Döyüşdə qazanılan uğurlarla əlaqədar keçirilən şölənlər isə dövlətçilik baxımından daha çox əhəmiyyətli idi. Çünki, bu şölən həm dost, həm də düşmən dövlətlərin marağında olduğundan buradakı bütün hərəkətlərdə dövlətçiliyin simvol və ənənələri qorunmalı idi.
Tarixdən də məlum olduğu kimi döyüşdə qələbə qazanan bir çox xalqlar məğlub etdiyi xalqı öz köləsinə çevirir, malını talan edir, qız-gəlinə zülm edirdi. Amma türk tarixində və dastanlarında bələ alçaldıcı məqamlarla rastlaşmaq mümkün deyil. Çünki türk heç zaman basdığını kəsməyib, yıxılanı əzməyib, qız-gəlinə zor göstərməyib, heç kəsin malını yağma etməyib. Türk döyüşçüsü ancaq öz haqqını, torpaqlarını qorumaq üçün əlinə silah alıb. Bunun ən bariz nümunəsinə uzun müddət düşmən tapdağında qalan torpaqlarını azad etməyin qürurunu yaşayan Manasın öz əsgərlərinə etdiyi öyüddə rast gəlirik: «Göy bayraqlı igidlər! Göy tanrının övladları! Tekes xanın əsgərlərinə toxunmayın! Kalmık əsgərləri xalqımıza öz başına hücum etməmişlər. Bunların xalqını, malını, mülkünü talan etməyin! Əgər kim Kalmıkın, Tekesin xalqına pislik etsə, cəzası ölümdür!» («Manas»,1995: 70).
Bilgəc Bakayın nitqində də bu fakt öz təsdiqini tapır: «Yenmək, düşmanı öldürmək demək deyil. Xalqını qurtarmaq erkəyin işidir. Tanrı bunu hər kəsin alnına yazmayıb» («Manas»,1995: 78).
Göründüyü kimi nə qədər humanist, insani bir öyüd!
Ümumiyyətlə əhv etmək, bağışlamaq ən müdrik ağlın, nəcibliyin əlamətidir. Lakin yenilən zaman tülkü cildinə girən düşmənin sonradan ac canavar hərisliyi də unudulmamalıdır!
Nəticə
Beləliklə, qeyd etmək lazımdır ki, keçirilən bu şölənlərin hər hansı bir motivə əsaslanmasına baxmayaraq, incə məqamların unudulmaması göz önündədir. Belə ki, sölənlərin məram və məqsədi, həmçinin diapazonu da nəzərə alınmaqla öncədən etnoqrafik hazırlıqların: qonaqların ağırlanması üçün müvəqqəti yaşayış məkanlarının, yeyəcək və içəcəklərin təqdimində yüksək türk mədəniyyətinin sərgiləndiyinin şahidi oluruq. Bu şölənlərdə bütün maraqlar əldə edilən dostluqların, müttəfiqlərin, ittifaqların və s. qorunması və yenilərinin yaranması məqsədilə dostlarla yanaşı düşmən birliklərinin nümayəndələrinə qarşı da incə davranışların mövcudluğu Türk dövlətçiliyinin siyasi və ideoloji görüşlərinin göstəricisi kimi diqqəti cəlb edir.
QAYNAQLAR
-
«Kitabi-Dədə Qorqud» (1962). Bakı, Maarif.
-
«Manas» dastanı (1995) Ankara, Türk Tarix Qurumu.
-
Радлов В.В. (1907) Образцы народной литературы тюркских племен. Санкт- Петербург
-
Pənah Xəlilov.(1994) Türk xalqları və Şərqi slavyanların ədəbiyyatı. Bakı, Maarif.
-
Гередот. История (1972) Т. IV, 5, Ленинград.
-
Nəzakət Hüseynova (2009) Qədim türk qəhrəmanlıq dastanlarının tipologiyası. Bakı, Apastrof
Do'stlaringiz bilan baham: |