Açar sözlər: variant, dastan, Bəhram, Heydər, Səgrək, məhəbbət motivi, yuxu əhvalatı, vəzir, Gülxəndan, Mahənvər.
“Kitabi-Dədə Qorqud” dastanları tariximizi, etnoqrafiyamızı, adət-ənənələrimizi, mənəvi dünyamızı özündə yaşadan böyük məxəz və əvəzsiz xəzinədir. Tədqiqatlar göstərir ki, bu dastanlardakı müxtəlif motivlər digər dastanlarda da öz əksini tapmış, daha doğrusu, dastanyaratmada “Kitabi Dədə Qorqud” dastanlarının böyük təsir gücü özünü götərməkdədir. Belə dastanlardan biri “Şahzada Bəhramın nağılı”dır (Əlizadə, 2013:103-133). Burada dastanın nağıl kimi verilməsi təbiidir, çünki aşıqlar arasında dastanlar həmişə “nağıl” kimi işlədilmişdir (Biz bu şifahi məlumatı professor İsrafil Abbaslıdan yazıya götürdük). “Şahzada Bəhramın nağılı” 1926-cı ildə H.Əlizadə tərəfindən Əli Rəhim oğlundan Qazaxda yazıya alınmışdır. Maraqlıdır ki, bu dastanın digər variantı (“Bəhram-Gülxəndan”) R.Rüstəmzadə tərəfindən 1968-ci ildə Qazaxda Aşıq Əlidən yazıya alınmışdır (Məhəbbət dastanları, 1982:13-43). Toplayıcı göstərir ki, söyləyicinin dediyinə görə bu dastanın bir başqa variantı “Bəhram şah” adıyla məhşurdur. Qeyd edək ki, “Şahzada Bəhram” və “Bəhram-Gülxəndan” adları ilə tanınan dastanın hər iki variantında oxşarlıq çox olsa da, fərqlər də vardır. Məsələn, “Bəhram-Gülxəndan”da birinci variantda olan ustadnamələr yoxdur. İkinci versionda şahın adı Bəhmən, vəzirin adı isə Haqverdi kimi verilsə də, birincidə şahın adı Aslan kimi qeyd olunur, amma vəzirin adı göstərilməmişdir. Maraqlıdır, hər iki variantda şahın övladlarının dünyaya gəlişi fərqli təsvir olunur. “Bəhram-Gülxəndan”da münəccimbaşı ulduzlara baxıb şaha deyir ki, onun bir-birinin dalınca iki oğlu olacaqdır. “Şahzada Bəhram”da bu vəzirin məsləhəti ilə bağlı verilmişdir. Göstərilir ki, şahın yaşı keçsə də onun övladı yoxdur. Vəzir şaha məsləhət görür ki, kasıblara, yoxsullara əl tutsun, onları bir neçə il dövlət vergilərindən azad etsin, əgər belə edərsə onun övladları olacaqdır. Şah vəzirin dediklərinə əməl edəndən sonra onun bir birinin dalınca iki oğlu olur. Dastan variantlarında müəyyən fərqlər olsa da, süjet eynidir, hadisələrin ardıcıllığı gözlənilmişdir. “Şahzada Bəhram” və “Bəhram-Gülxəndan” adları ilə tanınan məhəbbət dastanı “Kitabi-Dədə Qorqud”dakı “Uşun qoca oğlu Səgrək boyu” ilə səsləşir (Kitabi-Dədə Qorqud, 1988:110-115). Burada “Uşun qoca oğlu Səgrək boyu”nda deyilir: “Oğuz zamanında, Uşun qoca deyərlər, bir kişi vardı. Ömründə eki oğlı vardı. Ulu oğlının adı Əgrək idi. Bəhadır, dəlü, yaxşı yigid idi. Bayandır xanın divanına qaçan istərsə varır-gəlürdi. Bəglər bəgi olan Qazan divanında buna heç qapu-baca yoğdı. Bəgləri basub, Qazan əngində oturardı. Kimsəyə iltifat eyləməzdi” (Kitabi-Dədə Qorqud, 1988: 110). Onun bu hərəkətini Tərs Uzamış adlı birisi qəbul edə bilmir, o, Əgrəyi başa salır ki, belə etmək olmaz. Bu bəylər bu oturduqları yerləri öz igidlikləri, qəhrəmanlıqları ilə qazanıblar, gəlib bu mərtəbəyə çatıblar. Yaxşı olar ki, Əgrək də gedib baş kəsib qan töküb, igidlik göstərib özünə bir məqam qazansın. Söz Əgrəyi tutduğundan o, Qazan xandan icazə alıb üç yüz atlı ilə yürüşə çıxır. Dastanda bu “Şüraküz ucından Gökçə dənizə dəkin el çapdı” kimi göstərilmişdir. Əgrəyin yolu burda Əlincə qalasına düşür. Burada Qara təkur adlı düşmənin qurduğu tora düşdüyündən düşmənin əlinə keçib zindana salınır. Bu əhvalat dastanda belə verilir: “Altı yüz qara donlu kafər bunların üzərinə qoyuldular. Yigidləri qırdılar, Əgrəki tutdular. Əlincə qələsinə -zindana bıraqdılar” (Kitabi-Dədə Qorqud, 1988: 110). Ata-anası bu əhvalatı Əgrəyin kiçik qardaşından gizlədirlər. Yəni onun da başına bir iş gələcəyindən qorxurlar. Səgrək bir dəfə təsadüfən oğlanların birindən böyük qardaşının olduğu xəbərini eşidir. Oğlan ona deyir: “Hünərin var isə qartaşın Əlincə qələsində əsirdir, var, onı qurtar” (Kitabi-Dədə Qorqud, 1988: 111). Səgrək bundan sonra ata-anasının etirazına baxmayaraq yola düşmək, qardaşını qaladan qurtarmaq qərarına gəlir. Uşun qoca işi belə görüb Qazan xana bunu xəbər verib ondan məsləhət istəyir. Qazan xan deyir ki, ayağına ət tuşağı vurun, yəni onu evləndirin. Dərhal toy tədarükü görülür, xeyir iş başlanır, ancaq Səgrək qılıncını çəkib özü ilə qızın arasına qoyaraq deyir: “Mən qılıncıma torğanayım, oxuma sancılayım! Oğlım toğursun, toğarsa on yaşına varmasun, ağamın üzünü görməyincə, ölmüş isə, qanını almayınca bu gərdəgə girərsəm” (Kitabi-Dədə Qorqud, 1988:112). Nəhayət, Səgrək ata-anasını razı salıb yola düşür. Gəlib düşmənlərin qardaşını əsir saxladığı yerə çatır. Əvvəlcə onun üzərinə altmış, sonra yüz, daha sonra üç yüz qara donlu kafir gəlsə də, Səgrək düşmənləri pərən-pərən salır. Qara təkur işi belə görüb zindandan Əgrəyi çıxartdırıb onu Səgrəyin meydanına göndərtdirir. Əgrək gəlib baxır ki, Səgrək yatıb, yanında bir qopuz da var. O, qopuzu əlinə alanda Səgrək oyanır. Onu qılınclamaq istəsə də, əli qalxmır, deyir: “Mərə kafir, dədəm Qorqud qopızı hörmətinə çalmadım” (Kitabi-Dədə Qorqud, 1988: 114). Onlar üz-üzə gəlirlər, tezliklə söhbət əsnasında bir-birini tanıyıb düşmənə həmlə edir, onları darmadağın edib geri, oğuza qayıdırlar.
İndi də “Şahzada Bəhram” və “Bəhram-Gülxəndan” adları ilə tanınan məhəbbət dastanına baxaq. Demək olar ki, dastanın hər iki versiyasında baş verən əhvalatlar eynilə “Kitabi-Dədə Qorqud” dastanlarındakı “Uşun qoca oğlu Səgrəyin boyu” ilə eyniyyət təşkil edir. Bunu daha aydın təsəvvür etmək üçün öncə “Bəhram-Gülxəndan”a nəzər yetirək. Bəhram xeyli böyüyəndən sonra bir dəfə ova gedənləri görüb maraqlandığından vəzirlə ova çıxır. O, bu vaxt Gülxəndana rast gəlir. Bu, dastanda belə verilmişdir: “Bəhram Gülxəndanı gördü, bir ürəkdən min ürəyə aşıq oldu. Qız da oğlanı gördü. Oğlana aşıq oldu” (Məhəbbət dastanları, 1982: 15). Amma gecə düşən kimi qızın dayəsinin əmri ilə keçavələr yola düşdüyündən Bəhram xəbər tutmur. O, bundan xəbər tutanda çox bikef olub vəzirə şeirlə xitab edir:
Aman, vəzir, əlac eylə dərdimə,
Görünmür gözümə oralar indi.
Seryaqublar yaman düşdü araya,
Necə uzaqlaşdı aralar indi” (Məhəbbət dastanları, 1982: 16).
Bu fakt onun aşiq olduğunu göstərməklə bərabər bütün məhəbbət dastanlarında olduğu kimi sevgilisinin dalınca gedəcəyini də bəlli etməkdədir. V.Vəliyev yazır: “Məhəbbət dastanlarının lirik qəhrəmanları aşiq olandan sonra, o, şair və aşıq olur” (Vəliyev, 1985:152). Bəhram atasının yanına qayıdanda da, anası ilə söhbətində də Gülxəndanın dalınca gedəcəyini deyir. Nəhayət, ata-anası ilə halallaşıb yola düşür. Gəlib Mahənvər adlı qızın qalasına çıxır. Oğlan qızın xoşuna gəlsə də, o, sevgilisinin ardınca getdiyini söyləyir. Bəhram Gülxəndanın atasının məmləkətinə çatıb görür ki, yeddi padşahın oğlanları qızın atasının şəhərini mühasirə ediblər, tələbləri budur ki, onun qızı Gülxəndan bu şahzadələrdən birini seçib ona ərə getsin, əks təqdirdə atasının məmləkətini tarmar edəcəklər. Dastanda deyilir: “Bəhram da getdi onların cərgəsində bir dərvişvari çadır qurdu. Özü də dərviş paltarı geyinib oturdu” (Məhəbbət dastanları, 1982: 26). Bu vaxt Gülxəndan Bəhramı sınamaqdan ötrü deyir ki, kim güclü pəhləvandırsa, mən ona ərə gedəcəyəm. Yeddi padşahın oğlanları bir-bir Bəhramın meydanına gəlsələr də hamısı məğlub olurlar. Odur ki, onlar hiylə ilə tələ qurub Bəhramı əsir alırlar. Dastanda Bəhramın bundan xəbər tutması belə qeyd olunur: “Heydər bir gecə yuxuda yatmışdı. Gördü deyirlər:
– Heydər, nə yatıbsan, sənin Bəhram adlı qardaşın var. Gülxəndan adlı sevgilisinin dalınca Çəlxutan şəhərinə gedibdi. İndi düşmənlər tərəfindən tutulub zindana salındı” (Məhəbbət dastanları, 1982: 33). Heydər ata-anasını bir təhər razı salıb yola düşür. Həmin deyilən yerə çatan kimi özünü yeddi padşah oğlanlarının qoşununa vurub onları pencər kimi biçir. Yeddi padşah oğlanları onunla bacara bilməyəcəklərini görüb Bəhramı zindandan azad edib onun qabağına çıxarırlar. İki qardaş üz-üzə gəlir. Söhbət əsnasında onlar qardaş olduqlarını anlayıb düşmənlərə hücum edərək onların qoşununu darmadağın edib zəfərlə geri dönürlər. Maraqlıdır ki, dastanın digər versiyasında Heydər qardaşının olduğunu bir oğlandan öyrənir. O, Heydərə deyir: “Sən belə qocaqsansa get qardaşın Bəhram yeddi ildi bilinmir harya gedib, onu tapıb gəri” (Əlizadə, 2013: 122). Yəni bu əhvalat eynilə “Uşun qoca oğlu Səgrəyin boyu”ndakı kimidir. Maraqlıdır ki, haqqında bəhs etdiyimiz məhəbbət dastanının versiyalarındakı əsas motiv “Kitabi-Dədə Qorqud” dastanlarındakı “Uşun qoca oğlu Səgrəyin boyu”ndan fərqlidir. Yəni burada məhəbbət əsas motiv kimi verilib, ancaq bəhs etdiyimiz boyda qəhrəmanlıq motivi öncə gəlir. Əgrək Əlincə qalasına qədər öz qəhrəmanlığını, alplığını təsdiq etmək və göstərmək üçün gedirsə, şahzadə Bəhram Çəlxutana sevgilisi Gülxəndanın dalınca gedir. Qeyd edək ki, “Uşun qoca oğlu Səgrəkin boyu”nda məhəbbət motivi də zəif deyil. Bunu Səgrəyin sevgilisinin ona verdiyi cavabdan da görmək mümkündür. O, Səgrəyə belə deyir:
“Yigidim, mən sana bir yıl bağam,
Bir yıl gəlməzsən iki yıl bağam.
İki yıl da gəlməzsən üç-dört yıl bağam,
Dört yıl da gəlməzsən beş yıl, altı yıl bağam.
Altı yol ayırdına çadır dikəm,
Gələndən-gedəndən xəbər soram.
Xeyir xəbər gətirənə at, ton verəm, kaftanlar geydirəm,
Şər xəbər gətürənin başını kəsəm,
Ərkək sinəgi üzümə qondırmam” (Kitabi-Dədə Qorqud, 1988: 112).
Hər iki dastanın sonu da eynidir: qardaşlar geri qayıdır, evlənir, muradlarına çatırlar. Bu, “Uşun qoca oğlu Səgrəkin boyu”nda belə təsvir olunur: “Şadlıq, yemək, içmək oldı. Ulu oğlına görklü gəlin gətirdi. Eki qardaş bir-birinə sağdış oldılar, gərdəklərinə çapıb düşdülər. Murada-məqsuda irişdilər” (Kitabi-Dədə Qorqud, 1988:115).
Bütün bunlarla bərabər bəhs etdiyimiz məhəbbət dastanının hər iki versiyasının əhəmiyyəti və özünəməxsus maraqlı cəhətləri vardır. Öncə hər iki variatda yuxu əhvalatlarına diqqət yetirək. II versiyada qəhrəmanın kiçik qardaşı böyük qardaşının əsirlikdə olduğunu yuxuda görür. I versiyada Bəhramın atası Aslan şah da yuxu görür. Yuxusunda onun iki oğlu olacağını deyirlər. Maraqlıdır ki, dastanın I versiyasında Gülxəndanın iki dəfə yuxu görməsi verilmişdir. Dastanda deyilir: “Aləmi rüyada gördü Şahzada Bəhram da bu şəhərin ətrafını əhatə edən qoşunun içindədir” (Əlizadə, 2013: 119). Digər yuxu Gülxəndanın dilindən söylənir. O deyir: “İndicə gördüm ki, bir zalım seyyad bir ceyranı dutub əl-ayağını bağlı mənim yanımdan aparır” (Əlizadə, 2013: 121). Maraqlı cəhət ordadır ki, bu yuxu görmə əhvalatlarının hamısı doğru çıxır. Deməli, burada bir hikmət vardır. Qeyd edək ki, “Oul Mahmud” dastanında da belə əhvalata rast gəlinir. Dastanda deyilir: “Gecənin yarısında biri ona dedi, bir get Xan Nəsir bağına. Orda üç meyit var. Oxu, meyitlər sağalsın.
Qaracaoğlan sərsəng ayıldı, gördü ki, yağışdır, məhəl qoymadı, yatdı. Bir də gözünə göründü. Dedi:
Sənə demirəm dur get.
Durub getdi” (Azərbaycan məhəbbət dastanları, 1979: 320-321). Aşıq Ələsgərin dastan rəvayətlərinin arasında maraqlı yuxu əhvalatına rastlanılır. Daha doğrusu, aşığın “Aşıq Ələsgərin Aşıq Hüseynlə görüşməsi” aşıq rəvayətində bu əhvalat belə verilib: “Məhəmməd əlini Aşıq Hüseynə uzatdı:
─ Hüseyn əmi, xoş gəlibsən.
─ Xoşbəxt olasan! A bala, sən mənim “Hüseyn əmi” olduğumu hardan bildin?
─ Vallah, Hüseyn əmi, qağam dedi ki, Şəmkirli Aşıq Hüseyni yuxuda görmüşəm, bizə qonaq gələcək. Bu heyvanı da ona görə gətirtdi (Ələsgər, 1999: 353). Bu nümunələr də dastan və dastan rəvayətlərdə verilən yuxu əhvalatlarının təsadüfi deyil, bir hikmətlə əlaqəli olmasını təsdiqləyir. Çünki elə adını şəkdiyimiz aşıq rəvayətində Aşıq Ələsgər Aşıq Hüseynin dodaqdəyməzinə və digər şeirlərinə bədahətən cavab verir. Deməli, buradakı yuxu öncə görmə olub xüsusi hikmət sahibi kimsələrə verilir, yəni haqq aşıqlarına xas bir cəhətdir.
İndi də haqqında danışdığımız dastanın versionlarının birində Gülxəndanın yuxularına nəzər salaq. Birinci yuxuda o, sevgilisinin də oraya gəldiyini görürsə, II yuxuda Bəhramın başına bir iş gələcəyini göstərən əlamətlər olsa da, Bəhram əhəmiyyət vermədiyindən düşmən toruna düşür. Hər iki yuxunun düz çıxması isə Gülxəndanla Bəhramın bir birini saf məhəbbətlə sevməsi məsələsi dayanır. Yuxu əhvalatı bu məhəbbət dastanında sevgililərə yol göstərir, həm də dastanda bəzən yardımçı qüvvəni əvəz edir. Zənnimizcə, “Bəhram-Gülxəndan”da, yəni dastanın II variantında dastan qəhrəmanını kiçik qardaşı Heydərin yuxu görməsi dastanın maraqlı bir cəhəti ilə bağlıdır. Çünki bu yuxu motivi burada qəhrəmana kömək, yardım etmək vasitəsi kimi verilmişdir. Adətən məhəbbət dastanlarında qəhrəmana müqəddəslər, dərvişlər və başqaları yeri gələndə kömək edir, daha doğrusu hadisələrin axarının pozulmamasına imkan yaradırlar. Dastanın hər iki variantında bir başa buta motivi verilməsə də cərəyan edən hadisələr, xüsusilə yuxu əhvalatları adamın yadına butalı aşıqləri salır. Yuxuların da düz çıxması bunu bir daha təsdiq edir.
Dastanın hər iki versiyonunda da Bəhramın dərviş paltarı geyməsi elə-belə hadisə deyil. Padşah oğulları ona istehza ilə baxsalar da, bu “dərviş”lə bacara bilmir, məğlub olurlar. Dərviş kimi görünən Bəhram güclü və qüvvətlidir. Yeri gələndə aşıq kimi söz deyir, yeri gələndə də pəhləvanlıq eləyir. Bir sözlə, bu dastan qəhrəmanında bir aşıqlıq ruhu, həm də bir alplık ruhu, Koroğluluq var. Maraqlıdır ki, dastan müəllifi qəhrəmana nökər, qul və başqalarının qiyafəsini də geydirə bilərdi. Görəsən niyə ona dərviş qiyafəsini uyğun görmüşdür?! Zənnimizcə, hikmət də elə buradadır. Mahmud Allahmanlı yazır: “Aşıqlar da öncə dərvişliyi özündə yaşatmışdır” (Allahmanlı, 2011: 235). Deməli, dərvişlik elə-belə folklor materiallarında işlənmir, bəzən padşahların nağıllarda dərviş-libas olmaları da hər halda tədqiq olunmalı məsələlərdəndir. M.Allahmanlı daha sonra dərvişliyin təbiət etibarı ilə haqq aşığı olduğu qənaətinə gəlir (Allahmanlı, 2011: 180). Deməli, Bəhramın dərviş paltarı geyməsi və dərviş kimi görünməsi onun haqq aşığı olduğunu göstərir. Bu bir daha dastanın hər iki variantının məhəbbət dastanları tələblərinə uyğun yaradıldığını göstərməklə klassik dastanyaratmada klassik ənənəsinin davamlılığını göstərməkdədir.
Do'stlaringiz bilan baham: |