filologiya üzrə elmlər doktoru
AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru
e-mail: huseinjavid@gmail.com
“KİTABİ-DƏDƏ QORQUD” DASTANI POEMALARIN SÜJET XƏTTİDİR
Özət
Təhlillər aparan zaman məlum olur ki, “Kitabi-Dədə Qorqud” dastanı və 20-30-cu illər Azərbaycan poemaları arasında mövzu, motiv, obraz, ideya, bədii ifadə vasitələri baxımından istənilən qədər paralellər aparmaq, səsləşmələr, bəhrələnmələr, təsirlənmələr aşkara çıxarmaq mümkündür.
Açar sözlər: “Kitabi-Dədə Qorqud”, poema, 20-30-cu illər Azərbaycan poemaları, motiv, obraz
Azərbaycan ədəbiyyatı özünün çoxəsrlik tarixi boyu şifahi söz sənətinin zəngin ənənələri ilə sıx bağlı olmuşdur. Xalqın ərsəyə gətirdiyi bədii söz həm poetik, həm də ideya-estetik cəhətdən yazılı ədəbiyyatı zənginləşdirən qaynaqlardan biridir. Folklor ənənələri epik ədəbiyyatımızın əsas qaynaqlarından olmasına baxmayaraq, indiyədək bu barədə, əsasən də poemalarımızda xalq ədəbiyyatı nümunələrinin təsiri məsələsi olduqca səthi öyrənilib.
Folklordakı qabaqcıl ideya və poetik obrazlardan, o cümlədən “Kitabi-Dədə Qorqud” dastanından bəhrələnmə ədəbiyyatın bütün inkişaf tarixi boyu arasıkəsilməz bir proses kimi davam etsə də, elə dövrlər olur ki, bu proses daha intensiv, daha sürəkli xarakteri ilə seçilir. Bu, adətən cəmiyyətin müəyyən tarixi-inqilabi keçid dövrü ilə, ədəbiyyatın inkişaf istiqamətində baş verən köklü dəyişikliklərlə əlaqədar olur. XX əsrin 20-30-cu illər Azərbaycan ədəbiyyatı üçün məhz belə bir dövrü təşkil edir. Dövrün ilk poeması hesab edilən "Qız qalası" (1923) poema-əfsanə tipli əsərdə Cəfər Cabbarlı folklor janrının, xüsusən də “Kitabi-Dədə Qorqud” tam stilizəsi yolu ilə getməsə də, poemanın ümumi süjet xəttinə əfsanə janrının palitrasından xeyli rəng qatmışdır.
Ayrı-ayrı epizodlarda C.Cabbarlının "Qız qalası" poemasında folklor ənənəsinə görə bağışlanmaz, məhvə məhkum şər qüvvə sayılan Qantəmirə rəğbət də göstərir, onun qeyri-təbii eşqini romantik sənətin tələbləri baxımından şərh edir.
Maraqlıdır ki, “Qız qalası” poemasındakı məhəbbətin qeyri-təbii xarakterinə bəraət qazandırmağa cəhd göstərən tədqiqatçılar da olmuşdur. Məsələn, akademik Məmməd Arif poemaya həsr etdiyi məqaləsində yazır: “Poemada eşq, nəfs və namus kimi qüvvətli ehtiraslar mücərrəd məhfumlar halında deyil, canlı insan xarakterində ifadə edilmişdir. Əfsanəvi poemanın qəhrəmanı Bakı xanı Qantəmir öz qızı gözəl Durnaya vurulmuşdur.”
Məhəbbətin təbiiliyi və normallığı baxımından “Qız qalası”ndakı analoji epizodların işlənməsində müəllif interpretasiyasının müqayisəsi maraqlı material verir. Məhəbbət nə qədər böyük olur-olsun, ülvi xarakter daşıyır-daşısın, əgər demokratik əxlaq qanunlarına, xalq içərisində yaşayan adət-ənənələrə uyğun gəlmirsə, mütləq inkar ediləcək, lənətlənəcək.
Ümumiyyətlə, istər Azərbaycan xalqının milli xarakterində, istərsə də bu xarakterin əks olunduğu folklorda qeyri-təbii, qeyri-qanuni, zorla əldə edilən birtərəfli məhəbbətə kəskin mənfi münasibət güclüdür. IX-XI əsrlər abidəsi olan "Oğuznamə"də xalqımızın xarakterindəki bu cəhəti özündə ifadə edən bir sıra atalar sözünə təsadüf edilir. Məsələn:
Bin haramdan bir halal yegdir;
Səni bir sevməyəni sən iki sevmə;
Gəzəgən iki evi viran edər və s. [2]
"Kitabi-Dədə Qorqud"da da bu məsələyə ciddi münasibət özünü büruzə verir. Oğuz elinin başına gələn ən böyük bəlalardan birinin səbəbi məhz qeyri-qanuni məhəbbət macərasının yetirməsi olan Təpəgözdür. Xalqın etik qanunlarına görə, qeyri-qanuni, tamaha, şəhvətə əsaslanan əlaqələr ancaq şər qüvvələr doğura bilər:
"Çoban iləri vardı, gördü kim, bir yığanaq yatır, yıldır-yıldır yıldırır.
Pəri qızı gəldi, aydır:
Çoban! Əmanətin gəl al! Amma Oğuzun başına zaval gətirdin, - dedi" [1, 116].
Görkəmli ədib və maarifçi A.Şaiqin "Qoçpolad" əsəri dastan janrının poetik strukturundan istifadə edilən poemalar içərisində xüsusilə diqqəti cəlb edir. Burada "Koroğlu" dastanı ilə yanaşı, "Dədə Qorqud" dastanının da həm məzmun, həm də poetik forma xüsusiyyətlərindən geniş istifadə edilmişdir. Müəllif əsərdə dastan janrının xüsusiyyətlərdən bəhrələnməklə yetinməmiş, buraya digər folklor janrlarına məxsus motivlər də əlavə etmişdir. "Qoçpolad"ın quruluşunda nağıl poetikasından, xalq poeziyasının müxtəlif şəkillərindən, hətta dramatik janrlardan da istifadə olunduğunu görürük. Bu isə öz növbəsində poemanı asanlıqla müxtəlif motivlərə ayırmağa imkan verir. Burada ilk növbədə qəhrəmanlıq dastanlarına xas olan əlamətlə – təkqəhrəmanlıqla qarşılaşırıq. Dünya ədəbiyyatındakı bütün qəhrəmanlıq dastanları, rəvayətləri kimi (“Cəsur Roland”, “Robin Qud” və s.) Azərbaycan qəhrəmanlıq dastanları da ancaq qəhrəmanın adı ilə adlandırılır: "Kitabi-Dədə Qorqud", "Koroğlu", "Şah İsmayıl", "Qaçaq Nəbi", "Qaçaq Kərəm" və s. A.Şaiq də "Qoçpolad"da qəhrəmanlıq dastanlarının formal əlamətlərindən birincisinə – adqoyma prinsipinə əməl etmişdir.
Xeyirlə şərin mübarizəsi motivinin başqa bir təzahür formasına A.Şaiqin "Qoçpolad" poemasında rast gəlmək olar. A.Şaiq yaradıcılığının folklorla kəsişmə nöqtələrini müəyyənləşdirən akademik Bəkir Nəbiyev məhz bu motivin şairin yaradıcılığındakı aparıcı mövqeyini qeyd edir: "Xalq qəhrəmanlıq dastanlarımızın ruhunu mühafizə edən "Qoçpolad"ın, mənzum nağıl kimi işlənmiş "Tapdıq Dədə"nin, alleqorik üslubda qələmə alınmış "Zəhmət və Zinət"in müsbət qəhrəmanları zülm və istismar dünyasında zəhmətkeşlərin nəsibi olmuş ağır güzəranı yaxşılaşdırmağa çalışan pak qəlbli insanlar, cəsur qəhrəmanlardır. Qoçpoladın da, Aslanın da, Tapdıq Dədənin də amalı birdir: qoluzorlulara, dərəbəylərə, zalımlara qarşı çıxmaq, yoxsulları, məzlumları, zəhmət adamlarını müdafiə etmək" [3, 7].
"Qoçpolad" poemasındakı əsas hadisələr şər qüvvələrin - Qəzənfər xanın xalq üzərinə hücumu və müvəqqəti qələbəsi ilə başlayır:
Uzun sürdü qanlı savaş,
Xalqı ağır günlər aldı.
Gücdən düşdü yavaş-yavaş,
Düşmən artıq məskən saldı.
Ölkə batdı qəmə, yasa,
Bir bədbinlik aldı eli.
Hər tərəfi basa-basa
Axdı fəlakətlər seli [4, 13-14].
Lakin şərin müvəqqəti qələbəsi heç də xeyirin zəbun olması, məğlubiyyətə uğraması və aradan getməsi demək deyildir. Xeyir sürəkli, davamedicidir - ənənə şəklində nəsildən-nəslə keçir; bir sözlə, ümumbəşəri xeyir ölməzdir və həmişə şərə qarşı mübarizə aparır. "Qoçpolad" poemasında da el qəhrəmanı, elin arxası, xalqın arzu və istəklərinin ifadəçisi igid Aslan xaincəsinə öldürüldükdən sonra onun yerini başqa bir qəhrəman - Qoçpolad tutur. Həm də Qoçpolad sadəcə olaraq Aslanın boşalmış yerini tutmur. O, sanki düşmənə - şərə qarşı mübarizənin Aslan mərhələsi üzərində yüksəlir, şərə qarşı daha güclü hücuma keçir. Bu baxımdan Aslan-Qoçpolad estafetinin ən dolğun qiymətini şair xalqın dili ilə verir:
Poladın adına düz yeni dastan,
Qurtuluş Poladdan olacaq bizə.
Yenilməz igiddir, gəlməsin gözə.
El sənin haqqında bu fikirdəykən,
Meydana bu sazla atıldın nədən? [4, 61]
Qoçpoladı Aslandan fərqləndirən, Aslan üzərində yüksəldən nə onun fiziki gücünün üstünlüyü, nə ağlının və tədbirinin artıqlığıdır. Əsas məsələ ondadır ki, əgər Aslan güclü və hiyləgər düşmənə qarşı təkbaşına mübarizə aparırsa, Qoçpolad el gücünə arxalanır. Hələ dəliqanlı bir cavan ikən qoca el aşığı Toxtamışın və anası Qızxanımın məsləhəti ilə özündən qat-qat güclü düşmənin qabağından qaçır, ehtiyatlı igid olduğunu sübut edir. Bu xüsusiyyət Qoçpoladı xeyir qüvvələrin ifadəçisi olan müsbət qəhrəman kimi folklor qəhrəmanlarına daha çox yaxınlaşdırır. Həmin cəhət Qoçpoladı "Kitabi-Dədə Qorqud" qəhrəmanlarına, Koroğluya yaxınlaşdırır.
Uruz atası Qazanı xilas etməyə tək getsə də, həlledici vuruşmadan öncə Oğuz bəylərinin köməyə gəlməsini gözləyir:
"Bu məhəldə Oğuz ərənləri alay-alay gəldi. Guppur-guppur davullar, nəqqarələr çalındı. Qazan gördü ki, ləşkər önüncə bir ağ-boz atlı, ağ ələmli, bəgdəmir donlu Oğuzun önüncə gəldi, çadırın tikdirdi, alay bağladı, durdu. Onun ardınca Qaragünə gəldi, alay bağladı, durdu" [1, 150].
Beləliklə də, təhlil zamanı məlum olur ki, “Kitabi-Dədə Qorqud” dastanı və 20-30-cu illər Azərbaycan poemaları arasında mövzu, motiv, obraz, ideya, bədii ifadə vasitələri baxımından istənilən qədər paralellər aparmaq, səsləşmələr, bəhrələnmələr, təsirlənmələr aşkara çıxarmaq mümkündür.
Do'stlaringiz bilan baham: |