçün tədbirlər görülməlidir. Konservasiya üçün tələb olunan dayanma müddəti, konrservasiya edilməli qovşaqların siyahısı və onun aparılmasının texnologiyası QTQ-nin texniki şərtlərində göstərilməlidir.
5.37. Orta və əsaslı təmirlərin dövriliyi avadanlığın faktiki vəziyyətini nəzərə almaqla, QTQ-nin rejimindən və işləmə müddətindən, işəsalınmaların sayından və istifadə olunan yanacaqdan asılı olaraq, texniki şərtlərə müvafiq müəyyənləşdirilməlidir.
5.38. İstiliyn buraxılması ilə QTQ və BQQ-nin istilik sınaqları aparılmalıdır:
-
faktiki göstəriciləri alınması nə normative xarakteristikaların tərtib edilməsi üçün yenidən quraşdırılan avadanlıqda;
-
normative xarakteristikalara uyğunluğun təsdiiq edilməsi üçün vaxtaşırı istismar prosesində (3-4 ildə 1 dəfədən az olmayaraq).
6. Texnoloji proseslərin idarəetmə sistemləri
6.1. Texnoloji proseslərin idarəetmə sistemlərinin, o cümlədən avtomatlaşdırılmış sistemlərin (TPAİS) istismarı zamanı aşağıdakılar təmin edilməlidir:
-
energetik avadanlığın vəziyyətinə nəzarət;
-
texnoloji proseslərin avtomatik tənzimlənməsi;
-
texnoloji avadanlığın avtomatik mühafizəsi;
-
verilmiş alqoritmlərlə avadanlığın avtomatik idarə edilməsi (məntiqi idarəetmə);
-
texnoloji və qəza siqnalvermələr;
-
bağlayıcı və tənzimləyici armaturların məsafədən idarə edilməsi.
İdarəetmə sistemlərinin texniki cəhətdən yerinə yetirilməsi həm müstəqil texniki vasitələrin (NÖÇ, avtomatik tənzimləyicilər, komprekt texnoloji mühafizə qurğuları və s.), həm də TP AİS köməyi ilə həyata keçirilir.
Ölçü vasitələri, avtomatik tənzimləyici, siqnalvermə və texnoloji mühafizə, məntiqi və məsafədən idarəetmə, texniki diaqnostika vasitələri və nəzarətin texniki - proqram kompleksləri və informasiya təqdimediciləri texnoloji avadanlığın işə qoşulmuş vəziyyətində daim işdə olmalı (layihə həcmində) və işin keyfiyyətini və verilmiş funksiyaların yerinə yetirilməsini təmin etməlidir.
Təmir, sınaq və digər işlərin aparılması üçün idarəetmə sistemi qurğularının işdən çıxarılması mövcud Qaydaların «Operativ-dispetçer idarəetmə» bölməsinin 4.2 bəndinə uyğun yerinə yetirilməlidir.
Do'stlaringiz bilan baham: |