Ключевые слова: «Китаби Деде Коркуд», эпос, народное мышление, мифологический мотив, культ, пещера, сон
Gülnurə Canməmmədova
AMEA Folklor İnstitutu
“Folklor və yazılı ədəbiyyat” şöbəsi
e-mail: deniz_11_83@mail.ru
“KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA BAHADIRLIQ MOTİVLƏRİ
Özət
“Dədə Qorqud kitabı”nı təşkil edən on iki boyun əsas mahiyyətini məhz qəhrəmanlıq ideologiyası təşkil edir. Bütün boylarda oğuzlar öz azadlıqları uğrunda mübarizə aparırlar. Dastanda qədim oğuzların mübarizəsi və bu uğurda göstərdikləri igidliklər birinci boydan sonuncu boya kimi öz əksini tapır. Araşdırma da məhz bu konseptdə aparılmışdır.
Açar sözlər: epos, “Kitabi-Dədə Qorqud, bahadırlıq, motiv, qəhrəman
Azərbaycan ədəbiyyatının zəngin məxəzi olan, ana kitabımız kimi dəyərləndirilən “Kitabi-Dədə Qorqud” eposu xalqımızın tarixi keçmişini əks etdirən çox qiymətli qaynaqdır.
İlk növbədə, bu epos Azərbaycan torpaqlarına göz dikən, vətənimizi işğal etməyə çalışan yadellilərə qarşı xalqımızın üsyanı, qəhrəmanlıq mübarizəsidir. Dastan yurdsevərlik, vətənpərvərlik, mübarizlik, qəhrəmanlıq, düşmənlərə qəzəb və. s kimi hisslərlə əhatə olunmuş ulu qaynaqdır. Bu baxımdan, “Kitabi-Dədə Qorqud” dastanı xalqımızın alp-ərənlik tarixini öyrənmək üçün böyük əhəmiyyətə malikdir. “Dədə Qorqud” dastanı xalqın yaratdığı və yaşatdığı tarixdir. Dastanın bütün boyları oğuzların igidlik, qəhrəmanlıq tarixini göstərən böyük bir salnamədir. Belə ki, rus türkoloqu Qordlevski yazır: “Bu epos oğuzların tarixini doğulduqları gündən qocalanadək, məişət həyatından doğma torpağın istiqlaliyyəti uğrunda mübarizəyədək, ictimai həyatın bütün sahələrinə sirayət edən “igidlər əsəri” kimi təsvir edir” (Гордлевский, 1960: 71).
“Dədə Qorqud” eposunu təşkil edən on iki boyun əsas mahiyyətini məhz qəhrəmanlıq ideologiyası təşkil edir. Bütün boylarda oğuzlar öz azadlıqları uğrunda mübarizə aparırlar. Dastanda qədim oğuzların vətənin müdafiəsi uğrunda göstərdikləri igidliklər birinci boydan sonuncu boya kimi inkişafda verilib.
“Dədə Qorqud” dastanında Oğuz dövləti “Qalın Oğuz” eli kimi təsvir olunur. Oğuz eli Bayandır xanın tabeçiliyindədir. İyirmi dörd oğuz qəbiləsinə xanlar xanı Bayandır xan başçılıq edir. Oğuz qəbiləsinin özü də iki yerə İç Oğuz və Dış Oğuz tayfalarına ayrılırdı. İç Oğuzlar mərkəzdə, Dış oğuzlar sərhədlərdə yaşayırdılar. Düşmənlərə qarşı vətəni müdafiə savaşında iki yerə ayrılmış, başında qəhrəman bəylərin durduğu oğuzlar birləşirdilər. Oğuz elinin müdafiəsi ilə bağlı bütün hökmləri Bayandır xan verirdi. Onun əmri olmadan oğuz qəhrəmanları kafir elinə hərbi yürüşə çıxa bilməzdilər. Onun qərargahına üz tutub yürüş üçün icazə istəyən igidləri silahlı qoşunla yola salırdı. Sərhəddə yaşayan yağılara qəflətən zərbə vurmaq, xaincəsinə torpaqlarını işğal etmək, yatanı, qız-gəlini, qocanı əsir götürmək, aman diləyəni öldürmək, qaçanı qovmaq, qənimət toplamaq kimi riyakar əməllərdən oğuz qəhrəmanları uzaq idi. Sadaladığımız bu xüsusiyyətlər Oğuz eli ilə sərhəddə yaşayan kafirlərə xas olan əlamətlərdir. Oğuz qəhrəmanları zəruri hallarda yürüşə çıxırdılar. Yağmalanmış torpaqları uğrunda, əsir götürülmüş qız-gəlinləri, yaşlıları, düşmən qalasında dustaq edilmişləri azad etmək baxımından silaha sarılıb kafirlərlə ölüm-dirim savaşına çıxırdılar. Belə ki, ikinci boyda Qazan xan ailəsini, üçüncü boyda Beyrək qırx igidini, dördüncü boyda Salur Qazan oğlu Uruzu əsirlikdən xilas edir. Yeddinci boyda Yeynək atası Qazlıq Qocanı, onuncu boyda Səyrək qardaşı Əyrəyi, on birinci boyda Uruz başda olmaqla oğuz bəyləri Qazan xanı əsirlikdən azad edirlər.
Oğuz elinə yağıların daim basqın etməsi və oğuzların öz yurdları uğrunda apardıqları azadlıq savaşları eposun ana xəttini təşkil edir. Dastanda oğuz elinin düşmənləri – qıpçaq türkləri və gürcülər Oğuz elinə qarşı işğalçılıq müharibələrində təcavüzkarlıqları ilə diqqəti cəlb edirlər. Yağıların təcavüzkarlığı ikinci, dördüncü, doqquzuncu, on birinci və digər boylarda geniş göstərilir.
Doqquzuncu boyda Bəkilin sifarişinə nəzər salaq: “Əlbəttə və əlbəttə, Qazan bəy mənə yetişsin.. Degil gəlməz olsan, məmləkət pozulub xarab olur, qızım gəlinim əsir getdi”.. (Cəmşidov,1969: 25).
İkinci boydan görürük ki, Oğuz eli kafirlərin basqınına məruz qalır. Baş qəhrəman Qazan xanın ovda olmasını xəbər tutub fürsəti bada verməyən yağı düşmən Şöklü Məlik öz dəstəsi ilə Oğuz elinə hücum edir. “Yeddi min qaftanının arxası cırıq, kəsik saçlı, sası dinli, din düşməni Qazan xanın düşərgəsinə basqın edir. Yağılar Qazan xanın yurdunu çapıb-talayırlar” (Kitabi-Dədə Qorqud, 1988: 141). Qazanın evini yağmalayırlar, zəngin xəzinəsini, şahbaz atlarını, dəvələrini qarət edirlər. Qırx incə qızla Qazanın xanımı Burla xatunu, qoca anasını və oğlu Uruzu üç yüz igidlə əli-qolu bağlı əsir aparırlar. Bununla kifayətlənməyən kafir Dərbənd qapısında Qazanın on min qoyununu da talan etməyə gedir. Burada ərənlər ərəni Qaraca Çoban böyük qəhrəmanlıq edir. Bu savaşda iki qardaşı, Qabangüc və Dəmirgüc şəhid olur. Tək qalan Qaraca Çoban altı yüz nəfərlik düşmən qoşununu sapandı ilə atdığı daşlarla şil-küt edir. O, üç yüz kafir öldürür. Qazan xanın sürüsündən düşmənə bir qoyun da vermir. Qorxuya düşmüş azğın kafirlər qaçırlar.
Professor Nizami Cəfərov Oğuzların kafir elinə yürüşə çıxmalarını aşağıdakı kimi sadalayıb:
-
“Yağıların gizli basqınları müqabilində onları əzib məhv etmək;
-
Əsir düşmüş oğuz igidini qurtarmaq üçün kafir elinə, kafir qalasına yürüş edib, din düşmənini məğlub edib, əsrləri azadlığa çıxarmaq;
-
Konkret bir səbəb olmadan atlanıb igidlik göstərmək həvəsi, mənəvi ehtiyacı baxımından kafir sərhədlərinə yürüşə çıxmaq;
-
Bir yerdə oturmaqdan yorulub, yerindən qalxmaq, kafir sərhədinə ova getmək istəyi baxımından” (Cəfərov, 2004: 215).
Bildiyimiz kimi, Oğuz elinin sərhədləri ətrafında Qıpçaq türkləri və gürcülər yaşayırdılar. Eposda oğuz alplarının Oğuza hücum edən gürcü feodallarına, onların himayədarları olan Bizansa, həmçinin gürcü hakimləri ilə ittifaqa girən qıpçaq türklərinə qarşı mübarizəsi əks olunmuşdur. Həmçinin burada ziddiyyətlərin əksəriyyəti dini-ideoloji mahiyyət daşıyır, münaqişələr müsəlmanlarla kafirlər arasında baş verir. Oğuz igidləri İslam dininə inanmayan, müsəlmanlığı qəbul etməyən bütpərəstlərə, kafirlərə qarşı vuruşurlar. Boylarda da görürük ki, Qazan xan səfərlərə gedib kafir qalalarını almış, kilsələri dağıdıb yerinə məscid tikdirmişdir. Bütpərəstlikdən İslama keçid dövrünün qaynağı olan “Dədə Qorqud” dastanında oğuzların tək olan Allaha inamı, inancı bütün boylarda özünü göstərməkdədir. Dastanda Tanrı haqqında deyilir: “Allah, Allah deməyincə işlər önməz. Qadir Tanrı verməyincə ər bayımaz... Təkəbbürlük eyləyəni Tanrı sevməz...Azıb gələn bəlayı Tanrı sovsun... Ağız açıb ögər olsam, üstümüzdə Tanrı görklü, Tanrı dostu, din sərvəri Məhəmməd görklü...Yazılıb düzülüb gögdən endi, Tanrı elmi “Quran” görklü... Ol ögdüyüm yuca Tanrı dost oluban mədəd irsün, xanım hey!..” (Kitabi-Dədə Qorqud, 1988: 32). Kafirlərlə savaşa girməzdən öncə oğuz igidləri Allaha dua edirlər. “Abdəst alıb, iki rükət hacət namazı qılıb, adı görklü Məhəmmədə salavat gətirirlər” (Kitabi-Dədə Qorqud, 1988: 32). Oğuzların Allaha olan inamı onlara sonsuz güc verir. Dastanın doqquzuncu “Bəkil oğlu Əmranın boyu”nda, çoxlu sayda düşmən qarşısına çıxan Əmran qəhrəmancasına savaşır. Savaş zamanı Əmran təklənir, ümidini Allaha bağlayaraq Ona belə dua edir:
“Yucalardan yucasan, Yuca Tanrı! Kimsə bilməz necəsən, Görklü Tanrı! Birliginə sığındım, Əziz Allah! Xocam, mənə mədəd! - dedi!
Kafir aydır: Oğlan alındınsa, Tanrınamı yalvarırsan? Sənin bir Tanrın varsa, mənim yetmiş iki bütxanəm var, - dedi. Oğlan aydır: Ya asi məlun, sən bütlərinə yalvarırsan, mən aləmləri yoqdan var edən Allahıma sığındım, - dedi. Həqq-təala Cəbrayıla buyurdu ki, ya Cəbrayıl, var, şol quluma qırq ərcə qüvvət verdim, - dedi. Oğlan kafiri götürdü yerə urdu. Burnundan qanı düdük kibi şorladı. Sıçrayıb şahin kibi kafirin boğazını ələ aldı. Kafir aydır: - Yigit Aman! Sizin dinə nə deyirlər, dininə girdim, - dedi. Barmaq götürüb, şəhadət gətirib müsəlman oldu. Qalan kafirlər bilib, meydanı salub qaçdı” (Kitabi-Dədə Qorqud, 1988: 109). Göründüyü kimi, oğuz igidləri Allahı və Onun dinini çox sevirlər və bu dini sevərək yaşayıb müqəddəs sayırlar. Məhz boylardan görürük ki, döyüşdən öncə oğuz qəhrəmanları uca Tanrıdan kömək, güc-qüvvət diləyirlər. Tanrının verdiyi mənəvi qüvvət qəhrəmanları ruhlandırır, onlar saysız-hesabsız düşməni məhv edirlər.
Oğuz elinin Qazan xan, Qaragünə, Qarabudaq, Əyrək, Səyrək, Qaraca Çoban, Bəkil oğlu İmran, Bamsı Beyrək, Basat, Qanturalı, Uruz və.s kimi bahadırları bu namərd kafirlərə, yadellilərə qarşı daim mübarizədə olmuş, vətənin hər bir qarışını göz bəbəkləri kimi qorumuşlar. Oğuzlar vətən naminə canlarını daim fəda etməyə hazırdırlar. Dastanda oğuz igidlərinin saysız-hesabsız kafirləri məğlub etmə gücündə olduğunu açıq-aşkar görürük. Oğuz igidlərinin bu gücü qarşısında düşmənlərin qorxaqlıq və acizliklərinə dastanın bir neçə boyunda rast gəlirik. Onuncu boya nəzər edək: Uşun Qocanın kiçik oğlu Səyrək qardaşı Əyrəyi əsirlikdən qurtarmaq üçün kafir elinə yürüş edir. Səyrək təkbaşına yüzdən çox kafiri məhv edir. Kafirlər onu ələ keçirə bilmirlər. Axırda düşmən qoşunu qorxusundan Təkurə deyir ki, biz onu tutmağa getmirik, kökümüzü kəsib, hamımızı qırar. Əlacsız qalan Təkur dustaq edilmiş Əyrəyi qardaşı Səyrəyin qarşısına çıxardır. Bu baxımdan, düşmənlərin oğuz igidlərinin qarşısında dura bilməmələri on birinci boyda da göstərilmişdir.
Dastanda boyların çoxu təcavüzkar yadellilərə qarşı mübarizəni, savaşı əks etdirir. Dastanda oğuzlar və onların qonşuları arasındakı münasibətlər tez-tez savaşlar etməklə, yadellilərin hücumlarını dəf etməklə xarekterizə edilir. Düşmənlər Oğuza basqın etdikdə oğuz bahadırları hamılıqla yurdun müdafiəsinə qalxırlar. Dastanda görürük ki, oğuzlar düşmənləri çox zaman məğlub edirlər. Təsadüflər nəticəsində Oğuzlar da məğlubiyyətə uğrayırlar. Lakin bu məğlubiyyət müvəqqəti olur. Dastanın boylarından görürük ki, qadınlar da qəhrəmanlıq etməkdə kişilərdən geri qalmırlar. Boylarda Burla xatun, Banıçiçək, Selcan xatun, Dirsə xanın xanımı qəhrəmanlıq mövqeyində çıxış edirlər. Dördüncü boyda görürük ki, Burla xatun qılıncına qurşanıb, atına qalxıb döyüş meydanında yaralanmış igid əri Qazan xanı qılınc-qalxanla kafir hücumundan mühafizə edir.
Dastanın dördüncü və ikinci boyu qəhrəmanlıq motivləri ilə zəngindir. Belə ki, bu boylarda qanlı savaşlar gedir. Dördüncü boyda döyüş zamanı Burla xatun düşmənin qara bayrağını qılınclayıb yerə salır, oğuz igidləri yağılara qalib gəlir. İkinci boyda isə ən gərgin anlarda sərkərdə Qazan xan Oğuz igidləri ilə birgə köməyə yetişir. “Bahadır igidlərdən Qazan bəyin qardaşı Qaragünə, Qıyan Səlcuq oğlu Dəli Dondar, Qaragünə oğlu Qarabudaq, Boz ayğırlı Bamsı Beyrək, Qəflət Qoca oğlu Şir Şəmsəddin, Qalın oğuz bəylərini bir-bir atdan yıxan Qazlıq Qoca oğlu bəy Yeynək, Qazan bəyin dayısı Alp Aruz, İlək Qoca oğlu Alp Ərən, Qaraca Çoban, Dözən oğlu Alp Rüstəm, gedib peyğəmbərin üzünü görən, gələrək oğuzlar içində ona tərəfdar çıxan, bığı qanlı Bükdüz Əmən və. b çaparaq yetişdilər. O gün cəsur ər igidlər bəlli oldu. Namərdlər gizlənməyə yer axtardı. Kafirlərlə oğuzlar arasında qiyamət savaş oldu. Qalın oğuz bəyləri on iki min düşməni məhv etdi. Özləri də beş yüz şəhid verdi. Qazan bəy qaçanı qovmadı, “aman” deyəni öldürmədi. Qazan xan ailəsini xilas edib, ordusu ilə Oğuza döndü” (Kitabi-Dədə Qorqud, 1988: 147).
Oğuz bahadırlarının vətənə olan sevgiləri naminə apardıqları qəhrəmanlıq savaşlarıdır ki, məhz boylar həmin bahadırların qəhrəmanlıqlarına həsr olunmuşdur. Eposun bütün boyları oğuzların bahadırlıq, igidlik, qəhrəmanlıq tarixini göstərən söz sənətidir. Oğuzların vətən uğrunda savaşları, Oğuz elinə olan məhəbbəti, ədalət, qarşılıqlı hörmət, dar gündə köməyə yetişmək vacibliyi Dədə Qorqud sözünə və qopuzuna sitayiş, ehtiram və digər qanuni qayda və prinsiplər əvvəlinci boydan sonuncu boya qədər abidəni müşayiət edir.
Do'stlaringiz bilan baham: |