"Uşun qoca oğlu Səgrəyin boyu" da səfər motivi ilə zəngin boylardan biri kimi diqqəti cəlb edir. Burada da iki subyektin, iki igidin eyni istiqamətdə düşmən elinə səfərini görürük. Yuxarıda qeyd etdiklərimizdən aydın olur ki, əksər hallarda eyni istiqamətdə səfərə yollanan igidlərdən biri əsir olan digər igidi (qardaş, ata, oğulu) xilas etmək niyyətindədir. Adından göründüyü kimi bu boyda öz igidliyini Oğuz elinə sübut etmək istəyən Səgrəkdir. Əgrəyin xaosa səfərinə və düşmən əlinə keçib qalada dustaq olmasına şərait yaradan detal, daha doğrusu səfərəçıxmada tələb olunan niyyət, məqsəd nədir?
1. Qazan xanın divanında yuxarı başda oturan Əyrəyə Tərsusamış adlı igidin: “Mərə Uşun qoca oğlı, bu oturan bəglər hər biri oturduğu yeri qılıncilə-ətməgilə alubdur. Mərə, sən başumı kəsdin, qanmı tökdün, acmı toyurdun, yalıncığımı tonatdın" (4, 158), − deməsi toxunur və o, yürüş etmək üçün Qazan xandan izn istəyir. Üç yüz nizəli seçmə igid Əyrəyin ətrafında cəmləşir və Şirokuz kənarından Göyçə dənizinədək sahəni çapıb talayır. Sonda Əlincə qalasına yaxınlaşdıqda tələyə düşərək altı yüz qara donlu kafirin hücumuna məruz qalıb əsir alınır. Demək, səfərə çıxmada niyyət baş kəsib, qan töküb ad qazanmaqdır. Epos mətninin süjet strukturundan da bəllidir ki, boylarda bu niyyətlə səfərə çıxan igid əksər hallarda əsir düşür və növbəti qəhrəmanın igidliyinin ifadəsi üçün yeni bir şərait yaradılır. Bu şərait səfər motivi ilə gerçəkləşir.
2. Növbəti igid, yəni dustaq olanı xilas edən qəhrəman isə əsir düşən igidin qan qohumu, yaxını olmalıdır. Bu missiyanı, əsasən, qardaş, ata, oğul və ya kürəkən yerinə yetirir. İkinci səfər Səyrəyin yoludur ki, motivin səciyyəvi xüsusiyyətlərini əks etdirir. Bundan sonra baş verənlər tipik epik mətn süjetindən irəli gələnlərdir.
Eposda yeganə boydur ki, qəhrəman igidlik göstərmədən öncə evləndirilir. Bu ritualın baş tutma məqsədi qəhrəmanın uzaq elə, düşmən torpaqlarına gedib çıxmaq arzusuna son qoymaqdır. Bu niyyət isə epos mətninə xarakterik deyil. "Ayağına ət tuşağı vurulan" (363), yəni evləndirilən Səyrək məqsədinə nail olmaq üçün elə həmin gün səfərə yollanır. "Üç gün gecə-gündüz at çapan yorğun igidin gözlərini yuxu basdı. Səyrək atın yüyənini biləyinə bağladı, yatıb yuxuya getdi"(365). Xaosa çatan qəhrəman düşmən sərhəddində 3 dəfə dərin yuxuya gedir. Bu yuxu onu kosmosdan daha da uzaqlaşdırır. Belə ki, onu xaotik məkana gətirən atıdırsa, xaos daxilində yenidən nizamsızlığa düşürən yuxudur. Yuxudan oyanma ilə ilk nizamsızlıq nizama düşür, o, kafir ordusunu məğlub edir. Həmin təkrarlanma üç dəfə davam edir. Kafirlər Oğuz igidini məhz öz əlilə öldürməyi düşünərək Səyrəyin üzərinə qardaşını göndərirlər. Epik plana əsasən, bu dəfə yuxudan ayılmayan igidin yanında qopuzu olur. Qopuzdan istifadə epik mətndə barışığa, sülhə işarədir. Bu isə bizim igid-ozan (aşıq) ikiləşməsini, qəhrəmanın aşığa tranform edilməsi fikrimizi bir daha təsdiq edir. Müqəddəs qopuza görə bir-birini tanıyan igidlər birləşərək öz hünərini düşmən üzərində göstərir.
Səfərin sonu Oğuz igidlərinin- iki qardaşın evlənməsi ilə yekunlaşır ki, bu da onların səfər zamanı yeni bir statusa keçməsindən xəbər verir.
Do'stlaringiz bilan baham: |