Key words: Azerbaijan, Garagalpag, motif, plot, image, Dede Gorgud, similarity
Шабнам Мамедли
СХОЖЕСТЬ МОТИВОВ, СЮЖЕТОВ И ОБРАЗОВ В АЗЕРБАЙДЖАНСКИХ И КАРАКАЛПАКСКИХ ДАСТАНАХ
/На материале эпоса «Китаби-Деде Коркут»/
Резюме
В представленной статье в сравнительно-сопоставительном плане изучаются мотивы, сюжеты и образы эпоса «Китаби-Деде Коркут», нашедшие свое выражение в общей линии легенд и преданий о Деде Коркуде. Эта схожесть в первую очередь связана с общностью исторической, этнической и генетической судьбы тюрков-огузов и тюрков-кыпчагов, долгое время живших в едином географическом пространстве.
Ключевые слова: Азербайджан, каракалпак, мотив, сюжет, образ, Деде Коркут, схожесть.
Şəbnəm Hüseynova
AMEA Folklor İnstitutu, doktorant,
shebnem.vagif@mail.ru
“DƏDƏ QORQUD”DA QISIRCA YENGƏ VƏ BOĞAZCA FATMA SURƏTLƏRİ DASTANLARIMIZDAKI QARI OBRAZLARI KONTEKSTİNDƏ
Özət
“Kitabi-Dədə Qorqud” eposu surətlər aləminin zənginliyi ilə digər dastanlardan seçilir. Burada kişi surətləri ilə yanaşı fərqli qadın surətləri də çoxluq təşkil edir. Məqalədə Qısırca Yengə və Boğazca Fatma obrazlarından danışılır. Bu obrazlar dastanlarımızdakı digər qarı obrazları kontekstində təhlil olunur. Qısırca Yengə və Boğazca Fatmanın dayə funksiyası araşdırılır, digər dastanlardakı dayə qarılarla müqayisəsi aparılır.
Açar sözlər: Dədə Qorqud, Boğazca Fatma, Qısırca Yengə, epos, dayə, qarı, gülüş
“Kitabi-Dədə Qorqud” eposu xalq yaradıcılığının hər zaman aktual olan misilsiz nümunəsidir. Xalqın tarixini, məişətini, mədəniyyətini, adət-ənənəsini, dinini, dilini özündə əks etdirən “Kitabi-Dədə Qorqud” elmi yaradıcılıq üçün həmişə zəngin mənbə rolunu oynayır.
Qırx oynaşlı Boğazca Fatma və Qısırca Yengə dastanda diqqət çəkən obrazlardandır. “Baybörənin oğlu Bamsı Beyrək boyu”nda meydana girən Qırx oynaşlı Boğazca Fatma, Qısırca Yengə obrazları nə döyüşkən qadın, nə də fədakar anadırlar. Onlar Banı Çiçəyin dayələridir. Dayə vəzifəsini yerinə yetirən qarıları biz digər dastanlarda da görürük. Yüzillərin təcrübəsi göstərir ki, qadın sosial, ictimai həyatda önəmli yer tutur və bu, dastanlarda, nağıllarda, mifoloji mətnlərdə, ümumiyyətlə, folklor nümunələrində daha çox nəzərə çarpır.
Dayə qarılar adətən şahzadə qızların yanında olurlar. Bu dayələr şahzadə qızları böyüdür, məsləhət verir, onlarla bağlı bütün hadisələrdən birinci xəbər tuturlar. Bu dayələrin bəzisi xeyirxah, bəzisi bədxah qarılardır.
“Dədə Qorqud”dakı Qısırca Yengə və Boğazca Fatma obrazlarının digər dastanlardakı qarılarla oxşar cəhətləri olduğu kimi fərqli cəhətləri də var.
“Bamsı Beyrək boyu”nda əvvəlcə Qısırca Yengəni Beyrəkdən keyik payı istəyərkən görürük. Elə əvvəldən məlum olur ki, Qısırca Yengə burada xidmətçidir. O, Baybicanın qızı Banıçiçəyin dayələrindəndir. Qısırca Yengə hər zaman Banıçiçəyin yanında olur, onun istəklərini yerinə yetirir. “Aşıq Qərib”, “Abdulla və Cahan xanım”, “Şah İsmayıl”, “Tahir və Zöhrə” və bir çox dastanlarda şahzadə qızların dayəsi olur.
“Aşıq Qərib” dastanında Rəsulun Tiflisdə rastlaşdığı qarı xanımının tapşırığını yerinə yetirir. Qarının dediyinə görə, Şahsənəm onu aylıqçı qoyub ki, şəhərə gələn qəriblərdən Şahsənəmə xəbər aparsın. “Dünyada ustadlar dilində iki cür qarı var – biri köpəyi qarı, biri ipəyi qarı. Bu qarı ipəyi qarılardandır (Azərbaycan dastanları, 2005, III cild:16). Burada qarı öz xanımına sadiqdir. Amma o, öz mənafeyini güdür. Hər dəfə qəriblərdən Şahsənəmə xəbər çatdıranda xələt alır. İpəyi qarı ilə yanaşı dastanda imansız qarı da var. Şahvələd nişan xonçalarını həmin imansız qarı ilə Şahsənəmə göndərir. İpəyi qarı Şahsənəmin, köpəyi qarı Şahvələdin “dayağıdır” (dayələr şəri təmsil edən obrazların köməkçiləridir (Azərbaycan dastanları, 2005, III cild: 64, ). Bu qarılara məxsus xüsusiyyətləri söyləyici çatdırırsa, “Bamsı Beyrək boyu”nda adi dayə kimi görünən Qısırca Yengənin xarakterik xüsusiyyəti Banıçiçəyin toyu günü açılır. Ozan qiyafəsində məclisə gələn Beyrək ərə “gedən qız qalxıb oynasın, mən qopuz çalım” – deyir. Məclisdəkilər Qısırca Yengəni Banıçiçək kimi təqdim edirlər. Lakin Beyrək Qısırca Yengəni tanıyıb, onu ifşa edir.
“And içmişəm qısır qısrağa bindiyim yoq.
Binibəni qazavata vardığım yoq.
Evinizin ardında sarvanlar.
Sana baqar onlar.
Buldır-buldır gözlərinin yaşı aqar” (Əlizadə, 2004: 73).
Qısırca Yengə geri çəkilir, Boğazca Fatma ortalığa girir. Lakin dəli ozan onu da tanıyır.
"Sənin adın Qırq oynaşlı Boğazca Fatma degilmiydi?” (Əlizadə, 2004: 73). Qısırca Yengə Banıçiçəyin adicə dayəsi yox, komik “dvoynik”idir (Kazımoğlu, 2006: 122). “Dədə Qorqud”da Boğazca Fatma və Qısırca Yengə obrazları komik vəziyyətlərə düşür, gülüş hədəfinə tuş gəlirlər. Lakin komiklik burada formadır. Məzmuna nəzər salanda ciddi tərəf, xaos görürük. Digər dastanlardakı dayələrin də gülməli və ciddi tərəfləri var.
“Heydər” dastanında Süsənbərin dayəsi, qarı məsləhət verir, ona çətin vəziyyətlərdə kömək olur. Lakin o da Qırx oynaşlı Boğazca Fatma kimi oynaş sevəndir, o da öz xanımının istəklisi ilə başbir olmaq arzusundadır. Buna görə də Süsənbərin yerini deməkdən boyun qaçırır.
Hər yetənə salma nəzər,
Bənövşə boyuma bənzər.
Oğlan, sən dediyin gözəl,
Süsən-sünbül dağındadır.
Heydər isə Süsənbər deyib dad eləyir:
Çox nəf görərsən Heydərdən,
Məni qurtar intizardan,
Bir xəbər ver Süsənbərdən
Yardan ötrü sərgərdanam (Azərbaycan dastanları. 2005, III cild:171).
Qarı bu işin baş tutmayacağını görüb, özünü tərifləməyə başlayır. Abırlı, həyalı dayə olduğunu sübut etməyə çalışır. Bu motiv “Seydi və Pəri” dastanında da var. Bayramxatun qarı bir şərtlə Pərinin tilsimli şüşədəki şəklini açmağa razılıq verir ki, Həsən Paşa bu qarını alsın. Hasan Paşa “aldım” deyəndən sonra “Qarı bir əfsun oxudu, şəkli şüşədən çıxardı” (Azərbaycan dastanları. 2005, II cild: 174). Lakin bu qarılardan fərqli olaraq, Qısırca Yengə, Boğazca Fatma Beyrəyi tanımır, onun sadəcə ozan olduğunu düşünürlər, ozanı aldatmağa çalışırlar. Professor Muxtar Kazımoğlu yazır ki, Boğazca Fatma qırx oynaşlı olduğu kimi, Qısırca Yengə də az aşın duzu deyil - onun ardınca sarvanların baxıb bıldır-bıldır göz yaşı axıtması hansısa hingilimdən, mazaxdan xəbər verir (Kazımoğlu, 2011:101). Qısırca Yengə, Qırx oynaşlı Boğazca Fatma nə qədər şəhvətpərəst olsalar da, onlar subaydırlar. Şəhvətpərəstlik qarıların mifoloji kökü ilə bağlıdır. Cəlal Bəydili yazır ki, seksual-erotik aktivlik bir motiv kimi dönəlgə obrazları, Ulu Ana kompleksindən qopma xtonik qadın obrazları və ya hami ruhlar üçün də xarakterikdir (Bəydili, 2003: 375). “Kitabi-Dədə Qorqud” dastanından nümunə gətirdiyimiz Qırx oynaşlı Boğazca Fatma kimi, “Koroğlu” dastanında Koroğlunun qarşılaşdığı qarı subaydır. Ümumiyyətlə, bütün folklor nümunələrində qarılar tək, ya bir qızı, ya da bir oğlu ilə yaşayır. Onların əri olmur, hətta onlardan söhbət belə açılmır. Y.V Propp da rus folklorunun mifoloji obrazı Baba Yaqa haqqında danışarkən göstərir ki, o, qarıdır, heç vaxt əri olmayan qarı (Propp, 1986: 75). “Məhəmməd və Güləndam” dastanındakı qarı sonsuz qarı olsa da, Qısırca Yengədən fərqli olaraq nəvəsi var (Azərbaycan dastanları. 2005, II cild: 323). Bu xüsusiyyət Şahravanı qarını Boğazca Fatmaya yaxınlaşdırır. Nəvəsinin olması Şahravanı qarının artım xüsusiyyətinə işarədir.
Qarıların onları mifoloji varlıq kimi tamamlayan xarakterləri, atributları olur. Bəzən isə qarıların adları onların xarakterindən xəbər verir. Məhz Qısırca, Boğazca ayamaları obrazın komik xarakterini açmağa xidmət edir. Bu ayamaların təsdiqini onların gülməli davranışlarında tapdığını yazan professor Muxtar Kazımoğlu həmin hərəkətlərə, onların dərələrdə neçə-neçə oyundan çıxmasına bir zarafat göstəricisi kimi baxmağı irəli sürür (Kazımoğlu, 2011: 102). Bu ayamalar məhz obrazları bir qəlibə salır. Özkul Çobanoğlu “Türk dünyası Epik Dastan Ənənəsi” kitabında yazır ki, dastan qəhrəmanının roman qəhrəmanı kimi daxili qarşıdurmalar və psixoloji böhranlar nəticəsində dəyişib fərqli xarakterə çevrilməsindən söz belə gedə bilməz. Odur ki, dastandakı digər obrazlar da daxil olmaqla şahmat fiqurları kimi qəlibləşirlər (Çobanoğlu, 2011: 100). Artıq qəlibləşən Qısırca Yengə, Boğazca Fatma situasiyanı özləri istədikləri kimi dəyişməyə cəhd edirlər. Burada situasiya qəhrəmanı yox, qəhrəman situasiyanı formalaşdırır (Abdulla, 2009: 146).
“Xeyiri təmsil edən” (Kazımoğlu, 2011: 106) bu obrazlar Banıçiçəyin qoruyucusudurlar (106). Onlar kələkbazlıqla öz xanımlarına “dayaq”dırlar. Belə ki, kələkbazlıqla məclisə daxil olan Beyrək kələkbazlıqla cavabını alır - Banıçiçəyin qaftanını geyinən “qarı”lar sıra ilə Banıçiçək adı ilə məclisə daxil olurlar. Prof. Kamran Əliyev yazır ki, qaftan tanınmağın əlamətidir ( Əliyev, 2011; 89). Qısırca Yengəni, Boğazca Fatmanı Beyrəyə nişan verən əlamətlərdən biri elə bu qaftandır. Professor Muxtar Kazımoğlu yazır ki, kələkbazlığın ən səciyyəvi göstəricisi libas dəyişmək, özünü gizlədib cilddən- cildə, dondan-dona girməkdir (Kazımoğlu, 2006, 212). Lakin komik duruma düşdüklərindən Qısırca Yengənin və Boğazca Fatmanın kələyi baş tutmur. Muxtar Kazımoğluna görə, hiyləgərlik dastan janrında komizmə zəmin yaradan əsas motivlərdən biridir (Kazımoğlu, 2006, 170).
Dastanlarda dayə funkisyasını yerinə yetirən digər qarılara nəzər salaq. “Tahir və Zöhrə” dastanında Zöhrənin dayəsi deyingən qarıdır. Tahir arvad qiyafəsində gələndə dayə qarı deyinə-deyinə Zöhrəyə yemək aparır. Burada dayə işindən narazıdır. O, özünə köməkçi axtarır. (Azərbaycan dastanları. 2005, I cild: 148). Zöhrənin dayəsi acgözdür. Zöhrə sirrini saxlamağından ötrü ona bir ovuc əşrəf versə də, qarı sirri Hatəm Soltana çatdırır. O, öz xanımına qarşı vəfasızdır. Odur ki, dayəsini yaxşı tanıyan Zöhrə onu “beiman” adlandırır.
Beiman getdi xəbərə,
Nə yatıbsan, Tahir Mirzə
Çəkəcəklər səni dara,
Nə yatıbsan, Tahir Mirzə (Azərbaycan dastanları. 2005, I cild: 154).
“Abdulla və Cahan xanım” dastanında (Azərbaycan dastanları. 2005, II cild: 212) Cahan xanımın dayəsi, Abdullanın isə lələsi olur. Bir dişi olmayan bu qarı nə zaman Cahan xanım gəzməyə çıxsa onunla çıxar, xanımını tək buraxmaz. Abdullanın lələsi də şahzadəsinin addığı hər addıma fikir verir, yol göstərir, lazım olanda məsləhətlərini verir. Qədəmnisə qarı sonda Lələyə aşiq olur, ona ərə gedir. Həm xanımın dayəsi, həm də Abdulla bəyin lələsi sevən cütlüyü birləşdirməyə çalışırlar.
Cahan xanımın dayəsi ilə deyişməsində bunu bir daha görürük:
Dərin dəryaya dolanlar,
Dərddən xəbərdar olanlar,
Cahanı oda salanlar,
Yarımdan xəbərin varmı?
Qədəmnisəyəm, taparam,
Sınıq könülləri yaparam,
Səndən bir müjdə qoparam,
Yəqin bil, gələcək oldu
(Azərbaycan dastanları. 2005, II cild: 222-223).
Bu cür qarı “Leyli və Məcnun “dastanında da var. Burada ona çuğul qarı deyirlər. Lakin Qeyslə Leylinin öpüşdüyünü Leylinin anasına imansız qarı xəbər verir (Azərbaycan dastanları. 2005, II cild: 258).
“Şah İsmayıl” dastanında da dayə xanımına sədaqətlidir. “Şah İsmayıl” dastanında kənizbaşı qarı ilə Şah İsmayılın deyişməsində kənizbaşının Gülzara bağlı olduğunu, 7 ildir ona xidmət etdiyini, gündə üç dəfə onun yeyib-yemədiyini yoxladığını, ondan ayrı qala bilmədiyini görürük (Azərbaycan dastanları. 2005, III cild:131). Əslində Qırx oynaşlı Boğazca Fatma, Qısırca Yengə də Banıçiçəyə sədaqətlidirlər. Boyda onların xəyanətlərini, Banıçiçəyə əks gedən hər hansı hərəkətlərini görmürük. Muxtar Kazımoğlu yazır ki, xeyiri təmsil edib Banıçiçəyin “komik nüsxə”sinə çevrilmək və Banıçiçəyi bədxahlıqdan qorumaq Qısırca Yengə və Boğazca Fatmanı yalançı adaxlı və arxaik parodiya nümunəsi saymağa əsas verir (Kazımoğlu, 2006; 126). Seyfəddin Rzasoy yazır ki, üç qadın Oğuz mifoloji dünya modelini təşkil edir. Boğazca Fatma kosmosun təmsilçisi olub, onun boğazca xüsusiyyəti çoxalma, artım, həyatın işarəsidir. Qısırca Yengə isə xaosun təmsilçisidir. Və onun qısırca xüsusiyyəti qısırlığın, sonsuzluğun və ölümün işarəsidir. Banuçiçək mərkəzin təmsilçisidir. O, əks qütbləri birləşdirir (Rzasoy, 2012: 177). Boğazca Fatmanın qırx oynaşlı olması da kosmosa işarədir. Əslində mifoloji strukturlardakı 40 dəqiq sayı deyil, saya gəlməz çoxluğu ifadə edir. Mifoloji görüşlərdə qırx düymənin açılıb-bağlanması ilə həyatın bu dünyada sonu göstərilir. Zamanın 40 kiçik mərhələsinin (40 günün) və məkanın 40 balaca hissəsinin (40 otağın) başa çatması ilə sirli aləmin yolu tapılır, eləcə də bir sıra problemlər həll olunur. (Qafarlı, 2013: 48-49). Professor Kamran Əliyev “Dədə Qorqud” eposunun mətnində müşahidə edilən və qətiyyən təsadüfi xarakter daşımayan rəqəmlərin müəyyən bir fikri işarələmiş olduğunu yazır (Əliyev, 2015).
“Dilsuz və Xəzangül” dastanında Boğazca Fatma, Qısırca Yengədən fərqli olaraq, Reyhan qarı Dilsuzun dayəsidir. Dilsuz ona ana deyərək müraciət edir. Qarı həmişə Dilsuzun itaətindədir. Dilsuz ona Xoşqədəm deyir (Azərbaycan dastanları. 2005, IV cild:18). Pürcahan qarı da Dilsuza kömək edir. Dilsuz qarşılaşdığı qarılara ana deyir.
“Mügüm şah” dastanında Gülsafa adlı qarı var ki, Gülşad xanımın xalasıdır. Bu qarı Gülşadın yanında yaşamasa da, onun qızı Gülşadla yaşayır. Məhz Gülsafa qarının köməyilə Mügüm şahla Gülşad xanım bir-birinə qovuşurlar. Burada dünyagörmüş qarılar (İmanquran qarı) qəhrəmana kömək edirlər (Azərbaycan dastanları. 2005, II cild, 193).
Dastanlarda qarılar heç də daim şahzadələrin yanında iştirak etmirlər. Onlar yeri gələndə xanların, şahzadələrin çağırışı ilə gəlib məsləhət verir, çətin vəziyyətlərdən çıxış yolu göstərirlər. “Şah Əbülfəz”, “Əsli və Kərəm” kimi dastanlarda qarılar xəstənin dərdini bilməyə, ona əlac etməyə çağırılırlar.
Nəticə olaraq qeyd edək ki, professor Kamran Əliyevin Dirsə xanın, Dəli Domrulun və Səyrəyin xanımlarına aid etdiyi “Bir neçəsinin isə adı deyilməsə belə həmin qadınların da eposun strukturundakı yeri və mövqeyi aydınca sezilir” (Əliyev, 2011; 70) fikrini Qısırca Yengə və Boğazca Fatmaya da aid etmək olar. Yalnız bir boyda qarışımıza çıxan Qısırca Yengə, Boğazca Fatma obrazları və digər dastanlarmızıdakı dayə qarı obrazlarından çıxış edərək deyə bilərik ki, dayə qarılar eyni zamanda, həm xeyirxah olub qəhrəmanın müsbət köməkçisi kimi çıxış edə bilər, həm də mənfi qəhrəmanın mənfi köməkçisinə çevrilə bilərlər. Qarı bəzən yaralara məlhəm ola bilər, bəzən isə cilddən-cildə girib maneəyə çevrilə bilərlər. Hər bir halda qarı hiyləgər, çoxbilmiş, yaşı bilinməyən varlıqdır. Dastanların heç birində dayələrin sonrakı vəziyyəti barədə xəbər olmur. Onlar yalnız lazım olan situasiyada meydana çıxırlar.
Do'stlaringiz bilan baham: |